Ən son dəyişikliklər edilmiş qüvvədə olan "Dövlət satınalmaları" haqqında Azərbaycan Respublikasının Qanununun və əlaqədar qanunvericilik sənədlərinin beynəlxalq praktika, qanunvericilikdə gözlənilən yeniliklərlə birlikdə və Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənovun iştirakı ilə A-dan Z-yə ətraflı izah edildiyi oktyabrın 1-i start götürən Dövlət satınalmalarının təşkili (geniş) təliminin 2022-ci il üzrə sonuncu sessiyası 12 noyabrda yekunlaşdı!
Qeyd edək ki, bu təlim dövlət satınalmaları sahəsində çalışan və çalışmaq istəyən mütəxəssislər, eləcə də dövlət satınalmalarında iştirak etməyə maraqlı olan sahibkarların nümayəndələri üçün nəzərdə tutulmuş, eyni zamanda əyani və onlayn təşkil edilən dövlət satınalmaları sahəsində təlimin III sessiyası idi. Bundan əvvəl 6 aprel-14 may tarixlərində 25 saatlıq I sessiya və 27 iyul-15 avqust tarixlərində sadəcə Qanunvericiliyin izah edildiyi qısa formatda 15 saatlıq II sessiya keçirilmişdi.
Müxtəlif dövlət təşkilatlarının (Dövlət Statistika Komitəsi, Heydər Əliyev Mərkəzi, DOST Agentliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Fövqəladə Hallar Nazirliyi, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Metrologiya İnstitutu və Dövlət Dəniz və Liman Agentliyi) satınalma mütəxəssisləri, eləcə də dövlət satınalmalarında iştirak edən təchizatçıların ("Azedunet" MMC, "Tuna" QSC, Femida vəkil bürosu, "Aspiration" MMC və "Qafqaznet" MMC) nümayəndələrinin iştirakı ilə baş tutan təlimdə həftəiçi ümumilikdə 14 dərs ərzində ən son dəyişikliklər edilmiş qüvvədə olan "Dövlət satınalmaları" haqqında Azərbaycan Respublikasının Qanununun bütün maddələri və əlaqədar qanunvericilik sənədləri beynəlxalq praktika, qanunvericilikdə gözlənilən yeniliklərlə birlikdə 25 mövzu üzrə qruplaşdırılaraq əyani və onlayn formatda izah edildi. Həmçinin dövlət satınalmalarının vahid internet portalının həm satınalan təşkilat, həm də təchizatçı tərəfindən istifadəsi əyani göstərildi.
Sonuncu dərsdə 4 noyabrda keçirilmiş imtahan suallarının cavabları Qanunvericiliyə istinad edilərək izah edildi.
İmtahan
Əvvəldən də bildirildiyi kimi kursun sonunda keçirilən test və sərbəst tipli olmaqla 48 sualdan ibarət əyani imtahan nəticələrinə görə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənov tərəfindən 50+% nəticə göstərənlərə tamamlama sertifikatı, 50%-dən aşağı nəticə göstərənlərə isə iştirak sertifikatı təqdim edildi.
Statistika
Təlimə qoşulan 20 iştirakçıdan (19 əyani və 1 onlayn) 16-ı keçirilən imtahanda iştirak etdi. Onlardan 11-i, yəni 69%-i 50 faizdən yüksək nəticə göstərərək tamamlama sertifikatı əldə edə bildi. İmtahanda orta bal 56 xal olmuşdur.
81% göstərici ilə ən yüksək nəticə göstərən Dövlət Dəniz Limanı Agentliyinin Satınalmalar şöbəsinin müdiri Elçin Ərbəşiyevə "Hər kəs üçün satınalma" və "Təchizat zəncirinin idarə olunmasının əsasları və terminlər lüğəti" kitab dəsti hədiyyə edildi!
Sonda iştirakçıların dövlət satınalmaları ilə bağlı praktiki sualları Əhməd müəllim tərəfindən cavablandırıldı və xatirə şəkli çəkilərək təlim yekunlaşdırıldı.
Məzunlarımız
Təqdim edilən sertifikatların həqiqiliyini yoxlaya bilinməsi üçün bu günə qədər tərəfimizdən keçirilmiş müxtəlif təlimlərdə sertifikat almış iştirakçılar (ad-soyad, sertifikat nömrəsi, təlimin adın və tipi) barədə məlumatlar "Təlim" səhifəmizdə "Məzunlarımız" bölümü yaradılaraq əlavə edilib. İştirakçılardan LinkedIn profili olanların bəzilərinin profilləri ilə adları əlaqələndirilib (hyperlink).
Təlimdən fotolar
Başqa təlim olacaq?
Növbəti təlimlərin gələn ilin əvvəlində (fevral-mart) daha fərqli formatda keçirilməsi planlaşdırılır. Təlim siyahısında olan təlimlərin korporativ müştərilər üçün, hamıya açıq təlimlərin isə daha çox satınalma sahəsində artıq minimal səviyyədə təcrübəsi və nəzəri bilikləri olan şəxslər üçün hər şey daxil qısa 1-2 tam günlük "master-class" formatında keçirilməsi nəzərdə tutulur.
Tərəfimizdən keçirilən digər 6 təlimimiz barədə bu səhifədən məlumat ala, növbəti təlimlər barədə məlumatlanmaq üçün həmin səhifədəki müraciət formunu doldura bilərsiniz. Təlimlər, eləcə də digər məlumat və yeniliklərdən vaxtında xəbərdar olmaq üçün bizi sosial şəbəkə hesablarından izləyə, eyni zamanda abunə ola bilərsiniz!
Comments