“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda 28 dekabr 2018-ci il tarixində edilmiş dəyişikliyə əsasən ehtimal məbləği 50 min AZN - 3 milyon dollar (5.1 milyon AZN) arasında olan tenderlərin elektronlaşdırılması nəzərdə tutulmuşdur. Dövlət satınalmaların vahid internet portalı - etender.gov.az Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı ilə yaradılaraq 1 mart 2019-cu il tarixində təqdim edilmişdir.
Portalda ilk elektron tender Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 11 iyun 2019-cu il tarixində elan edilmişdir.
Dövlət satınalmalarının vahid internet portalının fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsasları Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 aprel tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilən Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamədə öz əksini tapmışdır. Həmin əsasnamənin 2-ci bəndinə əsasən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarının vahid internet portalının operatoru olaraq müəyyən edilib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin icraçılığı ilə Qanuna 27 may 2021-ci il tarixində edilmiş dəyişikliyə əsasən isə ehtimal məbləği 50 min manatdan aşağı olan kotirovkalar da elektronlaşdırılmışdır.
30 dekabr 2021-ci il tarixində "ASK Şüşə" MMC tərəfindən ilk elektron kotirovka elan edilmişdir.
Dövlət satınalmaları haqqında yeni qanunun 01 yanvar 2024-cü il tarixində qüvvəyə minməsi ilə məxfi məlumatlarla əlaqəli qapalı tender metodu ilə keçirilən satınalmalar xaric olmaqla digər bütün satınalma metodları elektronlaşdırılmışdır.
Yeni qanunun qüvvəyə minməsi ilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 aprel tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 fevral tarixli 2467 nömrəli Fərmanı ilə ləğv edilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 493 nömrəli Qərarı ilə "Dövlət satınalmalarının vahid internet portalı haqqında əsasnamə və elektron satınalmanın keçirilməsi Qaydaları" və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 491 nömrəli Qərarı ilə "İnformasiya resurslarının dövlət satınalmalarının vahid internet portalına inteqrasiya olunması hədləri" təsdiq edilmişdir.
Comments