top of page

Ümumi satınalma dəyəri


"Bəs demişdin bu bizə 10 min dollara başa gələcək?!"... Satınalma(çı)ya önəm verməyən müəssisələrdə alınan məhsul ilə bağlı əlavə xərc çıxan zaman günahkar axtarışı zamanı (blamegaming) tapılan günah keçisinə (scapegoat) birinci deyilən irad bu olur hər halda. Bəs bu necə baş verir? Çox sadə! Hər hansı mal, iş və ya xidmət alınarkən təkliflərin müqayisəsi zamanı ən ucuz qiyməti görən kimi heç nəyə baxmadan seçim edəndə nəticə belə olur. Bu marketinqçilərin ən çox işlətdiyi məhşur və ənənəvi hiylələrin başında gəlir. Hətta bu hiylənin ən çox işlədiyi məhsul bildiyimiz printerdir. Belə ki, printer istehsalçıları adətən printer qiymətlərini çox vaxt maya dəyərindən də ucuz satıb, itirdiklərini kartric satışları zamanı artıqlaması ilə bərpa edirlər.

Bu vəziyyətin ən kəskin və cəlbedici forması forması isə pulsuz deyə təqdim edilən zaman baş verir. "Havayı pendir tələdə olar" və ya "həqiqət olmayacaq qədər yaxşı" (too good to be true) prinsiplərini unudub pulsuzdur olaraq reklam edilən məhsullara gərək ən azından özünə satınalmaçı deyən şəxslər inanmasınlar.


Satınalma zamanı "Total cost of ownership"i (TCO) hesablamaq çox mürəkkəb prosesdir, xüsusilə kəmiyyət ilə ifadə edilə bilməyən faktorların ilkin satınalma dəyərinə əlavə edilməsi üçün dərin təhlil aparmaq lazımdır.


Gündəlik həyatda da bu problemlərlə tez-tez qarşılaşırıq əslində. Bir neçə gün əvvəl dinləyicilərdən biri Avtostop radio verilişində parklama ilə bağlı şikayət edirdi ki, aldığı mənzilin həyətində parklama yeri yoxdur "məcbur qalıb" dayanmaq-durmaq qadağan olan yerlərdə saxlayırlar. Aparıcı Tural da yaxşı cavab verdi ki, o problemi evi alarkən nəzərə almaq lazım idi. Bu da əslində TCO məsələsidir, belə ki ev alarkən parklanma məsələsini həll etmək üçün qaraj da və ya həyətyanı sahəsi olan ev almaq lazım idi (təbii ki daha yüksək məbləğə), ancaq böyük ehtimal həmin məbləğə qənaət edib "freeriding" deyilən sosial xərc hesabına "qabağa düşməyə" çalışırlar. Bina inşa edənlər də belə zəruri xərclərə qənaət edib mənzil qiymətlərini daha aşağı edə bilirlər. Bir növ alan da razıdır, satan da ancaq parklama probleminin günahını atırlar əlavə yolların dar olmasına, avtobus zolağına və ya dayanma-durma işarələrinin üstünə...


Ona görə istər korporativ, istər şəxsi ehtiyacları ödəmək üçün hər hansı satınalma edərkən gördüyünüz və ya sizə göstərilən hissələrlə kifayətlənmək yerinə bütün potensial maddi və qeyri-maddi (sosial və çevrə) xərcləri nəzərə almaq lazımdır, ucuz qiyməti görən kimi "evrika" deyib "ağına-bozuna" baxmadan özünüzü aldadıb qabağa düşməyə tələsməmək lazımdır.

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page