(yeniləndi 20/02/2023)
Azərbaycan Respublikasında satınalma ilə bağlı ilk qanuni sənəd 19.12.1996 tarixində imzalanmış “Büdcə təşkilatları tərəfindən Malların (işlərin və xidmətlərin) satın alınması haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” fərman olub. Daha sonra 11.02.1997 tarixində “Tender haqqında” Qanun təsdiqlənmişdir. Hal-hazırda qüvvədə olan 245-IIQ nömrəli "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanunu isə 27 dekabr 2001-ci il tarixində təsdiq edilərək Azərbaycan Respublikası Prezidentinin 668 nömrəli fərmanı ilə 29 yanvar 2002-ci il tarixindən etibarən tətbiq edilməyə başlanılmışdır. Qeyd edək ki, cari qanun 1994-cü ildə dərc olunmuş Beynəlxalq Ticarət Hüququ üzrə Birləşmiş Millətlər Komissiyasının Malların, Tikintinin və Xidmətlərin Satınalınması üzrə Nümunə Qanun əsasında (United Nations Comission on International Trade Law-UNCITRAL Model Law on Procurement of Goods, Construction and Services) hazırlanmışdır. UNCITRAL bu nümunəni 2011-ci ildə yeniləsə də mövcud qanun 20 ildən artıqdır ki eyni strukturdadır.
Bu günə qədər müxtəlif tarixlərdə 18 dəfə (22.11.2002, 21.10.2005, 20.10.2006, 12.02.2010, 05.03.2010, 19.01.2016, 04.03.2016, 07.04.2017, 28.12.2018, 09.07.2019, 12.07.2019, 01.05.2020, 27.05.2021, 09.07.2021, 03.12.2021, 27.12.2021, 17.02.2023 və 06.07.2023) qanuna dəyişiklik edilib, həmçinin 20-ə yaxun qanun, fərman, qərar və əmrlə Qanuna aid məsələlərə dair qaydalar və tələblər müəyyənləşdirilib.
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Fərmanına isə 10 dəfə dəyişiklik edilmişdir.
Cari Qanuna nəzarət funksiyasını 24.06.1997 tarixində “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Satınalmalar üzrə Dövlət Agentliyi” olaraq yaradılmış 24.09.1999 tarixində “Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi” olaraq dəyişdirilərək 20.02.2003 tarixində əsasnaməsi təsdiq edilmiş lakin 15.01.2016 tarixində ləğv edilərək 20.04.2018-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti” əsasında yenidən təşkil edilmiş “Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” icra etməkdədir.
Tarixçədən də göründüyü kimi cari Qanunun qüvvəyə mindiyi tarixdən bu günə qədər 30 dəfədən çox müxtəlif düzəliş və əlavə sənədlərlə Qanuna dəyişiklik edilmişdir və hər edilən dəyişikliyi Qanunun strukturuna uyğunlaşdırmaq məqsədilə müxtəlif adaptasiyalar edə-edə Qanunun həm strukturu mürəkkəbləşmiş, həm də dili qəlizləşmişdir. Son dəyişiklik daha geniş olduğundan Qanunun strukturunu pozmadan daxil edilməsi cəhdi belə çox uğursuz alınıb (bundan yaxşı ola da bilməzdi), məntiqi ardıcıllıq ciddi şəkildə pozulub. Qeyd edim ki, yeni qanun layihəsinin sıfırdan hazırlanması üçün 2020-ci ildə komissiya yaradılaraq prosesə başlanılmış (müəllif də o komissiyanın üzvüdür) və layihə bir çox dövlət qurumu ilə razılaşdırılmışdır. Yeni qanunun 2023-ci ilin sonuna qədər təsdiq edilib növbəti ildən qüvvəyə minməsi gözlənilir. Yeni qanun 14.07.2023-cü il tarixində təsdiqləndi və 19.08.2023-cü il tarixli fərman ilə 01.01.2024-cü il tarixindən qüvvəyə minəcək.
Comments