top of page

Sertifikatlı “satınalmaçı”

Updated: Feb 13, 2021

Savadın, təhsilin, bacarığın, biliyin diplomlar, sertifikatlar və ya bir imtahan ilə müəyyənləşdirilməsi mümkün deyil ələlxüsus da o sənədi almağın məqsədi təhsil almaq yox sırf kağız almaq olduqda. İxtisası üzrə 4-5 illik ali təhsilini tamamlayıb diplom alan şəxs əgər bir şey öyrənə bilməyib öyrənməli olduğu məlumatı 3-5 aylıq kursla öyrənməyə çalışırsa o da ona kömək edə bilməz… Həmçinin kursa, təlimə sırf sertifikat almaq məqsədilə gedib vaxt öldürüb axırda sertifikatı alıb orda burda paylaşıb sonra yastıq altında saxlayıb öyrəndiyini işinə tətbiq edə bilmirsə istəyir o sertifikatı Harvard, Cambridge versin xeyri yoxdur. Amma öyrəndiyi materialı heç olmasa mənimsəyib işində 15-20% tətbiq edə bilirsə o sertifikat Harvardın sertifikatından da üstündür!

Bu baxımdan satınalma sahəsində də bazarda yaxşı ad salmış, şanı-şöhrəti yayılmış bir CIPS sertifikatı var. Bu sertifikatı necə almaq olar barəsində də daha əvvəl bir post paylaşmışdıq. 5 mərhələdən və 33 imtahandan ibarət bu sertifikatı almaq üçün 2 ilə təxminən 7000+ AZN vəsait tələb olunur. Prosesin maraqlı tərəfi odur ki əslində bu 5 mərhələdə verilən məlumatları bəlkə 2 mərhələyə sığdırıb 5-10 imtahanla yekunlaşdırmaq ola biləcəyi halda (çünki əksər kitablarında məlumatlar bir-birini təkrarlayır) ingilis zəkası bunu yaxşı gəlir qaynağına çevirib. Hətta bu prosesi keçməyib qısayolla bu nəticəyə çatmaq istəyən müəyyən qədər rəhbərlik təcrübəsi olan imkanlı şəxslər üçün də qəşəng variant fikirləşilib Management Entry Route deyə hansı ki 1 intervyu 1-2 imtahan ilə 33 imtahanı əvəzləyirlər… Amma bu da havayı başa gəlmir, bu yolla alınmış sertifikatın etibarlı qalması üçün daimi illik üzvlük haqqı tələb olunur, üzvlük haqqı ödənmədikdə etibarlılığını itirir.

Əksəriyyət bu imtahanların hamısını vermir 1-2 mərhələ ilə kifayətlənir. Maraqlı məqam burasındadır ki, satınalma sferasında belə bir təəssürat yaranıb ki (bir az yaxşı vəzifəyə “təyin olunmuş” CIPS dərəcəsi alanlar tərəfindən xüsusilə) sanki bu sertifikatların hamısını (MCIPS) almaqla satınalma eksperti olmaq mümkündür, loru dildə yazsaq “sənə ölüm yoxdur”. Praktikada isə əksər hallarda bu sertifikatın 2-3 mərhələsindən keçmiş (prosesin 40-60%ini tamamlamış) adamlar ümumiyyətlə Azərbaycandakı satınalma ilə öyrəndiklərini hec cür (0%) əlaqələndirə bilmirlər, bunu Azərbaycandakı satınalmanın dəhşətli dərəcədə bərbad olması, dünyadan kəskin fərqlənməsi ilə əlaqələndirib bəhanə gətirirlər. Ancaq bunun belə olmasının birinci faktor odur ki, sertifikatın tədris olunduğu materiallarda nəzəri məlumatlar praktiki məlumatlardan daha artıqdır, digər tərəfdən bu sertifikatı almaq istəyənləri əksəriyyəti (istisnalar mütləq var) təhsildən çox “kağız” alıb özünü reklam etmək arzusunda olurlar. Nəticədə sovetdən qalma “qırmızı diplomlu” işini bilməyən satınalmaçılar ordusu yaranır… Satınalmadan başı çıxmayanlar isə qırmızı diploma aldanırlar əksər hallarda amma nəticədə nə şirkətlər qazanır (çünki praktikada ciddi töhfə verə bilmirlər belələri), nə də qırmızı diplomlular (çünki pulları və vaxtları getdiyi halda ciddi nəticə əldə edə bilmirlər, yerində sayırlar).

Bu səbəblərdən çalışın özünüzü gözə soxmaq üçün FORMAL təlimlər, sertifikatlar dalınca qaçmayın, pul verib kağız parçası almayın! Ömürboyu/davamlı (lifelong) təhsilinizi alıb (bu kimi sertifikatlar, mütaliə və s.) nəticəsini öz işinizlə göstərin, bu ən yaxşı “sertifikat” olacaq sizə, düşünməyin ki, hər hansı sahədə ən yaxşı hesab edilən sertifikat almaqla zirvəyə çatacaqsınız.

P.S. Bu yazı qətiyyən CIPS eləcə də digər sertifikatlar vasitəsilə TƏHSİL alıb özünü inkişaf etdirənlərin zəhmətlərinə kölgə salmaq məqsədilə yazılmayıb, o sertifikatdan mən də almışam (əlimiz ətə çatıb yəni )

P.P.S. Təcrübə deyəndə işlədin-işləmədin keçən illər yox faydalı-məhsuldar dövr nəzərdə tutulur. Yoxsa 20 il təcrübəsi olub toplasan 3-5 il real təcrübəli “N” qədər “ekspert” var.



bottom of page