CIPS imtahanlarına necə hazırlaşmaq olar?

Başlıqdan da göründüyü kimi bu məqalədə sizə CİPS sertifikatının 3-cü səviyyəsini (Advanced certificate) əldə etmək üçün imtahanlara hazırlaşmaq barədə şəxsi təcrübədən formalaşmış məsləhətlərlə tanış olacaqsınız. Qeyd edim ki, məni bu məqaləni yazmaq zərurəti bu səviyyəni tamamlamağım barədə LinkedIn postumdan sonra bir neçə nəfərin mesajla imtahana hazırlaşmaq, dərs vəsaitləri və digər məsələlər barədə məsləhət almaq üçün mənə yazması və ən əsası da bu məsələ ilə bağlı müraciət etdikləri digər şəxslərin onlara cavab yazmaması olmuşdur.

Bu mövzuda daha əvvəl paylaşılan CIPS sertifikatlarını necə almaq olar? məqaləsindən də anlamaq olar ki, Azərbaycan iş həyatında CIPS-dən əldə edilənləri tam tətbiq edə bilmək mühiti hələ də tam formalaşmadığından, həm də 3-cü və daha yuxarı olan səviyyələrdə aşağı-yuxarı demək olar eyni yekun nəticə anlamı verdiyindən, məcbur bilmədiyiniz halda CIPS-də 1 səviyyə (ən azı level 3) almaq da kifayət edir.


Qeyd edək ki, hər səviyyəyə yiyələnmək üçün də modul imtahanlarını vermək tələb olunur və bu imtahanlara hazırlaşarkən aşağıdakı məsləhətləri nəzərə almağınız tövsiyə olunur:

  • İlkin olaraq ətrafınızda uğurla bu imtahanları yekunlaşdırmış şəxslərdən məsləhətlər ala bilərsiniz. Xüsusilə kitab mövzusunda kömək almaqla, imtahanlara olan xərclərinizdə büdcənizə qənaət edəcəksiniz. Google və digər axtarış sistemlərində öz metodunuzla açar sözlərdən istifadə edərək CIPS haqqında müxtəlif mənbələrdən məlumatlar əldə edə bilərsiniz.

  • “Quizlet” adlı mobil tətbiqetmə və ya həmin tətbiqetmənin keçiddəki veb saytından faydalanmaq mümkündür. İstər CIPS, istər PMP və digər məşhur imtahanlar barədə açar sözləri yazmaq kifayətdir ki, bu saytda qarşınıza müxtəlif mövzuda olan konseptlər qarşınıza çıxsın. Məsələn: CIPS Level 3 modul 2 barədə olan əsas yazılara rast gəlmək istəyirsinizsə, L3M2 yazaraq axtarış etməyiniz kifayət edir. Müxtəlif şəxslər tərəfindən yerləşdirilmiş konseptlərdəki qaydaları quiz formatında test də etmək mümkündür. Lakin bu proqrama aludə olacaq səviyyədə köklənməyiniz uyğun görülmür. “Niyə” sualını verdinizsə, məqalənin davamında biləcəksiniz.

  • CIPS kitablarıyla ilkin tanış olarkən çətin gəldiyi halda "Təchizat zəncirinin idarə olunmasının əsasları və terminlər lüğəti" və (ya) "Hər kəs üçün satınalma" kitablarından da faydalana bilərsiniz.

  • CİPS-də üzvlük (membership) etdikdə bəzi funksiyalardan pulsuz şəkildə yararlana bilərsiniz. Qeydiyyatdan keçdiyiniz emailə onlayn imtahanda necə istifadə etməyinizə köməklik edəcək simulyator barədə olan emaillərdən əlavə, üzv olduğunuza görə pulsuz yarana biləcəyiniz vebinarlar barədə də məlumatlar daxil olacaqdır. CIPS üzvlərinə təqdim edilən ən məşhur funksiyalardan biri “Ethics Test” adı ilə tanınan testdir. Testə daxil olduqda 3 hissədən ibarət olan məlumat toplusu qarşınıza çıxacaqdır: Environment, Human Rights & Fraud, Bribery and Corruption. Hər 3-ü üçün maksimum 5 cəhddən ibarət olan testdən uğurla keçdikdən sonra CIPS tərəfindən elektron versiyada 1 il etibarlılıq müddəti olan sertifikat təqdim ediləcəkdir. İmtahanlara hazırlaşarkən paralel olaraq orada oxuyacağınız məlumatlar faydalı olacaqdır və uğurla yekunlaşdırdıqda əldə edəcəyiniz sertifikat da sizə əlavə motivasiya verəcəkdir.

  • CIPS imtahanlarına hazırlaşarkən ən önəmli məqamlardan biri budur ki, oxuduğunuz məlumatları tam mənimsəməlisiniz. Bu qədər vəsaiti əzbərləmək metodundan istifadə etmək demək olar mümkün deyildir, həm də məsləhət deyildir. Məhz buna görə “Quizlet” kimi tətbiqetmələrə aludə olmadan istifadə etməyiniz yuxarıda qeyd edilmişdir, çünki daha çox istifadə etməyinizin əzbərçiliyə gətirib çıxarmaq ehtimalı vardır.

  • Kitabları oxuyub mənimsəyə bilməyiniz üçün ingilis dili biliyi vacibdir. Mənimsədiyiniz mövzular üzrə olan açar sözlərin ingiliscə olan sinonimini də öyərnməyiniz faydalı olacaqdır. Çünki imtahan suallarında adətən kitabda yazılanlar birbaşa düşmür və bəzi sözlər ümumiyyətlə sinonimi ilə əvəzlənir.

  • CIPS kitablarını oxuyarkən daha yaxşı mənimsəməyiniz üçün 1 günə ən çoxu 10 səhifə oxumağınız faydalıdır. Gündəlik olaraq fasiləsiz formada ardıcıl oxumaqla və kitabı bitirdikdən sonra sürətli formada da olsa 2-ci dəfə kitabı oxumağınız tam mənimsəməyinizə şərait yaradacaqdır. Kitabı bitirdikdən sonra keçiddəki Youtube kanalı olan Procurement Study Buddy kanalından hazırlaşdığınız səviyyə (level) və modula uyğun Terri Hudson tərəfindən hazırlanmış, kitabın əsas hissələrindən seçmə yığılan videotəlimatı izləməyiniz tövsiyə olunur.

  • CIPS modul imtahanlarında iştirak etmiş şəxslərdən imtahanlarda olan sualın formatı haqqında soruşsanız, ən çox alacağınız ortaq cavab bu olacaqdır: “Suallar kitabda yazılan kimi tam düşmür. Məzmun eyni olsa da, suallar başqa formatda verilir. Həm də bəzi suallar sanki kitabda yoxdur.” Bu səbəblərdən kitabı tam mənimsəyərək oxumağınız məsləhət görülür, həmçinin hər səviyyə və modula uyğun olaraq saytın özündə olan nümunə test suallarından da yararlanaraq, imtahanlarda düşəcək sualların formatı haqqında özünüzdə təəssürat formalaşdıra bilərsiniz. Hər modul üzrə bu cür testlərin sayı 20 ədəddir, düzgün cavabları qeyd olunur və sualın kitabdan düşən bölməsi də həmin nümunə testlərdə bildirilir. Bir çox CIPS üzvlərinin xəbəri olmadığı bu nümunə testlər hər səviyyə üçün müvafiq keçiddə yerləşir. Örnək olaraq Level 3 üçün olan nümunə suallar keçidi və həmin keçiddən olan ekran şəkili təqdim edilir. Aşağıdakı ekran şəkildən də görmək olar ki, keçidə daxil olduqda sol hissədə müxtəlif bölmələrə daxil olmaqla nümunə suallardan əlavə, statistika, məsləhətlər və s. məlumatlara rast gələ bilərsiniz.

  • İmtahan suallarının formatı barədə olan suallarda alınan ən çox ortaq cavablar arasında, sanki kitabda olmayan sualların olduğu barədə qeyddir. Bu barədə şəxsən CIPS-ə email məktubu da ünvanlamışdım. Bu məlumatı assessment.team@cips.org email ünvanından cavab yazaraq təsdiqləyən CIPS komandası, yuxarıdakı şəkildə olan keçidin Study Resources hissəsindən imtahanda düşə biləcək bir neçə sualın yer aldığı əlavə kitab vəsaitlərini əldə etmək mümkün olduğunu da qeyd etmişdir. Təbii ki, bu da CIPS-in əlavə qazanc qazanmaq üçün istifadə etdiyi alətlərindən biridir. Örnək olaraq Level 3 üçün olan əlavə vəsaitlərin əldə edilməsi üçün yerləşdiyi bölmədən çəkilmiş ekran şəkili aşağıda təqdim edilir. Qeyd edək ki, bu kitabın işlənmiş köhnə nəşrlərini daha münasib qiymətə abebooks.com saytından da əldə edə bilərsiniz.

CIPS imtahanlarına hazırlaşarkən bu məqaləni oxuduqdan sonra yazılanlara bir-bir əməl etmək məcburiyyətində deyilsiniz, çünki hər kəsin öz mənimsəmə və onu tətbiq etmək metodologiyası vardır. Lakin düşünürəm ki, burda yazılanların hər birinə əməl etməsəniz belə bu məqalə CIPS imtahanlarını müvəffəqiyyətlə verməyinizdə böyük ölçüdə yardımçı olacaqdır.


Məqaləni oxuyan və CIPS imtahanlarına hazırlaşan hər kəsə uğurlar!