top of page

Dövlət satınalmalarında vergi arayışı

Updated: Feb 20, 2023

Söhbət dövlət satınalmalarından düşmüşkən sahibkarların dövlət satınalmalarında iştirakı zamanı ən çox əziyyət çəkdiyi vergi arayışı barəsində faydalı və praktiki bir məsləhət paylaşaq.


"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 6.2.5-ci maddəsinə əsasən tender iştirakçısı Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında Dövlət Vergi Xidmətindən arayış təqdim etməlidir. Lakin karantin ilə əlaqədar olaraq xidmətin fəaliyyəti məhdudlaşdığı üçün bu arayışların verilməsi bir çox hallarda istənilən müddətə hazır olmur bu da iştirakçının tenderdən kənarlaşması ilə nəticələnir.


Bəs bunun alternativ həlli varmı?

Sahibkarın vergi üzrə şəxsi kabinetində bu arayış qısa müddətə hazır olsa da hər hansı elektron imza və s. ilə təsdiqlənmədiyi üçün satınalan təşkilatlar bu arayışı qəbul etmirlər.


"Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu (26 noyabr 1999-cu il, № 762-IQ) 73-cü maddəsinin 4-cü abzasına əsasən Elektron formada təqdim olunan ərizələrin və ya digər sənədlərin məzmunu notarius tərəfindən hazırlanan kağız daşıyıcıya keçirilərək eyniləşdirilə bilər. Bu halda notarius ərizəni və ya digər sənədi göndərən şəxsin elektron imzasını "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlayır, onu kağız daşıyıcıda çap edərək imzası və möhürü ilə təsdiq edir. Elektron ərizə və ya digər sənəd kağız daşıyıcıya keçirildikdən sonra bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş qaydada göndərilir. Ərizələrin və ya digər sənədlərin başqasına verilməsi, habelə kağız və ya elektron daşıyıcıda olan ərizə və ya digər sənədlərin hazırlanmış elektron və kağız nüsxələri ilə eyniləşdirilməsi haqqında şəhadətnamə verilir.

Yəni qısacası elektron imzanızla notariusa yaxınlaşıb öz şəxsi kabinetinizə girərək notariusda həmin məlumatları ona vergi portalında göstərib elə ordaca çap etdirib təsdiqlədə bilərsiniz. Belə olan halda bu sənəd satınalmalar Qanununun 6.9-cu maddəsinin tələbinə əsasən təsdiq olunmuş hesab edildiyi üçün qəbul edilir (edilməlidir).

bottom of page