Müasir dünyada istənilən sahədə olduğu kimi təchizat zənciri sahəsində də düzgün formada kommunikasiya olması əhəmiyyətli faktorlardan biridir. Bu məqalədə də təchizat zəncirində kommunikasiyanın nə dərəcədə əhəmiyyətli olması və idarəedilməsindən bəhs ediləcəkdir.
"Təchizat zəncirində kommunikasiya nədir?" sualına bir çox tərif vermək mümkün olsa da, ən sadə izah ilə belə təqdim etmək olar: "Müəssisə daxilində və ya kənarda həmin müəssisənin əməkdaş(lar)ının da iştirak etdiyi, təchizat zənciri bölməsinə bağlı şifahi və ya yazılı ünsiyyətin olduğu prosesdir." Bu ünsiyyət prosesi müəssisənin təyinatından asılı olaraq təchizat zəncirinə daxil olan satınalma, logistika və anbar fəaliyyət sahələrindən ən çox istifadə edilənə görə də dəyişir. İstənilən halda təchizat zəncirinin yalnız öz zənciri daxilində olmayan kommunikassiyasını nəzərə alaraq əhəmiyyəti və idarəedilməsinə aid əsas amillər iş həyatında olan təcrübələrə əsasən mümkün qədər yığcam formaya salınmış şəkildə aşağıda qeyd edilmişdir. Oxuduqca fərqində olmaq olar ki, yazılanlar tək təchizat zəncirinə deyil, ümumiyyətlə müəssisənin işləmə zəncirinə təsir edən kommunikasiya amillərindəndir.
1. İstənilən halda düzgün olanı bildirmək
Təyin olunmuş hədəfdən kənar ən pis hal baş versə də, maraqlı tərəflər bu haqda mütləq məlumatlandırılmalıdırlar. Gecikdirilmiş və ya ümumiyyətlə bildirilməmiş məlumat müəssisənin yalnız təchizat zəncirinə deyil, ümumi fəaliyyətinə də mənfi təsir edə bilər.
2. Ünsiyyəti rəsmiləşdirmək
İş həyatında elə məqamlar ola bilir ki, yüksək əməkdaşlıq və ya anlaşmaya rəğmən, həmin açar məqamları sadəcə şifahi və ya sosial şəbəkə (whatsapp və s.) ünsiyyətində saxlamaq arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Həmin açar məqamları ən azından emaillə rəsmiləşdirmək idarə etməyi daha asanlaşdıracaqdır. Təchizat zəncirinin kommersiyaya bağlı hissəsi isə rəsmiyyəti daha çox sevir.
3. Balanslı ünsiyyəti qorumaq
Görülən işin həcmindən asılı olmayaraq həmin işə bağlı olan kommunikasiya zamanında və əhəmiyyəti aşağı salınmadan edilməyə çalışmalıdır. İlkin olaraq kiçik həcmli və əhəmiyyəti aşağı kimi bilinən işlərdə kommunikasiyanın yüksək formada aparılmasının gözardı edilməsi fəsadlar yarada bilir. Belə ki, həmin işlərin özü ehtiyac olmadan əhəmiyyətli işlər səviyyəsinə qədər yüksəlir və ilkin olaraq əhəmiyyəti yüksək bilinən işlərin idarə edilməsinə maneəçilik yaradır.
4.Fərqində olduğunu hiss etdirmək
İş mühitində olan həm yazılı, həm də şifahi ünsiyyət zamanı qarşı tərəfdən doğru olduğuna şübhə edilən məqamın qarşı tərəfə dərhal bildirilib sorğulanması əhəmiyyətlidir. Ən azından verilən məlumatı olduğu kimi sadəcə qəbul edərək razılaşmaq kimi bir qayda yoxdur. Satınalmada tələbin formalaşması zamanı xüsusi əhəmiyyəti vardır.
5. Natamam kommunikasiyadan yayınmaq
İşin əlaqələndirici kimi çıxış edilən məqamlarında hər iki tərəfə məlumatın tam ötürülməsi təchizat zəncirində ən əsas kommunikasiya alətlərindən biridir. Məsələn: Tədarükçüyə materialların göndərilməsi bildirilib, anbarın/son istifadəçinin bundan məlumatsız qalması arzuolunan hallardan deyildir. Bu cür halların qarşısını almaq üçün xidmətindən/materialından istifadə olunacaq tərəf və son istifadəçi qarşılıqlı olaraq eyni vaxtda tam məlumatlandırılmalıdır.
Təbii ki, “təchizat zəncirində kommunikasiyanın əhəmiyyəti və idarəedilməsi” yalnız bunlarla yekunlaşmır. Buraya müəssisə əməkdaşının nə qədər sosiallaşa bilmə qabiliyyəti, şirkətin kommunikasiya yaradılmasında istifadə edilən alətlərinin də rolu yüksəkdir. İstənilən halda kommunikasiya pozğunluğu (misscommunication) hallarından uzaq qalmaq kommunikasiyanın faydasını həmişə gətirəcəkdir.
Comments