top of page

Dövlət satınalmaları: Qlobal İnqilab XI tədbirinə dair

Updated: Jun 24, 2022


13-14 iyun tarixlərində Dövlət Satınalmalarının Araşdırma Qrupu (Public Procurement Research Group - PPRG) tərəfindən Notinqhem Universitetində 11-cisi təşkil edilən Dövlət satınalmaları: Qlobal İnqilab XI (Public Procurement: Global Revolution XI) tədbirində iştirak etmək üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, əsasən də Dövlət satınalmalarına nəzarət şöbəsinin əməkdaşları (Şöbə rəhbəri - Əhməd Həsənov, Şöbə rəhbərinin müavini - Elşən Həsənov və Dövlət Xidməti rəhbərinin maliyyə və satınalma sahəsində müşaviri Yusif Dadaşzadə) olaraq İngiltərənin Nottinqem şəhərində ezamiyyətdə olduq. Bu barədə ətraflı yazacağımı bildirmişdim, bu da həmin yazı. Bu yazıda tədbirlə bağlı fəaliyyətimiz və tədbirdən maraqlı məqamlarla tanış ola bilərsiniz.


Qeyd edək ki, Qlobal İnqilab konfransları silsiləsi 1997-ci ildə yarandığı gündən dövlət satınalmaları sahəsində vacib yer tutmuşdur. 2019-cu ilin iyun ayında Nottinqemdə keçirilən sonuncu tədbir zaman dünyanın hər yerindən 300-ə yaxın nümayəndə, məruzəçi, dövlət satınalmaları üzrə ekspertlər və istedadlar, o cümlədən dövlət satınalmaları sahəsində çalışan əksər beynəlxalq qurumların nümayəndələri, satınalma üzrə peşəkarlar, hüquqşünaslar və məsləhətçilər, habelə akademiklər bir araya toplanmışdı. 2 ildən bir keçirilən tədbir 2021-ci ildə pandemiya səbəbindən yalnız virtual təşkil edilmişdi.


İlk dəfə iştirak etdiyimiz bu tədbir daha əvvəl qarşıma çıxsa da iştirakımıza əsas təkan verən səbəb tədbirin əsas təşkilatçılarından olan Piter Treptin (Peter Trepte) Asiya İnkişaf Bankının yeni dövlət satınalmaları qanununa dəstək layihəsi çərçivəsində prosesə cəlb edilməsi, bir neçə gün Bakıda müzakirələrdə iştirak etməsi və bu tədbir barədə bizə məlumat verməsi oldu. Tədbirə qeydiyyatdan keçəndə 1 aydan da az vaxt qalmışdı. İngiltərə üçün viza müraciəti edəndə (23 may) isə bu prosesin normalda 4 həftə çəkdiyi ancaq Ukrayna müharibəsi qaçqınlarına dəstək göstərilməsi səbəbindən 6 həftəyə qədər çəkəcəyi bildirilmişdi. Əhməd Həsənovun müraciəti əsasında Xarici İşlər Nazirliyinin dəstəyi ilə 2 həftəyə (6 iyun) vizamız hazır oldu və 1 həftə ərzində digər hazırlıqları tamamlayaraq 10 iyun axşamı Londona ordan isə Nottinqem şəhərinə yola düşdük.


Onu da qeyd edim ki, tədbirdə iştirak ödənişli idi. 1 nəfər üçün 595 GBP, yəni 1230 AZN (1 GBP = 2.1 AZN) idi. Lakin 3 nəfərlik iştirak olduqda bu rəqəm 395 GBP, tədbirdə spiker kimi iştirak edəndə isə 295 GBP olurdu. Piterin tövsiyəsi ilə 1 nəfər spiker kimi digərləri qrup olaraq qeydiyyatdan keçdik. Üstəlik təqaüd proqramına da müraciət edərək spikerin qeydiyyatı üçün təqaüd də aldıq.


Dövlət satınalmaları sahəsində belə bir mötəbər tədbirdə iştirak kifayət qədər maraqlı idi bizim üçün, üstəlik orada çıxış etmək həyəcanımızı daha da artırmışdı. Vaxt az olmasına baxmayaraq qısa müddət ərzində həm təqdimatımızı, həm də çıxışımızı hazırlayıb qeydiyyat zamanı təqdim etdik.


Tədbirə gəlincə 12 iyun axşamı Nottinqem şəhərinə çatan kimi hotelə yerləşib ilkin tanışlıq üçün tədbir öncəsi resepsiyaya yollandıq. Növbəti gün isə rəsmi tədbir başladı. Tədbirin proqramı həddindən artıq zəngin və maraqlı idi. Spikerlərin siyahısında dünyanın dörd bir yanından nüfuzlu ali təhsil müəssisələrinin professorları, PhD tələbələri, UNCITRAL, Dünya Bankı, OECD, EBRD kimi beynəlxalq təşkilatların, o cümlədən xarici ölkələrin dövlət satınalmaları sahəsində məsul dövlət qurumlarının rəsmilərinin olması və şəxsi təcrübələrini paylaşması tədbirə marağı daha da artırmışdı.

grxi-programme-2022
.pdf
Download PDF • 1.48MB

Buna bənzər tədbirlərdə daha əvvəl iştirak etsəm də bu ilk tədbir idi ki, məqsədinə tam uyğun formada təşkil edilmişdi və tədbirin adının haqqını verirdi. 2 gün ərzində açılış ilə birlikdə hər biri 5 ayrı seminardan ibarət olmaqla 4 sessiyada təşkil edilmişdi və kofe-yemək fasilələri ilə səhər saat 9-dan axşam 6-a kimi davam edirdi hər gün.


Mən əsasən dünyada yeni trend olan və bizim qanunvericilikdə nəzərdə tutulmayan, eləcə də bu məsələdə həssaslığıma görə yaşıl və sosial satınalma, eləcə də elektronlaşma ilə bağlı seminarlarda (C1 - Sustainability and Procurement in International, European, and National Systems, D2 - Integrity issues, C3 - Climate change and human rights, D4 - Digitalisation, C5 - Green and social procurement, D6 - Procurement Reform və D7 - International bid protest) iştirak etdim. Seminarlarda səsləndirilən, marağımı çəkən və qeydə aldığım fikirlərin bir neçəsini aşağıda sıralayıram:

  • (Açılış) Şirkətlərin əsl sahiblərinin, yəni benefisial mülkiyyətçilərinin müəyyən edilməsi üçün təşkilatlara dair siyahının hər kəsə açıq formada dərc olunması və mütəmadi yenilənməsi lazımdır. Sadəcə bəyannamə ilə bu məlumatların yoxlanması effektiv olmur.

  • Marjinal qruplara 30%-ə qədər satınalmalarda imtiyaz verilməsi

  • İstismar dövri xərclər (Life cycle costing - LCC) və aşağı karbon emissiyası təklifləri qiymətləndirilərkən nəzərə alınmalıdır. Nümunə üçün orqanik banan tələbi qoymaq yaşıl satınalma prinsipinə uyğundur ancaq o orqanik banan Avropaya Cənubi Amerikadan gətirildiyi zaman aşağı karbon tələbi pozulur.

  • Kovid zamanı göstərdi ki əksər ölkələrin lazımi xəstəxanaları olmadığından xəstəxanalar idman zallarında təşkil edilirdi. Bu da hökumətləri meqa idman tədbirlərinə daha çox üstünlük verdiyini, insanlar üçün bu kimi hallarda zəruri ehtiyacını ödəyəcək tədbirlər görülmədiyini göstərdi.

  • Mikro kiçik sahibkarların (SME) kateqoriyası müəyyən edilərkən adətən işçi sayı, illik dövriyyə və gəlir nəzərə alınır ancaq miqdar ilə yanaşı keyfiyyət faktorları da nəzərə alınmalıdır. Məsələn hansısa iri sahibkar yeni şirkət açanda avtomatik mikro kateqoriyasına düşməməlidir. Yalnız müstəqil qurulan, asılılığı olmayan şirkətlərə bu qayda şamil edilməlidir. Almaniyada SME-lərin payı (sayı?) 99.5, İngiltərədə 99.6 və İsveçdə 99.85% təşkil edir.

  • Mikro kiçik sahibkarların iştirak edə bilməsi üçün bəzi ölkələr layihələrin xırda paketlərə bölünməsi tələbini qoyur bu isə SME-lərə kömək etsə də layihənin idarə olunmasını çətinləşdirir. Məsələn Berlin aeroportunda bu səbəbə görə 200 müqavilə bağlanmışdı və müqavilə 1 il gecikmə ilə tamamlandı.

  • Mikro kiçik sahibkara yoxsa yaşıl satınalma prinsiplərinə üstünlük verilməlidir sualına isə spikerlərdən biri belə cavab verdi ki, iqlim fəlakəti olarsa heç bir sahibkar fəaliyyət göstərə bilməyəcəyi üçün yaşıl satınalma prioritet hesab edilməlidir.

  • Dövlət satınalmalarını təşkil edən hər bir qurumun (bəzi ölkələrdə bu say 30 minə kimi çıxır) hər əməkdaşının peşə səviyyəsinin artırılması yerinə müxtəlif kateqoriyalar üzrə ixtisaslaşmış mərkəzi satınalma agentliklərinin (qida üçün ayrı, təsərrüfat malları üçün ayrı və s.) qurulması daha effektiv olar.

  • ABŞ-da kovid zamanı dövlət satınalması ilə maskaların alınması kifayət qədər vaxt aldığından Rokfeller bunu daha çevik etmək üçün özəl büdcə ayırmışdı

  • Qiymətləndirmə zamanı hər bir satınalma üçün uyğunluq sənədlərini hər dəfə ayrı-ayrı istəmək yerinə eyni sənədin təkrar istifadəsinə icazə vermək

  • Anormal ucuz təkliflərin qiymətləndirilməsi zamanı mütəxəssislər istədikləri zaman yox hər bir belə təklifin aydınlaşdırmasını tələb etməlidir (diskresion olmamalıdır).

  • Satınalma aparan qurumlara diskresion səlahiyyətlərin verilməsi (sərbəst seçim üçün)

  • İqtisadi cəhətdən ən səmərəli (most economically advantageous tender - MEAT) əvəzinə ən səmərəli təklifə (Most Advantageous Tender) keçid. Keyfiyyət faktorlarını, yaşıl iqtisadiyyat tələblərini qiymətləndirə bilmək üçün.

Tədbirin ikinci günü "D6 - Procurement Reform" seminarında bizim çıxışımız planlaşdırılmışdı. Azərbaycanca çıxışlarım olsa da ingiliscə, özü də belə bir auditoriya qarşısında çıxış ilk dəfə olacaqdı. Baxmayaraq ki, ali təhsili də ingiliscə almışdım, hətta bir neçə ay "Work & Travel" proqramı çərçivəsində ABŞ-da yaşayıb-işləmişdim ancaq aktiv istifadə etmədiyim üçün çaşqınlıq filan olmasın deyə çıxışın mətninin əvvəlcədən hazırlayıb Əhməd ilə bölmüşdük. Mövzumuz Azərbaycanda son 2 il ərzində dövlət satınalması sahəsində etdiyimiz reformlar idi. Maraqlısı o idi ki, Azərbaycanı bu sahədə heç kim bilmirdi təbii olaraq. Əsasən Ukraynanın Prozorro platforması və Gürcüstan təcrübəsi bilinirdi. Bu baxımdan maraqlı və real faktlar əsasında təqdimatı qurmağa çalışmışdıq. Elə də oldu. Professorlar, PhD tələbələri bir çox halda çıxışlarını əsasən nəzəri məlumatlar üzərindən qurduğundan bizim çıxış real təcrübə paylaşımı olduğuna görə çox maraqlı gəldi. Çıxışın sonunda bir xeyli suallar da verildi və lazımınca da cavablandırıldı (danışdıqca dil açılırdı). Hətta çıxışımız bitdikdə bir neçə professor, MAPS (The Methodology for Assessing Procurement Systems) sekretarlığının rəhbəri yaxınlaşaraq bizə təqdimatla bağlı fikirlərini və dəstəklərini bildirdilər. Bu hissədə belə bir yadda qalan məqam oldu, Corc Vaşinqton Hüquq üzrə professoru Vilyam Kovaçiç (William Kovacic) ilə müzakirə ona bildirdim ki, belə professorların iştirak etdiyi tədbirdə adam sual verməyə də tərəddüd edir, qayıtdı ki onlara fikir verməyin, onlar təyyarənin necə uçmasından danışırlar siz isə təyyarənin pilotlarısınız :). Bir fikir də səsləndirdi ki çox böyük yük altına girmisiniz güclü maddi və mənəvi dəstək lazımdır, bu olmasa bir müddətdən sonra bu tempi qorumaq mümkün olmayacaq.


Bir sözlə həm tədbir çox yüksək səviyyədə keçirildi, həm mövzular çox maraqlı idi, həm də bizim çıxışımız uğurlu alındı (ulduz çıxışı deyirdilər :) çünki həqiqətən etdiyimiz, etmək istədiyimiz işlərdə dövlət marağından başqa heç bir şəxsi maraq olmayıb, ona görə alnımız açıq və üzümüz ağ idi, komandamız da bu sahədə kifayət qədər peşəkar idi.


Çıxışın tam videosu youtube kanalımıza yerləşdirilib, aşağıdan izləyə bilərsiniz.

Təqdimatın özü və çıxışımızın mətni ilə aşağıda tanış ola bilərsiniz

Competition in Azerbaijan - Institutional Reforms and Improvement Projects
.pdf
Download PDF • 1.42MB
Presentation paper_rev
.pdf
Download PDF • 92KB

Bu səfər ilə bağlı seçdiyim şəkillərə buradan baxa bilərsiniz.


Ümid edirik növbəti illərdə keçiriləcək tədbirlərdə iştirak edib dövlət satınalmaları sahəsində Azərbaycanda başlayan prosesi uğurla tamamlayıb belə tədbirlərdə dünyaya səs sala biləcəyik!


P.S. İngiltərə səfəri ilə bağlı şəxsi müşahidələrimi də LinkedIn profilimdən paylaşacam tezliklə.

bottom of page