top of page
Writer's pictureElşən Həsənov

Təchizatçılarla qarşılıqlı münasibətlər: ƏMƏKDAŞLIQ yoxsa İSTİSMAR?!

Updated: Jan 3, 2021

(Vendor management: Collaborativ or adversarial approach)

Davam etdirilə/dəstəklənə bilən inkişafın təməl prinsiplərindən biri əməkdaşlıqdır çünki ümumi nəticədə resurslar limitli olduğu üçün hər kəsə ehtiyacına uyğun resurs çatması, hər kəsin qazanması (win-win) üçün əməkdaşlıq şərtdir. Əks təqdirdə bir tərəfin ehtiyacından artıq qazanc əldə etməsi üçün (bax: istismar/vəhşi kapitalizm) digər tərəf mütləq uduzmalıdır (win-lose) bu isə yekun nəticədə ilk başda qazanclı çıxan tərəfin də uduzması deməkdir.

Bu prinsipə təchizatçılarla münasibətlər pəncərəsindən baxdıqda da eyni yanaşma olur. Ən neqativ variant olan istismar yanaşmasının (bu sözün hərfi tərcüməsi düşmənçilik/müxaliflik olsa da bu tərcümə istənilən mənanı daha düzgün ifadə edir) tətbiq edilməsi ümumiyyətlə arzuolunan deyil.

Bəs hansı hallarda bu yanaşmadan (yumşaq istismar) istifadə etmək düzgündür? Adətən bazarda tələb olunan məhsulun təchizatçı sayı çox olduqda sifarişçi “əlimi sallasam əllisi” deyib təchizatçılar arası olan yüksək rəqabətdən istifadə edib daha sərfəli qiymət almağa çalışır, hər hansı təchizatçı ilə uzun müddətli münasibətlər qurub yüksək qiymət olduğu təqdirdə əməkdaşlığa görə üstünlük vermirlər, bu da normal prosesdir. Prosesdə anormal olan isə rəqabətin “zibilini çıxarıb” qalib təchizatçının mənfəət əldə etməyəcək səviyyədə, əlverişsiz şərtlərdə işləməyə məcbur edib kəskin istismar etməkdir. Xüsusilə cari pandemiya dövründə sifarişçilər işlərin azlığından istifadə edib bu varianta əl atırlar. Bu yanaşma ilə qısa müddətdə sifarişçi qazanclı çıxsa da uzun müddətdə sifarişçini ilkin qazancından da məhrum edə bilər. Məsələn işlərin icrası zamanı təchizatçı “acığını” müxtəlif yollarla məsələn materialın keyfiyyətini azaltmaqla, işi istənilən keyfiyyətdə icra etməməklə, hər xırda vəziyyətdə sifarişçidən əlavə ödəniş tələb etməklə, ödəniş gecikdiyi təqdirdə işi dayandırmaqla, və s. haqlı olaraq sifarişçidən çıxmağa çalışır. Bundan başqa vəziyyət yaxşılaşandan sonra təchizatçılar da sifarişçini öz qara siyahılarına salırlar (qara siyahı tək sifarişçidə olmur), bu cür sifarişçilərə yüksək qiymətlərlə təkliflər verirlər və ya bəzən ümumiyyətlə işləmək istəmirlər, sifarişçidən əlverişsiz ödəniş şərtləri tələb edirlər (yüksək avans, tez-tez ödəniş), digər təchizatçılarla birləşib sifarişçini istismar etməyə çalışırlar, müxtəlif hiylələrlə sifarişçini aldadırlar, sifarişçinin tələblərində gözdən qaçan hissələri sifarişçiyə əvvəldən bildirməyib işi qazandıqdan sonra əlavə iddialar irəli sürürlər və s.

Sifarişçinin istismar yanaşması xüsusilə alıcılıq imkanları çox olan sifarişçi sayının az olduğu monopsoniya adlandırılan vəziyyətlərdə özünü büruzə verir. Bunun əks tərəfdəki yəni təchizatçının sifarişçiləri istismar etməsi isə monopoliya və ya oliqopoliya deyilən hallarda baş verir. İstənilən halda istismar davam etdirilə bilən inkişaf üçün uzun müddətdə (in the long term) həm təchizatçılara, həm də sifarişçilərə həddindən artıq ziyanlıdır.

P.S. Satınalma sahəsi HR funksiyası ilə çox oxşar olduğundan eyni formada istismar işə qəbul zamanı da baş verir təəssüf ki. Ancaq yuxarıda qeyd etdiyimiz kimi istismar edilən işçi də təchizatçı kimi heç vaxt ona lazım olduğu dəyəri verməyib istismar edənə sadiq olub ona fayda verməyə çalışmaz hətta istəyərək və ya istəmədən ziyan belə verər, ilk fürsətdə isə ona dəyər verən şirkətdə işləməyə çalışar arxasına baxmadan… Ona görə çalışmaq lazımdır hər kəsə hətta layiq olduğundan da bir az artıq dəyər verəsiniz, belə olanda o çalışdığı şirkətə borclu olduğunu hiss edib daima əvəzini artıqlaması ilə verməyə çalışacaq və daha sadiq olacaq.

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page