top of page
Writer's pictureElşən Həsənov

Tender iştirakçıları niyə və necə qiymətləndirilməlidir

Updated: Feb 13, 2021

Birinci ondan başlayaq ki, qiymət faktorunun vacib əhəmiyyət daşıdığı xüsusilə dövlət büdcəsindən və ya xarici borc hesabına maliyyələşdirilən böyük məbləğli işləri icra etmək üçün təchizatçı/podratçının seçilməsi üçün kifayət qədər uzun vaxt alan tender prosesindən istifadə edilir. Bəs qiymətləndirmə niyə aparılır? Çoxları bu prosesi bürokratik əngəl kimi görür ancaq bu proses düzgün aparıldıqda əsas məqsədlər 1) şəffaflığın təmin edilməsi (bərabər imkanlar), 2) ən sərfəli qiymətin müəyyən edilməsi və 3) seçiləcək firmanın bu işi icra edə bilməsinə (texniki və maddi olaraq) əmin olmaq kimi sıralana bilər. Burada "Keyfiyyət-Vaxt-Məbləğ" üçbucağını yada salmaqda fayda var belə ki, hər üç faktorun eyni vaxtda maksimum dəyərini əldə etmək heç vaxt mümkün olmur. Məsələn əgər bir işin çox ucuz olmasını istəyirsənsə mütləq bu prosesin çox vaxt aparacağını nəzərə almalısan və ya əgər bir şeyin çox keyfiyyətli olmasını istəyirsənsə qiymətin yüksək olmasını gözləmək lazımdır. Qısacası almaq istədiyin bir şey eyni vaxtda həm keyfiyyətli, həm ucuz, həm də qısa müddətdə olmasını arzulamaq sadəlövhlükdür. Keçək qiymətləndirmə məsələsinə. Ümumiyyətlə vurğulamaq lazımdır ki, ən müfəssəl qiymətləndirmə metodikası beynəlxalq maliyyə institutları tərəfindən uzun illərin təcrübələrinə istinadən hazırlanmışdır. Bu baxımdan Dünya Bankı və Asiya İnkişaf Bankı xüsusi seçilir. Digər tərəfdən ən böyük məbləğli alışlar xüsusilə tikinti sektorunda olduğu üçün ən geniş və müfəssəl meyarlar tikinti alışları üçün tətbiq edilir. Bütün bu proses aparılarkən isə iştirak edən firmalardan tender təklifinin təminatı tələb edilir Qiymətləndirmə adətən ön (pre-qualification) və tender qiymətləndirməsi (texniki və maliyyə) olaraq iki mərhələdə aparılır, bəzən isə bu mərhələlər birləşdirilir. Detallı qiymətləndirmə mərhələləri və onların aparılma metodikası aşağıdakı kimidir:

1. Uyğunluq: Bu hissədə daha çox iştirakçılar və sifarişçi arasında maraq toqquşması olub-olmaması yoxlanılır – daha çox iştirakçılardan bu kimi halların olmamasını təsdiq edən bəyannamə doldurmaqları tələb olunur. Digər tərəfdən maliyyələşdirmə aparan təşkilatlara görə iştirakçıların təsis olduğu ölkə məhdudlaşmaları, Birləşmiş Millətlərin qadağan olunmuş ölkələr siyahısında olub-olmaması eləcə də digər beynəlxalq banklar tərəfindən qara siyahıya salınmış firma olub olmadığı yoxlanılır.

2. Uğurlu keçmiş fəaliyyət: Burada əsasən iştirak edən firmaların son 3-5 ildə yarım qalan işlərinin olub-olmadığı bəyannamələrə əsasən yoxlanılır (olmamalıdır), əgər mübahisələndirilmiş məhkəmə çəkişməsində olan müqavilələr varsa belə müqavilələr varsa iddia qaldırılmış məbləğlərin podratçının əleyhinə həll ediləcəyi qəbul edilərək firmanın xalis dəyərinin müəyyən hissəsindən artıq olmamasını təsdiqləməlidir. Qeyd edək ki, bu məlumatlar firmanın təmin etməli olduğu maliyyə hesabatları ilə yoxlanılır.

3. Maddi vəziyyət: Ən maraqlı riyazi hesablamaların olduğu bu hissədə firmalardan son 3-5 ilin maliyyə hesabatları tələb olunur. a. Maddi fəaliyyət keçmişi: Burada ilkin minimal tələb xalis dəyərin (net worth) müsbət olmalı olmasıdır. Digər tələb isə firmanın vergidən sonra mənfəətinin (profit after tax) ən azından müsbət olmasıdır. b. İllik dövriyyə: Bu hissədə isə firmanın tələb olunan tender predmetinin dəyəri həcmində maliyyə vəsaitlərini idarə etmə təcrübəsi yoxlanılır. Bunun üçün xüsusi formula tətbiq edilir c. Maliyyə imkanları: Bu hissə bir az daha mürəkkəb riyazi hesablama tələb edir. Bu hissədə tenderi keçirən təşkilat öyrənməyə çalışır ki, əgər qalib firma ilə müqavilə bağlanarsa və bu firmaya ən pis halda 3-4 ay ödəniş edilə bilinmədiyi təqdirdə firmanın imkanları icazə verəcəkmi podratçı işləri dayandırmadan daxili gücü hesabına işləri davam etdirsin. Bəs firmanın bu məbləğdə imkanı olması necə yoxlanılır? Bunun üçün firmanın maliyyə hesabatı təqdim etdiyi son ilin dövriyyə kapitalı hesablanır. Bu rəqəmdən firmanın hal-hazırda davam edən müqavilələri üzrə aylıq öhdəlikləri çıxarılır. Bunun üçün firmadan hal-hazırda davam edən müqavilələri barədə məlumat tələb edilir, burada firma həmin müqavilələrin icra edilməmiş hissələrinin dəyəri və qalan müddəti göstərməklə bu məbləği bu müddətə bölüb bütün müqavilələr üzrə aylıq öhdəliklərinin cəmini qeyd edir. Əgər yekun nəticə tələb olunan məbləğdən azdırsa firmadan əskik olan məbləğ qədər kredit götürə biləcəyinə dair hər hansı bankdan məktub (letter of credit) və (ya) maliyyə hesabatında göstərmədiyi digər maddi resurslarını qeyd edib təqdim etmək tələb edilir.

4. Təcrübə: Bu bölmədə isə firmalardan tələb olunan işin əsas komponentlərinin olduğu son 5-10 ildə (məhdudlaşdırıcı olub iştirak sayısını azaltmaması üçün bu müddətin çox olması tövsiyə olunur) icrası tamamlanmış və ya ən az böyük bir qismi icra edilmiş və tenderin ehtimal qiymətinin ən az 80-90%i həcmində oxşar ən az 1 müqavilə tələb olunur. Tələb olunan işdə təkrarlanan hissələrin çox olduğu halda bu məbləğ azaldıla bilir. Bu məlumatları sübut etmək üçün təsdiqlənmiş müqavilələr, təhvil-təslim aktları və ya davam edən işlərin son forma 2-i (IPC) tələb olunur. Bundan başqa tələb olunun işin əsas komponentləri üzrə firmalardan keçmiş təcrübələrində müəyyən göstəricilərinin olması tələb edilir. Maraqlısı odur ki, yerli praktikada oxşar işlərin sayını bəzən çox şişirdib hətta 10 kimi qaldırırlar və belə olan potensial iştirakçı sayı düşür, rəqabətlilik azalır. Lakin nəzərdən qaçan məqam odur ki, əgər firma 1 oxşar işi tamamlaya bilibsə bunun özü imkan verir ki, firmanın təzə işi də yerinə yetirmə gücündə olmasını təsdiqləsin. Onsuz da istənilən halda lap 10 oxşar işi də görmüş olsa 11-ci işi batırmaq riski var ancaq 15 iş istəməklə bu riski azaltmaq mümkün deyil əksinə belə kəskin tələblər qiyməti kəskin qaldırır.

5. Texniki təklif: Bu hissədə aşağıdakı sənədlərdən bir qismi və ya hamısı tələb edilib tenderin xarakterinə uyğun qoyulmuş tələblər yoxlanılır, firmanın işi başa düşüb-düşmədiyinə baxılır. a. Sahənin təşkil edilməsi planı b. Metodologiya c. Mobilizasiya qrafiki d. İş qrafiki e. İşçi heyət f. Texnikaya

6. Kommersiya təklifi: Yuxarıda qeyd olunan tələblərin hər birinə tam və ya əhəmiyyətli miqyasda cavab verən firmaların qiymət təklifləri müxtəlif meyarlara (riyazi səhvlər, vahid qiymətlər və s.) görə qiymətləndirilir.

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page