Bir neçə gün əvvəl LinkedIn səhifəmiz üzərindən "Satınalma tələbi (purchase request) üzrə sifarişin verilə bilinməməsi və ya yalnış verilməsinə görə sizcə kim məsuliyyət daşıyır?" başlıqlı sorğu keçirmişdik. Sorğunun nəticələrinə görə "Satınalma mütəxəssisi" cavabı 51/122 səslə ən çox aldı. Əslində bu sualın tək cavabı yoxdur ancaq LinkedIn sorğu funksiyası yalnız bir cavabı seçməyə imkan verdiyi ən çox təsir edən faktor seçilmişdi.
Qeyd edilən variantlardan ikinci ən çox seçilən cavab "Daxili müştəri" yəni sifariş verən şöbənin məsuliyyət daşıması oldu. Bir neçə il əvvəl "Satınalmaçı kimdir və nə iş görür" başlıqlı məqaləmizdə satınalma mütəxəssisinin öhdəlikləri barədə məlumat paylaşmışdıq Facebook səhifəmizdə. Həmin məqalədə də satınalma mütəxəssisinin ilk öhdəliyininin "Sifarişçi/istifadəçi şöbələrdən gələn istəkləri analiz edərək lazım olduqda birlikdə əməkdaşlıq edərək tələbin formalaşdırılması" olduğunu qeyd etmişdik. Bu prizmadan baxanda əslində daxili müştəridə məsuliyyət bir o qədər olmamalıdır. Əlbəttə başa düşüləndir ki, bəzi təşkilatlarda bəzi funksiyalar "toxunulmaz" hesab edildiyindən onların bütün arzu və istəklərinin sorğulanmadan olduğu kimi icra edilməsi tələb olunur ancaq bu da bir həqiqətdir ki, bu kimi təşkilatlarda satınalma mütəxəssisinin heç bir dəyəri olmur, bir çox hallarda "günah keçisi" kimi bütün işlər tərs gedəndə günahlandırılmaq üçün saxlanılır sanki. Satınalma mütəxəssisinin analogiyasını aparsaq ən yaxın peşə nə qədər qəribə səslənsə həkim olardı. Belə ki, satınalma mütəxəssisi də öz "xəstəsini" (müştərisini) diqqətlə dinləyib, lazımi sualları verib "dərdini" (ehtiyacını) başa düşüb "diaqnoz" (həll) qoyub "müalicəyə" (araşdırmağa) başlamalıdır. Xəstə həkimi fərsiz hesab edib özünü həkimi kimi aparıb öz dərmanlarını özü yazmağa başlayanda əlbəttə bir çox hallarda istənilən nəticəni əldə etmək mümkün olmur. Həkim də gərək özünə bunu rəva bilməsin. Əlqərəz daxili müştərini günahlandırmaq əslində satınalmanın mövqeyinin zəif olduğunu etiraf etmək deməkdir.
Satınalmada uğursuzluğun digər ciddi səbəblərindən biri satınalan təşkilatdakı uyğunsuzluqlar və bunun bazara təsiri yəni reputasiyasıdır. Belə ki, satınalan təşkilat təchizatçıları incidəndə, ödənişləri yerli-yersiz gecikdirəndə, formallıq olsun deyə satınalma keçirəndə bir müddətdən sonra istəsə belə ən sadə alışlara belə təchizatçılar cavab vermir, soyuq yanaşır və nəticədə satınalmalar baş tutmur.
Bu siyahı üzrə ən çox səs verilən birinci hal isə satınalma mütəxəssisinin seçimi ilə bağlıdır. Digər faktorlar yerində olsa belə əgər seçilən satınalma mütəxəssisi işini bilmədikdə bu da bir çox hallarda satınalmanın uğursuzluqla nəticələnməsinə gətirib çıxara bilir. Bu da əslində təşkilati faktor hesab edilir. Satınalmaya nəticə diktə edildiyi kimi HR-a da işə alınacaq adamı seçmək imkanı verilməyəndə və ya HR-ın da seçilməsini kimsə diktə edəndə bu kimi hallar baş verir. Konkret statistikasını demək çətin olsa da əslində elə sorğunun nəticələrindən də göründüyü kimi satınalmada uğursuzluqların başında elə bu səbəb durur.
Σχόλια