Bir neçə gün əvvəl facebook və instagram səhifəmizdə izləyicilərimizə hansı sektor ilə bağlı paylaşımların maraqlı olduğunu soruşmuşduq (yalnız 2 seçim verilmişdi). Xüsusilə instagramda izləyicilərin böyük qismi özəl sektor ilə maraqlandığını bildirdi.
Səhifədə əslində bir çox dəfə vurğulamışıq bunu əslində satınalma özəl, dövlət və ya hansı sahə olmasından asılı olmayaraq əksər əsas satınalma prinsipləri universaldır. Digər tərəfdən özəl sektorda işləyən düşünür ki dövlət sektorundan satınalma ona lazım deyil, bilməsə də olar. Eyni şəkildə dövlət sektorunda işləyənlərin bir çoxu elə düşünür. Ancaq hansı sahədə və sektorda işləməyindən asılı olmayaraq o sahədə peşəkar olmaq istəyirsənsə gərək bu kimi düşüncələrdən uzaq durasan, çalışdığın sahədə hərtərəfli biliklərə yiyələnəsən.
"Dövlət satınalmaları haqqında" mövcud Qanunun vəziyyəti ürəkaçan olmasa da təkmilləşdirmə işləri gedir bu sahədə də. Qanunun bu halı ilə belə bəlkə ölkədəki bir çox özəl təşkilatların satınalma prosedurlarından (o da varsa hələ) qat-qat yaxşıdır.
Bu günlərdə çoxlu müzakirələrə səbəb olan Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 avqust tarixli Fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqi yaradılmışdır. Nizamnaməsində idarəetməsinə verilmiş dövlət şirkətlərinin və müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, onların rəqabət qabiliyyətinin təmin olunması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxs olaraq müəyyən edilmiş AİH-in nizamnaməsinin 3.1.35-ci bəndində bu qurumun da satınalmalarının “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun keçirilməli olduğu qeyd edilmişdir.
Bir çoxları "dövlət ən pis idarəedicidir" tezisinə görə bu addımı müsbət dəyərləndirməmiş, daha əvvəl oxşar təşəbbüslərin uğursuzluğu ilə əlaqələndirmişdir. Üstəlik bu qurumun satınalmalarının dövlət qanunu ilə tənzimlənməsinin onun fəaliyyətini məhdudlaşdıracağı, birbaşa özəlləşdirmənin daha düzgün olacağı fikirləri səsləndirilmişdi.
Bu fikirlərlə müəyyən qədər razılaşmaq olar lakin özəlləşmənin də ideal sonluq kimi görənlərlə də həmfikir deyiləm. Bir tərəfdə "vəhşi kapitalizmin" olduğu "güclülərin ölkəsi" ABŞ, İngiltərə kimi ölkələri digər tərəfdə sosial-demokrat adlandırılan Skandinav ölkələrini müqayisə etdikdə hər halda sosial təminatların az qalsın 0-a yaxın olduğu ABŞ kimi ölkələr əslində göründüyü qədər cəlbedici olmadığı görünür.
Ölkəmizdə dövlətləşmə nisbəti lazımından çoxdur (dövlət taksi biznesinə belə "girişib", az qala "şadlıq evi" sektoruna da girir), özəlləşməyə ehtiyac var bu bir həqiqətdir ancaq bu o demək deyil ki indiki şəraitdə özəlləşmiş təşkilatların vəziyyəti dövlətdəki vəziyyətdən yaxşı olacaq. Üstəlik sosial-işsizlik tərəfi də nəzərə alındıqda bu mərhələdə özəlləşdirmə ciddi narazılıq yarada bilər. Bu kompleks prosesdir hərtərəfli yanaşma tələb edir.
Bütün bunları nəzərə aldıqda yeni yaranmış qurum əslində yaxşı fikirdir, tətbiqi də uğurlu olsa istənilən nəticəyə nail olacaq ümid edirəm. Qurumun satınalmalarının dövlət qanunu ilə tənzimlənməsinə gəldikdə isə bu da çox doğru addımdır, sadəcə mövcud reallıqlara uyğun satınalma qanunu yenilənib qısa müddətdə tətbiqinə başlamaq lazımdır. Düzgün qanun və müvafiq cərimə mexanizmləri insanları tərbiyə edib "satınalma mədəniyyəti"ni formalaşdırmaq üçün çox vacibdir. Azərbaycan hər hansı Avropa ölkəsi deyil ki, deyəsən tam azadlıq verilsə qızıl orta qısa müddətdə tapılıb optimal formada işlər təşkil olunacaq. Düşünürəm bunun kimi dövlət qurumları yaxşı bir qanunla "tərbiyə" edildikdən sonra müəyyən sahələrdə sərbəstlikləri artırıla bilər ancaq oxşar azadlıqları olan bir çox dövlət müəssisəninin vəziyyətinə baxdıqda bu mərhələdə bu azadlıqlar yumşaq desək arzuolunan deyil. Analogiya ilə yazsaq uşağı tərbiyyə etmədən, təhsil vermədən müəyyən yaşa gəlib özünü dərk etməyə başlamadan ona tam azadlıq verəndə nəticədə azad insan yox nə istədiyini bilməyən, özünü həyatda tapa bilməyən insan ortaya çıxır.
Nəticə etibarı ilə hörmətli satınalma sahəsində çalışanlar, çalışın hansı sektorda olmağınızdan asılı olmayaraq hər iki sektoru öyrənin. Çünki əmin olun xüsusilə dövlət satınalmalarının satınalmaların əksəriyyətini təşkil etdiyi ölkəmizdə dövlət sektorunda kiçik dəyişiklik özəl sektora təsirsiz ötüşmür. Özəl sektorun o qədər təsir imkanları olmasa da iqtisadiyyatın liberallaşması üçün çevik, beynəlxalq və yaxşı təcrübəni özəl sektor da dövlət sektoruna gətirməyə ondan tələb etməyə başlamalıdır.
Comments