Daha əvvəl məlumat verdiyim kimi 18-20 oktyabr 2023-cü il tarixində Gürcüstanın Tiflis şəhərində Asiya İnkişaf Bankı və Gürcüstanın Dövlət Satınalmaları Agentliyinin təşkilatçılığı ilə baş tutan Asiya-Sakit Okean Elektron Dövlət Satınalmaları Şəbəkəsinin 9-cu Konfransı (9th conference of the Asia Pacific Public Electronic Procurement Network - ə-Government Procurement Conference co-organized by Asian Development Bank (ADB) and State Procurement Agency of Georgia) tədbirində iştirak etmişdim.
Bu tədbir satınalma sahəsi üzrə indiyə qədər iştirak etdiyim və ən faydalı hesab etdiyim ikinci belə tədbir idi (daha əvvəl 13-14 iyun tarixlərində tərəfindən Notinqhem Universitetində 11-cisi təşkil edilən Dövlət satınalmaları: Qlobal İnqilab XI tədbirində iştirak etmişdim). Tədbir zamanı əsasən Asiya ölkələrinin dövlət satınalmaları üzrə məsul vəzifəli şəxslərinin, eləcə də bu sahədə beynəlxalq nüfuzlu akademiklər və ekspertlərin dövlət satınalmalarında müasir trendlər, yaxşı praktikalar, çətinliklər və digər bənzər mövzularda maraqlı çıxışları oldu. Həmin tədbirdə öyrəndiklərimi paylaşdığım kimi bu tədbirdə də maraqlı hesab etdiyim məlumatları paylaşmaq qərarına gəldim.
Hindistanın tətbiq etdiyi GeM (elektron bazar) sistemi vasitəsilə müsabiqə keçirmədən birbaşa istehsalçılar tərəfindən sistemə yüklənən kataloqlar ilə Amazon, Trendyol, Aliexpress vebsaytlarından alış-veriş edirmiş kimi satınalma edib ehtiyaca uyğun malları və xidmətləri birbaşa (300$ qədər) və ya avtomatik müqayisə ilə müsabiqə əsasında (6000$ dollara qədər) almaq mümkündür
Bu sistemdə seçilmiş parametrlər üzrə bənzər malları və xidmətləri, eləcə də daha aşağı parametr ilə daha sərfəli məhsulları görmək olur
Təchizatçıların riskliliyinə görə (az aktiv olanlar, təchiz etdiyi malların tələblərə uyğun olmayanlar, bazardan yüksək qiymət təklif edənlər və digər faktorlara) satınalana xəbərdarlıq edilir
Burada satınalma keçiriləndə qalibə ödəniləcək məbləğ satınalanın hesabında bloklanır və müqavilə icra olunduğu təsdiqləndikdən sonra 10-15 gün ərzində təchizatçıya birbaşa ödənilir
Ehtiyacları toplayıb bir satınalan adından almaq və müqavilələri ona tabe təşkilatlar ilə bağlamaq olur
Qeyd olunan limitdən yuxarı satınalmalar ayrı platformada keçirilir, xarici şirkətlər onlayn müraciət etməklə elektron imza əldə edə bilirlər
Hindistanda dövlət satınalmalarının həcmi 600 milyard dollardır və federal ştatların ortaq satınalma siyasəti əsasında hazırlanmış öz qaydaları olsa da məlumatları mərkəzi qaydada toplanır.
Koreyada KONEPS sistemi ilə süni intellekt vasitəsilə alışlar təhlil edilir
Malların kodlaşdırılması (təsnifat) üçün malın şəklinin sistemə yüklənməsi kifayət edir. Bənzər kodlu malların siyahısı və şəkilləri çıxır
Türkiyə ÜDM-nin (90 milyard $) 5%-i dövlət satınalmaları ilə alınır
Elektron satınalma sistemi 2016-da qurulub
Mallarda ehtimal 289000 $, işlərdə 482000$-dən aşağı olanda ancaq yerli təchizatçılar iştirak edə bilir
Xarici təchizatçıların iştirak imkanları məhduddur, Türkiyəyə gəlib müvəqqəti vergi nömrəsi almalıdır (yaxşı praktika olmadığını bildirdilər)
Qanunlarında bir mənbə üçün istisnalar çoxdur
CPV-dən istifadə edirlər ancaq məmnun olmadıqlarını bildirdilər
Qanundan kənar bir mənbələr izlənilə bilinmir (istisnalar tənzimlənmir)
Şikayət – Satınalmalara nəzarət orqanının (Kamu İhale Kurumu) 13 şöbəsindən 4-ü şikayətlərə baxır, hər bir şikayət müvafiq olaraq araşdırıldıqdan sonra rəhbər yanında fəaliyyət göstərən Dövlət Satınalma Şurasına hesabatı göndərilir və yekun qərar orada verilir. Şuranın say tərkibi 9 nəfərdən ibarətdir, nəzarət orqanının rəhbəri həm də Şuraya başçılıq edir. Şuranın üzvləri Maliyyə Nazirliyinin təqdimatı əsasında Nazirlər Kabineti tərəfindən təyin edilir.
Şimali Makedoniya Dünya Bankı ilə birlikdə şübhəli hallar ilə bağlı “qırmızı bayraq” xəbərdarlıq indikatorları formalaşdırıblar (42 indikator) onlar əsasında satınalmalar təhlil edilib illik və yarım illik hesabatlar dərc edilir
Satınalma mütəxəssislərinin bacarıqlarının yoxlanılması və sertifikasiyası üçün ProcureCompEU hesabatı hazırlayıb
Satınalmaçılar böyük məbləğli və kiçik məbləğli satınalmaları icra edənlərə görə sertifikasiya üçün 4 müxtəlif rol (basic, intermediate, advanced, expert) və ona dair tələblər müəyyən edib
Gürcüstanın yeni qanununda satınalmaya cəlb olunan hər kəsin 2027-ci ildən başlayaraq qədər sertifikasiyadan keçməsi, 2029-cu ildən etibarən sertifikatı olmayanların satınalmalara buraxılmaması nəzərdə tutulub. Bundan başqa təchizatçıların da təlimlərə cəlb edilməsi üçün şərait yaradılıb
Açıq müqavilə yanaşmasına görə şəffaflığın ictimai nəzarətin təmin edilə bilməsi üçün müsabiqədən müqavilənin tamamlanmasına qədərki proseslərin üçüncü tərəfin hər hansı xüsusi icazə almadan açıq mənbələrdə maşın oxuya bilən formatda – filter əsasında seçilmiş məlumatların Excel, CSV, XML kimi formatlara eksport edilə bilməsi üçün funksionallıq təmin edilməlidir
Satınalmalarda aztəminatlı sosial qruplara (sağlamlıq qüsuru olan şəxslərin, qadınların idarə etdiyi, dəstəklənə bilən prosesləri olan şirkətlərə), MKO sahibkarlıq subyektlərinə üstünlüyün verilməsi
Tikintilərin daha az enerji sərf ediləcək formada layihələndirilməsi (plazalarda 24 saat havalandırma sistemi işlətməmək, o cümlədən təbii işıqlandırmadan istifadə üçün pəncərələrdən istifadə, günəş işığının birbaşa düşə biləcəyi şəkildə dizayn, istilik izolyasiyası və s.).
Bu yenilikləri oxuduqdan sonra yəqin oxucunun ağlına gələn ilk sual yəqin “Bəs, o əjdahadan bizdə niyə yoxdur?" olacaq))) Bloqumuzda sonuncu paylaşımımızda da qeyd etdiyimiz kimi 22 ildən artıq qüvvədə olan mövcud Qanun ləğv edilərək (qüvvədən düşərək) 01 yanvar 2024-cü il tarixində yeni qanun ilə əvəzlənəcək. Yeni qanun yuxarıda sadalanan problemləri nə 1 gecədə həll edə bilər, nə də bütün yenilikləri 1 gecədə tətbiq edə bilər. O baxımdan yeni qanundan bütün problemlərin həllini gözləmək sadəlövhlük olar ancaq bu o demək deyil ki heç nə dəyişilməyəcək. Yeni qanunun gətirdiyi ən böyük üstünlük bütün prosedurların elektronlaşdırılmasıdır bu isə ən vacib təməldir. Tədbirdə olanda öyrəndiyim və məni ən çox təəccübləndirən məsələlərdən biri regionda ən böyük iqtisadi potensiala malik olan ölkələrdən olan 100 yaşlı Türkiyədə bu proses cəmi 7 il əvvəl başlaması olmuşdu. Qonşu Gürcüstanda isə hardasa 10 ildir bu proses başlayıb və kifayət qədər təkmilləşdiriblər. Azərbaycanda isə ilk elektron satınalma cəmi 4 il əvvəl keçirilməyə başlanılıb. 4 yaşlı sistem üçün əslində kifayət qədər ciddi bir addım olacaq yeni qanun və bir çox yeniliklərin tətbiqinin qarşısını açacaq. Xüsusilə növbəti ildə dünya iqtisadiyyatında ən vacib hesab edilən dəstəklənə bilən satınalma üçün də işlərə başlanılması planlaşdırılır.
Gürcüstanın yeni qanununda olan və Azərbaycanda da ciddi ehtiyac olan satınalan təşkilatlarda satınalma mütəxəssislərinin peşəkarlaşdırılmasıdır. Belə ki yuxarıda da qeyd edildiyi kimi 2029-cu ildən etibarən sertifikatı olmayan satınalma mütəxəssislərinin satınalma keçirməsinə icazə verilməyəcək. Bizdə hələ də bir çox qurumda satınalma ikinci iş kimi ən yaxşı halda mühasiblərə, maliyyəçilərə və s. tapşırılıb ancaq yeni qanunda da artıq bunun qarşısını almaq üçün ilkin tələblər formalaşdırılıb, bu sahənin ayrıca peşə kimi formalaşdırılmasının təməlləri atılıb.
Yeni qanundan özlərinə sərf edən 1-2 cümləni oxuyaraq (=oxumadan) "əşi heç nə dəyişən deyil" yoxdur deyən "ekspertləri" kənara qoysaq kifayət qədər mütərəqqi, yeni imkanların təməlini atan addımlar var. İdealdırmı, əlbəttə ki yox ancaq imkan və şərait yaradılmağa davam edilsə daha da təkmilləşdirərək yuxarıda qeyd edilən yenilikləri Azərbaycanda da görmək inanılmaz gəlsə də mümkün olacaq. Nəticədə Qarabağı da geri alacağımız çoxlarına yuxu kimi gəlirdi ancaq qəhrəmanlarımız sayəsində mümkün oldu!
P.S. Tədbir zamanı istifadə olunan təqdimatların olduğu veb səhifəyə keçid.
Comments