top of page
Writer's pictureElşən Həsənov

Dövlət satınalmalarına necə qoşulaq

Bu (və bənzər suallar - "Tenderə necə qoşulaq", "E-tender portalından necə təklif verək", "Dövlət satınalmalarında necə qalib gəlmək olar" və s.) tender sözünü bilib, orda yaxşı pul olduğunu eşidən ancaq dövlət satınalmaları qanunvericiliyi ilə tanış olmayan, bunu əhəmiyyətsiz hesab edən və onun üçün mütəxəssis dəstəyinə ehtiyac duymayan təchizatçıların-sahibkarların, "biznesmen" olmaq istəyənlərin, qanunun dili ilə desən podratçıların (malgöndərənlərin), iddiaçıların - ən çox verdiyi və bir neçə cümlə ilə cavab verilməsini gözlədiyi sualdır. Aşağıdakı məqalədə dövlət satınalmalarında iştirak etmək istəyən təchizatçılar üçün zəruri məlumatlar və aidiyyəti mənbələrə istinadlar verilmişdir ancaq bu sahəyə yeni və tək başlayanların qanunvericiliklə, heç olmasa qanunla (məqalənin sonunda istinad verilib) 1 dəfə tanış olması şiddətlə tövsiyə olunur!

  1. Satınalma metodları - Dövlət satınalmalarında 3 kateqoriya müsabiqə mövcuddur:

    1. Elektron keçirilən müsabiqələr - elan verməkdən, təklif təqdim etməyə və qiymətləndirmənin aparılıb nəticənin elan olunmasına qədər bütün prosedurlar etender.gov.az dövlət satınalmalarının vahid internet portalında - bundan sonra portal - keçirilən müsabiqələr. Bura bütün kotirovka sorğuları və ehtimal olunan qiyməti 3 milyon ABŞ dollarına qədər olan açıq tenderlər aiddir. Bu məbləğdən yuxarı olan müsabiqələr də portalda keçirilə bilər (bəzi satınalan təşkilatlar keçirilir) ancaq məcburi deyil.

    2. Kağız daşıyıcıda keçirilən açıq müsabiqələr- yalnız elanı portalda verilib digər prosedurları kağızda keçirilən müsabiqələr. Bura bütün ehtimal olunan qiyməti 3 milyon ABŞ dollarından yuxarı olan açıq tenderlər və təkliflər sorğusu. Digər metodlar (ikimərhələli tender, xidmət təklifləri sorğusu və məhdud iştiraklı tender) da var ancaq çox yayğın deyil.

    3. Kağızda keçirilən qapalı satınalmalar - elan barədə heç bir halda məlumat dərc edilmir, iştirakçılara satınalan təşkilatlar yalnız fərdi dəvət göndərir. Bura bir mənbədən satınalma və qapalı tender (məxfi-gizli satınalmalar) aiddir. Bu tip satınalmadan bəhs edilməyəcək, bu metod seçildikdə təchizatçıya seçim verilmir. Təchizatçılar satınalan təşkilatlarla birbaşa əlaqədə olub və ya özünü müxtəlif mənbələrlə tanıdıb iştirak şansı qazana bilərlər.

  2. Müsabiqələrdə iştirak

    1. (Ümumi) Bütün tip müsabiqələrdə şərtlər toplusunu əldə etmək və iştirak etmək üçün iştirak haqqı ödənilməsi tələb olunur. Bu məbləğ elanda qeyd edilir. İştirak haqqı geri qaytarılmır.

    2. Elektron müsabiqələr - Bu tip müsabiqədə iştirak edə bilmək üçün təchizatçı elektron imzaya və ya ASAN imzaya malik olmalıdır. İştirak haqqının ödənişləri ASAN pay vasitəsilə və yalnız bank kartı ilə mümkün olur. Ödəniş edildikdən sonra şərtlər toplusu Bütün sənədlər portal vasitəsilə təqdim edilir və bütün yazışmalar portal vasitəsilə aparılır. Təkliflərin təqdim edilməsinə dair təchizatçılar üçün portalda təlimatlar yerləşdirilib.

    3. Kağız daşıyıcıda keçirilən müsabiqələr - Bu tip müsabiqələrdə elanları portalda izləyib uyğun olanları müəyyən etdikdən sonra elanda göstərilən rekvizitlərə ödənişi edib şərtlər toplusunu əldə etmək üçün satınalan təşkilata müraciət edilir.

  3. Elan müddətləri

    1. Kotirovka sorğusu - 10 bank günü

    2. Elektron açıq tender - 20 bank günü

    3. Açıq tender - 30 bank günü

    4. Təkliflər sorğusu - 10 bank günü

  4. Təqdim edilən sənədlər

    1. Qiymətləndirmə üçün tələb olunan sənədlər 3 kateqoriyaya ayrılır (bu tələblər və qiymətləndirmə meyarları elanda göstərilir):

      1. İxtisas göstəricilərinə görə tələb olunan sənədlər (tenderdə bu sənədlər satınalan təşkilata tender prosedurunun başlanmasına azı 7 bank günü qalmış təqdim olunmalıdır. Satınalan təşkilat bu sənədlərin hər hansı birinə və ya bir neçəsinin çatışmadığı, yaxud bu sənədlərin hər hansı birində və ya bir neçəsində dəyişikliyə ehtiyac olduğu qənaətinə gələrsə, sənədlər təqdim olunduqdan ən çoxu 2 bank günü sonra çatışmayan sənədi hazırlamağı yaxud bu sənədlərdə müvafiq dəyişiklik aparmağı təchizatçıya təklif etməlidir. Bu halda sənədlər təchizatçı tərəfindən tam şəkildə və müvafiq düzəlişlərlə tender prosedurunun başlanmasına azı üç bank günü qalmış satınalan təşkilata təqdim olunur. Digər satınalma metodlarında bu sənədlər təklif ilə birlikdə təqdim edilir.)

      2. Qiymət təklifi və təklifin təminatı (kotirovka sorğusu xaric)

      3. Texniki təklif sənədləri (şərtlər toplusunda tələb olunan)

    2. Təchizatçı tender komissiyasına əsas şərtlər toplusunun izah edilməsi ilə bağlı sorğu verə bilər. Sorğu tender təkliflərinin verilməsi müddətinin qurtarmasına azı 4 bank günü qalanadək verilməlidir. Satınalan təşkilat belə sorğulara tender təkliflərinin verilməsi müddətinin qurtarmasına azı 2 bank günü qalanadək cavab verir. Bu cavab sorğu verənin ünvanı göstərilmədən tenderin əsas şərtlər toplusunu almış bütün təchizatçılara göndərilir.

  5. Təklifin açılışı və qiymətləndirilməsi

    1. (Ümumi) Təklif təqdim edildikdən 1 bank günü sonra açılır və təklifin qüvvədə olma müddətinin bitməsinə 10 bank günü qalana qədər qiymətləndirmə yekunlaşdırılır. Məsələn təklif 30 bank günü qüvvədədirsə 20 bank günü ərzində.

    2. Elektron: Portal vasitəsilə açılır və iştirakçılara açılış protokolu göndərilir.

    3. Kağız daşıyıcı: Tender komissiyasının iclası ilə açılır və təklif verən iddiaçılara iştirak edə bilir.

  6. Qalibin seçilməsi və müqavilə

    1. Yekun protokol tərtib edilib Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məlumat üçün təqdim edilir.

    2. Protokol qeydə alındıqdan sonra müqavilə imzalanır

    3. Müqavilə imzalandıqdan sonra 5 bank günü ərzində portalda bu barədə bildiriş yerləşdirilir.

    4. Müsabiqənin baş tutmaması - bir neçə səbəbdən müsabiqə ləğv oluna bilər (ləğv olunduqda bu barədə 5 bank günü ərzində bildiriş dərc edilir)

      1. İştirakçı sayının 3-dən az olması

      2. Heç bir təklifin uyğun olmaması

      3. Maliyyələşmənin dayandırılması

Bu məqalədə mümkün qədər bu proses istinadlar verilməklə qısa formada izah edilmişdir ancaq (a) 2001-ci ildə (29.01.02-də qüvvəyə minib, 22 ildən çox vaxt keçib) (b) kifayət qədər qəliz dildə yazılmış, (c) boşluqları-anlaşılmazlıqları olan və (d) bu günə qədər 20-yə yaxın dəyişiklik edilərək daha da mürəkkəbləşdirilmiş (xüsusilə elektronlaşmanın təqdim edildiyi 28.12.2018-ci il tarixli düzəlişdən sonra) "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda istinad edilmiş məsələlərə dair yazılmış 15 qanun, fərman, qərar və əmri (bax: Dövlət satınalmaları haqqında qanunvericilik toplusu), həmçinin dövlət satınalmalarının vahid internet portalından istifadəyə dair 30-a yaxın təlimatı və bir o qədər də qanunda nəzərdə tutulmamış boşluqların izah edən yazılmamış qaydaları 1 məqalədə əhatə təbii olaraq mümkün deyil.


Nəzərə almaq lazımdır ki, vergi-mühasibatlıq, gömrük prosedurlarındakı kimi, işin düzgün təşkil edilməsi, gecikmələr və uğursuzluqlarla qarşılaşmamaq üçün satınalma prosedurları da peşəkar dəstəyi tələb edir. Dəstək olmadan və ya müvafiq təlim-tədris proseslərində iştirak etmədən sadəcə qanunvericiliyi oxuyaraq istənilən nəticəni əldə etmək ehtimalı yuxarıda qeyd olunan səbəblərdən aşağı olur və kifayət qədər baha başa gəlir. Ancaq qeyd olunan təməl qayda və prosedurları bilmək bu sahədə sizə ümumi istiqamət verə bilər. Bloqumuzda da bu sahədə kifayət qədər məqalələr dərc olunub. Bunlardan "Tender iştirakçıları üçün məsləhətlər" və "Təchizatçılar üçün məsləhətlər" xüsusilə satınalmalarda iştirak etmək istəyən təchizatçılar üçün yazılıb. Bundan başqa satınalan təşkilatlarda və təchizatçılarda çalışan mütəxəssislər üçün ehtiyacın yaranmasından sifarişin tamamlanmasına qədər satınalmaların təşkili və müqavilələrin idarə olunması prosesini təsvir edən "Hər kəs üçün satınalma" kitabımız da biliklərinizi təkmilləşdirmək üçün faydalı vəsaitdir.

Komentáře

Hodnoceno 0 z 5 hvězdiček.
Zatím žádné hodnocení

Přidejte hodnocení
bottom of page