top of page

Əsas satınalma terminləri

Updated: Apr 25, 2023

Təchizat zəncirinin idarə olunması, o cümlədən satınalmaların təşkili və müqavilələrin idarə olunması zamanı 1000-ə yaxın müxtəlif terminlərdən istifadə edilir. Bu terminlərin əksəriyyəti orijinal ingilis dilindən Azərbaycan dilinə tərcümə edilərək istifadə edilir.

 

Bu terminlərdən mübahisəli tərcümələr də az deyil, burda da söz yaradıcılığı faktoru, rus və türk dilində olub dilimizdə istifadə edilən ancaq orijinal dildən fərqli mənada ola sözlərin olması mübahisəyə səbəb olan əsas amillərdir.


Supplier = "Təchizatçı" yoxsa "Tədarükçü" yoxsa "Podratçı (malgöndərən)?

Əvvəlcə gəlin supplier sözünün ingilis dilindəki izahına baxaq. Cambridge lüğətinə görə "a company, person, etc. that provides things that people want or need, especially over a long period of time" yəni "insanların tələb və ehtiyaclarını xüsusilə uzun müddətdə təmin edən şirkət, şəxs və s.".


Bu terminlərdən sonuncusu yəni podratçı (malgöndərən) "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununda bu termin üçün istifadə edilən tərcümədir və Qanunda bu formada ifadə edilib "satınalan təşkilatla bağlanan satınalma müqaviləsinin potensial və ya real tərəfi". Bu tərcümənin uğursuzluğu ondadır ki, mötərizədə daima "malgöndərən" sözü də işlədilməlidir üstəlik xidmət göstərənlər üçün bu tərcümələrin heç biri uyğun deyil.

Tədarükçü sözü isə əsasən türk dilində, xüsusilə "tedarik zinciri" sözündə bu mənada istifadə edilir. Türk Dil Kurumunun türk dili lüğətində tedarik sözünün aşağıdakı iki mənası var:

1. Araştırıp bulma, sağlama, elde etme,

2. Hazırlık: "Hemen düğün tedarikine başladım ve bir günde birkaç iş gördüm." - Aka Gündüz

Tedarikçi sözü isə "Gerekli malzemeyi sağlayan kimse." olaraq izah edilib.

Lakin bizim dildə bu söz türk dilində olan mənanı vermir. Belə ki, Azərbaycan dilinin izahlı lüğətinə görə tədarük sözünün izahı aşağıdakı kimidir:

"Bir şeyi qabaqcadan hazırlama; bir işi görmək üçün əvvəlcədən hazırlıq görmə; hazırlıq, ehtiyat. Yun tədarükü. Heyvanlar üçün yem tədarükü." kimidir. Tədarükçü isə "Tədarük işi ilə məşğul olan adam. Ət tədarükçüsü." Bu söz isə belə bir mənaya gəlmir.


Hal-hazırkı vəziyyətə görə isə bu sözü ən yaxşı izah edən söz təchizatçı kimi görünür. Belə ki, bu sözün izahlı lüğətdəki izahı "Hər hansı təşkilat və ya əhalinin maddi ehtiyaclarını təmin etmək üçün lazım olan şeylərin, avadanlıq və s.-nin məcmusu. Təchizat idarəsi. Mərkəzi təchizat orqanları." olaraq verilib hansı ki, bu sözün tərcüməsinə uyğundur. Digər tərəfdən "supply chain management" ifadəsində də sözün kökünün "supply" yəni "təchizat" olması bu tərcüməni daha uğurlu edir. Qeyd edim ki, bəzən yanlışlıqla, xüsusilə iş elanlarında ingiliscə "procurement specialist" sözünün tərcüməsi olan satınalma mütəxəssislərinə-satınalmaçılara da təchizatçı deyilir. Satınalmaçı alan tərəfdir, təchizatçı isə alan tərəfə məhsulu təqdim edən tərəf. Nəticədə satınalmaçı daxili müştəri üçün təchizatçı ola bilər amma təşkilatdakı vəzifəsi satın almaqdır.


Digər mübahisəli məqam əslində ingiliscə ifadənin özündədir, belə ki satınalma üçün bəzən "procurement", bəzən isə "purchasing" və ya "buying" sözündən istifadə edilir. Əslində tərcümə olaraq hər iki söz demək olar eyni mənaya gəlir sadəcə işlənmə baxımından "procurement" daha strateji alışlar üçün, xüsusilə ehtiyacın müəyyən edilməsi, planlama, mürəkkəb logistik həllər tələb olunan hallarda tətbiq olunur. "Purchasing" isə daha sadə, hətta gündəlik ehtiyacların ödənilməsi üçün sadə alışlarda istifadə olunur. Digər tərəfdən "Supply chain" deyildikdə tək son məhsulun satınalması yox xammal alınmasından anbarlamaya, daha sonra istehsal edilmiş son məhsulun son istifadəçiyə çatdırılması, o cümlədən marketinq və satış prosesi, hətta "recycle" olunacaq malların istehsalçıya qaytarılması kimi tək satınalmaya aid olmayan mürəkkəb prosesləri əhatə edir. Praktikaya gəldikdə bu hallar zavodlarda və market zəncirlərində var, digər bütün hallarda yalnız satınalmaya ehtiyac olur əksər hallarda. Bura bəzən logistika və gömrükləmə işləri də aid olur ancaq bu sahələr də demək olar birbaşa satınalmaya aid deyil, satınalmaçı bu sahələri də bilsə yaxşı olar amma ixtisaslaşmış gömrük brokeri və ya logistikaçı ola bilməz satınalma ilə məşğul ola-ola.


Qanunda ən çox çaşqınlıq yaradan başqa anlayış isə "tender"dir. Belə ki, bu söz həm müsabiqə mənasını daşıyan "satınalma", həm də metod olaraq keçir. Müsabiqə daha ümumi anlayışdır, bura həm açıq tender, həm kotirovka sorğusu, həm təkliflər sorğusu və digər metodlar ilə keçirilən müsabiqələr aiddir. Sadə dil ilə desək, hər müsabiqə tender olmaya bilər ancaq hər tender müsabiqədir.

 

Hal-hazırda ən çox istifadə edilən satınalma terminlər və onların tövsiyə edilən və əsas istifadə edilən Azərbaycan dilində tərcümələri aşağıdakılardır:

  • Satınalma - procurement

  • Alış - purchase

  • Tender - tender

  • Təchizat zənciri - supply chain

  • Satınalma predmeti - procurement subject

  • Təchizatçı - Supplier

    • İstehsalçı - manufacturer

    • Ərizəçi - applicant

    • İddiaçı - bidder

    • İştirakçı - participant

    • Malgöndərən (izahlı lüğətdə yoxdur) - goods supplier / shipper

    • Podratçı - contractor

    • Xidmət göstərən - service provider

  • Satınalan - buyer / Sifarişçi - employer/client

  • Ehtimal olunan qiymət - estimated amount

  • Satınalma sənədləri - bidding/tender documents

  • Müqavilə - contract

Chartered Institute of Procurement & Supply (CIPS) təşkilatının veb səhifəsində 700-ə yaxın terminin izahı öz əksini tapmışdır. Satınalma terminləri bundan başqa Dünya Bankının da belə bir siyahısı var lakin siyahıda təkcə satınalma terminləri yox bütün maliyyə bank terminləri də var ancaq istədiyiniz satınalma terminin izahını bu siyahıda axtarıb tapa bilərsiniz. Bundan başqa müqavilələrin idarə olunması ilə bağlı Fédération Internationale Des Ingénieurs-Conseils (FIDIC) təşkilatının ayrıca siyahısı var.

Qeyd edək ki, 2022-ci ildə dərc edilmiş "Təchizat zəncirinin idarə olunmasının əsasları və terminlər lüğəti" kitabına 2000-ə yaxın ingiliscə-azərbaycanca termin daxil edilib.


Təchizat zəncirinin idarə olunmasında əsas anlayışlar (terminlər), onların izahı və ingiliscə qarşılıqlarını isə "Təchizat zəncirinin idarə olunmasında əsas anlayışlar" məqaləsində oxuya bilərsiniz.


 

Yuxarıda qeyd olunan təchizatçı yoxsa tədarükçü (TT) və satınalmaçı yoxsa təchizatçı (ST) terminlərinə oxucularımızın münasibətini öyrənmək məqsədilə Linkedin səhifəmizdə (TT - ST), Teleqram kanalımızda (TT - ST), Facebook qrupumuzda (TT - ST)Instragram səhifəmizin hekayə bölməsində (TT - ST) sorğular keçirilmişdir.


Eyni məzmunlu sorğular bu paylaşıma da əlavə edilir.

"Supplier" sözünün Azərbaycan dilinə düzgün tərcüməsi sizcə hansıdır?

  • Təchizatçı

  • Tədarükçü


"Procurement specialist" sözünün Azərbaycan dilinə düzgün tərcüməsi sizcə hansıdır?

  • Təchizatçı / təchizat üzrə mütəxəssis

  • Satınalmaçı / satınalma üzrə mütəxəssis


Həmin sorğuların bugünkü tarixə qədər nəticəsi aşağıda göstərilib:


Təchizatçı yoxsa Tədarükçü

Təchizatçı

Tədarükçü

LinkedIn

119

139

Telegram

34

23

Facebook

7

1

Instagram

57

52

TST

4

0

CƏM (436)

221 (50,6% / +6)

215 (49,4%)

Satınalmaçı yoxsa Təchizatçı

Satınalmaçı

Təchizatçı

LinkedIn

173

82

Telegram

36

18

Facebook

26

3

Instagram

78

33

TST

4

0

CƏM (453)

317 (70% / +181)

136 (30%)

Səsvermə nəticələrinə görə "Procurement specialist" üçün "Satınalmaçı" seçimi kəskin say fərqi ilə üstünlük təşkil edir. "Supplier" üçün isə "Təchizatçı" seçimi az say fərqi ilə üstünlükdədir. Bizim də mövqeyimiz yuxarıda qeyd olunan səbəblərdən üstünlük verilən seçimlərlə üstüstə düşür!


Maraqıdır ki, satınalma ilə bağlı səsvermədə iştirak edənlərin gətirdikləri əks arqumentlər bu sözün Türkiyə türkcəsindən alınmış olması ilə bağlı olsa da, əksinə "Tədarükçü" sözündə birbaşa Türkiyə türkcəsində istifadə edilən söz seçimi olub hansı ki bu söz bizim dildə eyni mənanı vermir :). Məlumat üçün qeyd edək ki, hal-hazırda hökumətə təqdim edilən "Dövlət satınalmaları haqqında" yeni Qanun layihəsində də bu termindən istifadə edilib. Hər halda həmin qanun qüvvəyən mindikdən sonra bu sözün istifadəsi daha çox mənimsənilib yayğınlaşacaq.

bottom of page