Əlbəttə YOX! Amma çox təəssüf ki, bunu hər kəs bilmədiyi üçün lazım oldu olmadı hər bir satınalmanı tender-qiymət sorğusu və s. metod (bundan sonra "rəqabətcil satınalma") ilə "almağa" daha doğrusu alırmış kimi (formal) görünməyə çalışılır...
Bəs hansı hallarda bu cür metodlar tətbiq edilməyə bilər? Əvvəlcə onu qeyd etmək lazımdır ki, pul müqabilində əldə edilən hər məhsul, xidmət və ya hər hansı bir nəticə satınalma hesab edilir. Lakin elə satınalmalar var ki, orda istəsən belə rəqabətcilə satınalma metodlarından birini tətbiq etmək mümkün deyil. Bir mənbədən (single source) və ya yeganə mənbədən (solo source) satınalmadan yəqin ki, çoxlarının xəbəri var, bunlar barədə daha əvvəl də paylaşım etmişik. Bu gün bəhs etmək istədiyim isə daha çox özəl təşkilatların edə biləcəyi "fərdi seçim əsasında bir mənbədən satınalma"dır.
Hər bir layihədə uğur göstəriciləri hesab edilən ən az 3 meyar olur: qiymət, keyfiyyət və müddət. Bu meyarlar layihənin önəmli bir hissəsi olan satınalma üçün də vacib əhəmiyyət daşıyır. Bu məqamda satınalmanın tərifini xatırlamaqda fayda var "münasib qiymətə, lazımi keyfiyyətdə olan məhsulu uyğun təchizatçıdan tələb olunan müddətdə əldə etmək". Nəzərə alsaq ki, hər layihə üçün bu meyarlar fərqli dərəcədə əhəmiyyət daşıyır ələlxus "pulun problem olmadığı" və ya "vaxtın problem olduğu" (məsələn siyasi motivlər, jestlər, əməkdaşlıq perspektivləri, xüsusi-VIP keyfiyyət tələbləri və s.) layihələrdə rəqabətcil satınalma aparmaq mümkün olmur. Nəticə etibarı ilə rəqabətcil satınalma əsasən ən əlverişli qiymət almaq üçün tətbiq edilir və prosesin yekunlaşması müəyyən qədər vaxt tələb edir, bu səbəbdən qiymətin əhəmiyyət daşımadığı və ya az əhəmiyyət daşıdığı, eləcə də "təcili" layihələrdə FORMAL olaraq rəqabətcil satınalma keçirməyin bir adı yoxdur. Çünki 1-2 ay çəkən prosesi qaçdı qovduya salıb 1-2 həftəyə sığışdırmaq Uaren Bafetin (Warren Buffet) məhşur məsəlindəki kimi 9 qadından 1 aya uşaq gözləməyə oxşayır hansı ki, mümkün deyil, uşaq yerinə cücə filan olar uzaq başı . Başqa sözlə desək, şəkildə də yazıldığı kimi "yaxşı (keyfiyyətli) və ucuz olan tez olmur, tez və yaxşı olan ucuz olmur, ucuz və tez olan isə yaxşı olmur"
Təcrübə onu göstərir ki, Azərbaycanda ƏKSƏR HALLARDA tapşırıq gələn zaman son tarixi (deadline) "dünən" olan və ya pulun problem olmadığını düşünən biznes sahibləri biznesə klassik bir təsadüf-bəxt-fürsət ilə gəldiklərindən bu yanaşmaları bir atımlıq barıt xüsusiyyəti daşıyır yəni davam etdirilə bilən (sustainable) deyil əsla. Çünki müasir dünyadan nəhəng şirkətlər ən əlverişli, qənaətcil, effektiv nəticə uğrunda "ölümünə" mübarizə aparırlar və praktikada artıq bunlara nail olmaq üçün kifayət qədər uğurlu metodlar mövcuddur (bizim biznes sahiblərinin xəbəri olmasa da) sadəcə onları düzgün öyrənib tətbiq etmək və ya bilənlərə imkan yaratmaq lazımdır ki onlar etsinlər.
Comments