top of page
Writer's pictureElşən Həsənov

Doing Business hesabatında dövlət satınalmaları indikatoru

Updated: Jan 29, 2021


"Biznesin əlverişliliyi" hesabatı (Doing Business - DB) bolqar əsilli iqtisadçı olan Simeon Dyankovun (Симеон Дянков) rəhbərlik etdiyi komanda tərəfindən 2003-cü ildə əsası qoyulmuş illik nəşr olunan hesabatdır.


Bu hesabat Dünya Bank Qrupu (World Bank Group - WBG) tərəfindən 2003-cü ildən başlayaraq hər il təkmilləşdirilərək 190 ölkədə biznes tənzimləmələrini ölçmək hədəfi daşıyır.

1 may 2019-cu il tarixinə qədər aparılmış araşdırmaların nəticələrinə dair "Doing Business 2020" hesabatı 24 oktyabr 2019-cu il tarixində dərc edilmişdir.


Qeyd edək ki, hesabat 2020-ci il daxil olmaqla ölkələrin biznes üçün əlverişliliyini aşağıdakı 5 əsas və 11 (+1) alt kateqoriya üzrə dəyərləndirir.

  1. Biznesin açılması (opening a business)

    1. biznesin başladılması (starting a business)

    2. işçilərin işə qəbulu (employing workers)

  2. Yerin götürülməsi (getting a location)

    1. Tikinti icazələrinin alınması (dealing with construction permits)

    2. Elektriyin çəkilməsi (getting electricity)

    3. Əmlakın qeydiyyatı (registering property)

  3. Maliyyəyə çıxış (accessing finance)

    1. Kredit alınması (getting credit)

    2. Kiçik investorların qorunması (protecting minority investors)

  4. Gündəlik əməliyyatlar (dealing with day-to-day operations)

    1. Vergilərin ödənişi (paying taxes)

    2. Sərhəddən kənar ticarət (trading across borders)

    3. Dövlət satınalmaları (tezliklə) - (contracting with the government)

  5. Təhlükəsiz biznes mühitində fəaliyyət (operating in a secure business environment)

    1. Müqavilələrin tətbiqi (enforcing contracts)

    2. Müflisləşmənin həlli (resolving insolvency)

"Doing Business 2020" hesabatında Azərbaycan aşağıdakı göstəricilərinə görə 76.7 xal ilə 34-cü sırada yer alıb.

 

2021-ci ildən etibarən qiymətləndirilən faktorlar siyahısına daha bir indikator "Dövlət satınalmaları" (contracting with government) da əlavə olunacaq. Bu indikatorun qiymətləndirilməsi üçün təqdim edilmiş situasiya analizi (case study) üzrə məsləhətçilər arasında keçirilmiş sorğuların nəticələri artıq dərc olunub.


Bu indikator üzrə hesabatda müxtəlif dövlətlərdə dövlət satınalmalarına dair bir sıra maraqlı faktlar və fikirlər öz əksini tapmışdır:

  • 2007-ci ildə Nigeriya hökuməti tərəfindən 6 il əvvəlki spesifikasiya əsasında bağlanmış müqavilənin icrasında 2009-cu ildə başlanıldığı halda müqavilənin bitməli olduğu 2012-ci ildə layihənin cəmi 8%-i tamamlanmışdır.

  • Dünyada dövlət satınalması ÜDM-nin 10-25%-ini təşkil edir, bu 10 trilyon dollara bərabərdir.İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (The Organisation for Economic Co-operation and Development - OECD) üzv ölkələrdə bu rəqəm 12%, daha aşağı gəlirli ölkələrdə 15% təşkil edir. Bu faiz Finlandiya və Hollandiya 20%, Bəhreyn və Omanda isə 7% olaraq müşahidə edilir.

  • 88 ölkədə 34 min firma arasında keçirilən sorğunun nəticələrinə görə daha şəffaf satınalma qanunları olan iqtisadiyyatlar daha az hallarda və daha kiçik məbləğlərdə dövlət məmurlarına rüşvət verirlər. Rüşvətə (bax: otkat) görə itkilər qlobal satınalma xərcləmələrinin 4-10%-ini təşkil edir. Dünya Bankının yeni tədqiqatına görə dövlət satınalmalarının 20%-i korrupsiyaya görə itirilir.

  • Situasiya analizində tikinti işlərinin əsas seçilmə səbəbi çox yayğın olmasıdır. Dünyada tikinti ÜDM-nin 5-7%-ini (yol tikintisi 2-3.5%) təşkil etməklə 2 trilyon dollarlıq bir sənayedir. Yol və böyük infrastruktur inşası layihələrə ilkin ehtimaldan 20-135% artıq büdcəyə başa gəlir və əksər hallarda planlaşdırılandan daha gec bitir.

 

Məlumat üçün bildirək ki, bu indikator dövlət layihəsinin özəl təşkilat tərəfindən icrası zamanı satınalma prosesinin 5 mərhələdə qiymətləndirir: (1) büdcələmə və ehtiyacın müəyyənləşdirilməsi (budgeting and needs assessment), (2) elan və təkliflərin təqdim edilməsi (advertisement and bid submission), (3) təkliflərin açılması, qiymətləndirmə və müqavilənin imzalanması (bid opening, evaluation and contract signing), (4) müqavilənin idarə olunması (contract management) və (5) ödəniş (payment). Qiymətləndirmə həmçinin dövlət satınalmalarını tənzimləyən qanunvericiliyi nəzərə almışdır.

Sorğuda iştirakçılardan xəyali olaraq ehtimal məbləği 2.5 milyon ABŞ dolları olar 20 km-lik avtomobil yolunun çəkilməsi üzrə tender keçirilməsi ilə bağlı 66 başlıq üzrə suallar soruşularaq tender müddəti dəyərləndirilmiş və belə nəticəyə gəlinmişdir ki, belə tenderlərin Azərbaycanda başlanıb müqavilənin icra olunub tamamlanması 755 gün çəkir! Bu müddətə görə Azərbaycan 199 ölkə içində 120-ci yerə daxil edilmişdir. Qeyd edək ki, bu siyahıda ən yaxşı göstərici 270 gün ilə Cənubi Koreyaya, ən pis göstərici isə 2062 gün ilə Venesuelaya məxsusdur.


Onu da qeyd edək ki, bu müddətlərin hesablanması çox mürəkkəb və maraqlı metodologiya ilə aparılır. Məsələn qanunvericilikdə qiymətləndirilən faktor tənzimlənmədiyi təqdirdə iştirakçıların da cavabları nəzərə alınmaqla 60-180 gün arası maksimal müddətlər təyin edilir. Bəzi hallarda isə qanunun maddələrinin düzgün şərh olunmayaraq yüksək müddətin də qeyd edildiyi müşahidə edilmişdir.


Azərbaycanın bu kimi reytinq sistemlərində sıralamasının təkmilləşdirilməsi üçün 2016-cı ildə yaradılmış Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyası fəaliyyət göstərir və hər il məsul icra orqanların iştirakı ilə müvafiq fəaliyyət planları hazırlanaraq icrasına nəzarət edilir.

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page