Hər il ölkəmizdə və dünyada müxtəlif peşə sahiblərinin (yol, səhiyyə, gömrük, metro, ədliyyə işçilərinin və s.) bayramı qeyd edilir. Ölkəmizdə belə günlərin, eləcə də xüsusi (kino, musiqi, bilik və s.) günlərin sayı 50 civarındadır. Bu peşələrin əksəriyyəti dövlət sahəsində çalışanlar və ya dövlətdə müvafiq vəzifədən olanların sayı müəyyən həddən çox olanlar üçün nəzərdə tutulub və bir çox halda həmin qurumların yaranma tarixi olaraq müəyyən edilib.
Son 8-10 ildə dövlət satınalmaları keçirən qurumların sayı 4 mindən çox olsa da rəsmi olaraq "satınalma mütəxəssisi" vəzifəsi daşıyan şəxslərin sayı yəqin ki, bu saydan qat-qat azdır. Əksər hallarda bu vəzifələri mühasiblər, maliyyə mütəxəssisləri və ya sifarişçi şöbələrin əməkdaşları icra edir.
Dünyada müxtəlif peşə sahibləri üçün fərqli günlər qeyd edilir. İnternet axtarışı ilə dünyada satınalma sahəsində xüsusi gün kimi qeyd edilən bir neçə gün mövcuddur, bunlardan biri Niderlandda (Utrext) təsis edilmiş "Procurement Tactics" şirkəti tərəfindən təyin edilən və eyniadlı səhifədə (internationalprocurementday.com) "Beynəlxalq Satınalma Günü" kimi qeyd edilən 25 aprel tarixidir, digəri isə Almaniyada (Düseldorf) qeyri-kommersiya şirkəti kimi təsis olunan "The Sustainable Procurement Pledge" tərəfindən "Ümumdünya Dayanıqlı Satınalma Günü" (World Sustainable Procurement Day) kimi qeyd edilən 21 mart tarixidir. Bu sahədə başqa tarix isə "Beynəlxalq Təchizat Zənciri Peşəkarları Günü" (International Supply Chain Professionals Day) günü kimi qeyd olunan 7 iyun tarixidir. Sonuncu tarixin təşəbbüskarı ABŞ-də yerləşən E2open adlı şirkətdir. Daha sonra Ecisolutions adlı ABŞ mərkəzli şirkət tərəfindən 29 aprel "Milli Təchizat Zənciri Günü" (National Supply Chain Day) kimi qeyd edilir. Qısaca ortaq bir gün yoxdur hələ ki, hərə bir günü qeyd edir:)
Azərbaycanda dövlət satınalmalarının tarixi barədə Dövlət satınalmaları qanunvericiliyinin tarixçəsi və Dövlət satınalmalarına nəzarət başlıqlı iki məqaləmizdə məlumat dərc edilib. Əgər dövlət tərəfindən nə vaxtsa belə bir gün təyin edilsə dövlət satınalmalarına nəzarət etmək üçün müstəqil qurum kimi 24 iyun 1996-cı il tarixində yaradılan (daha sonra ləğv edilən) Satınalmalar üzrə Dövlət Agentliyinin yaradılma tarixi götürülə bilər.
Bəs sizcə belə bir tarix olmalıdır? Olmalıdırsa hansı tarix seçilməlidir?
Satınalma sahəsində çalışanlar üçün gün təyin edilməlidir?
Bəli
Xeyr
Hələ lazım deyil (tezdir)
Dünya statistikasına əsasən, mal, material və xidmətlərin satın alınması təşkilatın fəaliyyət növündən asılı olaraq təşkilat dövriyyəsinin 70-80 faizini təşkil edir. Satınalma funksiyası təşkilatın adından pul xərclənməsinə, layihənin uğurla həyata keçirilməsinə və bütün təşkilat ehtiyaclarının qarşılanmasına cavabdehdir. Əfsuslar olsun ki, satınalma funksiyasının təşkilatların uğurunda strateji təsiri və satınalma funksiyasının ümumi rolu bu günlərdə təşkilatlar tərəfindən tam başa düşülmür, buna görə də satınalma funksiyasının inkişafının vacibliyi, eləcə də satınalma fəaliyyətləri üçün satınalma mütəxəssislərinin təyin edilməsinin vacibliyi bütün təşkilatların gündəmində deyil. Məncə, satınalma işçilərinin töhfəsini tanımaq üçün konkret bir gün təyin etmək vacibdir. Mən satınalma işçilərinin gününü ilin sonuna və ya gələn ilin əvvəlinə təyin etməyi təklif edirəm, məsələn, yanvarın sonu ola bilər. Bu cari ilin nəticələrinin təşkilatlar tərəfindən dəyərləndirildiyi vaxtdır və car…
03 iyun tarixi teyin edilmesi yaxsi olardi