(yeniləndi 12/01/2022)
Bu günə qədər "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa 20-yə yaxın dəyişiklik edilmiş və 20-yə qədər qanun, fərman, qərar və əmrlə Qanunda istinad edilmiş məsələlər dair qaydalar və tələblər müəyyənləşdirilmişdir və açıqlama verilmişdir. Qanunla işləyən hər kəs hüquqşünas olmadığı üçün təbii olaraq bu qədər sənədləri uzlaşdırıb qanunu başa düşüb oxumaq bir o qədər asan deyil. Bütün bunları nəzərə alıb qeyd olunan sənədlərə müvafiq istinadların və açıqlamaların birbaşa içində göstərildiyi aşağıdakı Qanunu hazırladıq.
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu
Bu Qanun Azərbaycan Respublikasında dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını müəyyənləşdirir, satınalmalar zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərə (podratçılara) bərabər rəqabət mühiti yaradılması prinsipləri və qaydalarını müəyyən edir.
I fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Qanunun tətbiq dairəsi
1.1. Bu Qanun, bu Qanunun 1.2 - 1.4-cü maddələrinin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasında dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin və xidmətlərin) dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına satın alınmasına şamil edilir.
1.2. Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının (dövlət taxıl fondu üçün alınan buğda istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi qaydada həyata keçirilir.
1.3. Məxfi
1.4. Birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dəftərxana ləvazimatlarının satınalınması məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait birbaşa hakimlərin bank hesabına köçürülür. Birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi qaydası Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
1.5. Bu Qanunun müddəaları Ələt azad iqtisadi zonasının fəaliyyəti çərçivəsində malların (işlərin və xidmətlərin) satın alınmasına şamil edilmir və bu sahədə münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.
1.6. Lotereya təşkilatçısı və (və ya) idman mərc oyunları operatoru olan müqavilə əsasında idarəetməyə verilən Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi “Azərlotereya” Açıq Səhmdar Cəmiyyəti tərəfindən malların (işlərin, xidmətlərin) satın alınması idarəetmə müqaviləsi qüvvədə olduğu müddət ərzində idarəetmə müqaviləsində müəyyən olunan qaydada həyata keçirilir.
Maddə 2. Əsas anlayışlar
Bu Qanunda istifadə olunan anlayışların mənası aşağıdakılardır:
satınalma - malların (işlərin və xidmətlərin) bu Qanunla müəyyənləşdirilmiş üsullarla dövlət vəsaiti hesabına əldə edilməsi;
satınalan təşkilat - malları (işləri və xidmətləri) dövlət vəsaiti hesabına satınalan dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar;
tender - satınalma müqaviləsinin yerinə yetirilməsi üzrə iddiaçıların kağız daşıyıcıda və ya elektron formada təqdim etdikləri təkliflərdən ən səmərəlisinin seçilməsi məqsədi ilə keçirilən müsabiqə;
mallar - müəyyən kəmiyyət və keyfiyyət xüsusiyyətlərinə malik olan məhsullar, bərk, maye və ya qaz halında olan məmulatlar, avadanlıqlar, xammal, habelə elektrik enerjisi;
işlər - binanın, qurğunun və ya obyektin layihələşdirilməsi, tikintisi, yenidən qurulması, sökülməsi, təmiri, o cümlədən tikinti meydançasının hazırlanması, avadanlığın qurulması, inşaat, quraşdırma, tamamlama və ya torpaq işləri, habelə bunlarla əlaqədar qazma, geodeziya, elmi-konstruktor, geoloji-kəşfiyyat, peykdən çəkiliş, nəşr və çap işləri, seysmik tədqiqat və satınalma müqaviləsinə əsasən digər işlər;
xidmətlər - mallardan və işlərdən başqa, hər hansı digər satınalma predmeti;
malgöndərən (podratçı) - satınalan təşkilatla bağlanan satınalma müqaviləsinin potensial və ya real tərəfi;
iddiaçı - tender şərtlərinə əsasən təklif verən, iştirak haqqını ödəyən hüquqi və ya fiziki şəxslər, yaxud hüquqi şəxslərin birliyi;
tender təklifinin təminatı - iddiaçının tender təklifi üzrə satınalan təşkilat qarşısında götürdüyü öhdəliklərə verilən təminat. Bu təminat bank zəmanəti, akkreditiv, qiymətli kağızlar, nağd pul vəsaiti, depozitlər və digər maliyyə aktivləri ola bilər;
tender komissiyası - satınalan təşkilat tərəfindən yaradılan və onun adından tender prosedurlarını həyata keçirən müvəqqəti işçi qrupu;
tenderin əsas şərtlər toplusu - satınalan təşkilatın tender şərtlərini əks etdirən və iddiaçılara təqdim edilən sənəd;
satınalma müqaviləsi - satınalan təşkilatla tender qalibi (qalibləri) arasında bağlanan və malların (işlərin və xidmətlərin) satın alınması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyənləşdirən sənəd;
satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatı - tender qalibinin (qaliblərinin) satınalan təşkilata təqdim etdiyi və satınalma müqaviləsi üzrə öhdəliklərinin icrasına verdiyi təminat. Bu təminat bank zəmanəti, akkreditiv, qiymətli kağızlar, nağd pul vəsaiti, depozitlər və digər maliyyə aktivləri ola bilər;
güzəştlidüzəliş - satınalan təşkilatın yerli malgöndərənlər (podratçılar) üçün bu Qanunun 36.9-cu və 44.2-ci maddələrinə əsasən tətbiq etdiyi güzəşt;
dövlət vəsaiti - Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, dövlət tərəfindən bağlanmış beynəlxalq sazişlərə və müqavilələrə əsasən alınmış kreditlər, qrantlar, xarici yardımlar, büdcədən maliyyələşdirilən təşkilatların büdcədənkənar fondlarının vəsaiti və qanunvericiliklə dövlət vəsaitinə aid edilən digər vəsaitlər;
emitent - malgöndərənin (podratçının) tender təklifinə, satınalma müqaviləsinin yerinə yetirilməsi üzrə təminatlarına və digər ödəniş sənədlərinə zəmanət verən maliyyə qurumu;
malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti - satınalan təşkilat tərəfindən tenderin elan olunmasından əvvəl mövcud normativ hüquqi sənədlərə uyğun olaraq malların (işlərin və xidmətlərin) müəyyənləşdirilən orta bazar qiyməti;
dövlət satınalmalarının vahid internet portalı – Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən yaradılan və fəaliyyəti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən təmin edilən, satınalma prosedurları haqqında dəvətlər və həmin prosedurların nəticələri dərc edilən, satınalma müqavilələrinin və etibarsız malgöndərənlərin (podratçıların) vahid reyestri aparılan, dövlət satınalmalarının elektron vasitələrlə həyata keçirilməsini təmin edən, dövlət satınalmalarını tənzimləyən qanunvericiliyi əks etdirən və Azərbaycan Respublikasının Prezidentinin elektron informasiya sisteminə inteqrasiya olunan vahid internet portalı;
elektron satınalma – qalib təklifin seçilməsi üçün satınalan təşkilat tərəfindən tətbiq edilən, real vaxt rejimində dövlət satınalmalarının vahid internet portalı vasitəsilə keçirilən, malgöndərənlərin (podratçıların) təqdim etdikləri təkliflərin avtomatik qiymətləndirilməsini təmin edən satınalma proseduru;
satınalma planı – satınalan təşkilat tərəfindən tərtib edilən, bu Qanuna uyğun olaraq bir büdcə ili ərzində satın alınacaq malların (işlərin və xidmətlərin) tərkibi, həcmi, miqdarı və ölçüsü barədə məlumatı, satınalmanın ardıcıllığını və təqvim ili üzrə bölgüsünü əks etdirən və elektron formada dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən sənəd;
təkliflərin cəlb edilməsi – tenderdə, ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi prosedurunda, təkliflər sorğusu prosedurunda və ya elektron satınalmada iştirak etmək üçün verilən dəvət;
iştirak haqqı – tenderin əsas şərtlər toplusunu və ya kotirovka sorğusunun şərtlərini almaq və iddiaçı kimi qeydiyyatdan keçmək üçün malgöndərən (podratçı) tərəfindən ödənilən və geri qaytarılmayan vəsait.
kotirovka sorğusu şərtləri – satınalan təşkilatın kotirovka şərtlərini əks etdirən və iddiaçılara təqdim edilən sənəd.
Maddə 3. Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Dövlət satınalmaları ilə bağlı münasibətlər bu Qanunla, Azərbaycan Respublikasının digər qanunları və normativ hüquqi aktları ilə tənzimlənir.
Maddə 4. Dövlət satınalmaları üzrə müvafiq icra hakimiyyəti orqanı
4.1. Dövlət satınalmaları üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) dövlət vəsaitləri hesabına malların (işlərin və xidmətlərin) satın alınması sahəsində dövlət siyasətini həyata keçirir və bu məqsədlə:
4.1.1. Azərbaycan Respublikasında dövlət satınalmalarını tənzimləyən normativ hüquqi bazanın yaradılmasında və təkmilləşdirilməsində iştirak edir. Dövlət satınalmalarına dair qaydaları, təlimatları, digər sənədləri hazırlayır və təsdiq edilmək üçün Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir;
4.1.2. dövlət vəsaiti hesabına malların (işlərin və xidmətlərin) müsabiqə əsasında satın alınmasının qanuniliyinə və müqavilələrin icrasına nəzarət edir, mübahisəli məsələləri araşdırır, qanunvericiliyin pozulması hallarını aşkar etdikdə, satınalma prosedurlarını 7 bank gününədək dayandırır və lazım gəldikdə satınalan təşkilat qarşısında tenderin nəticələrinin ləğv edilməsi barədə məsələ qaldırır;
4.1.3. dövlət satınalma prosedurlarında mübahisəli məsələləri araşdırır, qanunvericiliyin pozulduğu hallarda bu Qanunun müddəalarına uyğun tədbirlər görür;
4.1.4. dövlət satınalmalarının təşkili və aparılması üzrə satınalan təşkilatlara metodiki və təşkilati kömək göstərir, məsləhətlər verir, mütəxəssislərin ixtisas səviyyəsinin artırılması üçün kurslar yaradır, seminarlar və konfranslar keçirir, müvafiq tədris-metodiki materialları hazırlayır;
4.1.5. dövlət satınalmalarına dair hesabatların tərtibi qaydalarını müəyyənləşdirir, dövlət satınalmalarını tənzimləyən normativ hüquqi aktların, sənədlərin və məlumatların ictimaiyyətə çatdırılmasını təmin edir;
4.1.6. dövlət satınalmaları üzrə illik hesabatları hazırlayır və Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.
4.1.7. dövlət satınalmaları üzrə tenderlər, təkliflər sorğusu və kotirovka sorğusu barədə elanlar və onların nəticələri barədə məlumatların yerləşdirildiyi dövlət satınalmalarının rəsmi internet saytını (bundan sonra — rəsmi internet saytı) yaradır;
4.1.8. satınalan təşkilatların, malgöndərənlərin (podratçıların) dövlət satınalmalarının vahid internet portalından istifadə etmələri üçün onlara metodiki köməklik göstərir, məsləhətlər verir;
4.1.9. dövlət satınalmalarının vahid internet portalında mövcud olan informasiya resurslarının təhlükəsizliyinin qorunması üçün tədbirlər görür.
4.2. Dövlət satınalmaları üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) vəzifəli şəxsləri və digər məsul işçiləri öz xidməti vəzifələrini yerinə yetirmədikdə müvafiq qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.
Maddə 4-1. Dövlət satınalmalarının planlaşdırılması
4-1.1. Satınalan təşkilat cari ilin oktyabr ayının 15-dən gec olmayaraq növbəti il üçün ilkin satınalma planını hazırlayaraq təsdiq edir və dövlət satınalmalarının vahid internet portalında yerləşdirir. İlkin satınalma planı növbəti il üçün Azərbaycan Respublikasının dövlət büdcəsi təsdiq edilənədək qüvvədə qalır.
4-1.2. Növbəti il üçün Azərbaycan Respublikasının dövlət büdcəsi təsdiq edildikdən və büdcə göstəricilərini aldıqdan sonrakı 10 bank günü ərzində satınalan təşkilat ilkin satınalma planında dəqiqləşdirmə apararaq, həmin planı təsdiq edir və dövlət satınalmalarının vahid internet portalında yerləşdirir.
4-1.3. İllik satınalma planında aşağıdakı məlumatlar əks olunur:
4-1.3.1. satınalan təşkilatın adı;
4-1.3.2. satın alınacaq malların (işlərin və xidmətlərin) adı, həcmi, miqdarı və ölçüsü;
4-1.3.3. satınalmanın ardıcıllığı, təqvim ili üzrə bölgüsü və satınalma üsulu;
4-1.3.4. malların göndərilməsinin, işlərin görülməsinin, xidmətlərin göstərilməsinin planlaşdırılan yeri və müddətləri.
4-1.4. Satınalan təşkilat ayda bir dəfədən çox olmamaq şərtilə satınalma planında dəyişiklik edə bilər. Satınalan təşkilat tərəfindən satınalma planında dəyişiklik edilməsi haqqında qərar qəbul olunduqdan sonrakı 5 bank günü ərzində bu barədə məlumat, dəyişikliyə səbəb olmuş hüquqi əsas göstərilməklə, dövlət satınalmalarının vahid internet portalında yerləşdirilir.
4-1.5. Bu Qanunun 4-1.1-ci – 4-1.4-cü maddələri müdafiə və milli təhlükəsizlik ehtiyacları üçün keçirilən satınalmalara şamil edilmir.
4-1.6. Satınalan təşkilat təsdiq edilmiş satınalma planına uyğun olaraq satınalma prosedurlarını təşkil edir. Satınalma planına daxil edilməyən hər hansı malların (işlərin və xidmətlərin) satın alınmasına təcili tələbat yarandıqda, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təsdiq etməsi şərtilə satınalan təşkilat həmin malların (işlərin və xidmətlərin) satın alınmasını həyata keçirə bilər.
4-1.7. Bu maddəyə uyğun olaraq satınalma planının dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməsi təkliflərin cəlb edilməsi mənasını daşımır, satınalan təşkilatın üzərinə təklifləri cəlb etmək öhdəliyini qoymur, malgöndərənlərə (podratçılara) bununla əlaqədar hər hansı hüquq vermir.
Maddə 5. Satınalma müqaviləsinin qüvvəyə minməsi və bu haqda məlumatın ictimaiyyətə çatdırılması
5.1. Tender prosedurlarının tətbiqi zamanı tender təklifinin aksepti və satınalma müqaviləsinin qüvvəyə minməsi bu Qanunun 40-cı maddəsinə uyğun həyata keçirilir.
5.2. Satınalmaların bütün digər metodlarının tətbiqi zamanı malgöndərənlərə (podratçılara) satınalma müqaviləsinin qüvvəyə minmə qaydaları haqqında məlumat satınalan təşkilat tərəfindən təkliflərə, ofertalara və ya kotirovkalara dair sorğunun alındığı vaxt verilir.
5.3. Tender nəticəsində bağlanmış satınalma müqaviləsi barədə məlumat 5 bank günü ərzində tender haqqında elanın verildiyi mətbuat orqanında dərc etdirilir və rəsmi internet saytında yerləşdirilir. Dövlət satınalmalarının şərtləri və nəticəsi qanunvericiliklə müəyyən edilmiş üsullarla açıqlanır.
Maddə 6. Malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər
6.1. Bu maddə satınalma prosedurlarının istənilən mərhələsində malgöndərənlərin (podratçıların) ixtisas göstəricilərinin tender komissiyası tərəfindən müəyyənləşdirilməsi və qiymətləndirilməsi üçün tətbiq olunur.
6.2. Satınalma prosedurlarında iştirak etmək üçün malgöndərənlərin (podratçıların) ixtisas göstəriciləri aşağıdakı meyarlara uyğun gəlməlidir:
6.2.1. satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması;
6.2.2. satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması;
6.2.3. öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;
6.2.4. müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;
6.2.5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması;
6.2.6. satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi;
6.2.7. müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması.
6.3. Satınalan təşkilat malgöndərənlərin (podratçıların) əqli mülkiyyətlərini və ya kommersiya sirlərini qorumaq hüququnu nəzərə almaqla, onlardan bu Qanunun 6.2-ci maddəsində göstərilmiş meyarlara uyğun ixtisas göstəricilərinə malik olduqlarını təsdiq edən sənədli sübutlar və ya digər məlumatlar tələb edə bilər.
6.4. Bu maddəyə uyğun tələblər ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi sənədlərində (əgər ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi proseduru keçirilirsə) və ya tenderin əsas şərtlər toplusunda yaxud təkliflərin, ofertaların və ya kotirovkaların cəlb edilməsinə dair digər sənədlərdə şərh olunur və bütün malgöndərənlərə (podratçılara) eyni dərəcədə şamil edilir. Satınalan təşkilat malgöndərənlərin (podratçıların) ixtisas göstəriciləri barədə bu maddədə nəzərdə tutulmayan hər hansı digər meyarlar, tələblər və ya prosedurlar müəyyənləşdirə bilməz.
6.5. Satınalan təşkilat malgöndərənlərin (podratçıların) ixtisas göstəricilərini ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədlərində və tenderin əsas şərtlər toplusunda yaxud təkliflərin, ofertaların və ya kotirovkaların cəlb edilməsinə dair digər sənədlərdə şərh edilmiş ixtisas meyarlarına və prosedurlarına əsasən qiymətləndirir
6.6. Bu Qanunun 8.1, 36.9, 44.2-ci maddələri nəzərə alınmaqla, satınalan təşkilat malgöndərənlər (podratçılar) arasında ayrıseçkilik salan meyarlar, tələblər və ya prosedurlar müəyyənləşdirmir.
6.7. Satınalan təşkilat hər hansı bir anda malgöndərənin (podratçının) öz ixtisas göstəriciləri haqqında saxta məlumat təqdim etdiyini müəyyən edərsə, həmin malgöndərəni (podratçını) tenderdən kənarlaşdırır.
6.8. Malgöndərənin (podratçının) öz ixtisas göstəriciləri barədə mahiyyətcə əhəmiyyətsiz dərəcədə qeyri-dəqiq və natamam verdiyi məlumat satınalan təşkilatın tələbi ilə bu Qanunda nəzərdə tutulmuş qaydada dərhal aradan qaldırıldıqda həmin malgöndərən (podratçı) tenderdən kənarlaşdırıla bilməz.
6.9. Satınalan təşkilat satınalma prosedurları zamanı iddiaçının ixtisas göstəricilərini əks etdirən sənədlərin Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada təsdiq olunmasını və rəsmiləşdirilməsini tələb edə bilər.
Maddə 7. Malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi
7.1. Satınalan təşkilat tender təkliflərinin və ya ofertaların təqdim edilməsindən əvvəl malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi prosedurlarını keçirə bilər. Tender elanı verildikdən sonra ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi proseduru keçirilə bilməz.
7.2. Satınalan təşkilat ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi prosedurları keçirirsə, müraciət etmiş və iştirak haqqını ödəmiş (əgər nəzərdə tutulubsa) malgöndərənə (podratçıya) bu prosedurlara dair sənədlər toplusunu verir və ya göndərir. Sənədlər toplusunun təqdim edilməsi üçün satınalan təşkilat tərəfindən ən azı 10 bank günü müddət müəyyən edilir.
7.3. İxtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi prosedurlarına dair sənədlər toplusuna aşağıdakılar daxil edilir:
7.3.1. ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi prosedurların dair təkliflərin hazırlanması və təqdim edilməsi haqqında təlimat;
7.3.2. satınalma prosedurları nəticəsində bağlanmalı olan satınalma müqaviləsinin əsas şərtlərinin xülasəsi;
7.3.3. malgöndərənlərin (podratçıların) öz təkliflərini hazırlanmasına və təqdim etməsinə konkret gün və saat göstərilməklə ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi üçün sənədlərin təqdim olunmasının üsulu, yeri və son müddəti;
7.3.4. satınalmalar haqqında qanunvericilik aktlarına uyğun olaraq, satınalan təşkilatın ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi üçün sənədlərin təqdim edilməsinə və prosedurların keçirilməsinə hazırlıqla bağlı digər tələblər;
7.3.5. bu Qanunun 26.1.1, 26.1.2, 26.1.7 - 26.1.10 və 26.1.13-cü maddələrinə uyğun tenderdə iştirak üçün dəvətdə göstərilməli olan məlumatlar;
7.3.6. bu Qanunun 42.1.1 - 42.1.3, 42.1.6, 42.1.14, 42.1.17-ci maddələrində nəzərdə tutulan məlumatlar;
7.4. Satınalan təşkilat malgöndərənin (podratçının) ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi üçün öz təklifini təyin olunmuş müddətdə təqdim etməsinə imkan yaratmaq məqsədi ilə onun istənilən sorğusuna 3 bank günü ərzində cavab verməlidir. Hər hansı sorğuya verilən cavab ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi üzrə sənədləri almış malgöndərənlərə (podratçılara) sorğunu kimin verdiyi bildirilmədən göndərilir.
7.5. Satınalan təşkilat ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi üçün təklif vermiş malgöndərənin (podratçının) ixtisas göstəriciləri haqqında qərar çıxararkən, yalnız bu Qanunla müəyyənləşdirilmiş meyarlara əsaslanır.
7.6. Satınalan təşkilat malgöndərənə (podratçıya) ixtisas uyğunluğunun müəyyənləşdirilməsi üçün sənədlərin son təqdim edilməsi tarixindən sonra 10 bank günündən gec olmayaraq ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsinin nəticələri barədə məlumat verir. İxtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi prosedurundan keçmiş malgöndərənlər (podratçılar) tenderlərdə iştirakı davam etdirə bilərlər.
7.7. Satınalan təşkilat ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi prosedurundan keçə bilməmiş malgöndərənlərə (podratçılara) bu barədə əsaslandırılmış məlumat verir.
7.8. Satınalan təşkilat ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi prosedurundan keçmiş malgöndərəndən (podratçıdan) öz ixtisas göstəricilərini yenidən təsdiq etməyi tələb edə bilər. İxtisas göstəricilərini yenidən təsdiq etməyən malgöndərən (podratçı) tenderdən kənarlaşdırılır. İxtisas göstəricilərini yenidən təsdiq etmək haqqında sorğu almış və buna cavab göndərmiş hər bir malgöndərənə (podratçıya) onun ixtisas göstəricilərinin satınalan təşkilatı nə dərəcədə təmin etməsi barədə dərhal məlumat verilir.
Maddə 8. Malgöndərənlərin (podratçıların) dövlət satınalmalarında iştirakı
8.1. Dövlət satınalmalarını tənzimləyən normativ hüquqi sənədlərdə göstərilən hallar istisna olmaqla, istənilən rezident və qeyri-rezident hüquqi və ya fiziki şəxslər yaxud hüquqi şəxslər birliyi dövlət mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasında keçirilən dövlət satınalma prosedurlarında iddiaçı kimi iştirak edə bilərlər. Tikinti, tikinti quraşdırma və istehsal sahələrinin qurulması ilə bağlı tender qalibi olan qeyri-rezident hüquqi və ya fiziki şəxslərlə malların (işlərin və xidmətlərin) satınalması müqaviləsi həmin şəxslərin Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq uçota alınmış daimi nümayəndəlikləri və daimi nümayəndəlik yaratmayan bölmələri olduğu halda bağlanılır.
8.2. Satınalan təşkilat malgöndərənlərin (podratçıların) satınalma prosedurlarında iştirakını dövlət mənsubiyyətinə görə məhdudlaşdırdıqda, buna əsas vermiş səbəbləri satınalma prosedurları haqqında hesabatda şərh etməlidir.
8.3. Bu Qanunun 8.1-ci maddəsinin müddəalarını nəzərə almaqla, satınalan təşkilat malgöndərənləri (podratçıları) satınalma prosedurlarında iştiraka dəvət etdikdə, sonradan onları dövlət mənsubiyyətinə görə satınalma prosedurlarından kənarlaşdıra bilməz.
Maddə 9. Satınalma prosedurlarına dair məlumat vermə formaları
9.1. Satınalan təşkilatla malgöndərənlərin (podratçıların) bir-birinə göndərdikləri sənədlər, bildirişlər, qərarlar və bu Qanunda nəzərdə tutulan digər məlumatlar yazılı formada təqdim olunur.
9.2. Malgöndərən (podratçı) və ya satınalan təşkilat bu Qanunun 7.4, 7.6, 11.4, 28.4, 32.2, 33.3, 36.1, 36.2, 40.1, 41.3, 47.1 və 47.2-ci maddələrində nəzərdə tutulan məlumatları onların məzmununun yazılmasını imkan verməyən rabitə vasitələri ilə ötürə bilərlər. Bu halda məlumatın yazılı təsdiqi dərhal qəbul edən tərəfə çatdırılır.
9.3. Satınalan təşkilat satınalmalarla bağlı sənədlərin, bildirişlərin, qərarların və digər məlumatları hansı formada göndərməsindən və ya almasından asılı olmayaraq malgöndərənlər (podratçılar) arasında ayrıseçkiliyə yol vermir.
9.4. Satınalan təşkilat malgöndərənləri (podratçıları) satınalma prosedurlarına cəlb edərkən, onları aşağıdakılar barədə məlumatlandırmalıdır:
9.4.1. məlumatların ötürülməsinin forması;
9.4.2. məxfi məlumatlarla əlaqədar satınalmalar zamanı belə məlumatların qorunması üçün tələblər;
9.4.3. satınalan təşkilat və ya onun adından malgöndərənə (podratçıya), həmçinin malgöndərənlər (podratçılar) tərəfindən satınalan təşkilata məlumatların ötürülməsinin üsulları;
9.4.4. yazılı formada məlumatlarla və imzalarla əlaqədar bu Qanunda nəzərdə tutulmuş tələblərin təmin olunması üsulları.
9.5. Satınalan təşkilat hər hansı konkret satınalmalar zamanı malgöndərənlərlə (podratçılarla) rahat əlaqəni təmin edən rabitə üsullarından istifadə edir. Malgöndərənlərlə (podratçılarla) hər hansı iclas və ya görüş zamanı satınalan təşkilat onlar üçün tam və bərabər iştirak imkanlarını yaradır.
Maddə 10. Satınalma prosedurları haqqında hesabat
10.1. Satınalan təşkilat satınalma prosedurları haqqında aşağıdakı məlumatların göstərildiyi hesabatı tərtib edir:
10.1.1. satın alınan malların (işlərin və xidmətlərin) qısa təsviri;
10.1.2. tender təklifləri, ofertalar və ya kotirovkalar təqdim etmiş malgöndərənlərin (podratçıların) adları və ünvanları, satınalma müqaviləsi bağlanan malgöndərənin (podratçının) adı və ünvanı, həmin müqavilənin qiyməti;
10.1.3. tender təklifləri, ofertalar və ya kotirovkalar təqdim etmiş malgöndərənlərin (podratçıların) ixtisas göstəriciləri haqqında məlumat və ya belə məlumatın olmadığına dair qeyd;
10.1.4. satın alınan malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti və ya onun müəyyənləşdirilməsinin əsası, hər bir tender təklifinin, ofertanın, kotirovkanın və satınalma müqaviləsinin digər əsas şərtlərinin qısa xülasəsi;
10.1.5. bu Qanunun 36.9-cu və 44.2-ci maddələrinə uyğun hər hansı güzəştli düzəlişin tətbiqi də daxil olmaqla tender təkliflərinin ofertaların və ya kotirovkaların qiymətləndirilməsinin və müqayisəsinin qısa təsviri;
10.1.6. bu Qanunun 11-ci maddəsinə uyğun olaraq bütün tender təklifləri, ofertalar və ya kotirovkalar rədd edildikdə müvafiq əsaslar göstərilməklə bu barədə məlumat;
10.1.7. açıq tenderdən başqa digər satınalma metodlarının tətbiqi ilə keçirilən satınalma prosedurları nəticəsində satınalma müqaviləsi bağlanmadıqda, müvafiq əsaslar göstərilməklə bu barədə məlumat;
10.1.8. tender təklifi, oferta və ya kotirovka bu Qanunun 12-ci və ya 13-cü maddələrinə əsasən rədd edildikdə, bu barədə məlumat;
10.1.9. bu Qanunun 16.2 və 16.3-cü maddələrinə uyğun satınalma metodundan istifadə edildikdə, satınalan təşkilatın istifadə olunan satınalma metodunu seçmək üçün əsas götürdüyü halların şərhi;
10.1.10. bu Qanunun 8.2-ci maddəsinə uyğun olaraq satınalan təşkilat malgöndərənlərin (podratçıların) satınalma prosedurlarında iştirakını dövlət mənsubiyyətinə görə məhdudlaşdırdıqda, satınalan təşkilatın bu cür məhdudiyyətin tətbiqi üçün əsas götürdüyü halların şərhi;
10.1.11. ixtisas uyğunluğu sənədlərinin və ya tender sənədlərinin izahı barədə istənilən sorğunun, həmçinin belə sorğulara cavabların, eləcə də bu sənədlərdəki hər hansı dəyişikliyin xülasəsi;
10.1.12. bu Qanunun 50-1.1-ci maddəsində nəzərdə tutulan hallarda elektron satınalma vasitəsilə açıq tender və ya kotirovka sorğusu keçirilmədən digər satınalma üsullarının tətbiq edilməsi barədə qərar qəbul olunduqda, onu əsaslandıran səbəblər və şərtlər;
10.1.13. dövlət satınalmalarının vahid internet portalı vasitəsilə satınalmalar həyata keçirildikdə elektron satınalmanın açılması və başa çatması vaxtı və tarixi barədə məlumat.
10.2. Bu Qanunun 35.2-ci maddəsi nəzərə alınmaqla, satınalma prosedurları haqqında hesabatın 10.1.1 və 10.1.2-ci maddələrində göstərilən hissəsi, şəraitdən asılı olaraq tender təklifi, oferta və ya kotirovka aksept edildikdən yaxud satınalma müqaviləsinin bağlanması ilə nəticələnməyən satınalma prosedurları qurtardıqdan sonra sorğu əsasında marağı olan şəxsə verilə bilər.
10.3. Bu Qanunun 35.2-ci maddəsi nəzərə alınmaqla, satınalma prosedurları haqqında hesabatın 10.1.3 - 10.1.7 və 10.1.11-ci maddələrdə göstərilən hissəsi tender təklifi, oferta və ya kotirovka aksept edildikdən yaxud satınalma müqaviləsinin bağlanması ilə nəticələnməyən satınalma prosedurları qurtardıqdan sonra sorğu əsasında tender təklifi, oferta və ya kotirovka təqdim etmiş və ya ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi üçün təklif vermiş malgöndərənlərə (podratçılara) verilir. Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, satınalan təşkilat aşağıdakı məlumatları açıqlamır:
10.3.1. açıqlanması dövlət maraqlarına uyğun gəlməyən, tərəflərin kommersiya mənafelərinə zərər vuran və ya ədalətli rəqabətə mane olan məlumatı;
10.3.2. bu Qanunun 10.1.5-ci maddəsində nəzərdə tutulan məlumatın xülasəsindən başqa, tender təkliflərinin, ofertaların və kotirovkaların öyrənilməsinə, qiymətləndirilməsinə və müqayisəsinə aid olan məlumatı.
Maddə 11. Tenderin baş tutmaması və onun davamından imtina
11.1. Tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.
11.2. Satınalan təşkilat dövlət mənafelərinin qorunması məqsədi ilə aşağıdakı hallarda bütün tender təkliflərinin, oferta və kotirovkaların aksept olunana qədər rədd edilməsi barədə qərar qəbul edə bilər:
tender prosedurlarının keçirilməsi zamanı iddiaçılar arasında qiymətin qaldırılmasına yönələn sövdələşmə müəyyən etdikdə;
tender təklifləri tenderin əsas şərtlər toplusuna uyğun olmadıqda;
tender predmetinin maliyyələşdirilməsi dayandırıldıqda.
Bu qərar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) tərəfindən təsdiq olunmalıdır. Satınalan təşkilat tender təklifi, oferta və ya kotirovka təqdim etmiş malgöndərənin (podratçının) sorğusu ilə ona bütün tender təkliflərini, ofertaları və ya kotirovkaları rədd etməsi barədə məlumat verir.
11.3. Satınalan təşkilat bu Qanunun 11.1 və 11.2-ci maddəsinin tətbiqi üçün tender təklifi, oferta və ya kotirovka təqdim etmiş malgöndərənlər (podratçılar) qarşısında heç bir məsuliyyət daşımır.
11.4. Tender təkliflərinin, ofertaların və kotirovkaların rədd edilməsinə dair bildiriş onları təqdim etmiş bütün malgöndərənlərə (podratçılara) dərhal göndərilir.
11.5. Tenderin davamından imtina və ya bütün tender təkliflərinin, oferta və kotirovkaların rədd olunduğu halda satınalan təşkilat həmin malların (işlərin və xidmətlərin) satın alınması üçün yeni tender elan edə yaxud satın alınan malların (işlərin və xidmətlərin) xüsusiyyətlərinin imkan verdiyi təqdirdə, mahiyyətini dəyişdirməməklə onları hissələrə bölərək, hər hissə üzrə ayrıca tender keçirə bilər. Bölünən hissələrin məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş məbləğdən aşağı ola bilməz.
Maddə 12. Dövlət satınalmalarında saxtakarlıq halları
Satınalan təşkilat satınalma prosedurları ilə bağlı hər hansı qərarın qəbul olunmasına təsir göstərmək məqsədi ilə malgöndərənin (podratçının) saxtakarlıqla məşğul olmasını müəyyənləşdirdikdə və bu, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) tərəfindən təsdiq edildikdə:
həmin malgöndərənin (podratçının) təqdim etdiyi tender təkliflərini, ofertaları və kotirovkaları rədd edir;
malgöndərənin (podratçının) gələcək satınalma prosedurlarında iştirakını qeyri-müəyyən müddətə və ya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) müəyyənləşdirdiyi müddətə qadağan edir;
saxtakarlıq hallarının araşdırılması üçün məlumatları müvafiq səlahiyyətli orqanlara təqdim edir;
tender təklifinin, ofertanın və ya kotirovkanın rədd edilməsini və bunun səbəblərini satınalma prosedurları haqqında hesabatda göstərir və dərhal malgöndərənə (podratçıya) bildirir.
Maddə 13. Dövlət satınalmalarında maraqların ziddiyyəti
13.1. Satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmir.
13.2. Aşağıdakı şəxslər satınalma prosedurları zamanı satınalan təşkilatın təmsilçisi, məsləhətçisi və satınalmalarla əlaqədar digər vəzifələrin icraçısı ola bilməzlər:
13.2.1. satınalma prosedurlarında iştirak edən iddiaçının nümayəndəsi və ya vəzifəli şəxsi ilə birbaşa qohumluğu, qəyyumluq, hamilik və ya övladlığa götürmə, təsisçilik və asılılıq münasibətləri olanlar;
13.2.2. satınalma prosedurlarından əvvəlki üç il ərzində satınalma prosedurlarında iştirak edən iddiaçının əməkdaşı və ya vəzifəli şəxsi olanlar.
13.3. Malgöndərənin (podratçının), onun tabe olduğu baş müəssisənin və ya onun filialının (nümayəndəliyinin) əməkdaşı olan şəxslər satınalma prosedurlarına dair sənədlərin hazırlanmasına cəlb edilə bilməzlər.
13.4. Bu maddə göstərilən səbəblərə görə tender təklifinin, ofertanın və ya kotirovkanın rədd edilməsi və bunun səbəbləri satınalma prosedurları haqqında hesabatda göstərilir və dərhal malgöndərənə (podratçıya) bildirilir.
Maddə 13-1. Davranış kodeksi
13-1.1. Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin davranış kodeksi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunur. Təsdiq olunan davranış kodeksi ictimaiyyətə çatdırılmaq məqsədi ilə kütləvi informasiya vasitələrində və dövlət satınalmalarının vahid internet portalında dərhal dərc olunur. Davranış kodeksində aşağıdakı məsələlər əks olunur:
13-1.1.1. dövlət satınalmalarında maraqların ziddiyyətinin aradan qaldırılması məsələləri;
13-1.1.2. dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin konkret satınalmalarda maraqlarının olub-olmamasının bəyan edilməsi;
13-1.1.3. dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin qanunla müəyyən olunan məsuliyyəti, peşə hazırlığı və onun yoxlanılması prosedurları.
Maddə 14. Malların (işlərin və xidmətlərin) təsvirinə aid tələblər
14.1. Mallara (işlərə və xidmətlərə) dair hər hansı özünəməxsus xüsusiyyətlər, planlar, cizgilər, eskizlər, tələblər və ya təsvirlər satın alınan malların (işlərin və xidmətlərin) obyektiv texniki və keyfiyyət göstəricilərinə əsaslanmalıdır.
14.2. İddiaçılara satınalma prosedurlarında iştirakına maneçilik törədən və ya onu məhdudlaşdıran, o cümlədən dövlət mənsubiyyətinə görə ayrıseçkiliyə yol verən, satın alınan malların (işlərin və xidmətlərin) texniki və keyfiyyət göstəricilərini əks etdirən hər hansı xüsusiyyətlər, planlar, cizgilər və eskizlər, sınaqlara və sınaq metodlarına, qablaşdırmaya, markalamaya, etiketləməyə və ya sertifikatlaşdırmaya aid tələblər, həmçinin şərti işarələr və terminlər və ya xidmətlərin təsviri ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədlərinə, tenderin əsas şərtlər toplusuna və ya təkliflərin, ofertaların və ya kotirovkaların cəlb olunmasına dair sənədlərə daxil edilmir və onlardan istifadə olunmur.
Maddə 15. Dövlət satınalmalarında sənədləşdirmənin aparılması dili
İxtisas uyğunluğunun müəyyənləşdirilməsinə dair sənədlər toplusu, tenderin əsas şərtlər toplusu, təkliflərin, ofertaların və kotirovkaların cəlb olunmasına dair sənədlər Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır. Zərurət olduqda qeyd olunan sənədlər beynəlxalq ticarətdə geniş istifadə olunan dillərin birinə tərcümə oluna bilər.
II fəsil
SATINALMA METODLARININ TƏTBİQİ ŞƏRTLƏRİ
Maddə 16. Satınalma metodları
16.1. Azərbaycan Respublikasında malların (işlərin və xidmətlərin) dövlət satınalmaları bu Qanunun 17-21-ci maddələrində qeyd olunan tətbiq şərtlərindən asılı olaraq açıq tender, ikimərhələli tender, məhdud iştiraklı və qapalı tender, təkliflər sorğusu, kotirovka sorğusu və bir mənbədən satınalma metodları ilə həyata keçirilir. Bu Qanunun 50-1-ci maddəsində nəzərdə tutulan halda dövlət satınalmaları açıq tender və ya kotirovka sorğusu metodları tətbiq edilməklə elektron satınalma vasitəsilə həyata keçirilir.
16.2. Malların (işlərin) satın alınması zamanı satınalan təşkilat açıq tender prosedurlarından əlavə, digər satınalma metodlarından yalnız bu Qanunun 18, 19, 20 və 21-ci maddələrində nəzərdə tutulmuş şərtlər əsasında istifadə edə bilər.
16.3. Aşağıdakı hallar istisna olmaqla satınalan təşkilat xidmətlərin satın alınması zamanı V fəsildə müəyyənləşdirilmiş satınalma metodundan istifadə edir:
16.3.1. xüsusiyyətlərin müfəssəl tərtibi əməli cəhətdən mümkün olduqda və satın alınan xidmətlərin texniki xarakterinə görə açıq tender prosedurlarının həyata keçirilməsi daha məqsədəuyğun olduqda;
16.3.2. bu Qanunun 18-21-ci maddələrində nəzərdə tutulmuş satınalma metodlarından istifadə edilməsi daha məqsədəuyğun olduqda, həm də onlardan istifadə şərtləri yerinə yetirildikdə.
16.4. Satınalan təşkilat bu Qanunun 16.2 və 16.3-ci maddələrinə uyğun hər hansı satınalma metodundan istifadə edirsə, satınalma prosedurları haqqında hesabata həmin metodun seçilməsi üçün əsas götürülmüş halların şərhini daxil edir.
Maddə 17. Açıq tender
17.1. Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müəyyən etdiyi 50 (əlli) min manatdan yuxarı olduqda onların satın alınması açıq tender üsulu ilə aparılır.
17.2. Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti bu Qanunun 17.1-ci maddəsində nəzərdə tutulan məbləğdən aşağı olduqda, satınalan təşkilat hər hansı satınalma metodundan istifadə edir. Satınalan təşkilat bu maddənin tətbiqi üçün məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədi ilə bir büdcə ili ərzində müvafiq xərc maddəsində nəzərdə tutulmuş vəsait hesabına malların (işlərin və xidmətlərin) satın alınmasını ayrı-ayrı müqavilələrə (yəni ayrı-ayrı qismlərə) bölə bilməz.
17.3. Ehtimal olunan qiyməti bu Qanunun 17.1-ci maddəsində nəzərdə tutulan məbləğdən yuxarı olan malların (işlərin və xidmətlərin) digər satınalma metodlarının tətbiqi ilə həyata keçirilməsi yalnız müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) təsdiq etməsi şərtilə aparıla bilər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) bu maddənin birinci cümləsinə əsasən digər satınalma metodlarının tətbiqi barədə qərarını müraciət daxil olduğu gündən 10 bank günü ərzində qəbul edir.
Maddə 18. İkimərhələli tender və ya təkliflər sorğusu
18.1. Aşağıdakı hallarda satınalan təşkilat satınalma zamanı bu Qanunun 46-cı maddəsinə uyğun ikimərhələli tender prosedurlarından və ya 48-ci maddəsinə uyğun təkliflər sorğusundan istifadə edə bilər:
18.1.1. malların (işlərin və xidmətlərin) müfəssəl xüsusiyyətlərini müəyyənləşdirə bilmədikdə, satınalan təşkilat satınalmalara dair tələbatını ödəmək üçün ən məqbul qərarı qəbul etmək məqsədi ilə:
öz tələbatının ödənilməsinin müxtəlif mümkün üsulları ilə əlaqədar tender təkliflərini, təkliflər sorğularını və ya ofertaları cəlb edir;
malların (işlərin) texniki xarakteri və ya xidmətlərin xüsusiyyətləri ilə əlaqədar malgöndərənlər (podratçılar) ilə müzakirələr aparır.
18.1.2. satınalan təşkilat elmi-tədqiqatlar, eksperimentlər, axtarışlar və ya araşdırmalar aparılması məqsədi ilə müqavilə bağlamaq istədikdə (müqavilədə mənfəətin təmin edilməsi və ya tədqiqatlara və araşdırmalara çəkilən xərclərin ödənilməsi üçün kifayət qədər mal istehsal edilməsinin nəzərdə tutulduğu hallar istisna olmaqla).
18.2. Satınalan təşkilat qeyd olunanlarla yanaşı, satınalma zamanı təkliflər sorğusu metodunu əlavə olaraq aşağıdakı halda tətbiq edə bilər:
18.2.1. yaranmış tələbatın satınalan təşkilat tərəfindən satınalma prosesinin bilərəkdən uzadılmasının nəticəsi olmadığı və belə vəziyyətin yaranacağını əvvəlcədən görməyin mümkün olmadığı şəraitdə malların (işlərin və xidmətlərin) alınması üçün təcili tələbat yarandıqda və açıq tender prosedurunun və ya satınalmanın digər metodlarının tətbiq olunması praktiki cəhətdən məqsədəuyğun olmadıqda.
Maddə 19. Məhdud iştiraklı və qapalı tender
19.1. Satınalan təşkilat məhdud iştiraklı və ya qapalı tenderi bu Qanunun 47-ci maddəsinə uyğun olaraq keçirir;
19.2. Aşağıdakı hallarda məhdud iştiraklı tenderdən istifadə olunur;
19.2.1. həddən artıq mürəkkəb və ya xüsusi xarakterli olduğuna görə müvafiq mallar (işlər və xidmətlər) yalnız məhdud sayda potensial malgöndərənlərdə (podratçılarda) olduqda;
19.2.2. çoxsaylı tender təkliflərinə baxılması və onların qiymətləndirilməsi üçün tələb olunan vaxt və xərclər satın alınacaq malların (işlərin və xidmətlərin) dəyəri ilə mütənasib olmadıqda;
19.3. Mallar (işlər və xidmətlər) müdafiə və milli təhlükəsizlik ehtiyacları üçün nəzərdə tutulduqda satınalan təşkilat qapalı tenderdən istifadə edir. Həmin ehtiyaclar üçün geyim, ərzaq, əşya, inventar, tibb avadanlıqları, dərman ləvazimatları, xidməti nəqliyyat vasitələri, təmir-tikinti işləri üzrə satınalmalar açıq tender üsulu ilə aparılır.
Maddə 20. Kotirovkalar sorğusundan istifadə şərtləri
20.1. Satınalan təşkilat mövcud bazarı olan və ehtimal olunan qiyməti Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müəyyən etdiyi 50 (əlli) min manatdan aşağı olan malların (işlərin və xidmətlərin) satın alınması üçün bu Qanunun 49-cu maddəsinə uyğun kotirovkalar sorğusundan istifadə edə bilər.
20.2. Bu Qanunun 20.1-ci maddəsinə istinad, satınalan təşkilat üçün satınalmaları ayrı-ayrı müqavilələrə (yəni malları, işləri və xidmətləri ayrı-ayrı qismlərə) bölməyə əsas ola bilməz.
Maddə 21. Bir mənbədən satınalma metodundan istifadə şərtləri
21.1. Aşağıdakı hallarda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) təsdiq etməsi şərti ilə satınalan təşkilat bu Qanunun 50-ci maddəsinə uyğun bir mənbədən satınalma üsulundan istifadə edə bilər:
21.1.1. satın alınan mallar yalnız hər hansı konkret malgöndərəndə (podratçıda) və ya hər hansı konkret malgöndərən (podratçı) həmin mallar (işlər və xidmətlər) üzərində xüsusi hüquqlara malik olduqda, onların əvəzedicisi və alternativi olmadıqda;
21.1.2. mallara (işlərə və xidmətlərə) təcili tələbat yarandıqda və tender prosedurlarının keçirilməsi və ya satınalmanın hər hansı digər metodundan istifadə edilməsi məqsədəuyğun olmadıqda; tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olduqda və ya bu hallar satınalan təşkilatın ləngiməsinin nəticəsi olmadıqda;
21.1.3. fövqəladə hallarla əlaqədar həmin mallara (işlərə və xidmətlərə) təcili tələbat yarandıqda, satınalmanın digər metodlarından istifadə onlara sərf ediləcək vaxt baxımından məqsədəuyğun olmadıqda;
21.1.4. satınalan təşkilat hər hansı malgöndərəndən (podratçıdan) malları, avadanlıqları, texnologiyanı və ya xidmətləri satın aldıqdan sonra standartlaşdırma mülahizələrinə və ya mövcud mallara, avadanlıqlara, texnologiyaya və ya xidmətlərə uyğunluğunu təmin etmək zərurəti baxımından onları həmin malgöndərəndən (podratçıdan) satın alınması qənaətinə gəldikdə.
III fəsil
SATINALMALARIN TƏŞKİLİ
Maddə 22. Satınalmaların hazırlanması mərhələləri
22.1. Satınalmaların təşkil olunması üçün satınalan təşkilat:
tender komissiyasını formalaşdırır;
tenderin əsas şərtlər toplusunu hazırlayır;
tender komissiyası tərəfindən tenderin əsas şərtlər toplusu və tender elanı təsdiq edildikdən sonra tender elanını dərc etdirir və ya malgöndərənlərə (podratçılara) tenderdə iştirak üçün fərdi dəvət göndərir.
22.1-1. Satınalan təşkilat satınalmaların aşkarlıq, şəffaflıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında təşkilini təmin edir.
22.2. Satınalan təşkilatın dövlət satınalmaları sahəsində təcrübəsi olmadıqda tenderin təşkili üçün yerli və xarici mütəxəssisləri və ya məsləhətçi şirkətləri bu Qanunla müəyyənləşdirilmiş qaydada cəlb edə bilər.
Maddə 23. Tender komissiyasının formalaşdırılması
23.1. Tender komissiyasının tərkibi tək sayda (ən azı 5 nəfər) olmaqla, satınalan təşkilatın mütəxəssislərindən və əlaqədar təşkilatların nümayəndələrindən ibarət formalaşdırılır. Tender komissiyasının sədri satınalan təşkilatın vəzifəli şəxslərindən (rəhbəri istisna olmaqla) təyin olunur. Tender komissiyasının tərkibini satınalan təşkilatın rəhbəri (onun vəzifəsini icra edən şəxs) təsdiq edir.
23.2. Tender predmetinin ehtimal olunan qiyməti 1 (bir) milyon manat, büdcədən maliyyələşdirilən təşkilatlarda isə 300 (üç yüz) min manat və ya müvafiq olaraq sərbəst dönərli valyuta ilə buna ekvivalent məbləğdən yüksək olduqda, tender komissiyasının tərkibinə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin vəkaləti ilə onların nümayəndələri daxil edilir.
23.3. Tender komissiyasına tenderin əsas şərtlər toplusunun hazırlanması, təkliflərə baxılması, onların qiymətləndirilməsi və müqayisəsi üçün ekspertlər cəlb edilə bilər.
Maddə 24. Tenderin əsas şərtlər toplusu
24.1. Tenderin əsas şərtlər toplusunda aşağıdakı məlumatlar göstərilir:
24.1.1. tender təkliflərinin hazırlanmasına dair təlimatlar;
24.1.2. malgöndərənlərin (podratçıların) ixtisas göstəricilərinin bu Qanunun 6-cı maddəsinin müddəalarına uyğun qiymətləndirilməsi, həmçinin bu Qanunun 36.13-cü maddəsinə əsasən ixtisas göstəricilərinin təkrar təsdiqinin prosedurları və meyarları;
24.1.3. malgöndərənlərin (podratçıların) ixtisas göstəricilərini təsdiq edən sənədlərə və ya digər məlumatlara aid tələblər;
24.1.4. bu Qanunun 14-cü maddəsinin tələbləri nəzərə alınmaqla malların (işlərin və xidmətlərin) zəruri texniki və keyfiyyət xüsusiyyətləri, o cümlədən planlar, çertyojlar və eskizlər, malın miqdarı (həcmi), əlavə xidmətlər, malların göndərilməsinin (işlərin görülməsinin, xidmətlərinin göstərilməsinin) yeri və müddətləri;
24.1.5. qalib gələn tender təklifinin müəyyənləşdirilməsi üçün bu Qanunun 36.7, 36.8 və 36.9-cu maddələrinin tələbləri nəzərə alınmaqla təyin edilmiş meyarlar və onların nisbi qiyməti;
24.1.6. tender predmetinin iki və ya daha çox iddiaçı arasında bölünməsi şərtləri (səmərəli olduğu sübut olunarsa);
24.1.7. satınalma müqaviləsinin şərtləri və tərəflərin imzalayacaqları müqavilənin forması;
24.1.8. tender təklifinin alternativ variantına yol verildikdə, bu barədə məlumat, həmin təkliflərin müqayisəsi və qiymətləndirilməsi üsulunun təsviri;
24.1.9. tender təklifinin malların (işlərin və xidmətlərin) bir hissəsi üçün təqdim olunmasına icazə verildikdə həmin hissənin (hissələrin) təsviri;
24.1.10. malların (işlərin və xidmətlərin) qiymətinə onların dəyərindən başqa, digər xərclərin (nəqliyyat, sığorta xərcləri, vergilər və rüsumlar) daxil edilə biləcəyi haqqında məlumat, tender təklifinin qiymətinin hesablanması və ifadə olunması üsulu;
24.1.11. tender təklifinin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta (valyutalar);
24.1.12. tender təkliflərinin hazırlandığı dil (dillər);
24.1.13. tender təklifinin və satınalma müqaviləsinin yerinə yetirilməsi təminatlarının formaları, məbləği, emitenti, təsdiqləyici tərəf (əgər tələb olunursa) və digər şərtləri;
24.1.14. tender təklifləri verilməsinin qaydası, yeri və son müddəti;
24.1.15. iddiaçılara tenderin əsas şərtlər toplusu ilə bağlı izahat verilməsi üsulu, habelə bu mərhələdə satınalan təşkilatın iddiaçılarla görüş keçirmək niyyətinin olub-olmaması;
24.1.16. tender təkliflərinin qüvvədə olma müddəti;
24.1.17. tender təklifləri zərflərinin açılması yeri, günü və saatı;
24.1.18. tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi üçün istifadə olunacaq valyuta;
24.1.19. dövlət satınalmalarına dair normativ hüquqi aktlara istinadlar;
24.1.20. satınalmaların təşkili ilə bağlı məlumat almaq üçün tender komissiyasının əlaqələndirici şəxsinin (şəxslərinin) adı və vəzifəsi;
24.1.21. tender komissiyasının qərarından, üzvlərinin hərəkətlərindən (hərəkətsizliyindən) malgöndərənin (podratçının) şikayət etmək hüququ;
24.1.22. tender komissiyasının bütün tender təkliflərini rədd etmək hüququna dair qeyd;
24.1.23. tender təklifinin akseptindən sonra satınalma müqaviləsinin qüvvəyə minməsi üçün tələb olunan sənədlər və onların tərtibi müddətləri;
24.1.24. malların (işlərin və xidmətlərin) sığortalanması qaydası və şərtləri;
24.1.25. satınalan təşkilatla tenderin qalibi və ya iştirakçıları arasında mübahisələrin həlli qaydaları;
2.4.1.26. satınalma müqaviləsinin yerinə yetirilməsi müddətində bu Qanunun 51.1 və 51.2-ci maddələrinin tələblərinə uyğun olaraq müqavilə qiymətində dəyişiklik edilməsi qaydaları.
Maddə 25. Tender təkliflərinin cəlb edilməsi
25.1. Açıq tenderin keçirilməsi barədə elan tender zərflərinin açılması günündən azı 30 bank günü, ikinci dəfə isə azı 20 bank günü əvvəl, respublikanın dövlət qəzetlərində və beynəlxalq miqyasda yayılan kütləvi informasiya vasitələrində, habelə rəsmi internet saytında verilməlidir.
25.1-1. Elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsi barədə elan tender təkliflərinin qiymətləndiriləcəyi gündən azı 20 bank günü, kotirovka sorğusunun keçirilməsi barədə elan isə kotirovkaların qiymətləndiriləcəyi gündən azı 10 bank günü əvvəl dövlət satınalmalarının vahid internet portalı vasitəsilə dərc olunur.
25.2. ikimərhələli tenderin elanı respublikanın dövlət qəzetlərində və beynəlxalq miqyasda yayılan kütləvi informasiya vasitələrində, habelə rəsmi internet saytında, tender zərflərinin açılması günündən azı 60 bank günü, ikinci dəfə isə azı 40 bank günü əvvəl verilməlidir.
25.3. Satınalan təşkilat elan verməklə yanaşı, malgöndərənlərə (podratçılara) satınalmada iştirak üçün fərdi dəvət göndərə bilər.
25.4. Satınalmaların digər metodlarında təkliflərin və ofertaların cəlb olunması üçün tender komissiyası tərəfindən kifayət qədər sayda (üçdən az olmamaq şərti ilə) potensial malgöndərənlərin (podratçıların) siyahısı tərtib edilir və onlara fərdi dəvət göndərilir.
25.5. Fərdi dəvətdə bu Qanunun 26-cı maddəsində göstərilən məlumatlar əks etdirilir.
Maddə 26.Elanının (dəvətin) məzmunu
26.1. Elanda (dəvətdə) aşağıdakılar göstərilir:
26.1.1. satınalma keçirən haqqında məlumat;
26.1.2. satınalma prosedurlarının başlanması vaxtı və yeri;
26.1.3. satınalma müqaviləsi ilə əlaqədar vergi və rüsum güzəştləri (əgər nəzərdə tutulubsa);
26.1.4. satınalmada iştirak üçün tələb olunan sənədlər;
26.1.5. əlavə məlumat almaq üçün əlaqələndirici şəxsin iş telefonu və faks nömrəsi;
26.1.6. tender təklifinin təminatı şərtləri;
26.1.7. göndəriləcək malların adı, miqdarı (həcmi), çatdırılacağı yer, görüləcək işlərin xüsusiyyəti və yeri, göstəriləcək xidmətlərin təsviri və yeri;
26.1.8. malların göndərilməsinin və işlərin başa çatdırılmasının tələb olunan müddətləri və ya xidmət göstərilməsinin qrafiki;
26.1.9. bu Qanunun 6.2-ci maddəsinə uyğun malgöndərənlərin (podratçıların) ixtisas göstəricilərinin qiymətləndirilməsi və müqayisəsi üçün üstünlük veriləcək meyarlar və prosedurlar;
26.1.10. malgöndərənlərin (podratçıların) satınalma prosedurlarında iştirakını dövlət mənsubiyyətinə görə məhdudlaşdıran şərtlər;
26.1.11. iştirak haqqının məbləği və ödənilməsi qaydası;
26.1.12. tenderin əsas şərtlər toplusunun və ya kotirovka sorğusunun tərtib olunduğu dil və ya dillər;
26.1.13. tender təkliflərinin və ya qiymət kotirovkalarının verilməsinin son tarixi və yeri.
Maddə 27. Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti
27.1. Satınalan təşkilat satınalma prosedurlarının başlanılmasından əvvəl satın alacağı malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətini hesablayır və təsdiq edir. Bir mənbədən satınalma üsulunun tətbiq edildiyi hallar istisna olmaqla, satınalan təşkilat tərəfindən satınalmaların ehtimal olunan qiyməti təsdiq olunmadan satınalma prosedurlarına başlanıla bilməz. Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin hesablanması üsulları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
27.2. Satınalan təşkilat satın alacağı malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin müəyyənləşdirilməsi üçün peşəkar qiymətləndiricilər cəlb edə bilər.
27.3. Satın alınacaq malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətini satınalan təşkilat təklif zərflərinin açıldığı günədək məxfi saxlayır və satınalmaların nəticələrinin qiymətləndirilməsi üçün istifadə edir.
27.4. Hər hansı təklifin qiyməti müvafiq malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətindən yüksək olarsa, satınalan təşkilat həmin təklifi satınalma prosedurlarından kənarlaşdırır. Satınalan təşkilat satınalma müqaviləsini yerinə yetirmək üçün hər hansı malgöndərənin (podratçının) təqdim etdiyi təklifin qiymətinin ehtimal olunan qiymət ilə müqayisədə 20 faiz və daha artıq aşağı olmasını müəyyən etdiyi hallarda, aşağıda göstərilən şərtlərə əməl etdikdən sonra belə təklifləri rədd edə bilər:
27.4.1. satınalma müqaviləsini yerinə yetirmək qabiliyyəti şübhəli görünən malgöndərəndən (podratçıdan) onun təklifi barədə yazılı sorğu əsasında ətraflı məlumat aldıqda;
27.4.2. malgöndərənin (podratçının) yazılı sorğu əsasında təqdim etdiyi bütün izahat və məlumatları aldığı halda, satınalma müqaviləsinin yerinə yetirilməyəcəyinə şübhələr qaldıqda.
27.5. Satınalan təşkilatın bu maddəyə əsasən malgöndərənin (podratçının) təklifini kənarlaşdırmaq qərarı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən təsdiq edilməlidir. Bu maddəyə uyğun olaraq təkliflərin kənarlaşdırılması barədə qərar, həmin qərarın səbəbləri və bununla əlaqədar bütün yazışmalar satınalma prosedurları haqqında hesabata daxil edilir. Satınalan təşkilatın bu maddəyə əsasən qəbul etdiyi qərar və onun səbəbləri barədə dərhal müvafiq malgöndərənə (podratçıya) məlumat verilir.
IV fəsil
TENDER PROSEDURLARI
Maddə 28. Malgöndərənlərin (podratçıların) tenderə təqdim etdiyi sənədlər
28.1. Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərən (podratçı) satınalan təşkilata aşağıdakı sənədləri təqdim edir:
tenderdə iştirak etmək üçün ərizə;
iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi (bu Qanunun 50-1-ci maddəsinə uyğun olaraq keçirilən satınalmalar istisna olmaqla);
tender təklifi;
malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər.
28.2. Malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər dedikdə aşağıdakılar nəzərdə tutulur:
malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
malgöndərənin (podratçının) ixtisas göstəricilərinə dair məlumat (ehtiyac olduğu halda);
malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış.
28.2-1. Tenderin əsas şərtlər toplusunda nəzərdə tutulduğu halda, iddiaçı bu Qanunun 28.1-ci maddəsində nəzərdə tutulan tender təklifinə işin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə məlumatları (konkret subpodratçının adı göstərilməklə) göstərməlidir.
28.3. Malgöndərən (podratçı) öz tender təklifini bu Qanunda müəyyənləşdirilmiş qaydada hazırlayaraq tender prosedurunun başlanmasına ən azı bir bank günü qalmış tender keçirənə təqdim etməlidir. Bu müddətdən gec təqdim olunmuş tender təklifi açılmadan malgöndərənə (podratçıya) qaytarılır və onun tenderdə iştirakına yol verilmir.
28.4. Bu Qanunun 28.1-ci maddəsində göstərilən sənədlər (tender təklifi istisna olmaqla) satınalan təşkilata tender prosedurunun başlanmasına azı 7 bank günü qalmış təqdim olunmalıdır. Satınalan təşkilat bu sənədlərin hər hansı birinə və ya bir neçəsinin çatışmadığı, yaxud bu sənədlərin hər hansı birində və ya bir neçəsində dəyişikliyə ehtiyac olduğu qənaətinə gələrsə, sənədlər təqdim olunduqdan ən çoxu 2 bank günü sonra çatışmayan sənədi hazırlamağı yaxud bu sənədlərdə müvafiq dəyişiklik aparmağı malgöndərənə (podratçıya) təklif etməlidir. Bu halda sənədlər malgöndərən (podratçı) tərəfindən tam şəkildə və müvafiq düzəlişlərlə tender prosedurunun başlanmasına azı üç bank günü qalmış satınalan təşkilata təqdim olunur.
28.5. Bu maddədə göstərilən sənədlər düzgün tərtib olunub vaxtında təqdim edildiyi təqdirdə, satınalan təşkilat tenderdə iştirak etmək istəyən malgöndərəni (podratçını) iddiaçı kimi qeydə alır.
Maddə 29.İştirak haqqının və tender xərclərinin ödənilməsi
29.1. Bu Qanunun 50-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, keçirilən satınalmalar zamanı malgöndərən (podratçı) tenderin əsas şərtlər toplusunu və kotirovka sorğusunun şərtlərini almaq və iddiaçı kimi qeydiyyatdan keçmək üçün satınalan təşkilata iştirak haqqı ödəyir. İştirak haqqının ümumi məbləği tender predmetinin ehtimal olunan qiymətinin 0,3 faizindən və tender xərclərinin 1,2 mislindən çox olmamaq şərti ilə satınalan təşkilat tərəfindən müəyyən edilir. Tenderin keçirilməsi ilə bağlı bütün xərclər, o cümlədən elan, reklam, tender keçirilən yerin icarəsi, tender komissiyasının maliyyələşdirilməsi, tender sənədlərinin hazırlanması və iddiaçılara çatdırılması xərcləri, həmçinin tenderin keçirilməsi ilə birbaşa əlaqədar olan bütün digər xərclər iştirak haqları hesabına ödənilir. Tenderdə iştirak haqlarından toplanmış vəsait tender xərclərindən çox olduqda fərq satınalan təşkilatın ixtiyarına keçir (büdcədən maliyyələşdirilən təşkilatlar üzrə isə dövlət büdcəsinə köçürülür), az olduqda isə fərq satınalan təşkilatın hesabından ödənilir.
29.2. Bu Qanunun 50-1-ci maddəsinə uyğun olaraq keçirilən satınalmalar zamanı tenderin əsas şərtlər toplusunu və ya kotirovka sorğusu şərtlərini almaq və iddiaçı kimi qeydiyyatdan keçmək üçün malgöndərənlər (podratçılar) tərəfindən iştirak haqqı dövlət satınalmalarının vahid internet portalı vasitəsilə həmin portalın operatoruna ödənilir.
29.3. Bu Qanunun 50-1.1-ci maddəsinə uyğun olaraq açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak haqqının məbləği, ödənilmə və istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.
29.4. Tenderdə iştirak haqqı geri qaytarılmır.
Maddə 30. Tenderin əsas şərtlər toplusuna dair izahat verilməsi və onda dəyişikliklərin edilməsi
30.1. Malgöndərən (podratçı) tender komissiyasına əsas şərtlər toplusunun izah edilməsi ilə bağlı sorğu verə bilər. Sorğu tender təkliflərinin verilməsi müddətinin qurtarmasına azı 4 bank günü qalanadək verilməlidir. Satınalan təşkilat belə sorğulara tender təkliflərinin verilməsi müddətinin qurtarmasına azı 2 bank günü qalanadək cavab verir. Bu cavab sorğu verənin ünvanı göstərilmədən tenderin əsas şərtlər toplusunu almış bütün malgöndərənlərə (podratçılara) göndərilir.
30.2. Satınalan təşkilat tender təklifləri verilməsinin son müddəti qurtaranadək tenderin əsas şərtlər toplusuna öz təşəbbüsü ilə və ya hər hansı malgöndərənin (podratçının) sorğusuna cavab olaraq dəyişikliklər və əlavələr edə bilər. Bu barədə məlumat dərhal tenderin əsas şərtlər toplusunu almış bütün malgöndərənlərə (podratçılara) göndərilir. Dəyişikliklər və əlavələr malgöndərənlər (podratçılar) üçün məcburi qüvvəyə malikdir.
30.3. Satınalan təşkilat tenderin əsas şərtlər toplusunun izah edilməsi ilə bağlı malgöndərənlərlə (podratçılarla) görüş keçirə bilər. Bu görüşün nəticələri protokollaşdırılır və nəzərə alınmaq üçün dərhal tenderin əsas şərtlər toplusunu almış bütün malgöndərənlərə (podratçılara) göndərilir.
Maddə 31. Tender təkliflərinin təqdim olunması
31.1. Hüquqi və fiziki şəxs hər tender predmeti üzrə bir iddiaçı qismində iştirak edə bilər və iddiaçı kimi yalnız bir təklif verə bilər.
31.2. Tender təklifləri verilməsinin son tarixi, vaxtı və yeri tender komissiyası tərəfindən tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilir.
31.3. Bu Qanunla müəyyənləşdirilmiş qaydada hazırlanmış, iddiaçı tərəfindən imzalanmış və möhürlənmiş tender təklifi ikiqat zərfə qoyulur. Hər iki zərfin bağlı tərəfi iddiaçı tərəfindən imzalanıb möhürlənərək satınalan təşkilatla təqdim olunur.
31.4. Tender təklifindəki bütün rəqəmlər həm də sözlə yazılır.
Maddə 32. Tender təkliflərinin qüvvədə olma müddəti, dəyişdirilməsi və geri götürülməsi
32.1. Tender təkliflərinin qüvvədə olma müddəti tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilir. Bu müddət tender zərflərinin açıldığı gündən sonra azı 30 bank günü təşkil etməlidir.
32.2. Tender təkliflərinin qüvvədə olma müddəti satınalan təşkilatın təklifi əsasında malgöndərənlərin (podratçıların) razılığı ilə uzadıla bilər. Malgöndərən (podratçı) öz tender təklifinin təminatına olan hüququnu itirmədən satınalan təşkilatın belə təklifindən imtina edə bilər.
32.3. Tender təkliflərinin qüvvədə olma müddətinin uzadılması təklifini qəbul edən malgöndərənlər (podratçılar) tender təklifləri üçün verdikləri təminatın qüvvədə olma müddətini uzadır və ya uzadılmış müddət üçün yeni təminat verirlər.
32.4. Malgöndərən (podratçı) öz tender təklifi üçün təminat hüququnu itirmədən onu yalnız tender təkliflərinin verilməsi müddəti qurtaranadək dəyişdirə və ya geri götürə bilər.
Maddə 33. Tender təklifinin təminatı
33.1. Satınalan təşkilat tender təklifinin təminatını tender təklifinin ümumi qiymətinin 1 faizi məbləğində müəyyənləşdirir. Təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır.
33.2. Tender təklifinin təminatı aşağıdakı hallarda təxirə salınmadan qaytarılır:
33.2.1. tender təkliflərinin qüvvədə olma müddəti qurtardıqda;
33.2.2. tender prosedurları ləğv olunduqda;
33.2.3. tenderdə ilk üç yerdən birini tutmayan iddiaçılara tenderin nəticələrinə dair qərar qəbul olunduqdan sonra;
33.2.4. tender təklifinin qüvvədə olma müddətinin uzadılması təklifini qəbul etməyən iddiaçılara tender təkliflərinin qüvvədə olma müddəti qurtardıqdan sonra;
33.2.5. tender qalibinə satınalma müqaviləsi imzalandıqdan və müqavilənin yerinə yetirilməsi üçün təminat verildikdən sonra;
33.2.6. tenderdə ikinci və üçüncü yerləri tutan iddiaçılara tender qalibi ilə bağlanan satınalma müqaviləsi qüvvəyə mindikdən sonra.
33.3. İddiaçı tender təklifi verməzdən əvvəl satınalan təşkilata təklifin təminatı emitentinin və ya təsdiqləyici tərəfin münasibliyini təsdiq etmək (əgər tələb olunursa) barəsində sorğu verə bilər. Satınalan təşkilat bu cür sorğuya ləngimədən cavab verməlidir.
33.4. Münasibliyi təsdiq edilmiş emitent və ya təsdiqləyici tərəf sonradan hər hansı səbəbə görə ödəmə qabiliyyətini və ya etibarlığını itirdikdə satınalan təşkilat onların verdikləri təminatı rədd etmək hüququna malikdir.
33.5. Satınalan təşkilat emitent barəsində hər hansı tələbini, habelə tender təklifi üçün tələb olunan təminatın növünü, formasını və digər şərtlərini tenderin əsas şərtlər toplusunda göstərir. Satınalan təşkilat tender təkliflərinin təminatı ilə bağlı iddiaçıların hərəkətlərinə hər hansı tələbləri yalnız aşağıdakı hallara tətbiq edə bilər:
33.5.1. tender təkliflərinin verilməsinin son müddəti qurtardıqda və ya tender təklifinin qüvvədə olma müddəti başa çatanadək tender təklifinin geri götürülməsi və ya dəyişdirilməsi;
33.5.2. satınalan təşkilat satınalma müqaviləsini imzalamağı tələb etdiyi halda müqavilənin imzalanmaması;
33.5.3. tender təklifi aksept edildikdən sonra satınalma müqaviləsinin yerinə yetirilməsi üçün tələb olunan təminatın verilməməsi və ya müqavilə imzalananadək tenderin əsas şərtlər toplusunda göstərilmiş hər hansı digər şərtin yerinə yetirilməməsi.
Maddə 34. Valyuta növü
34.1. Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tender təkliflərində qiymətləri manatla göstərməlidirlər.
34.2. Xarici hüquqi və fiziki şəxslərin tender təklifləri sərbəst dönərli valyuta ilə göstərildikdə, tender təkliflərinin verilməsinin son gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə əsas götürülməlidir.
Maddə 35. Tender prosedurlarının başlanması qaydası
35.1. Tender prosedurası tender komissiyası tərəfindən müəyyən olunmuş yerdə və vaxtda tenderin əsas şərtlər toplusunda nəzərdə tutulmuş prosedurlara müvafiq olaraq aparılır və bu Qanunun 28.3-cü maddəsində nəzərdə tutulan müddət başa çatdıqdan sonra 1 bank günü ərzində tender təklifləri daxil olduqları ardıcıllıqla açılır. Gecikmiş tender təklifləri tender komissiyası tərəfindən qəbul olunmur və açılmadan geri qaytarılır.
35.2. Tender prosedurasının açılışında iştirak edən şəxslərə hər bir iddiaçının adı, ünvanı, tender təklifinin qiyməti, tender təklifinin təminatı elan olunur. Tender təklifi vermiş, lakin tender prosedurasının açılışında iştirak etməyən iddiaçılara, onların sorğusu əsasında tender prosedurasında bütün iddiaçıların təkliflərinə dair elan olunmuş məlumatlar bildirilir.
35.3. İddiaçı və ya onun notarial qaydasında təsdiqlənmiş sənədlə müvəkkil etdiyi şəxs tender prosedurlarının açılışında iştirak edir və tender təkliflərinə dair elan olunan məlumatı təsdiqləyir.
35.4. iddiaçının və ya onun müvəkkilinin tender prosedurlarında iştirak etməməsi satınalan təşkilatın və ya tender komissiyasının həmin iddiaçını tenderdən kənarlaşdırmasına əsas vermir.
Maddə 36. Tender təkliflərinə baxılması, onların qiymətləndirilməsi və müqayisəsi
36.1. Tender təkliflərinə baxılmasını, onların qiymətləndirilməsini və müqayisəsini asanlaşdırmaq məqsədi ilə satınalan təşkilat malgöndərənlərdən (podratçılardan) öz tender təkliflərinə dair izahat verməsi üçün sorğu edə bilər. Qiymətlərin dəyişdirilməsi və formal tələblərə uyğun gəlməyən tender təklifinin həmin tələblərə uyğunlaşdırılmasına yönəldilmiş dəyişikliklər də daxil olmaqla, tender təklifinin mahiyyətini dəyişdirmək məqsədi daşıyan heç bir sorğuya, təklifə və ya icazəyə yol verilmir.
36.2. Bu Qanunun 36.1-ci maddəsindən asılı olmayaraq satınalan təşkilat tender təkliflərinə baxılması gedişində aşkar edilmiş sırf hesab səhvlərini düzəldir. Satınalan təşkilat hər hansı belə düzəliş barəsində tender təklifini vermiş malgöndərənə (podratçıya) ləngimədən məlumat verir.
36.3. Bu Qanunun 36.2-ci maddəsini nəzərə almaqla, satınalan təşkilat tender təklifini yalnız o halda formal tələblərə uyğun hesab edə bilər ki, bu təklif tenderin əsas şərtlər toplusunda göstərilmiş bütün tələblərə cavab versin.
36.4. Tender təklifində onun mahiyyətini dəyişdirməyən və ya tenderin əsas şərtlər toplusunda göstərilmiş xüsusiyyətlərdən, şərtlərdən və başqa tələblərdən əhəmiyyətli dərəcədə kənara çıxmayan xırda xətalar olduqda və ya tender təklifinin mahiyyətinə xələl gətirmədən aradan qaldırılması mümkün olan səhvlər və çatışmazlıqlar olduqda belə satınalan təşkilat həmin təklifə tender tələblərinə uyğun gələn təklif kimi baxa bilər. Hər hansı bu cür xətalar imkan daxilində kəmiyyətcə ifadə olunur və tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi zamanı nəzərə alınır.
36.5. Satınalan təşkilat aşağıdakı hallarda tender təklifininkənarlaşdırılması barədə əsaslandırılmış qərar qəbul edir:
36.5.1. tender təklifi vermiş malgöndərən (podratçı) ixtisas tələblərinə uyğun gəlmirsə;36.5.2. tender təklifi vermiş malgöndərən (podratçı) bu Qanunun 36.2-ci maddəsinə uyğun hər hansı hesab səhvinin düzəldilməsi ilə razılaşmırsa;
36.5.3. tender təklifi formal tələblərə uyğun gəlmirsə;
36.5.4. Bu Qanunun 12-ci və 13-cü maddələrində nəzərdə tutulan hallar mövcuddursa.
36.5-1. Kənarlaşdırma barədə qərar 1 bank günü ərzində kənarlaşdırılan malgöndərənə (podratçıya) göndərilir.
36.6. Bu Qanunun 36.7-ci maddəsinə uyğun qalib gəlmiş tender təklifini müəyyənləşdirmək üçün satınalan təşkilat qəbul edilmiş tender təkliflərini tenderin əsas şərtlər toplusunda göstərilmiş prosedurlara və meyarlara müvafiq surətdə qiymətləndirir və müqayisə edir. Tenderin əsas şərtlər toplusunda göstərilməyən meyarlardan istifadə edilmir.
36.7. Aşağıda göstərilən tender təklifi qalib gəlmiş sayılır:
36.7.1. bu Qanunun 36.9-cu maddəsinə uyğun tətbiq edilən hər hansı güzəştli düzəliş nəzərə alınmaqla ən aşağı qiyməti olan tender təklifi;
36.7.2. tenderin əsas şərtlər toplusunda göstərilən və kəmiyyətcə qiymətləndirilən və ya dəyər ekvivalenti təyin edilə bilən meyarlar əsasında ən sərfəli sayılan tender təklifi;
36.8. Satınalan təşkilat bu Qanunun 36.7.2-ci maddəsinə müvafiq surətdə tender təklifini ən sərfəli təklif kimi qiymətləndirərkən yalnız aşağıdakıları nəzərə alır:
36.8.1. bu Qanunun 36.9-cu maddəsinə uyğun tətbiq edilən hər hansı güzəştli düzəliş nəzərə alınmaqla tender təklifinin qiymətini;
36.8.2. maların (işlərin) istismar, texniki xidmət və təmir xərclərini, malların göndərilməsi, işlərin başa çatdırılması və ya xidmətlərin göstərilməsi müddətlərini, malların (işlərin) funksional xüsusiyyətlərini, ödəniş şərtlərini və mallar (işlər və xidmətlər) üçün təminat şərtlərini;
36.8.3. müdafiə və milli təhlükəsizlik mülahizələrini.
36.9. Satınalan təşkilat tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların təklif edilən qiymətinin 20 faizinə qədər həcmində güzəştli düzəliş tətbiq edir. Güzəştli düzəliş qeyri-neft məhsullarının istehsalı sahəsində investisiyaların stimullaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan istehsal prosesinin hər hansı mərhələsi Azərbaycan Respublikasının ərazisində həyata keçirilən mallara da şamil edilir.
36.10. Güzəştlərin tətbiqi qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir və normativ hüquqi aktlarla tənzimlənir.
36.11. Tətbiq edilmiş güzəştlər satınalma prosedurları haqqında hesabatda əks olunur.
36.12. Tender təkliflərinin qiymətləri iki ya daha çox valyuta ilə ifadə edilərsə, tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi məqsədi ilə bu Qanunun 24.1.18-ci maddəsinə müvafiq surətdə bütün tender təkliflərinin qiymətləri tenderin əsas şərtlər toplusunda göstərilmiş məzənnə üzrə bir valyuta ilə ifadə edilir.
36.13. Satınalan təşkilat ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi prosedurlarını keçirib-keçirməməsindən asılı olmayaraq bu Qanunun 36.7-ci maddəsinə əsasən tender təklifi qalib gəlmiş malgöndərəndən (podratçıdan) bu Qanunun 6-cı maddəsində göstərilmiş meyarlara uyğun öz ixtisas göstəricilərini yenidən təsdiq etməyi tələb edə bilər. Belə təkrar təsdiq üçün tətbiq edilməli meyarlar və tələblər tenderin əsas şərtlər toplusunda göstərilir.
36.14. Tender təklifi qalib gəlmiş malgöndərən (podratçı) öz ixtisas göstəricilərini bu Qanunun 36.13-cü maddəsinə uyğun təkrar təsdiq etmək haqqında satınalan təşkilatın tələbini yerinə yetirməzsə, onun tender təklifi rədd edilir və satınalan təşkilat qalib gələn tender təklifini bu Qanunun 36.7-ci maddəsinə müvafiq surətdə digər tender təklifləri içərisindən seçir.
Maddə 37. Tender komissiyasının qərarı
37.1. Tender komissiyası müstəqildir və bu qərarını bu Qanuna uyğun tam sərbəst qəbul edir.
37.2. Tender prosedurları zamanı və tenderin nəticələrinə dair qərar çıxarılarkən tender komissiyası üzvlərinin azı dörddə üçü iştirak etməlidir. Qərar tender komissiyasının bütün üzvləri tərəfindən imzalanır.
37.3. Tender komissiyası tenderin əsas şərtlər toplusunda göstərilmiş tender təkliflərinin qüvvədə olma müddətinin bitməsinə 10 bank günü qalanadək tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi əsasında aşağıdakı qərarlardan birini qəbul edir:
37.3.1. iddiaçılar arasında birinci, ikinci və üçüncü yerlərin müəyyənləşdirilməsi haqqında;
37.3.2. təkliflərin təhlilinə və müqayisəsinə daha çox vaxt lazım olduqda, tenderin müddətinin uzadılması haqqında;
37.3.3. heç bir tender təklifi tender predmetinin tam həcmdə icrasını təmin etmədikdə, tender predmetinin iki və ya daha çox iddiaçı arasında bölünməsi haqqında;
37.3.4. tender təkliflərindən heç birinin qənaətbəxş olmadığı haqqında.
37.4. Tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi ilə razılaşmayan tender komissiyasının üzvləri öz xüsusi rəylərini təqdim edərək protokolu imzalamalıdırlar. Xüsusi rəy azlıqda qalanların ümumi rəyi yaxud fərdi rəyləri şəklində tərtib edilə bilər.
37.5. Tender komissiyası tərəfindən tenderin nəticələri haqqında yekun protokolu tərtib edilir və komissiyanın bütün üzvləri tərəfindən imzalanır. Yekun protokolu satınalma müqaviləsinin bağlanması üçün əsas götürülür. Yekun protokolunun surəti onun imzalanmasından sonra 3 bank günü ərzində müvafiq icra hakimiyyəti orqanına təqdim olunur.
37.6. Tenderin nəticələri haqqında tender komissiyasının yekun protokolunun nümunəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən hazırlanır və təsdiq olunur.
37.7. Dövlət satınalmalarının vahid internet portalı vasitəsilə həyata keçirilmiş satınalmaların nəticələri bu Qanunun 25.1-1-ci maddəsində nəzərdə tutulan müddət başa çatdıqdan dərhal sonra qiymət təklifinin ardıcıllığına uyğun olaraq dövlət satınalmalarının vahid internet portalı vasitəsilə avtomatik müəyyən olunur və qərar qəbul edilməsi üçün elektron qaydada tender komissiyasına göndərilir. Tender komissiyası bu Qanuna uyğun olaraq tenderin əsas şərtlər toplusunda göstərilmiş tender təkliflərinin qüvvədə olma müddətinin bitməsinə 10 bank günü qalanadək təklifi bu Qanunun 50-6.1-ci maddəsinə uyğun olaraq qiymətləndirərək qərar qəbul edir və qərarı həmin gün dövlət satınalmalarının vahid internet portalında yerləşdirir.
Maddə 38. Tender komissiyasının məsuliyyəti
38.1. Tender komissiyasının sədri və üzvləri bu Qanunla müəyyənləşdirilmiş vəzifələrini yerinə yetirərkən obyektiv və bitərəf mövqedən çıxış edirlər.
38.2. Tender komissiyası bu Qanunla müəyyənləşdirilmiş vəzifələrini yerinə yetirərkən qeyri-obyektivliyə yol verərək, hər hansı iddiaçının tərəfini saxlayarsa, iddiaçılardan hər biri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) və ya məhkəməyə müraciət edə bilər. Həmin orqanlar tenderin hazırlanması və keçirilməsi zamanı qanun pozuntusuna yol verildiyini təsdiqləyərsə, tenderin nəticələri ləğv olunur və satınalan təşkilat həmin iş üzrə yeni tender keçirir. Bu halda qəbul olunmuş qərardan fərqlənən xüsusi rəy vermiş komissiya üzvlərindən başqa, komissiyanın sədri və digər üzvləri 3 il müddətində hər hansı tender komissiyasının sədri və ya üzvü ola bilməzlər.
38.3. Tender komissiyası sədrinin və ya üzvünün (üzvlərinin) qanunsuz hərəkəti nəticəsində iddiaçıya (iddiaçılara) maddi zərər dəymişsə və bu, məhkəmə tərəfindən təsdiq edilmişsə, zərəri satınalan təşkilat ödəyir və bu barədə tender elanının dərc olunduğu mətbuat orqanında məlumat verir. Təqsirli bilinən tender komissiyası sədrinin və ya üzvünün (üzvlərinin) maddi məsuliyyəti və zərərin ödənilməsi məsələləri qanunvericiliyə uyğun həll edilir.
Maddə 39. Malgöndərənlərlə (podratçılarla) danışıqların və qeyri-rəsmi görüşlərin qadağan edilməsi
Tender prosedurları zamanı verilmiş tender təklifi, habelə bu Qanunun 30.1-ci maddəsində nəzərdə tutulan sorğu ilə əlaqədar satınalan təşkilatla tenderdə iştirak edən malgöndərən (podratçı) arasında danışıqlar aparılmasına yol verilmir.
39.2. Satınalan təşkilatla tenderdə iştirak edən malgöndərən (podratçı) arasında qeyri-rəsmi görüşlərin keçirilməsi qadağandır.
Maddə 40. Tender təkliflərinin aksepti və satınalma müqaviləsinin qüvvəyə minməsi
40.1. Bu Qanunun 36.7-ci maddəsinə uyğun qalib müəyyən olunmuş tender təklifi aksept edilir. Satınalan təşkilat həmin tender təklifini vermiş malgöndərənə (podratçıya) tenderin əsas şərtlər toplusunda göstərilmiş təklifin qüvvədə olma müddəti qurtaranadək 3 bank günü ərzində bildiriş və hazırlanmış satınalma müqaviləsini göndərir.
40.1-1. Elektron satınalma vasitəsilə açıq tenderin və kotirovka sorğusunun keçirilməsi zamanı bu Qanunun 40.1-ci maddəsində nəzərdə tutulan bildiriş tender təklifi aksept edildikdən sonra tender təklifini vermiş malgöndərənə (podratçıya) dövlət satınalmalarının vahid internet portalı vasitəsilə avtomatik qaydada dərhal göndərilir.[40]
40.2. Tenderin qalibi təqdim olunmuş satınalma müqaviləsini 5 bank günü ərzində imzalayır və müqavilənin yerinə yetirilməsi təminatını təqdim edir.
40.2-1. Elektron satınalma vasitəsilə açıq tenderin və kotirovka sorğusunun keçirilməsinə münasibətdə satınalma müqaviləsi tenderin qalibi ilə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada bağlanılır və bu Qanuna əsasən tələb olunduğu hallarda müqavilənin yerinə yetirilməsi təminatı həmin portal vasitəsilə təqdim edilir. Dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron müqavilənin bağlanılması məqsədilə satınalan təşkilat tender müqaviləsi aksept edildikdən sonra 3 bank günündən gec olmayaraq satınalma müqaviləsini hazırlayaraq, həmin portala yerləşdirir və imzalayır. Malgöndərən (podratçı) həmin müqaviləni 5 bank günü müddətində imzalayır.
40.2-2. Bu Qanunun 40.2-1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində satınalma müqaviləsinin imzalanmaması həmin müqavilədən imtina edilməsi kimi qiymətləndirilir.
40.3. Tenderin qalibinin tələb olunan müddət ərzində satınalma müqaviləsini imzalamaması və ya müqavilənin yerinə yetirilməsi təminatını təqdim etməməsi onun öz öhdəliklərini icra edə bilməməsi kimi qiymətləndirilir və tender təklifi təminatının geri qaytarılmaması ilə nəticələnir.
40.4. Satınalma müqaviləsi malgöndərən (podratçı) ilə satınalan təşkilat tərəfindən imzalandığı andan qüvvəyə minir. Müqavilənin icrasına başlanması üçün müvafiq dövlət orqanlarından (qurumlarından) icazələrin (bu Qanunun 6.2.7-ci maddəsinin tələbləri nəzərə alınmaqla) alınması tələb olunduğu təqdirdə, satınalan təşkilat belə icazələrin müqavilənin icrasına başlanana qədər əldə olunmasını təmin edir. Satınalan təşkilat satınalma müqaviləsində başqa hal nəzərdə tutulmadıqda müqavilə imzalandıqdan sonra 5 bank günü ərzində malgöndərənə (podratçıya) müqavilənin icrasına başlama tarixi, habelə tələb olunduğu halda əldə edilmiş icazələr barədə bildiriş göndərir. Satınalma müqaviləsini imzalamış tərəflər arasında münasibətlər bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ hüquqi aktları ilə tənzimlənir.
40.5. Satınalma müqaviləsi ilə tender qalibinin üzərinə qoyulan öhdəliklər tenderin əsas şərtlər toplusunda göstərilməmiş müddəalar və şərtlər hesabına artırıla bilməz.
40.6. Satınalma müqaviləsini imzalayarkən satınalan təşkilat malların (işlərin və xidmətlərin) hər vahidinin qiymətlərini və meyarlarını dəyişdirməmək şərti ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) razılığı ilə malların (işlərin və xidmətlərin) həcmini 15 faizə qədər artırıb - azalda bilər.
40.7. Tenderdə qalib gəlmiş podratçılar satınalan təşkilatın razılığı və tenderin əsas şərtlər toplusunda nəzərdə tutulması şərti ilə, işin icrası üçün bu Qanunun 28.2-1-ci maddəsində nəzərdə tutulan subpodratçılarla müqavilə imzalaya bilər. Bütün digər hallarda satınalan təşkilatın yazılı icazəsi olmadan müqavilənin icrası subpodratçı təşkilatlara həvalə edilə bilməz. İşlərin yerinə yetirilməsi və ya xidmətlərin göstərilməsi ilə əlaqədar subpodrat müqaviləsinin (müqavilələrinin) dəyəri satınalma müqaviləsinin ümumi məbləğinin 50 faizindən çox olmamalıdır. Satınalma müqaviləsinin icrasına subpodratçılar cəlb olunduğu halda, subpodrat müqavilələrinin ümumi dəyərinin 20 faizdən az olmayan hissəsinin icrası Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş mikro, kiçik və orta sahibkarlıq subyektlərinə həvalə olunmalıdır.
40.8. Tenderin əsas şərtlər toplusunda satınalma müqaviləsinin yuxarı idarəetmə orqanı tərəfindən təsdiq olunması nəzərdə tutulmuşdursa, müqavilə həmin orqanın təsdiqinədək qüvvəyə minmir. Yuxarı idarəetmə orqanı təqdim olunmuş satınalma müqaviləsini 5 bank günündən gec olmayaraq təsdiq edir.
40.9. Satınalma müqaviləsi qüvvəyə mindikdən və əgər tələb olunarsa, malgöndərən (podratçı) müqavilənin icrası üçün təminat təqdim etdikdən sonra həmin müqavilə barədə digər malgöndərənlərə (podratçılara) bildiriş göndərilir. Bildirişdə müqaviləni bağlamış malgöndərənin (podratçının) adı, ünvanı və müqavilənin qiyməti göstərilir.
40.9-1. Bu Qanunun 40.9-cu maddəsində nəzərdə tutulan bildirişdə malgöndərənin (podratçının) qalib gəlməməsinin səbəbləri göstərilməlidir.
40.9-2. Satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatının məbləği müqavilənin ümumi məbləğinin 2-5 faizi həcmində müəyyən olunur. Satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatının qüvvədə olma müddəti satınalma müqaviləsinin yerinə yetirilməsi müddətindən (tələb olunduğu halda texniki təminat müddəti daxil olmaqla) 30 bank günü çox olmalıdır.
40.9-3. Açıq tenderin keçirilməsi zamanı qiyməti 100 000 ABŞ dollarının manat ekvivalentindən az olan satınalma müqaviləsi ilə bağlı həmin müqavilənin yerinə yetirilməsinin təminatı tələb olunmur.
40.10. Satınalma müqaviləsində tərəflərin götürdükləri öhdəliklərin yerinə yetirilməməsi və ya natamam yerinə yetirilməsi üçün məsuliyyəti, cərimələr, təminatlar, mübahisələrin həlli qaydası (tenderin əsas şərtlər toplusunda və normativ hüquqi aktlarda nəzərdə tutulubsa), işin başlanması və qurtarması müddətinin uzadılmasına əsas verən hallar və bunun şərtləri göstərilməlidir.
40.11. Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən hazırlanır və təsdiq olunur.
Maddə 40-1. Satınalma müqaviləsi üzrə ödəmələr
40-1.1. Satınalan təşkilat satınalma müqaviləsinin yerinə yetirilməsi üçün qalib malgöndərənə (podratçıya) tender sənədlərində göstərilən həcmdə, lakin satınalma müqaviləsinin ümumi dəyərinin 30 faizindən çox olmayaraq avans ödəyə bilər. Avansın alınması üçün malgöndərən (podratçı) tərəfindən satınalan təşkilata avans ödənişinin ümumi həcmindən az olmayan məbləğdə bank zəmanəti təqdim olunmalıdır. Malgöndərən (podratçı) avans ödənişindən yalnız satınalma müqaviləsi ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün istifadə etməlidir.
40-1.2. Malgöndərən (podratçı) avans təminatının qarantı və ya təsdiqləyici tərəfin münasibliyini təsdiq etmək barədə sorğu göndərir. Satınalan təşkilat bu cür sorğuya 1 bank günü müddətində cavab verməlidir.
40-1.3. Satınalma müqaviləsi üzrə ödəmələr (o cümlədən avans ödənişi) satınalan təşkilat tərəfindən tenderin əsas şərtlər toplusunda və satınalma müqaviləsinin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, malgöndərənin (podratçının) təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır.
40-1.4. Satınalma müqaviləsi üzrə ödəmələr (avans ödənişi istisna olmaqla) satınalan təşkilat tərəfindən həmin müqavilədə nəzərdə tutulmuş işlərin görülməsinə mütənasib olaraq satınalma müqaviləsində nəzərdə tutulmuş qaydada və müddətdə malgöndərənə (podratçıya) ödənilir. Müqavilənin icrası ilə bağlı satınalma müqaviləsində əvvəlcədən müəyyən edilmiş sənədlər malgöndərən (podratçı) tərəfindən təqdim olunduqdan sonra satınalan təşkilat 15 bank günü ərzində bu sənədləri təsdiq etməli və ya bundan əsaslandırılmış imtina etməlidir. Bu müddət ərzində sənədlər satınalan təşkilat tərəfindən təsdiq edilmədikdə və ya həmin sənədlərin təsdiq edilməsindən əsaslandırılmış imtina olunmadıqda, təqdim olunan sənədlər satınalan təşkilat tərəfindən təsdiq olunmuş hesab olunur. Satınalma müqaviləsinin icrası tam başa çatdıqdan (texniki təminat müddəti daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra (qüsurların aradan qaldırılmasını nəzərə almaqla) 15 bank günü müddətində satınalan təşkilatla malgöndərən (podratçı) arasında son haqq-hesab aparılır və həmin müddət ərzində yekun məbləğ malgöndərənə (podratçıya) ödənilir.
40-1.5. Satınalma müqaviləsi üzrə ödəmələr (o cümlədən avans ödənişi) satınalma müqaviləsində müəyyən olunmuş müddətdə ödənilmədikdə gecikdirilmiş hər gün üçün satınalma müqaviləsində müəyyən olunmuş məbləğdə faiz hesablanır.
Maddə 40-2. Satınalma müqaviləsinin şərtlərinin icrasına nəzarət
Satınalan təşkilat satınalma müqaviləsinə uyğun olaraq və bu Qanunun 40-1.4-cü maddəsində nəzərdə tutulan son haqq-hesab aparılanadək həmin müqavilə üzrə alınmış malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinə, habelə satınalma müqaviləsində nəzərdə tutulmuş digər tələblərə və standartlara uyğunluğunu yoxlayır.
V fəsil
XİDMƏTLƏRİN SATIN ALINMASININ ƏSAS METODU
Maddə 41. Xidmət təkliflərinin cəlb olunması
41.1. Satınalan təşkilat xidmət təkliflərini, o cümlədən məsləhət xidmətləri təkliflərini və ya müvafiq hallarda ixtisas uyğunluğunun müəyyənləşdirilməsi üçün təklifləri cəlb edərkən dövlət qəzetində bildiriş dərc etdirir və rəsmi internet saytında, bu Qanunun 50-1-ci maddəsində nəzərdə tutulan satınalmalara münasibətdə isə dövlət satınalmalarının vahid internet portalında yerləşdirir. Bildirişdə satınalan təşkilatın adı və ünvanı, satın alınacaq xidmətlərin qısa təsviri, təkliflər sorğusunun və ya ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədlərinin alınması üsulları və bunun üçün ödənilən haqqın (müəyyənləşdirilibsə) məbləği və digər məlumatlar göstərilir.
41.2. Satınalmada yalnız yerli malgöndərənlərin (podratçıların) iştirak etdiyi və ya satın alınan xidmətlərin ümumi qiymətinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müəyyən etdiyi 50 (əlli) min manatdan çox olmadığı hallar istisna olmaqla, bildiriş həmçinin beynəlxalq miqyasda geniş yayılan mətbuat orqanında və internetdə dərc edilir.
41.3. Birbaşa cəlbetmə qənaət və səmərəlilik baxımından zəruridirsə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) təsdiq etməsi şərti ilə, satınalan təşkilat aşağıdakı hallarda bu Qanunun 41.1 və 41.2-ci maddələrinin müddəalarını tətbiq etmir:
41.3.1. satın alınan xidmətlər yalnız məhdud saylı xidmət göstərənlərdə vardır, bu şərtlə ki, onların hamısından təkliflər cəlb edilsin;
41.3.2. çoxsaylı təkliflərə baxılmasına və onların qiymətləndirilməsinə sərf olunacaq vaxt və xərclər satın alınacaq xidmətlərin qiyməti ilə mütənasib deyildir, bu şərtlə ki, səmərəli rəqabətin təmin olunması üçün azı 3 (üç) xidmət göstərəndən təkliflər cəlb edilsin;
41.3.3. birbaşa cəlbetmə məxfiliyin təmin olunmasının yeganə yoludur və ya dövlətin maraqları baxımından zəruridir, bu şərtlə ki, səmərəli rəqabətin təmin olunması üçün azı 3 (üç) xidmət göstərəndən təkliflər cəlb edilsin.
41.4. Satınalan təşkilat xidmət göstərənlərə təkliflər sorğusunu və ya ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədlərini bildirişdə göstərilmiş prosedurlara və tələblərə uyğun olaraq, habelə bu Qanunun 41.3-cü maddəsinin tətbiq edildiyi hallarda bilavasitə göndərir. Satınalan təşkilat bunların müqabilində ala biləcəyi haqqın məbləğinə yalnız təkliflər sorğusunun və ya ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədlərinin çap edilməsi və xidmət göstərənlərə çatdırılması xərclərini daxil edir.
41.5. Bu Qanunun 41.3-cü maddəsinin tələbləri bu Qanunun 50-1-ci maddəsinə uyğun olaraq keçirilən satınalmalara münasibətdə tətbiq edilmir.
Maddə 42. Xidmət təklifləri sorğusunun məzmunu
42.1. Xidmət təklifləri sorğusuna ən azı aşağıdakı məlumatlar daxil edilir:
42.1.1. satınalan təşkilatın adı və ünvanı;
42.1.2. təkliflərin tərtib edilməli olduğu dil və ya dillər;
42.1.3. təkliflərin verilməsinin üsulu, yeri və son müddəti;
42.1.4. satınalan təşkilat bütün təklifləri rədd etmək hüququnu saxlayırsa, müvafiq bəyanat;
42.1.5. xidmət göstərənlərin ixtisas göstəricilərinin qiymətləndirilməsi və ixtisas göstəricilərinin təkrar təsdiq olunması üçün bu Qanunun 6-cı maddəsinə uyğun meyarlar və prosedurlar;
42.1.6. xidmət göstərənlərin öz ixtisas göstəricilərinin təsdiqi üçün təqdim etməli olduqları sənədli sübutlara və ya digər məlumatlara aid tələblər;
42.1.7. məlum olma dərəcəsindən asılı olaraq satın alınan xidmətlərin təsviri və zəruri xüsusiyyətləri, o cümlədən xidmətlərin göstərilməli olduğu yer, xidmətlərin göstərilməsinin nəzərdə tutulan və ya tələb olunan müddətləri;
42.1.8. satınalan təşkilatın öz tələbatını ödəməyin müxtəlif mümkün üsulları barəsində təklifləri qəbul edib-etməməsi haqqında məlumat;
42.1.9. xidmət göstərənlərə satın alınan xidmətlərin yalnız bir qismi üçün təklif verməyə icazə verilmişdirsə, satın alınan xidmətlərin həmin qisminin və ya qismlərinin təsviri;
42.1.10. qiymət meyarının nəzərə alınmadığı hallar istisna olmaqla, təklifin qiymətinin hesablanmalı və ya ifadə edilməli olduğu valyuta və ya valyutalar;
42.1.11. qiymət meyarının nəzərə alınmadığı hallar istisna olmaqla, təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu üsul, o cümlədən qiymətə xidmətlərin dəyəri ilə yanaşı digər elementlərin (nəqliyyat, yaşayış, sığorta, avadanlıqdan istifadə, rüsum və ya vergilərin ödənilməsi və s. xərcləri) daxil edilib-edilmədiyi barədə məlumat;
42.1.12. qalib gələn təklifin müəyyənləşdirilməsi zamanı istifadə olunacaq meyarlar, o cümlədən bu Qanunun 44.2-ci maddəsinə uyğun istifadə ediləcək hər hansı güzəştli düzəliş və bu meyarların nisbi qiyməti;
42.1.13. təkliflərin qiymətləndirilməsi və müqayisəsi üçün istifadə ediləcək valyuta, təkliflərin qiymətinin həmin valyutaya keçirilməsi üçün istifadə ediləcək mübadilə məzənnəsi yaxud müəyyən tarixdə qüvvədə olan və müəyyən maliyyə təşkilatı tərəfindən dərc olunan mübadilə məzənnəsindən istifadə ediləcəyi barədə bəyanat;
42.1.14. təkliflər sorğusunda göstərilən xidmətlərin, müqavilə şərtlərinin və ya digər tələblərin alternativinə yol verilirsə, alternativ təkliflərin qiymətləndirilməsi və müqayisəsi üsulu haqqında müvafiq göstəriş və onun təsviri;
42.1.15. satınalan təşkilatın xidmət göstərənlər ilə vasitəçilərin müdaxiləsi olmadan birbaşa əlaqə saxlamaq və onlardan satınalma prosedurları haqqında məlumat almaq səlahiyyəti verilmiş bir neçə vəzifəli şəxsinin və ya qulluqçusunun adı, vəzifəsi və ünvanı;
42.1.16. xidmət göstərənlərin bu Qanunun 43-cü maddəsinə müvafiq surətdə təkliflər sorğusu üzrə izahat almaq üsulları və satınalan təşkilatın bu mərhələdə xidmət göstərənlər ilə görüş keçirmək niyyəti barədə bəyanat;
42.1.17. satınalma müqaviləsinin satınalan təşkilata məlum olan şərtləri və tərəflərin bağlayacaqları müqavilənin forması;
42.1.18. satınalan təşkilatın qanunsuz hərəkətlərindən və ya qərarlarından və ya istifadə etdiyi satınalma prosedurundan bu Qanunun 55-ci maddəsinə uyğun şikayət vermək hüququ barəsində bildiriş;
42.1.19. satınalma müqaviləsinin qüvvəyə minməsi üçün təklifin akseptindən sonra tələb olunan hər hansı rəsmiyyət, o cümlədən zərurət varsa, satınalmaya dair yazılı müqavilənin tərtibi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) tərəfindən təsdiqi, aksept haqqında bildiriş göndərildikdən sonra təsdiqin alınması üçün tələb olunan vaxt;
42.1.20. təkliflərin hazırlanması və verilməsi, habelə satınalma prosedurlarının digər cəhətləri barəsində satınalan təşkilatın bu Qanuna və satınalmalar haqqında digər normativ hüquqi aktlara uyğun müəyyənləşdirdiyi hər hansı digər tələblər.
Maddə 43. Xidmət təklifləri sorğusuna izahat verilməsi və onda dəyişikliklər edilməsi
43.1. Xidmət göstərənlər satınalan təşkilatdan xidmət təklifləri sorğusu ilə əlaqədar izahat verməyi xahiş edə bilər. Satınalan təşkilat xidmət göstərənlərin öz təkliflərini vaxtında verə bilməsi üçün onların təkliflər sorğusu ilə əlaqədar izahat verilməsi xahişinə təkliflərin verilməsinin son müddəti başa çatanadək cavab verməlidir. Bu izahat sorğunun kim tərəfindən verildiyi göstərilmədən satınalan təşkilatın təkliflər sorğusu göndərdiyi bütün xidmət göstərənlərə təqdim edilir.
43.2. Xidmət təkliflərinin verilməsinin son müddəti qurtaranadək istənilən vaxt satınalan təşkilat hər hansı səbəbdən, ya özünün təşəbbüsü ilə, ya da hər hansı xidmət göstərənin sorğusuna cavab olaraq təkliflər sorğusunda əlavələr və dəyişikliklər edə bilər. Həmin əlavə satınalan təşkilatın təkliflər sorğusu verdiyi bütün xidmət göstərənlərə dərhal çatdırılır və onlar üçün məcburi qüvvəyə malik olur.
43.3. Satınalan təşkilat xidmət göstərənlə görüş keçirdikdə protokol tərtib edir, həmin görüş zamanı təkliflər sorğusu ilə əlaqədar sorğular və onlara cavablar sorğu verən göstərilmədən protokola daxil edilir. Protokol tender prosedurlarında iştirak edən bütün xidmət göstərənlərə dərhal təqdim edilir.
Maddə 44. Xidmət təkliflərinin qiymətləndirilməsi və müqayisəsi
44.1. Satınalan təşkilat xidmət təkliflərinin qiymətləndirilməsi üçün tətbiq ediləcək meyarları müəyyənləşdirir, hər belə meyarın nisbi qiymətini və təkliflərin qiymətləndirilməsi zamanı tətbiq edilmə qaydasını müəyyənləşdirir. Bu meyarlar təkliflər sorğusunda xidmət göstərənlərə bildirilir və yalnız aşağıdakılara aid ola bilər:
44.1.1. xidmət göstərilənlərin və onların işçi heyətinin ixtisas göstəricilərinə, təcrübəsinə, nüfuzuna, etibarlığına, peşə və idarəetmə səriştəsinə;
44.1.2. xidmət göstərənin verdiyi təklifin satınalan təşkilatın ehtiyaclarının ödənilməsi baxımından səmərəliliyinə;
44.1.3. hər hansı yardımçı və əlaqədar xərclər də daxil olmaqla, bu Qanunun 44.2-ci maddəsinə uyğun tərtib edilən güzəştli düzəlişlər nəzərə alınmaqla təklifin qiymətinə;
44.1.4. müdafiə və milli təhlükəsizlik mülahizələrinə.
44.2. Satınalan təşkilat xidmət təkliflərini qiymətləndirərkən və müqayisə edərkən xidmət təklifləri sorğusunda müəyyən olunan tələblərə cavab verən xidmətləri təklif edən yerli xidmət göstərənlərin xeyrinə bu Qanunun 36.10-cu maddəsinə uyğun olaraq güzəştli düzəliş tətbiq edir. Bu düzəliş satınalma prosedurları haqqında hesabatda əks etdirilir.
44.3. Satınalan təşkilat təkliflərin müqayisəsində onların keyfiyyət və texniki cəhətlərinə aid tələblərin minimum səviyyəsini müəyyənləşdirir və təkliflər sorğusunda göstərilən qiymətləndirmə meyarlarına, həmçinin bu meyarların nisbi qiymətinə və tətbiqi qaydasına müvafiq surətdə hər bir təklifə qiymət verir.
44.4. Bu halda aşağıdakı təkliflər qalib gəlmiş sayılır:
44.4.1. ən aşağı qiymətli təklif;
44.4.2. bu Qanunun 44.3-cü maddəsində göstərilən keyfiyyət və texniki cəhətləri və qiyməti əsas götürülməklə məcmu qiyməti optimal olan təklif.
Maddə 45. Məxfilik
Satınalan təşkilat xidmət təkliflərinə elə tərzdə baxır ki, onların məzmununun bir-birilə rəqabət aparan xidmət göstərənlərə məlum olmasına yol verilməsin. Aparılan hər bir danışıq məxfi xarakter daşıyır və bu Qanunun 10-cu maddəsi nəzərə alınmaqla, danışıqlarda iştirak edən tərəflərin heç biri qarşı tərəfin razılığı olmadan bu danışıqlara aid olan heç bir qiyməti, texniki və ya digər məlumatı açıqlamır.
VI fəsil
SATINALMALARIN DİGƏR METODLARI
Maddə 46. İkimərhələli tender proseduru
46.1. Bu Qanunun III və IV fəsillərinin müddəaları, bu maddə ilə həmin müddəalardan kənarlaşmaya yol verildiyi hallar istisna olmaqla ikimərhələli tender prosedurlarına da tətbiq edilir.
46.2. İkimərhələli tender prosedurlarının birinci mərhələsində bütün malgöndərənlərə (podratçılara) ilkin tender təklifini onun qiymətini göstərmədən təqdim etmək təklif olunur. Bu halda tenderin əsas şərtlər toplusunda malların (işlərin və xidmətlərin) texniki, keyfiyyət və ya digər xüsusiyyətlərinə aid tələblər, habelə satınalma müqaviləsinin şərtləri, müvafiq hallarda isə malgöndərənlərin (podratçıların) peşə və texniki səriştəsinə və ixtisas göstəricilərinə dair şərtlər nəzərdə tutula bilər.
46.3. Birinci mərhələdə satınalan təşkilat bu Qanunun 11, 12 və ya 36.5-ci maddələrinə müvafiq surətdə tender təklifi rədd edilməmiş istənilən malgöndərən (podratçı) ilə onun tender təklifinin hər hansı cəhəti barədə danışıqlar apara bilər.
46.4. İkimərhələli tender prosedurlarının ikinci mərhələsində satınalan təşkilat tender təklifi rədd edilməmiş malgöndərənlərə (podratçılara) malların (işlərin və xidmətlərin) özünəməxsus xüsusiyyətlərinin məcmusu barədə qiymətləri göstərməklə yekun tender təkliflərini verməyi təklif edir.
46.5. Tender prosedurlarının birinci mərhələsində xüsusiyyətləri əks edən sənədlər hazırlanarkən satınalan təşkilat satın alınan malların (işlərin və xidmətlərin) texniki və keyfiyyət xarakteristikasının hər hansı cəhətini, həmçinin tender təkliflərinin qiymətləndirilməsi, müqayisəsi və qalib tender təklifinin müəyyənləşdirilməsi üçün hər hansı meyarları çıxarmaq və ya dəyişdirmək, habelə bu Qanuna uyğun yeni xarakteristikaları və ya meyarları əlavə etmək hüququna malikdir. Hər hansı bu cür dəyişiklik və ya əlavə barədə məlumat malgöndərənlərə (podratçılara) yekun tender təklifini vermək haqqında dəvət göndərilərkən bildirilir.
46.6. Yekun tender təklifini vermək istəməyən hər hansı malgöndərən (podratçı) tender təklifinin təminatına (əgər belə təminat tələb olunmuşdursa) hüququnu itirmədən tender prosedurlarından çıxa bilər.
46.7. Yekun tender təklifləri bu Qanunun 36.7-ci maddəsinə uyğun qalib gələn tender təklifinin müəyyənləşdirilməsi üçün qiymətləndirilir və müqayisə edilir.
Maddə 47. Məhdud iştiraklı və qapalı tender prosedurları
47.1. Satınalan təşkilat bu Qanunun 19.2.1-ci maddəsində göstərilmiş əsaslarla məhdud iştiraklı tender keçirirsə, satın alınacaq malların (işlərin və xidmətlərin) olduğu bütün malgöndərənlərdən (podratçılardan) tender təklifləri cəlb edir.
47.2. Satınalan təşkilat bu Qanunun 19.2.2-ci maddəsində göstərilmiş əsaslarla məhdud iştiraklı və ya 19.3-cü maddəsinə əsasən qapalı tender keçirirsə, rəqabəti təmin edəcək sayda 3-dən az olmamaq şərti ilə malgöndərənləri (podratçıları) cəlb edir və onlar arasında ayrıseçkiliyə yol verməməklə müsabiqə keçirir.
47.3. Bu Qanunun III və IV fəsillərinin müddəaları, əgər bu maddədə həmin müddəalardan kənarlaşma nəzərdə tutulmursa, məhdud iştiraklı və ya qapalı tender prosedurlarına da şamil edilir.
47.4. Satınalan təşkilat məhdud iştiraklı tender keçirirsə, iddiaçılarda bu tenderə maraq oyatmaq məqsədi ilə dövlət qəzetində bildiriş dərc etdirir.
Maddə 48. Təkliflər sorğusu proseduru
48.1. Satınalan təşkilat əməli cəhətdən məqsədəuyğun sayda üçdən az olmamaq şərti ilə malgöndərənlərdən (podratçılardan) təklifləri cəlb edir.
48.2. Satınalan təşkilat bildiriş dərc edilməsini qənaət və səmərəlilik baxımından məqsədəuyğun saymadığı hallar istisna olmaqla, təkliflərin verilməsinə maraq oyatmaq məqsədi ilə təkliflərinin açılacağı gündən azı 10 bank günü əvvəl dövlət satınalmalarının vahid internet portalında elan dərc etdirir.
48.3. Satınalan təşkilat təkliflərin qiymətləndirilməsi üçün meyarları, hər belə meyarın nisbi qiymətini və təkliflərin qiymətləndirilməsi zamanı tətbiqi qaydasını müəyyənləşdirir. Bu meyarlar aşağıdakılara aiddir:
48.3.1. malgöndərənin (podratçının) idarəetmə və texniki səriştəsinə;
48.3.2. malgöndərənin (podratçının) təklifinin satınalan təşkilatın ehtiyaclarının ödənilməsi baxımından səmərəliliyinə;
48.3.3. malgöndərən (podratçı) tərəfindən təklif olunan malların (işlərin) qiymətlərinə və çəkiləcək istismar, xidmət və təmir (ehtiyat hissələri ilə təmin olunması) xərclərinə.
48.4. Satınalan təşkilatın malgöndərənlərə (podratçılara) təqdim etdiyi təkliflər sorğusunda ən azı aşağıdakılar göstərilir:
48.4.1. satınalan təşkilatın adı və ünvanı;
48.4.2. təklifin uyğun gəlməli olduğu texniki və başqa parametrlər də daxil olmaqla, satınalmaya tələbatın təsviri, həmçinin işlərin satın alındığı halda - onların yerinə yetirilməli olduğu yer, xidmətlərin satın alındığı halda isə - onların göstərilməli olduğu yer;
48.4.3. təkliflərin qiymətləndirilməsi üçün imkan daxilində kəmiyyətlə ifadə olunan və nisbi qiyməti göstərilən meyarlar, habelə təkliflərin qiymətləndirilməsi zamanı onların tətbiqi qaydası;
48.4.4. nəzərdə tutulan formalar və hər hansı təlimatlar, o cümlədən konkret təkliflə bağlı tətbiq edilə bilən hər hansı müvafiq müddətlər.
48.5. Təkliflər sorğusunun hər hansı şəkildə dəyişdirilməsi və ya izahı, o cümlədən təkliflərin qiymətləndirilməsi üçün bu Qanunun 48.3-cü maddəsində göstərilən meyarların dəyişdirilməsi təkliflər sorğusu prosedurlarında iştirak edən bütün malgöndərənlərə (podratçılara) bildirilir.
48.6. Satınalan təşkilat təkliflərə elə tərzdə baxır ki, onların məzmununun bir-biri ilə rəqabət aparan malgöndərənlərə (podratçılara) məlum olmasına yol verilməsin.
48.7. Aşağıdakı şərtlərə əməl edilərsə, satınalan təşkilat malgöndərənlər (podratçılar) ilə onların təklifləri barəsində müzakirələr apara bilər, həmin təkliflərə yenidən baxılmasını təklif edə və ya yenidən baxılmasına icazə verə bilər:
48.7.1. satınalan təşkilat ilə malgöndərən (podratçı) arasında hər hansı müzakirələr məxfi xarakter daşıyır;
48.7.2. bu Qanunun 10-cu maddəsi nəzərə alınmaqla, müzakirələri aparan tərəflərin heç biri digər tərəfin razılığı olmadan bu müzakirələrə aid hər hansı qiyməti, texniki və ya digər məlumatları heç bir başqa şəxsə açmır;
48.7.3. təklif vermiş və təklifi rədd edilməmiş bütün malgöndərənlərə (podratçılara) müzakirələrdə iştirak etmək imkanı verilir.
48.8. Müzakirələr başa çatdıqdan sonra satınalan təşkilat prosedurlarda iştirakı davam etdirən bütün malgöndərənlərdən (podratçılardan) onların təkliflərinin bütün cəhətləri barəsində ən yaxşı və son ofertanı müəyyən tarixədək təqdim etməyi xahiş edir.
48.9. Təklifləri qiymətləndirərkən satınalan təşkilat aşağıdakı üsulları tətbiq edir:
48.9.1. yalnız bu Qanunun 48.3-cü maddəsində nəzərdə tutulan və təkliflər sorğusunda göstərilən meyarlar nəzərə alınır;
48.9.2. təklifin satınalan təşkilatın ehtiyaclarının ödənilməsi baxımından səmərəliliyinə təklifin qiymətindən ayrılıqda baxılır;
48.9.3. satınalan təşkilat təklifin qiymətinə yalnız texniki qiymətləndirmə başa çatdıqdan sonra baxır.
48.10. Satınalan təşkilat təkliflərin qiymətləndirilməsi üçün təkliflər sorğusunda göstərilmiş meyarlara, həmçinin həmin meyarların nisbi qiymətinə və tətbiqi qaydasına uyğun müəyyənləşdirilmiş tələbatmı daha dolğun ödəyən təklif vermiş malgöndərən (podratçı) ilə satınalma müqaviləsi bağlayır.
Maddə 49.Kotirovkalar sorğusu proseduru
49.1. Satınalan təşkilat əməli cəhətdən məqsədəuyğun sayda, 3-dən az olmamaq şərti ilə, malgöndərənlərdən (podratçılardan) kotirovkalar cəlb edir.
49.2. Satınalan təşkilat kotirovkalar sorğusu verilən hər bir malgöndərənə (podratçıya) malların (işlərin və xidmətlərin) qiymətinə onların öz dəyərindən əlavə hər hansı başqa xərclərin (nəqliyyat və sığorta xərclərinin, gömrük rüsumlarının, vergilərin və s.) daxil olub-olmadığını bildirir.
49.3. Hər malgöndərən (podratçı) yalnız bir qiymət kotirovkası təqdim edə bilər və onun öz kotirovkasını dəyişməsinə icazə verilmir. Satınalan təşkilat ilə malgöndərən (podratçı) arasında həmin malgöndərənin (podratçının) təqdim etdiyi kotirovka barədə heç bir danışıq aparılmır.
49.4. Satınalan təşkilatın tələbatını təmin edən ən aşağı qiymət kotirovkası təqdim etmiş malgöndərən (podratçı) ilə satınalma müqaviləsi bağlanılır.
Maddə 49-1. Kotirovka sorğusu şərtləri
Kotirovka sorğusu şərtlərində bu Qanunun 24.1.1-ci, 24.1.2-ci (həmçinin bu Qanunun 36.13-cü maddəsinə əsasən ixtisas göstəricilərinin təkrar təsdiqinin prosedurları və meyarları istisna olmaqla), 24.1.3-cü, 24.1.4-cü, 24.1.7-ci, 24.1.10 – 24.1.12-ci, 24.1.14 – 24.1.26-cı maddələrində nəzərdə tutulmuş məlumatlat göstərilir.
Maddə 50. Bir mənbədən satınalma proseduru
50.1. Bu Qanunun 21-ci maddəsində göstərilmiş şərtlərə əməl etməklə satınalan təşkilat təklifi və qiymət kotirovkasını cəlb etmək yolu ilə malları (işləri və xidmətləri) bir malgöndərəndən (podratçıdan) satın ala bilər.
50.2. Malgöndərən (podratçı) tərəfindən təklif edilən malların (işlərin və xidmətlərin) qiymətlərinin müəyyənləşdirilməsi məqsədi ilə satınalan təşkilat bu Qanunun 27-ci maddəsinə uyğun olaraq onların ehtimal olunan qiymətini hesablayır.
VI-I fəsil
Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirakı
Maddə 50-1. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirakının məcburiliyi
50-1.1. Satınalma predmetinin ehtimal olunan qiyməti 3,0 milyon ABŞ dollarının manat ekvivalentində və ya ondan aşağı olan malların (işlərin, xidmətlərin) satın alınması yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə, açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirir.
50-1.2. Bu Qanunun 11.1-ci maddəsində nəzərdə tutulan hallar səbəbindən tender baş tutmamış hesab edildikdə, bu Qanunun 50-1.1-ci maddəsində nəzərdə tutulan satınalma predmeti üzrə satınalan təşkilat digər sahibkarlıq subyektlərinin də iştirakını nəzərdə tutan tender keçirə bilər. Satınalan təşkilatın bu barədə qərarı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən təsdiq olunmalıdır.
50-1.3. Bu Qanunun 50-1.1-ci maddəsində nəzərdə tutulan halda satınalan təşkilat tərəfindən tenderin açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə və (və ya) elektron satınalma vasitəsilə keçirilməsi mümkün olmadıqda onu əsaslandıran səbəblər və şərtlər göstərilməklə bu barədə qərar qəbul etməlidir. Satınalan təşkilatın bu barədə qərarı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmalıdır.
50-1.4. Satınalma müqaviləsinin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimal məbləğdən aşağı olan satınalmalara bu Qanunun 50-1.1-ci maddəsinin tələbləri tətbiq edilmir.
50-1.5. Bu Qanunun 50-1.1-ci maddəsinin tələbləri məxfi məlumatlar ilə əlaqədar satınalmalara şamil edilmir.
Maddə 50-2. Dövlət satınalmalarının vahid internet portalı
50-2.1. Dövlət satınalmalarının vahid internet portalı aşağıdakıları təmin etməlidir:
50-2.1.1. elanın dərc edilməsini;
50-2.1.2. malgöndərən (podratçı) tərəfindən tenderdə iştirak etmək üçün bu Qanunun 28-ci maddəsində nəzərdə tutulan sənədlərin satınalan təşkilata təqdim edilməsini (satınalan təşkilat özü həmin sənədlər barədə məlumatları bu Qanunun 50-2.2-ci maddəsində göstərilən qaydada əldə edə bilmədikdə);
50-2.1.3. iştirak haqqının ödənilməsini;
50-2.1.4. malgöndərənin (podratçının) iddiaçı kimi qeydiyyatdan keçməsini;
50-2.1.5. iddiaçı kimi qeydiyyatdan keçmiş hər bir malgöndərən (podratçı) üçün elektron kabinetin yaradılmasını;
50-2.1.6. satınalan təşkilat ilə malgöndərən (podratçı) arasında qarşılıqlı məlumat mübadiləsinin və sənədlərin təqdim olunmasını;
50-2.1.7. tender təkliflərinin və qiymət kotirovkalarının təqdim olunmasını;
50-2.1.8. tender təklifinin təminatının verilməsini;
50-2.1.9. tender komissiyasının virtual iclaslarının keçirilməsini;
50-2.1.10. tender təkliflərinə və qiymət kotirovkalarına baxılmasını, onların qiymətləndirilməsini və müqayisəsini;
50-2.1.11. satınalma müqaviləsinin elektron qaydada bağlanmasını, həmin müqavilənin və satınalmanın nəticələrinə dair digər sənədlərin yerləşdirilməsini;
50-2.1.12. bu Qanunla nəzərdə tutulmuş hallarda bildirişlərin elektron qaydada göndərilməsini;
50-2.1.13. tenderin əsas şərtlər toplusunun, kotirovka sorğusu şərtlərinin, dövlət satınalmalarını tənzimləyən normativ hüquqi aktların, satınalma müqaviləsinin, habelə onun standart şərtlərinin və digər sənədlərin yerləşdirilməsini;
50-2.1.14. bu Qanunla müəyyən olunmuş hallarda şikayətin verilməsini və həmin şikayətlərə baxılmasının nəticələri barədə qərarın əldə olunmasını;
50-2.1.15. bu Qanunla müəyyən olunmuş qaydada satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatının təqdim olunmasını;
50-2.1.16. hesab-fakturaların satınalan təşkilata təqdim olunmasını;
50-2.1.17. satınalan təşkilat tərəfindən ödənişlə bağlı təsdiq bildirişinin təqdim olunmasını;
50-2.1.18. satınalma planının yerləşdirilməsini.
50-2.2. Satınalan təşkilat tərəfindən tenderdə iştirakla bağlı bu Qanunla nəzərdə tutulan sənədlər barədə məlumatın əldə edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya ehtiyatları (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan hədlərdə dövlət satınalmalarının vahid internet portalına inteqrasiya olunur.
Maddə 50-3. Elektron satınalma
50-3.1. Bu Qanunun 50-1.1-ci maddəsinə uyğun olaraq keçiriləcək satınalma barədə dövlət satınalmalarının vahid internet portalında elan (dəvət) dərc olunur.
50-3.2. Elanda (dəvətdə) aşağıdakı məlumatlar göstərilir:
50-3.2.1. satınalan təşkilatın adı və ünvanı;
50-3.2.2. satınalma predmetinin ətraflı təsviri, həmçinin onun təqdim olunmasının müddəti və yeri;
50-3.2.3. imzalanacaq satınalma müqaviləsinin forması və şərtləri;
50-3.2.4. bu Qanunun 9-cu maddəsinə uyğun olaraq məlumatlar;
50-3.2.5. təqdim olunan sənədli sübutlar da daxil olmaqla, malgöndərənlərin (podratçıların) ixtisas göstəricilərinin qiymətləndirilməsi üçün tətbiq olunan meyarlar və prosedurlar;
50-3.2.6. təkliflərin satınalma predmetinin təsvirinə uyğunluğunun müəyyənləşdirilməsi meyarları və prosedurları;
50-3.2.7. təkliflərin qiymətləndirilməsinin meyarları və prosedurları, o cümlədən elektron satınalmada təkliflərin qiymətləndirilməsi üçün tətbiq ediləcək riyazi düstur;
50-3.2.8. təklifin qiymətinə satınalma predmetinin dəyərindən başqa, digər xərclərin (nəqliyyat və sığorta xərcləri, vergilər və rüsumlar) daxil edilib-edilməməsi haqqında məlumat daxil olmaqla, təklifin qiymətinin hesablanması və ifadə olunması üsulu;
50-3.2.9. təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta (valyutalar);
50-3.2.10. səmərəli rəqabətin təmin edilməsi və elektron satınalmanın baş tutması üçün qeydiyyatdan keçməli olan malgöndərənlərin (podratçıların) minimal sayı;
50-3.2.11. elektron satınalmaya buraxılış üsulu, o cümlədən elektron satınalmaya qoşulma qaydası barədə məlumat;
50-3.2.12. malgöndərənlərin (podratçıların) elektron satınalmada qeydiyyatının son müddətinə və qeydiyyatına dair tələblər;
50-3.2.13. elektron satınalmanın açılmasının tarixi və saatı, həmçinin elektron satınalmanın açılışında iştirakçıların eyniləşdirilməsinə (identifikasiyasına) dair tələblər;
50-3.2.14. elektron satınalmanın bağlanmasını tənzimləyən meyarlar;
50-3.2.15. elektron satınalmanın keçirilməsinin digər qaydaları, o cümlədən elektron satınalma zamanı iştirakçılara təqdim olunacaq məlumat, onun dili və iştirakçılar tərəfindən təkliflərin verilməsinin şərtləri;
50-3.2.16. bu Qanuna, digər normativ hüquqi aktlara istinadlar və bu sənədlərin əldə olunma yeri;
50-3.2.17. malgöndərənlər (podratçılar) tərəfindən satınalma prosedurlarına dair izahat almanın üsulu və yeri;
50-3.2.18. malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın bir və ya bir neçə vəzifəli şəxsinin adı, vəzifəsi və ünvanı;
50-3.2.19. satınalan təşkilatın qərarlarından və hərəkətlərindən şikayət vermək hüququ, gözləmə müddətinin tarixləri barədə məlumat, belə müddət tətbiq edilmədiyi halda müvafiq qərarın səbəbləri;
50-3.2.20. elektron satınalmadan sonra satınalma müqaviləsinin qüvvəyə minməsi üçün tələb olunan rəsmiləşdirmələr, o cümlədən tələb olunduğu halda, ixtisas göstəricilərinin və formal tələblərə uyğunluğunun müəyyənləşdirilməsi, həmçinin yazılı müqavilənin tərtib olunması;
50-3.2.21. satınalan təşkilat tərəfindən bu Qanuna və satınalmalarla əlaqədar digər normativ hüquqi aktlara uyğun olaraq müəyyən edilən digər tələblər.
Maddə 50-4. Elektron satınalma iştirakçılarının qeydiyyata alınması və elektron satınalmanın keçirilməsi müddətləri
50-4.1. Elektron satınalmada iştirak etmək üçün qeydiyyatdan keçən hər bir malgöndərənə (podratçıya) dövlət satınalmalarının vahid internet portalı vasitəsilə bu barədə real vaxt rejimində təsdiq bildirişi göndərilir.
50-4.2. Elektron satınalmada iştirak etmək üçün qeydiyyatdan keçən malgöndərənlərin (podratçıların) sayı səmərəli rəqabəti təmin etmək üçün 3 (üç) iştirakçıdan az olduqda, satınalan təşkilat bu proseduru ləğv edir. Elektron satınalmanın ləğv edilməsi barədə məlumat dərhal qeydiyyatdan keçmiş malgöndərənlərə (podratçılara) göndərilir.
50-4.3. Satınalan təşkilatın tələbatını nəzərə almaqla, elektron satınalmaya dəvətin dərc edilməsi ilə elektron satınalmanın keçirilməsi arasında müddət malgöndərənlər (podratçılar) tərəfindən elektron satınalmaya hazırlığın görülməsi və təkliflərin təqdim edilməsi üçün kifayət etməlidir.
Maddə 50-5. Elektron satınalma zamanı tələblər
50-5.1. Elektron satınalma aşağıdakılar əsas götürülməklə həyata keçirilir:
50-5.1.1. satınalma müqaviləsinin bağlanılması barədə qərar ən aşağı qiymət əsas götürülməklə qəbul edildikdə qiymət əsasında;
50-5.1.2. qiymətləndirilmə nəticəsində ən sərfəli sayılan təklif əsas götürülməklə malgöndərənlərə (podratçılara) təqdim olunan qiymət və digər meyarlar əsasında.
50-5.2. Elektron satınalma zamanı:
50-5.2.1. bütün iştirakçılara təkliflərin təqdim olunması üçün bərabər şərait yaradılır;
50-5.2.2. tətbiqindən asılı olaraq bu Qanunun 50-3-cü maddəsinə uyğun olaraq bütün təkliflərin avtomatik qiymətləndirilməsi təmin olunur;
50-5.2.3. elektron satınalmanın hər bir iştirakçısına onun təklifinin açılmasını və qiymətləndirilməsini müşahidə etmək üçün bərabər şərait yaradılır;
50-5.2.4. satınalan təşkilat ilə elektron satınalmanın iştirakçıları və ya onların özü arasında yalnız dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əlaqə saxlanılır.
50-5.3. Elektron satınalma zamanı satınalan təşkilat bütün iştirakçıların eyniləşdirmə məlumatlarını məxfi saxlayır.
50-5.4. Elektron satınalma bu Qanunun 50-3-cü maddəsinə uyğun olaraq malgöndərənlərə (podratçılara) təqdim olunan meyarlar əsasında bağlanılır.
50-5.5. İnformasiya resurslarında elektron satınalmanın keçirilməsini pozan nöqsanlar yarandıqda, satınalan təşkilat elektron satınalmanın keçirilməsini dayandırır. Elektron satınalma dayandırıldıqda və ya ləğv olunduqda satınalan təşkilat prosedur iştirakçılarının eyniləşdirmə məlumatlarını məxfi saxlayır.
Maddə 50-6. Elektron satınalmadan sonra tələblər
50-6.1. Elektron satınalma nəticəsində bu Qanunun 37.7-ci maddəsinə əsasən müəyyən olunan ən aşağı qiymət təklifi və ya keyfiyyət və texniki cəhətdən ən sərfəli təklif qalib hesab olunur.
50-6.2. Satınalan təşkilat elektron satınalma keçirildikdən sonra qalib təklifin formal tələblərə uyğunluğunu və həmin təklifi təqdim edən malgöndərənin (podratçının) ixtisas göstəriciləri meyarlarına cavab verməsini yoxlayır. Satınalan təşkilat təklifin formal tələblərə cavab vermədiyini və ya malgöndərənin (podratçının) ixtisas göstəriciləri meyarlarına uyğun gəlmədiyini müəyyən edərsə, həmin təklifi kənarlaşdırır. Bu Qanunun 11.2-ci maddəsinə əsasən satınalan təşkilat satınalmaları ləğv etmək hüququna xələl gətirmədən elektron satınalmanın bağlanılması anına formal tələblərə uyğun olan və ixtisas göstəriciləri meyarlarına cavab verən növbəti ən aşağı və ya ən sərfəli qiymətli təklifi təqdim etmiş malgöndərəni (podratçını) seçir.
50-6.3. Satınalan təşkilat elektron satınalma müqaviləsinin bağlanılması anına qalib hesab olunan təklifin ehtimal olunan qiymətdən əhəmiyyətli dərəcədə aşağı olduğu və onun da satınalma müqaviləsinin yerinə yetirilməməsi ilə nəticələnəcəyi qənaətinə gələrsə, bu Qanunun 27-ci maddəsini tətbiq edə bilər. Bu halda satınalan təşkilat satınalmaları ləğv etmək hüququna xələl gətirmədən elektron satınalma müqaviləsinin bağlanılması anına formal tələblərə uyğun olan və ixtisas göstəriciləri meyarlarına cavab verən növbəti ən aşağı və ya ən sərfəli qiymətli təklifi təqdim etmiş malgöndərəni (podratçını) seçmək hüququna malikdir.
VII fəsil
ƏLAVƏ MÜDDƏALAR
Maddə 51. Satınalma müqaviləsinin qiymətində dəyişiklik
51.1. Satınalma müqaviləsi qüvvəyə mindikdən sonra, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, müqavilənin şərtlərinin dəyişdirilməsinə yol verilmir. Bu maddəyə əsasən satınalma müqaviləsinin şərtlərinin dəyişdirilməsi barədə tərəflərin bir-birinə etdiyi rəsmi müraciətlərə 10 bank günü müddətində baxılır.
51.2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş halların satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunur.
Maddə 52. Tender qalibinin iflasa uğraması
52.1. Tender qalibi iflasa uğradıqda satınalma müqaviləsi ləğv olunmuş sayılır.
52.2. İflasa uğramış tender qalibinin hüquq varisi varislik hüququnu aldıqdan sonrakı 10 bank günü ərzində tender qalibinin satınalma müqaviləsi üzrə götürdüyü öhdəlikləri yerinə yetirmək haqqında satınalan təşkilata yazılı müraciət edərsə, həmin müqavilənin şərtləri əsas götürülməklə, satınalan təşkilatla tender qalibinin varisi arasında malların (işlərin və xidmətlərin) satın alınmasının başa çatdırılması haqqında yeni müqavilə bağlanır.
52.3. İflasa uğramış tender qalibinin hüquq varisi varislik hüququnu aldıqdan sonrakı 10 bank günü ərzində tender qalibinin satınalma müqaviləsi üzrə götürdüyü öhdəlikləri yerinə yetirmək haqqında satınalan təşkilata yazılı müraciət etməzsə, satınalan təşkilatın tender qalibinə hər növ borcu, əgər varsa, ləğv olunmuş sayılır. Bu halda satınalan təşkilat həmin malların (işlərin və xidmətlərin) satın alınması üzrə yeni tender keçirə bilər.
Maddə 53. Sığorta
53.1. Dövlət vəsaiti hesabına həyata keçirilən satınalmalar Azərbaycan Respublikasının qanunvericilik aktlarında və normativ hüquqi sənədlərində nəzərdə tutulmuş qaydada sığortalanır.
53.2. Satınalan təşkilat sığortanı məcburi sayırsa, bunu tenderin əsas şərtlər toplusunda və satınalma müqaviləsində əks etdirməlidir.
Maddə 54. Satınalmanın sənədlər toplusu
54.1. Hər bir satınalma üzrə satınalan təşkilat tərəfindən sənədlər toplusu hazırlanır. Satınalmanın sənədlər toplusuna aşağıdakılar daxil edilir:
54.1.1. satınalmanın keçirilməsi haqqında satınalan təşkilatın təsdiq edilmiş qərarı;
54.1.2. satınalmanın keçirilməsi haqqında elanın dərc edildiyi qəzetlərin və əgər varsa, reklam və bildiriş tipli materialların nüsxələri;
54.1.3. tenderin əsas şərtlər toplusu və ya təkliflərin, ofertaların, kotirovkaların cəlb edilməsinə dair sənədlər toplusu;
54.1.4. bütün iddiaçıların satınalma prosedurlarında iştirak haqqında müraciətləri, iştirak haqqını ödəmələri barədə bank sənədləri (bu Qanunun 50-1-ci maddəsinə uyğun olaraq keçirilən satınalmalar istisna olmaqla), tenderə təqdim etdikləri təkliflər;
54.1.5. satınalmanın nəticələri haqqında tender komissiyasının yekun protokolu və tender prosedurlarına dair digər protokollar;
54.1.6. bağlanan satınalma müqavilələri;
54.1.7. satınalma müqaviləsi uzunmüddətlidirsə və ya mərhələlərlə həyata keçirilirsə, icrasının gedişi haqqında mütəmadi məlumatları;
54.1.8. satınalan təşkilatla malgöndərən (podratçı) arasında satınalma müqaviləsinin icrası və mübahisəli məsələlərin həlli ilə əlaqədar sənədlər;
54.1.9. tender xərclərinin ödənişi ilə bağlı sənədlər;
54.1.10. satınalma müqaviləsinin tam yerinə yetirilməsi haqqında satınalan təşkilatla malgöndərənin (podratçının) birgə aktı.
54.2. Satınalmanın sənədlər toplusu satınalmanın keçirilməsi haqqında qərarın qəbul edildiyi gündən yığılmağa başlanır və satınalma müqaviləsi tam yerinə yetirildikdən sonrakı 20 bank günü ərzində bitirilir və 5 il ərzində satınalan təşkilatda saxlanılır, sonra müəyyənləşdirilmiş qaydada arxivə verilir.
VIII fəsil
ŞİKAYƏT VERİLMƏSİ
Maddə 55. Şikayət vermək hüququ
55.1. Satınalan təşkilatın bu Qanunla müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü və ya düşəcəyini bəyan edən malgöndərənin (podratçının) qanunvericiliklə müəyyənləşdirilmiş qaydada şikayət vermək hüququ vardır.
55.2. Bu Qanuna görə aşağıdakılar şikayət obyekti ola bilməz:
55.2.1. satınalma metodunun seçilməsi;
55.2.2. satınalma prosedurlarının dövlət mənsubiyyətinə görə məhdudlaşdırılması;
55.2.3. satınalan təşkilatın bütün tender təkliflərini, ofertaları və ya kotirovkaları rədd etmək qərarı;
Maddə 56. Satınalan təşkilata və ya təsdiq edən orqana şikayət
56.1. Satınalma müqaviləsi qüvvəyə minənə qədər, şikayət yazılı şəkildə satınalan təşkilatın rəhbərinə verilir (əgər şikayət satınalan təşkilatın hər hansı hərəkəti, qərarı və ya istifadə etdiyi prosedurla bağlıdırsa və həmin hərəkət, qərar və ya prosedur bu Qanuna müvafiq surətdə hər hansı orqan tərəfindən təsdiq edilmişdirsə, şikayət bu orqanın rəhbərinə verilir).
56.2. Şikayət ona əsas vermiş hallardan malgöndərənin (podratçının) xəbər tutduğu və ya xəbər tutmalı olduğu vaxtdan 15 bank günü keçdikdən sonra verilmişdirsə, satınalan təşkilatın (və ya təsdiq edən orqanın) rəhbəri şikayətə baxmır.
56.3. Şikayət onu vermiş malgöndərən (podratçı) ilə satınalan təşkilat arasında qarşılıqlı razılaşma yolu ilə aradan qaldırıla bilinmirsə, satınalan təşkilatın (və ya təsdiq edən orqanının) rəhbəri həmin şikayətin verildiyi vaxtdan 20 bank günü (bu Qanunun 50-1-ci maddəsinə əsasən keçirilən satınalmalara münasibətdə isə 10 bank günü) ərzində yazılı qərar çıxarır, qərarda onun səbəbləri əsaslandırılır və şikayət tam və ya qismən təmin edilirsə, vəziyyətin düzəldilməsi üçün görüləcək tədbirlər göstərilir.
56.4. Satınalan təşkilatın (və ya təsdiq edən orqanın) rəhbəri bu Qanunun 56.3-cü maddəsində göstərilən müddət ərzində qərar çıxarmırsa, şikayəti vermiş malgöndərən (podratçı və ya satınalan təşkilat) bundan dərhal sonra 57 və ya 60-cı maddələrə uyğun şikayət vermək hüququ qazanır. Belə şikayət verildikdən sonra satınalan təşkilatın (və ya təsdiq edən orqanın) rəhbəri şikayətə baxmaq səlahiyyətini itirir.
56.5. Bu Qanunun 57-ci və ya 60-cı maddələrinə uyğun şikayət verilmirsə, satınalan təşkilatın (və ya təsdiq edən orqanın) rəhbərinin qərarı qəti qərar sayılır.
Maddə 57. İnzibati qaydada şikayət vermə
57.1. Bu Qanunun 55-ci maddəsinə uyğun şikayət vermək hüququ olan malgöndərən (podratçı) aşağıdakı hallarda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) şikayət verə bilər:
57.1.1. satınalma müqaviləsinin qüvvəyə minməsi səbəbindən şikayət 56-cı maddəyə uyğun verilə bilməzsə və ya şikayətə həmin maddəyə uyğun baxıla bilməzsə (bu şərtlə ki, şikayət ona əsas vermiş hallardan malgöndərənin (podratçının) xəbər tutduğu və ya xəbər tutmalı olduğu vaxtdan 15 bank günü keçənədək verilsin);
57.1.2. satınalma müqaviləsinin qüvvəyə minməsi səbəbindən satınalan təşkilatın rəhbəri şikayətə baxmırsa (bu şərtlə ki, şikayət ona baxılmaması haqqında qərar çıxarıldıqdan sonra 15 bank günü ərzində verilsin);
57.1.3. bu Qanunun 56.4-cü maddəsinə müvafiq surətdə (bu şərtlə ki, şikayət 56.3-cü maddədə göstərilən müddət qurtardıqdan sonra 15 bank günü ərzində verilsin);
57.1.4. həmin malgöndərən (podratçı) satınalan təşkilatın (və ya təsdiq edən orqanın) rəhbərinin bu Qanunun 56-cı maddəsinə uyğun çıxardığı qərar nəticəsində zərərə düşdüyünü iddia edirsə (bu şərtlə ki, şikayət qərar çıxarıldıqdan sonra 15 bank günü ərzində verilsin).
57.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) şikayəti aldıqdan sonra dərhal bu barədə satınalan təşkilata (və ya təsdiq edən orqana) bildiriş göndərir.
57.3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) şikayəti rədd etmirsə, aşağıdakı hüquqi müdafiə vasitələrindən birini və ya bir neçəsini tövsiyə edə bilər:
57.3.1. şikayətin predmetinə aid məsələləri tənzimləyən hüquq normalarını və ya prinsiplərini müəyyənləşdirmək;
57.3.2. satınalan təşkilata qanunsuz hərəkətlər etməyi və ya qanunsuz qərarlar qəbul etməyi və ya qanunsuz prosedurlar tətbiq etməyi qadağan etmək;
57.3.3. qanunsuz hərəkətlər etmiş və ya qanunsuz prosedurlar tətbiq etmiş və ya qanunsuz qərarlar qəbul etmiş satınalan təşkilatı qanuni hərəkət etməyə və ya qanuni prosedurlar tətbiq etməyə və ya qanuni qərar qəbul etməyə məcbur etmək;
57.3.4. satınalan təşkilatın qanunsuz hərəkətini dayandırmaq və ya qanunsuz qərarını tam və ya qismən ləğv etmək;
57.3.5. satınalan təşkilatın qanunsuz qərarına yenidən baxmaq və ya onun əvəzinə öz qərarını qəbul etmək;
57.3.6. kompensasiya ödənilməsi barədə iddia qaldırmaq;
57.3.7. satınalma prosedurlarına xitam verilməsi barədə sərəncam vermək.
57.4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) baxılan şikayət üzrə 20 bank günü (bu Qanunun 50-1-ci maddəsinə əsasən keçirilən satınalmalara münasibətdə isə 10 bank günü) ərzində yazılı qərar çıxarır, həmin qərarda onun səbəblərini əsaslandırır və təqdim edilmiş hüquqi müdafiə vasitələrini göstərir (əgər belə müdafiə vasitələri təqdim edilirsə).
57.5. Bu Qanunun 60-cı maddəsinə müvafiq surətdə iddia verilmirsə, belə qərar qəti qərar sayılır.
Maddə 58. Bu Qanunun 56 və 57-ci maddələrinə uyğun verilmiş şikayətlərə baxılması zamanı tətbiq olunan bəzi normalar
58.1. Bu Qanunun 56 və 57-ci maddələrinə uyğun şikayət verildikdən dərhal sonra satınalan təşkilatın (və ya təsdiq edən orqanın) və ya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti)rəhbəri satınalma prosedurlarında iştirak edən və bu şikayətə aidiyyəti olan bütün malgöndərənlərə (podratçılara) şikayətin verilməsi və onun məzmunu barədə bildiriş göndərir.
58.2. Şikayət verilməsi prosedurları nəticəsində maraqlarına toxunulan və ya toxunula bilən hər hansı malgöndərənin (podratçının) və ya dövlət orqanının şikayət vermək hüququ vardır. Şikayət etməmiş malgöndərən (podratçı) sonradan eyni tələblə müraciət hüququndan məhrum olur.
58.3. Satınalan təşkilatın (və ya təsdiq edən orqanın) və ya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) rəhbərinin qərarının bir nüsxəsi qərar çıxarılmasından 1 bank günü keçənədək şikayəti vermiş malgöndərənə (podratçıya), satınalan təşkilata və şikayətin baxılmasında iştirak etmiş hər hansı digər malgöndərənə (podratçıya) və ya dövlət orqanına göndərilir. Bu Qanunun 50-1-ci maddəsinə uyğun olaraq keçirilən satınalma zamanı bu barədə məlumat dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim edilir.
Maddə 59. Satınalma prosedurlarının dayandırılması
59.1. Bu Qanunun 56 və 57-ci maddələrinə uyğun vaxtında verilən şikayət əsaslı olduqda, şikayətin araşdırılması məqsədi ilə satınalma proseduru 7 bank günü müddətinə dayandırılır. Şikayətə satınalma prosedurlarının dayandırıldığı müddət ərzində baxılır.
59.2. Satınalma müqaviləsi qüvvəyə mindiyi halda, bu Qanunun 57-ci və 59.1-ci maddələrinə uyğun, habelə vaxtında verilən şikayət əsasında iddianı araşdırmaq məqsədi ilə satınalma müqaviləsinin icrası 7 bank günü müddətinə dayandırılır.
59.3. Şikayət vermiş malgöndərənin (podratçının) hüquqlarının təmin edilməsi məqsədi ilə və ya şikayətə baxılması prosedurlarının başlanması üçün satınalan təşkilatın (və ya təsdiq edən orqanın) rəhbəri satınalma prosedurlarının bu Qanunun 59.1-ci maddəsinə uyğun dayandırılması müddətini, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti)rəhbəri isə 59.2-ci maddəyə uyğun dayandırılması müddətini şikayət verilməsi prosedurları başa çatanadək, lakin ən çoxu 15 bank gününədək uzada bilər.
59.4. Satınalan təşkilatın bu maddəyə uyğun qəbul etdiyi bütün qərarlar, onların qəbul edilməsi əsasları və şərtləri satınalma prosedurları haqqında hesabata daxil edilir.
Maddə 60. Məhkəmə qaydasında şikayət
Azərbaycan Respublikasının məhkəmələri bu Qanunun 55-ci maddəsinə uyğun irəli sürülmüş iddialara, şikayətə baxan orqanların qərarlarından verilmiş şikayətlərə və ya həmin orqanların bu Qanunun 56, 57 və 59-cu maddələrində müəyyənləşdirilmiş müddətlərdə qəbul etmədikləri qərarlara məhkəmə qaydasında baxılmasında səlahiyyətlidirlər.
Maddə 61. Bu Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun pozulmasında təqsiri olanlar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan qaydada inzibati və cinayət məsuliyyət daşıyırlar.
Maddə 62. "Tender haqqında" Azərbaycan Respublikası Qanununun qüvvədən düşməsi
Bu Qanunun qüvvəyə minməsi ilə "Tender haqqında" Azərbaycan Respublikası Qanunu qüvvədən düşmüş hesab edilir.
Maddə 63. Qanunun qüvvəyə minməsi
Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 27 dekabr 2001-ci il
№ 245-IIQ
Comentarios