Təchizat zənciri və təchizat zəncirinin idarə olunması terminlərindən ilk dəfə 1982-ci ildə Keyt Oliver (Keith Oliver) tərəfindən Faynənşl Tayms (Financial Times) qəzetinə verilən müsahibə zamanı istifadə edilib. Bununla belə, bu termin 1999-cu ildə Robert Həndfild (Robert B. Handfield) və Ernest Nikols (Ernest L. Nichols, Jr.) tərəfindən 25.000-dən çox nüsxə çap edilmiş və Yapon, Koreya dillərinə tərcümə edilmiş Təchizat Zəncirinin İdarə Olunmasına Giriş adlı əsas kitabının nəşrindən sonra geniş şəkildə qəbul edilmişdir.
Təchizat zənciri (supply chain - SC) və təchizat zəncirinin idarə olunması (supply chain management - SCM) müxtəlif elmi mənbələrdə fərqli formada izah və təsvir olunur ancaq aşağıdakı izahlar ən çox qəbul edilən izahlardır.
Təchizat zənciri (TZ):
Təchizat zənciri yuxarı və aşağı axım bağlantıları vasitəsi ilə müxtəlif proseslər və fəaliyyətlər nəticəsində son istifadəçi (müştəri və ya istehlakçı) üçün məhsul və xidmət formasında dəyər yaradan təşkilatların şəbəkəsidir.
Təchizat zəncirinin idarə olunması (TZİO):
Təchizat zəncirinin idarə olunması xammaldan başlayaraq son/hazır məhsulun istehlakçıya çatdırılmasına qədər məhsul və ya xidmətin bütün istehsal axınının idarə olunmasıdır.
Təchizat zəncirinin idarə olunmasının məqsədi təchizatçıdan istehlakçıya qədər bütün təchizat zəncirinə hərtərəfli baxaraq bütün fəaliyyətlərdən maksimum dəyəri artırmaq üçün üç əsas sahə olaraq insanları, prosesi və sistemləri nəzərdən keçirməkdir (CIPS).
İzahdan və yuxarıdakı diaqramdan göründüyü kimi təchizat zənciri əsasən aşağıdakı 7 mərhələdən ibarətdir:
Planlaşdırma (planning)
Xammalın, komponentlərin, komplektin hissələrinin və son məhsulun (raw material, components and subassemblies purchase) hazırlanması üçün zəruri xidmətlərin təchizatçının mənbəsinin tapılması (sourcing) və satınalınma
Son məhsulun istehsalı, əməliyyat (final product/finished goods manufacture, operation)
Satış və marketinq (sales & marketing)
Anbarlama, anbarın idarə olunması (warehouse/inventory)
Müştəriyə/istehlakçıya (customer/consumer) çatdırma (distribution) / logistika (logistics)
Malların geri qaytarılması, əks logistika (reverse logistics)
TZİO və logistikanı bəzən sinonim kimi qəbul edirlər ancaq təchizat zənciri daha ümumi bir termindir. Logistika təchizat zənciri proseslərinin bir hissəsi olub müştərinin tələbatını ödəmək üçün malların, xidmətlərin və müvafiq məlumatların hər hansı başlanğıc nöqtəsi ilə son istehlak nöqtəsi arasında irəli və geri axımının və saxlanmasının səmərəli və effektiv şəkildə planlanması, tətbiq olunması və nəzarət edilməsini ehtiva edir.
Təchizat zəncirinin, o cümlədən logistikanın effektiv təşkil edilərək idarə olunması şirkətlərin rəqabətədavamlılığını qorumasına kömək edir və onların düzgün malları düzgün qiymətə, vaxtında çatdıra bilməsini təmin edir.
Mövzu barədə daha ətraflı məlumatı "Təchizat zəncirinin idarə olunmasının əsasları və terminlər lüğəti" kitabından əldə edə bilərsiniz.
Komentáře