top of page
Writer's pictureElşən Həsənov

Yeni dövlət satınalmaları qanunu - ƏSAS DƏYİŞİKLİKLƏR

Updated: Sep 23

Sosial şəbəkə hesablarımızdan paylaşdığımız kimi 22 ildən artıq qüvvədə olan mövcud 27 dekabr 2001-ci il 245-IIQ nömrəli "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanunu (eləcə də digər əlaqədar qanunvericilik aktları) ləğv edilərək (qüvvədən düşərək) 01 yanvar 2024-cü il tarixində 3 ildən artıqdır ki, hazırlanması və razılaşdırılması davam edən eyniadlı yeni qanun ilə əvəzləndi. Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin 28.04.2016-cı il tarixli 888 nömrəli Fərmanı ilə qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla 5 ay ərzində hazırlanması Nazirlər Kabinetinə tapşırılan (4.4) “Dövlət satınalmaları haqqında” yeni Qanun layihəsi 2020-ci ilin ortalarından hazırlanmağa başlanılaraq müxtəlif təşkilatlarla müzakirələrdən və dövlət orqanları ilə razılaşmalardan sonra 22 iyun 2023-cü il tarixində Milli Məclisə təqdim olunmuş, 24 iyunda Milli Məclisdə birinci oxunuşdan, 06 iyulda II oxunuşdan və 14 iyulda 3-cü oxunuşdan keçərək Azərbaycan Respublikasının Prezidentinin 19 avqust 2023-cü il tarixli 2307 nömrəli fərmanı ilə təsdiqləndi. Tətbiq fərmanında nəzərdə tutulmuş 18 sənəddən 16-ı Nazirlər Kabineti tərəfindən 30.12.23 və 11.01.24-cü il tarixlərində təsdiqlənərək müvafiq olaraq 812 yanvar tarixlərində dərc edilmişdir.


Bəs yeni dövlət satınalmaları qanununda əsas dəyişikliklər, mövcud qanun arasında əsas fərqlər hansı olacaq? Qısaca aşağıda sıralayaq:

  1. Bütün satınalmalar elektronlaşır - ehtimal məbləğə və metoda görə istisnalar (qapalı tender xaric) ləğv edilir;

  2. Qanunun tətbiq dairəsinin dəyişdirilməsi - yeni meyarlar;

  3. Bəzi satınalma metodların ləğvi, yeni satınalma metodunun tətbiqi - təkliflər sorğusu, xidmət təklifləri sorğusu və məhdud iştiraklı tender ləğv edilir, çərçivə sazişi (hazırlanacaq) məhdud sahə üçün təqdim olunur;

  4. Yeni prosedurlar və anlayışların tətbiqi:

    1. Etibarsız təchizatçı və ya qara siyahının tətbiqi (hazırlanacaq) - "pis" təchizatçıların oyundan kənarlaşdırılması;

    2. Təsnifat kodu (hazırlanacaq) - satınalma predmetlərinin kodlaşdırılması, müsabiqələrin ixtisaslaşmış təchizatçıların iştirak edə biləcəyi formada bölünməsinin məcburi tətbiqi;

    3. Gözləmə müddəti - şikayətə vaxtında baxıla bilməsi üçün əlavə prosedurların tətbiqi;

    4. İstifadə haqqı (və iştirak haqqı) (hazırlanacaq) - iştirak haqqı ödəmədən şərtlər toplusuna baxılma imkanı;

    5. Benefisiar mülkiyyətçi - sövdələşmə risklərinin azaldılması üçün yeni meyarların tətbiqi.

  5. Ehtimal məbləğin açıq olması - məxfilik ləğv olunur;

  6. Ehtimal məbləğin hesablanması metodlarının təkmilləşdirilməsi (hazırlanacaq)

  7. Ehtimal məbləğə görə satınalma metodları və yeni elan müddətlərinin tətbiq olunması;

  8. Yeni şablonların təqdim olunması - satınalma predmetlərinə görə şərtlər toplusu və müqavilə nümunələri, eləcə də uyğunluq sənədləri (hazırlanacaq);

  9. Qanunun pozulmasına görə mövcud məsuliyyətlərin (inzibati xətalar və cinayət məcəlləsi) dəyişdirilməsi, təkmilləşdirilməsi (sərtləşdirilməsi);

  10. Nəzarət orqanının səlahiyyətlərinin genişləndirilməsi;

  11. Satınalma prosedurları üçün daha konkret müddətlərin müəyyənləşdirilməsi;

  12. Qanunun məzmun ardıcıllığının prosedur ardıcıllığına görə uyğunlaşdırılması, strukturunun təkmilləşdirilməsi;

  13. Qiymətləndirmə meyarlarının tətbiqi üçün çərçivələrin müəyyənləşdirilməsi (hazırlanacaq), eləcə də müvafiq qiymətləndirmələrin aparılacağı sənəd tələblərinin konkret təyin edilməsi;

  14. Mövcud qanunda olan digər çatışmazlıqların və ziddiyyətlərin aradan qaldırılması...

Onu da qeyd edək ki, Qanunda bütün prosedurların elektronlaşması nəzərdə tutulsa da bu qədər kəskin dəyişiklik tələb edən proseslərin dövlət satınalmalarının vahid internet portalında bu qədər qısa müddətdə (qanunun qüvvəyə minməsinə 133 gün qalıb) tətbiqi gələn ilin sonuna, bəlkə də daha çox çəkə bilər. Ancaq istənilən halda zəruri və qanun ilə ziddiyət yaratmayacaq hallar üçün dəyişikliklərin tətbiqi il sonuna qədər yekunlaşdırılmalıdır.


Dəyişikliklər barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət xidmətinin növbəti aydan etibarən müxtəlif fokus qrupları üçün intensiv təlim-seminarları və təqdimatları nəzərdə tutulub.


Gələn ilin əvvəlindən isə TST olaraq bu sahədə çalışan təcrübəli mütəxəssislər, eləcə də satınalmalarda iştirak edən təchizatçılar üçün yuxarıda qeyd edilən və edilməyən digər irili-xırdalı bütün dəyişikliklərin ətraflı və geniş təhlilinin aparılacağı açıq təlimlər nəzərdə tutulub, lakin korporativ müraciətlər əsasında fərdi qruplar üçün də oktyabr ayından etibarən belə təlimlər təşkil edilə bilər.


Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page