top of page

Əyani, Zoom yoxsa Udemy təlimi?

Updated: Mar 28, 2023

Biznes təlimləri həm şəxslərin fərdi inkişafı, həm də müxtəlif səviyyələrdə olan şirkət işçilərinin öz bilik və bacarıqlarını inkişaf etdirərək biznesin böyüməsinə töhvə verməsi baxımından vacib faktor hesab edilir. Bu təlimlər müxtəlif kateqoriyada çalışan həm rəhbər şəxslər, həm də sıravi işçilər üçün fərqli formatlarda təşkil edilir.


Pandemiyadan əvvəl ən yayğın olan təlim növü yerli və ya xarici əyani təlimlər olsa da pandemiyadan sonra bazarda xeyli müddət mövcud olmasına baxmayaraq Zoom (2012), Microsoft Teams (2017) - Skype (2003), Google Meet (2017), Cisco Webex (1995) kimi videokonfrans, telekonferans proqramları biznes görüşlərindən başqa həm də təlimlər üçün geniş istifadə olunmağa başladı. İstifadəsi artdıqca təlimlər və seminarlar üçün özəl funksiyalar əlavə edilməyə başlanıldı.


Canlı vebinarların, o cümlədən xüsusilə ödənişsiz təlimlərin keçirilməsi sahəsində Facebook Live, Youtube eləcə də yaxın vaxtlarda bu sıraya qoşulan LinkedIn Live veb xidmətlərini də qeyd etmək lazımdır.


Onlayn təlimlərin digər ixtisaslaşmış növü isə sərbəst və öz-özünə təhsil almaq alternativi olan Khan Academy (2008), Udacity (2012), Coursera (2012), Udemy (2010), EdX (2012) kimi kütləvi açıq onlayn kurslardır (massive open online courses - MOOC).


Hər bir təlim formatının özünəməxsus üstünlükləri və çətinlikləri var və onlardan bir neçəsini aşağıda sıralamışam:

Xüsusiyyət

Əyani

Veb konfrans

Onlayn kurs

İnteraktivlik

Yüksək (Canlı müzakirə, sualların dərhal cavablandırılması, interaktiv oyunların təşkili, şəbəkələşmə üçün əlverişlidir)

Orta (Canlı və ya çat vasitəsilə müzakirə, sualların dərhal cavablandırılması)

Aşağı (Ancaq onlayn çat vasitəsilə suallar cavablandırıla bilinir, orta-yüksək səviyyədə öz-özünə təhsil bacarığı tələb olunur)

Anlaşılmayan və ya unudulan yerləri təkrarlamaq

Ancaq paylaşılan təqdimatlar və dərs zamanı qeydlər aparılıbsa onlar üzərindən

Əsasən qeydlər üzərindən və əgər dərslər qeydə alınıbsa (əksər hallarda paylaşılmır) onları təkrar izləməklə

İstənilən qədər anlaşılmayan məqamlara təkrar baxmaq olur

Qrafik

Yalnız müəyyən edilmiş vaxtlarda iştirak. Müxtəlif obyektiv və subyektiv səbəbdən qoşula bilinmədikdə dərs buraxılır, təkrar izləmək imkanı olmur.

Yalnız müəyyən edilmiş vaxtlarda iştirak. Müxtəlif obyektiv və subyektiv səbəbdən qoşula bilinmədikdə dərs buraxılır, təkrar izləmək imkanı olmur.

İstənilən zaman nə vaxt imkan oldu qoşulmaq və harda qalsan ordan davam etmək imkanı

Yer

Yalnız təyin olunan məkanda

İstənilən yerdən qoşulmaq imkanı

İstənilən yerdən qoşulmaq imkanı

Texniki problemlər

Orta (tez bir zamanda həll edilə bilinir təqdimat vasitələrində problem çıxdıqda)

Yüksək (aparıcıda və ya iştirakçılarda internet ilə bağlı problem olduqda ciddi gecikmələr hətta görüşün ləğv edilməsi)

Aşağı (veb serverlə bağlı problem olduqda belə daha sonra qoşulub izləmək imkanı, məlumat itmir)

İştirak haqqı

Yüksək (xüsusilə xaricdə olduqda ciddi vəsait tələb olunur)

Orta

Aşağı

Təlimçi

Eyni vaxtda yalnız bir təlimdə iştirak edə bilir, tələbat çox olduqda iştirakçılar gözləməli olurlar

Eyni vaxtda yalnız bir təlimdə iştirak edə bilir, tələbat çox olduqda iştirakçılar gözləməli olurlar

Təlim materiallarının ilkin hazırlığı əsas vaxt alsa da sonrakı mərhələlərdə əlavə vaxt sərf etməyə ehtiyac qalmır

Məlumatların yenilənməsi

Təlim bitdikdən sonra mümkün deyil

Təlim bitdikdən sonra mümkün deyil

Tədris edilən mövzu ilə bağlı dəyişiklik olduqda əlavə edilə və ya mövcud material dəyişdirilə bilər

Təlimçinin və təlimin keyfiyyətinin qiymətləndirilməsi

Ümumi səviyyədə referans ilə məlumat əldə etmək olur. Məlumatların obyektivliyi hər zaman etibarlı olmur. Əsasən təlim zamanı bəlli olur.

Ümumi səviyyədə referans ilə məlumat əldə etmək olur. Məlumatların obyektivliyi hər zaman etibarlı olmur. Əsasən təlim zamanı bəlli olur.

Son istifadəçilər, təlim iştirakçıları açıq şəkildə təlimi və təlimçinin obyektiv qiymətləndirir və digərləri ilə açıq şəkildə paylaşır. Təlimdən hissələrlə əvvəldən tanış olmaq imkanı var.

Bundan başqa xüsusilə 2022-ci ilin sonu əyani təşkil etdiyim "Dövlət satınalmalarının təşkili (geniş)" təlimindən sonra aşağıdakı səbəblərdən bir müddət açıq iştiraklı əyani təlimlərə fasilə vermək qərarına gəldim:

  1. Bir çox iştirakçı təlimə işdən sonra qoşula bildiyi üçün iş sonrası yorğunluğa görə qavrama keyfiyyəti aşağı düşür. Üstəlik tıxaclı Bakı şəhərində iştirakçıların təlim ünvanına çatması üçün kifayət qədər vaxtı yolda itir, tıxac-stress yorğunluğu daha da artırır;

  2. Xüsusilə təlim materialı çox və müddəti qısa olanda həftədə ən az 2-3 dəfə, günlük 2-3 saat vaxt sərf etməli olursan, hətta bəzən dərslərin biri həftəsonuna düşür bu istirahət müddətini daha da azaldır və növbəti iş gününə yorğun başlamağına səbəb olur. Həmçinin digər şəxsi işlərə, ailər ilə birlikdə vaxt keçirməyə da daha az vaxt qalır.

  3. Açıq iştiraklı təlimlərdə təəssüf ki iştirakçıları mövcud bilik və bacarıqlarına görə filtr edib qruplaşdırmaq imkanı olmadığından təlimdə iştirak edən kontingent arasında kəskin təcrübə fərqləri olan zaman az təcrübəli iştirakçıların çox bəsit suallar verməsi daha təcrübəli iştirakçıları qıcıqlandırır

  4. İştirakçıların sualları bir çox halda təlim mövzularını qabaqlayır və təlimin strukturu pozulur. Hər nə qədər növbəti mövzuda sualın əhatə edildiyini bildirsən də həm iştirakçı sualı yadından çıxaracağını düşünür, həm də o vaxta kimi gözləmək istəmir

  5. Yuxarıda qeyd edilən səbəblərdən təlim müddətini planlamaq çətinləşir, nəzərdə tutulan müddətdən kəskin artış olur. Belə də olduqda bir çox iştirakçı təlim müddəti bitən kimi ayrılmalı olduğundan qrafikdən kənar müddətdə olan dərslərə qoşula bilmir

  6. Təbii olaraq iştirakçıların hamısı bütün dərslərdə iştirak edə bilmir və növbəti dərsə qoşulanda iştirak etmədiyi dərslə bağlı sual olduqda təkrar eyni şeyi izah etməli olursan (düzdür mən dərslərdə videoqeydiyyat apardığım üçün sonrada 3 dərsə kimi iştirakçılara paylaşırdım ancaq yenə də onu belə hər kəs dinləyə bilmir sonradan tam olaraq).

  7. Eyni vaxtda 1 təlimdə ortalama 10-15, maksimum 20 nəfərə qədər iştirakçı ilə normal təlim təşkil etmək olur. Artıq adam olduqda həmin sessiyada iştirak edə bilmir, növbəti təlimin vaxtı isə iştirakçıya uyğun olmaya bilir.


Yuxarıda qeyd olunanlara baxdıqda əgər təlim iştirakçısı özü vaxtını planlamaqla sərbəst hazırlaşa bilirsə kütləvi onlayn açıq kursları ən əlverişli təlim-tədris alternativi hesab etmək olar. Düzdür özü öyrənmək tempi, həvəsi olmayanlar, məcburiyyət hissini yaşamadan, başının üstündə məllim olmadan nəsə öyrənə bilməyənlər üçün çətin görünə bilər ancaq öyrənmək bir disiplin tələb edir, o olmayandan sonra başının üstündə 50 adam da olsa sadəcə cismin təlimdə olur, nəticə isə olmur...


Elə bu səbəbdən tərəfimizdən təqdim edilən aşağıdakı təlimlər bu kateqoriyada ən populyar olan və təlim-tədris üçün qabaqcıl imkanlara malik Udemy portalı vasitəsilə sizlərə təqdim olunur.

Qeyd edək ki, satınalma sahəsində bu tip kurslar Azərbaycanda ilk dəfə belə platformalar vasitəsilə təqdim edilir və alternativi yoxdur.

Bu günə qədər (28.03.22) bu təlimlərdə 318 tələbə iştirak edib.

Üstəlik sonuncu təlim ilə bağlı paylaşımda da qeyd etdiyimiz kimi bu təlimdə əvvəlki Udemy təlimlərinə əlavə olaraq offlayn təlimlərin əskikliyi olan interaktivliyi artırmaq məqsədilə maraqlı olan iştirakçılar üçün sual-cavab sessiyası və öyrənilən biliklərin qiymətləndirilməsi üçün imtahan sessiyası da əlavə edilib.


Öyrənmək həvəsiniz heç vaxt sönməsin! İştirakçılara uğurlar!

bottom of page