Ötən ilin sonları Facebook, Teleqram, Instagram və Linkedin səhifələrimizdə "Çap işdir, xidmətdir yoxsa maldır?" deyə bir sorğu paylaşmışdıq və bu barədə bloq paylaşımı olacağını qeyd etmişdik, gec də olsa bu da həmin post...
Sorğuya gəlincə əksəriyyət gözlədiyim kimi yanlış cavab vermişdi və bu yanlışın kökünün harda olduğu bəlli idi. Mövcud "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununda bu bir o qədər də əhəmiyyət daşımasa da, 1 yanvardan qüvvəyə minəcək yeni qanunda bunun yanlış tətbiqi ciddi nəticələrə səbəb olacaqdır.
Sualın cavabına keçməzdən əvvəl gəlin bu satınalma predmet kateqoriyalarının fərqli mənbələrdə izahınlarına və təriflərinə baxaq.
Mal nədir?
Dünya Bankı: (goods) Gündəlik tələbat, xammal, texnika, avadanlıq, sənaye qurğuları (çatdırma, sığortalama, quraşdırma, işəsalma, təlim və ilkin texniki qulluq xidmətləri daxil olmaqla).
UNCITRAL (1994): (goods) Müəyyən kəmiyyət və keyfiyyət xüsusiyyətlərinə malik olan məhsullar, bərk, maye və ya qaz halında olan məmulatlar, avadanlıqlar, xammal, habelə elektrik enerjisi, həmçinin malların təchizatı üçün zəruri olan lakin dəyəri əsas malların qiymətindən çox olmayan xidmətlər.
Avropa Birliyi: (public supply contracts) Dövlət sifarişi ilə malların təchizatı müqavilələri dedikdə, məhsullarının alınmasını, icarəsini, kirayəsini, alış hüququ olmaqla və ya olmamaqla kreditlə icarəsini ehtiva edən müqavilələr nəzərdə tutulur. Dövlət sifarişi ilə malların təchizatı müqavilələrinə yerləşdirmə və quraşdırılma əməliyyatları da daxil ola bilər.
Mövcud DSQ: Müəyyən kəmiyyət və keyfiyyət xüsusiyyətlərinə malik olan məhsullar, bərk, maye və ya qaz halında olan məmulatlar, avadanlıqlar, xammal, habelə elektrik enerjisi
Yeni DSQ: satış, mübadilə və dövriyyənin digər formaları üçün nəzərdə tutulmuş hər hansı maddi və ya qeyri-maddi əmlak.
İş nədir?
Dünya Bankı: (works) Tikinti (infrastruktur), təmir, bərpa, söküntü, yenidənqurma, tikinti konstruksiyalarının cari qulluq (çatdırma, sığortalama, quraşdırma, işəsalma və təlim xidmətləri daxil olmaqla).
UNCITRAL (1994): (construction - tikinti) Bütün tikinti, yenidənqurma, söküntü, eləcə də sahənin hazırlanması, qazıntı, ucaltma, tikmə, avadanlıqların və materialların quraşdırılması, bəzək və tamamlama işləri daxil olmaqla bina-konstruksiyaların təmir və ya bərpası, həmçinin tikinti üçün zəruri qazma, xəritəçəkmə, peykdən çəkiliş, seysmik tədqiqat və digər oxşar işlər.
Avropa Birliyi: (public works contracts) İşlərin satın alınması müqavilələri aşağıdakı müqavilələr aid edilir: (a) Satınalmalar direktivinin II Əlavəsində istinad edilən fəaliyyətlərdən biri (Common Procurement Vocabulary - Ümumi Satınalma Lüğəti təsnifatında "Tikinti işləri" (45000000-7) başlıqlı ayrıca hissə var) ilə əlaqədar işlərin görülməsi və ya layihələndirilməsi və görülməsi, (b) işin növü və layihəsi üzərində həlledici təsirə malik satınalan təşkilat tərəfindən müəyyən edilmiş tələblərə uyğun olaraq işlərin görülməsi. "iş" tikinti və ya inşaat-mühəndis işlərinin ayrıca iqtisadi və texniki funksiya kimi çıxış edə biləcək nəticələrdir.
Mövcud DSQ: binanın, qurğunun və ya obyektin layihələşdirilməsi, tikintisi, yenidən qurulması, sökülməsi, təmiri, o cümlədən tikinti meydançasının hazırlanması, avadanlığın qurulması, inşaat, quraşdırma, tamamlama və ya torpaq işləri, habelə bunlarla əlaqədar qazma, geodeziya, elmi-konstruktor, geoloji-kəşfiyyat, peykdən çəkiliş, nəşr və çap işləri, seysmik tədqiqat və satınalma müqaviləsinə əsasən digər işlər;
Yeni DSQ: tikinti obyektlərinin tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) və ya sökülməsi, habelə bunlarla əlaqədar qazma, geodeziya, elmi-konstruktor, geoloji-kəşfiyyat, peykdən çəkiliş və seysmik tədqiqatlar;
Xidmət nədir?
Dünya Bankı:
Məsləhət xidmətləri (consulting services): Məsləhətçilər (consultant) tərəfindən təmin edilən tövsiyə xarakterli və ya professional/peşəkar xidmətlər. Məsləhətçilər dəyər qatmaq (obyektiv tövsiyə, texnologiya/nou-hau transferi, təlim və s.) üçün mütəxəssislərin vaxtını satır.
Qeyri-məsləhət xidmətləri (non-consulting services): asanlıqla müəyyənləşdirilən, ardıcıl şəkildə tətbiq edilə bilinən, eləcə də ölçülə bilən nəticələri olan fəaliyyət göstəricilərinə görə seçilir
UNCITRAL (1994) / Mövcud DSQ / Yeni DSQ: mallardan və işlərdən başqa, hər hansı digər satınalma predmeti
Avropa birliyi: (public service contracts) işlərdən başqa xidmətlərin göstərilməsi məqsədi daşıyan müqavilələr.
Əlavə olaraq SIGMA təşkilatının azərbaycanca 2011-ci ildə yayılanmış "Satınalmalar haqqında direktivlər hansı müqavilələri əhatə edir?" (ingiliscə versiyası da var, 2016) başlıqlı xülasəsində də bu barədə məlumat əldə edə bilərsiniz.
Təhlil
Yuxarıdakı tərifləri diqqətlə oxusanız əslində bir çox məqam aydın olur. Kilid məqam burasındadır ki, iş anlayışı yalnız və yalnız tikinti işlərini əhatə edir. UNCITRAL-da da bu söz "tikinti" olaraq istifadə edilib (2011-ci il versiyasından bütün bu anlayışlar çıxarılıb). Mövcud qanunda verilən iş anlayışı bir çoxlarını çaşdırır əslində. Layihələndirmə və çap da iş anlayışına daxil edilsə də diqqətdən qaçan məsələ odur ki, bu 2 predmet tikinti ilə birlikdə alındıqda iş kateqoriyasına düşür, əks təqdirdə layihələndirmə xidmət, çap isə MALDIR! Təəccübləndiniz elə?! :) İş olmadığı yəqin aydındır, "Niyə mal?" sualının cavabı UNCITRAL-ın mal anlayışında (altından xətt çəkilib) var. Loru dildə izah etsək çap predmeti alınarkən nəticədə kağız və üzərində mürəkkəb olan bir məhsul alınır. Əgər kağızı və mürəkkəbi özünüz təmin edib kiminsə kompüterdən nəyisə çap edib onu aparatdan götürüb sizə təhvil verilməsini istəsəniz bu çap xidməti olacaq. Eyni qaydada kartriclərin dolumu da maldır.
İşlərlə bağlı digər maraqlı nüans ondan ibarətdir ki, iş əslində özü də bir xidmətdir sadəcə burda mallar və xidmətlər nisbəti demək olar bir-birinə bərabər olur. Ümumiyyətlə xidmətlər üçün ən vacib ayırdedici xüsusiyyət odur ki, xidmətlər alınarkən bu xidmətləri göstərəcək adamlar (məsləhət xidmətində konkret şəxslər) daha çox əhəmiyyət daşıdığı üçün şərtlər toplusunda tələblər bu adamların uyğunluğunu müəyyən etmək istiqamətində olur, mallarda isə malın hansı adamlar tərəfindən hazırlanması yox hazır malın, məhsulun özü əhəmiyyət daşıyır və buna görə tələblər formalaşdırılır.
Qeyd edim ki, Dünya Bankı xidmətin özün də 2 yerə ayırıb. Əksər hallarda, xüsusilə dövlət satınalmalarında qeyri-məsləhət xidmətləri alınır. Bunlara nümunə təmizlik, təmir, daşınma və s. Burada maraqlı nüans odur ki, malın anlayışında da vurğulandığı kimi mallara xidmətlər də daxil ola bilər, əgər malların dəyəri xidmətlərdən çoxdursa bu mal, əks təqdirdə xidmət hesab olunur.
YENİ Satınalma predmetinin xüsusilə mal və ya xidmət kateqoriyalarında hansında düşdüyü müəyyənləşdirmək üçün malın və ya xidmətin ümumi qiymətdə payından başqa digər vacib meyar satınalma məqsədidir. Nümunə ilə izah etsək, satınalma predmeti avtomobil təmiri olanda burada malların (ehtiyat hissələrin və ya sərf materiallarının) dəyəri xidmətin dəyərindən çox olmasına baxmayaraq məqsəd ehtiyat hissəsi almaq yox maşını təmir etdirmək olanda təmir xidmət olduğu üçün satınalma kateqoriyası xidmət olaraq müəyyən edilir.
Satınalma predmeti kateqoriyalarının əhəmiyyəti nədir?
Mövcud qanuna görə heç bir əhəmiyyəti yoxdur ancaq yeni qanuna görə şərtlər toplusu və müqavilə nümunələri satınalma predmeti kateqoriyalarına görə seçilməli olduğundan bu kateqoriya düzgün müəyyən edilməlidir.
Aşağıdakı cədvəldən şərtlər toplusu nümunələrində qiymətləndirmə meyarlarının satınalma predmeti kateqoriyalarına görə fərqlilikləri görə bilərsiniz
Müvafiq olaraq əgər kotirovka sorğusu ilə mallar alınacaqsa o zaman qiymətləndirmə meyarlarında xüsusi tələblərdən heç birində istifadə edə bilməzsiniz. Tender ilə iş alsanız isə əksinə bütün xüsusi tələblərdən istifadə etməli olacaqsınız.
Müqaviləyə gəlincə isə mövcud qanunda mal, iş və xidmət üçün cəmi 1 nümunə vardı, belə olduğuna görə isə istifadəçi müxtəlif satınalma predmeti kateqoriyalarına görə əlaqəsiz maddələri çıxarmalı və ya əlavə etməli olurdu. Yeni qanunda isə hər kateqoriya üçün ayrıca forma müəyyən edilib.
Nəticə etibarı ilə satınalma predmeti kateqoriyasına görə şərtlər toplusunda qiymətləndirmə meyarlarını, müqavilədə isə müqavilə şərtləri dəyişəcəyindən seçim zamanı diqqətli olmaq tələb olunur.
Satınalma predmetinin bölgüsünün nümunələri
MAL | İŞ | XİDMƏT |
Çap/mətbəə məhsulları | Qazıntı | Dizayn |
Təmir-tikinti mal-materialları | Obyektin tikintisi, təmiri | Layihələndirmə (layihə-smeta sənədlərinin hazırlanması) |
Kartricin doldurulması | Bəzək-tamamlama | Printerlərə texniki xidmət |
Dövri mətbuat | Torpaq / hamarlama işləri | Audit |
Yanğınsöndürmə balonlarının doldurulması | Söküntü | Nəqliyyat, daşıma (aviabilet) |
Ehtiyat hissələrinin alınması və quraşdırılması | Kommunikasiya xətlərinin çəkilişi | Texnika və avadanlıqların təmiri (diaqnostika, motorun yuyulması, balanslaşdırma və s.) |
Avadanlıqların alınması və quraşdırılması | Fasad boyama | Avadanlıqların quraşdırılması |
Yanacaq | Binanın əsaslı/cari təmiri | Sığorta |
Yumşaq inventar | Boru çəkilməsi | Mühafizə |
Dərman vasitələri | Yol çəkilməsi, təmiri | Tibbi müayinə |
Tədbirlərin keçirilməsi üçün malların alıması | Dəmir-beton işləri | Tədbirin keçirilməsi |
Təmizlik ləvazimatları | Tikinti sahəsinin hazırlanması və təmizlənməsi | Təmizlik |
Proqram təminatı-lisenziya (məsələn 1C) | Fasad işləri | Tələbə uyğun proqramın yazılması |
Ağac kolları, ot örtüyü | Yaşıllaşdırma, abadlaşdırma | Bağçılıq (ağaclara qulluq, budma) |
İcarə | ||
Kuryer/poçt | ||
Təlimin keçirilməsi | ||
Əgər yuxarıdakı siyahıda olmayan hər hansı predmetin hansı kateqoriyaya düşməsinə qərar verməkdə çətinlik çəkirsinizsə bu məqalənin şərh bölməsində həmin predmeti yazaraq bizə bildirdiyiniz halda biz onu müvafiq kateqoriyaya daxil edəcəyik.
salam.avadanlıqların təmiri hansı kateqoriyaya aitdir mal,xidmət yoxsa iş,
salam,
Satınalma predmetinin bölgüsündə dezinfeksiya və dezinseksiya xidmət sayılır?