top of page

Satınalanların təchizat zəncirinə görə məsuliyyəti

Updated: Apr 12, 2021

Satınalan təşkilatları bir çox hallarda ehtiyacı olan məhsulu minimal qiymətə almaq maraqlandırır və əksər hallarda o qiymətin bazar qiymətindən də aşağı olması daha böyük nailiyyət hesab olunur. Bunun üçün isə necə deyərlər "altda qalanın canı çıxsın", "qoy mən tox olum, özgələr ilə nədi karim" prinsipləri ortaya çıxır. Nəzərə alsaq ki, dünyanın resursları sonsuz deyil bir təşkilat o resursdan nə qədər çox pay alsa başqalarına bir o qədər az pay qalır (bax: merkantalizm). Bəs bu nə mənaya gəlir?


Bu o deməkdir ki, əgər bazar qiyməti (bazarda bu məhsulu REAL təklif edənlərin orta qiyməti) məsələn 10 manat olan bir məhsulu kimsə 2 manata təklif edirsə bu halın baş verməsi üçün bir neçə səbəb ola bilər:

1) təchizatçı həmin məhsulun istehsalını təkmilləşdirmək üçün ciddi investisiya edib (R&D) prosesləri optimallaşdırıb və ya xərcləri aşağı salmaq üçün heç kimin bilmədiyi yeni yollar tapıb (çox çox az ehtimaldır və qiymət bu qədər aşağı düşmür adətən)

2) təchizatçı həmin məhsulları qeyri-qanuni yollarla əldə/təchiz edir və ya belə fəaliyyət göstərən subtəchizatçılarla əməkdaşlıq edir (rəsmi əməkhaqqı ödəmir və ya çox az ödəyir, ekologiya normalarını pozur, müqaviləsiz işçi işlədir, vergi ödəmir, keyfiyyətsiz xammal işlədir, işçiləri lazımi iş şəraiti ilə təmin etmir, uşaq əməyini istismar edir və s.)


Əksər hallarda ucuzluğun səbəbi ikinci olur. Satınalan təşkilat isə bunun fərqində ola-ola bu variantı seçirsə deməli özü də bu prosesin davam etməsinə və daha da pisləşməsinə dəstək verir. Bu kimi eqoistliyin satınalan təşkilata faydası ilk nəticədə çox olsa da 2-ci, 3-cü dolayı nəticələrinin yaratdığı fəsadlar uzun müddətdə vəziyyəti daha da kəskinləşdirir.


Bu cür mənfi praktikadan dünyanın ən gəlirli (482 milyard dollar) və ən çox işçisi (2,2 milyon) olan Walmart şirkəti də çox istifadə edir. ABŞ kimi yüksək standartlara malik ölkədə bu qədər ucuz sata bilməyin yeganə yolu "ən təbii yolu" Çin, Banqladeş kimi aşağı işçi standartları olan ölkələrdən idxal etməkdir. Bu isə o deməkdir ki, bu cür böyük şirkətlər hər bir şeyə sadəcə maddi xərc olaraq baxırlar göstərilən fəaliyyətin çevrəyə əhaliyə (üçüncü tərəflərə, externalities) olan zərərlərin (social cost) nəzərə almırlar. Etik satınalma prinsiplərinə əsasən satınalan təşkilat satınalma etdiyi şirkətlərdə də qanunvericiliyə/normal tələblərə uyğun iş prinsipinin olduğundan əmin olmalıdır. İşçi haqlarının sui-istismar edildiyi, ucuz sata bilmək üçün qeyri-qanuni yolla işçilərdən (əmək müqaviləsi olmadan, vergisi ödənilməyən, "0" sosial təminatlı) istifadə olunduğu şirkətlərlə əməkdaşlıq ən son nəticədə şirkətin adına da ləkə hesab edilir.

Ancaq bu sahədə yaxşı hallar da müşahidə edilir. Belə ki, Oreo, Toblerone və belVita kimi məhşur şirniyyat brendlərinin sahibi olan Mondelēz International Greenpeace International çevrə təşkilatının apardığı kampaniya nəticəsində (Tell Oreo to #DropDirtyPalmOil) 2018-ci ildə palma yağı istehsalı zamanı çevrəyə ciddi ziyan vuran, davamlılıq və şəffaflıq prinsiplərini pozan 12 təchizatçısı ilə əlaqələrini kəsib.


Ölkəmizdə də bu prosesə (ən azından bu sahədə) çox müsbət töhvəsini verən öndəgedən şirkətlərin başında BP şirkəti gəlir (ən azından bir neçə il bundan əvvələ kimi elə idi). Belə ki, BP şirkətinin özündə olan yüksək standartlar onunla əməkdaşlıq edən və ya etmək istəyən şirkətlərdə də həyat şəraitinin kifayət qədər inkişaf etməsinə ciddi təkan vermişdir. Demək olar ki, ölkədə könüllü tibbi sığortanın yayılmasında BP şirkətinin ciddi rolu olmuşdur. Neft sahəsində fəaliyyət göstərən dövlət müəssisələrinə çox yaxşı nümunə olmuşdur.


Nəticə etibarı ilə, satınalan təşkilat nə qədər yüksək etika, korporativ sosial məsuliyyət nümayiş etdirsə bu təşkilatla əməkdaşlıq edən müəssisələrdə də vəziyyət yaxşılaşır. Əksinə hamını ziyana salıb özü qabağa düşmək istəyəndə isə istədiyinə nail olur.

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page