top of page
Writer's pictureElşən Həsənov

Dövlət satınalmalarına nəzarət

Updated: Aug 29

2002-ci ildə qüvvəyə minən "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən dövlət vəsaitləri hesabına malların (işlərin və xidmətlərin) satın alınması sahəsində dövlət siyasətini həyata keçirməsi səlahiyyəti "Dövlət satınalmaları üzrə müvafiq icra hakimiyyəti orqanı" olaraq 24.06.1997-ci il tarixində “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Satınalmalar üzrə Dövlət Agentliyi” olaraq yaradılmış, 24.09.1999-ci il tarixində adı dəyişdirilərək 20.02.2003-ci il tarixində əsasnaməsi təsdiq edilmiş Bakı, Naxçıvan, Sumqayıt və Gəncə şöbələri daxil olmaqla 43 ştat vahidi (mərkəzi aparat 22 ştat vahidi) olan Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi icra etmişdir. Agentlik mərkəzi icra hakimiyyəti orqanı (2-ci kateqoriya dövlət orqanı) statusunda və əməkdaşları inzibati vəzifələrin 4-cü və 5-ci beşinci təsnifatında müəyyən edilmişdi. Agentliyin ilk rəhbəri 3 aprel 2000-ci ildə İmran Əzim oğlu Mehdiyev təyin edilmişdir (8 il 7 ay). 19 noyabr 2008-ci ildə bu vəzifəyə İskəndər Hüseyn oğlu Çəndirli təyin edilərək ləğv edilənə qədər quruma rəhbərlik etmişdir (7 il 1 ay).

Agentlik 15.01.2016-ci il tarixində ləğv edilərək vəzifə və funksiyaları, habelə istifadəsində olan dövlət əmlakı 24.06.2009-cu ildə yaradılmış və yaradıldığı gündən Zahid İsa oğlu İsayevin (10 il 10 ay) rəhbərlik etdiyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (172 ştat vahidi) ötürülmüşdür. 20.04.2018-ci il tarixli sərəncam ilə Dövlət Xidmətinin əsasında mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılmışdır və Standartlaşırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (152+323 ştat vahidi), o cümlədən onun tabeliyindəki Dövlət Akkreditasiya Xidməti (hazırki Azərbaycan Akkreditasiya Mərkəzi) onun strukturuna daxil edilmişdir. 23.10.2019-cu il tarixli fərman ilə Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (214+105 ştat vahidi) əsasnaməsi 12.05.2020-ci il tarixli fərman ilə təsdiq edilmişdir. Əlavə edilmiş qurumların ştat vahidləri (690) 2 dəfədən də çox azaldılmış Dövlət Xidməti 3-cü kateqoriya dövlət orqanı olaraq fəaliyyət göstərir və əməkdaşları inzibati vəzifələrin 5-ci və 6-cı təsnifatında müəyyən edilmişdir. 13.05.2020-ci il tarixində Sahib Əli oğlu Məmmədov (1 il 7 ay) Dövlət Xidmətinin rəis müavini-rəisi vəzifəsinə təyin edilib. 08.07.2020-ci il tarixindən Dövlət Xidmətinə rəis müavini vəzifəsini icra edən Məmməd Aslan oğlu Abbasbəyli 23.12.2021-ci il tarixindən Dövlət Xidmətinə rəis təyin edilmişdir və hal-hazırda da bu vəzifəni icra etməkdədir.

Satınalmalar üzrə Dövlət Agentliyinin varisi olaraq Dövlət Xidməti daxilində dövlət satınalmalarına nəzarət funksiyasını Dövlət satınalmalarına nəzarət şöbəsi (əvvəlki adı "Dövlət satınalmaları şöbəsi" olub) həyata keçirir. Şöbənin 27 ştat vahidi var və Dövlət Agentliyi ləğv olunduqdan bir müddət sonra, 2016-cı ilin may ayında təyin olunan Bahadır Qasımov 2020-ci ilin iyun ayına qədər (4 il) şöbəyə rəhbərlik edib, həmin tarixdən bu günə qədər isə Əhməd Həsənov rəhbərlik etməkdədir.

Qeyd edək ki, agentlik yaradıldığı dövrdə, əsasən 2 (yekun protokolların məlumat üçün qəbul edilməsi və digər metodların tətbiqinə icazə verilməsi), qismən 4 (satınalmanın ləğv edilməsi, saxtakarlığın təsdiq edilməsi, 20%-dən aşağı təkliflərin kənarlaşdırılması və şikayətlərə baxılması) olmaqla ümumilikdə 6 sahə üzrə müraciətlərə 43 əməkdaş (düzdür bura digər dəstək funksiyalarının da əməkdaşları daxil olub) tərəfindən baxılması qanunda nəzərdə tutulmuşdu. Daha sonrakı dəyişikliklərlə 2 yeni öhdəlik (təcili planlara razılıq verilməsi və iri sahibkarlıq subyektlərinin iştirakı ilə müsabiqələrin keçirilməsinə icazə) də əlavə olunmaqla mövcud qanunla şöbəyə il ərzində 20 mindən çox müraciətə daxil olur. Müsabiqələrin intensivləşdiriyi dönəmlərdə günlük müraciət sayı hətta 130-a qədər qalxır.


Yeni qanunda mövcud öhdəliklərin icrası üçün vaxt məhdudiyyəti tətbiq edilmiş, Qanunun tətbiq dairəsi genişləndirilmişdir (satınalma sayının 20%-ə qədər artması gözlənilir) və aşağıdakı yeni öhdəliklər (faktiki olaraq 5 dəfə, de jure 2 dəfə artıb) əlavə edilmişdir:


Tamamilə yeni

  1. Dəqiqləşmə aparılmış satınalma planına, o cümlədən ehtimal olunan qiymətə nəzarət etmək;

  2. Satınalma müqaviləsinin təqdim olunmuş təklifinə uyğun icra edilməsi ilə yerində tanış olmaq məqsədilə satınalma predmetinə (onun icrasına) baxış keçirmək;

  3. Təchizatçıların etibarsız təchizatçılar reyestrinə daxil edilməsi məsələlərini araşdırmaq və qərar vermək

  4. Satınalma komissiyalarının iclaslarında müşahidəçi qismində iştirak etmək;

  5. Satınalan təşkilatların, satınalma müqavilələrinin və etibarsız təchizatçıların reyestrlərini aparmaq

  6. Satınalma planına daxil edilməyən və təcili tələbat yaranan hər hansı satınalma predmetinin satın alınması müraciətinə baxmaq (ilkin qanunda olmayıb, sonradan əlavə edilib lakin aktiv tətbiq edilməyib)

  7. Yekun protokolun təsdiq olunub-olunmaması haqqında qərar qəbul etmək

  8. 20%-dən aşağı daxil olmaqla bütün hallarda təchizatçıların kənarlaşdırılması qərarına münasibət bildirmək

Müddət müəyyən edilmiş

  1. Satınalmanın ləğv edilməsi haqqında qərar vermək

  2. Satınalma predmeti miqdarının 10% artırıb-azaldılmasına münasibət bildirmək

  3. Digər metodların tətbiqinə icazə (ilkin qanunda müddət olmayıb, daha sonra yeni qanunda nəzərdə tutulan məhdudiyyət əlavə edilib) vermək

27 nəfərlik nəhəng heyət
27 nəfərlik nəhəng heyət

Öz vəzifələrini yerinə yetirmək üçün AİBNDX-nin əsasnaməsində müəyyən edilmiş hüquqlarından biri fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə qeyri-normativ metodiki və təlimat xarakterli göstərişlər, məsləhət və izahlar verməkdir. Müvafiq olaraq şöbədən 22 illik qanuna güc-bəla ilə öyrəşmiş (öyrəşə bilməmiş), əksəriyyətinin əsas ixtisası olmayan, peşəkarlığı aşağı olan satınalan təşkilatın mütəxəssislərinə bu qanunun eləcə də onun əlavələrin (600-700 səhifə olması gözlənilir, İN/AİBNDX tərəfindən hazırlanması üçün NK tərəfindən cəmi 3 ay verilib) öyrədilməsi gözlənilir. Portalın fəaliyyətinin təşkili, idarə olunmasını və inkişafı AİBNDX-a həvalə edildiyindən bütün prosedurların yeni qanuna uyğun elektronlaşdırmasının da Dövlət Xidməti tərəfindən icra edilməsi nəzərdə tutulub.


Qeyd edək ki, Gürcüstan, Türkiyə kimi qonşu ölkələr daxil olmaqla əksər ölkələrdə bu tip nəzarət orqanları müstəqil olaraq formalaşdırılıb və işçi heyəti kifayət qədər çox olur.


Düzəliş

Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2024-cü il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılaraq 3-cü kateqoriya dövlət orqanı statusunda 2-ci kateqoriya dövlət orqanı statusuna yüksəldilmiş və dövlət xidmətinin bütün səlahiyyətləri yeni agentliyə ötürülmüşdür.

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page