top of page

Satınalma müqaviləsi

Updated: Feb 9

Satınalmalar, təşkilatların mal, iş və xidmətlərin əldə etməsi prosesidir. Bu prosesdə müqavilələrin bağlanması, hüquqi və iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir. Müqavilələr, tərəflərin hüquq və öhdəliklərini müəyyən edir və mübahisələrin həllində əsas rol oynayır. Satınalma prosesi ideal keçirilib düzgün təchizatçı doğru metodla seçilsə də əgər satınalma predmeti istənilən keyfiyyətdə, miqdarda və tələb olunan müddətdə əldə edilmirsə deməli ya tələblər/ilkin müqavilə şərtləri düzgün formalaşdırılmamışdır, ya satınalmanın nəticələri müqaviləyə düzgün şəkildə ötürülməmişdir, ya müqavilə düzgün idarə edilməmişdir ya da bu səhvlərin hər birinə yol verilmişdir.

Təklifin qəbul edilməsi və müqavilə
Təklifin qəbul edilməsi və müqavilə

Satınalan təşkilat tərəfindən formalaşdırılmış şərtlər toplusu və prosesə qoşularaq təchizatçılar tərəfindən təqdim edilən təklif satınalan təşkilat ilə təchizatçılar arasında ön müqavilə əhəmiyyəti daşıyır. Satınalan təşkilat şərtlər toplusunda müəyyən edilmiş şərtlər çərçivəsində təchizatçının təklifini qəbul etdiyi halda bu razılıq əsasında müqavilə tərtib edilir. Nəticədə ön müqavilə müqaviləyə çevrilir.


Özəl şirkətlərdə müqaviləyə qədərki proseslərin tənzimlənməsi daxili qaydalar (hansı ki tez-tez dəyişdirilə bilinir və bir çox halda ciddi əməl olunmur) əsasında aparıldığı halda əksər dövlət qurumlarında bu prosesləri "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununu tənzimləyir.


Yeni dövlət satınalmaları qanunvericiliyinin tələblərinə əsasən əvvəlki qanunvericilikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 28 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 ümumi nümunə ləğv edilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 502 nömrəli Qərarı imal, iş və xidmət üçün ayrı-ayrılıqda olmaqla 3 yeni müqavilə nümunəsi təsdiq edilmişdir. Hər 3 nümunə FIDIC müqavilələri formatında hazırlanmışdır. Belə ki, müqavilə 1) müqavilə razılaşması, 2) müqavilənin ümumi şərtləri, 3) müqavilənin xüsusi şərtləri və digər əlaqədar sənədlər ibarət olmaqla formalaşdırılmışdır. Müqavilənin belə şablon olmasının əhəmiyyəti ondan ibarətdir ki, bu formada irihəcmli məzmunu olan ümumi şərtlər heç bir halda dəyişdirilmir, bütün zəruri dəyişikliklər xüsusi şərtlərdə öz əksini tapır və nəticədə xüsusilə təchizatçılar hər dəfə fərqli müqavilələri təhlil etmək məcburiyyətində qalmırlar, daha kiçikhəcmli xüsusi şərtləri oxumaqla təkliflərini hazırlamaq üçün lazımi məlumata sahib olurlar.


Dövlət satınalmalarında müqavilənin imzalanması və işə başlama

Satınalan təşkilatla təchizatçıların bir-birinə göndərdikləri bildirişlər, qərarlar və digər sənədlər, habelə satınalma qanununda nəzərdə tutulan məlumatlar yazılı formada təqdim olunması müqavilə sənədləşməsi zamanı ilkin və vacib şərtdir. Portal vasitəsilə keçirilən satınalmalar zamanı nəzərdə tutulan sənədlərin (məlumatlarin) yalnız portal vasitəsilə göndərilməsi tələb olunur, portaldan kənar yazışmalar qadağan edilir!


"Dövlət satınalmalarının vahid internet portalı haqqında əsasnamə və elektron satınalmanın keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 493 nömrəli Qərarının 1.2.11-ci bəndində satınalma müqaviləsinin elektron qaydada bağlanılması və ya tətbiq ediləcəyi halda çərçivə sazişinin imzalanması, hətta 1.2.14-cü bəndində satınalma müqaviləsi üzrə ödənişlərin edilməsi barədə məlumatın əldə olunmasını nəzərdə tutulsa da hal-hazırda bu funksionallıq hazır deyil ancaq portalın sual-cavab bölməsi müqavilə imzalandıqdan sonra da aktiv qaldığı üçün satınalan təşkilatlar və təchizatçılar arasında bütün yazışmaların bu hissədə aparılması tövsiyə olunur. Lakin yazışma zamanı göndərilən rəsmi sənədlərin həmin sənədlər tam elektronlaşdırılana qədər orijinal nüsxədə də göndərilməsi tələb olunur!


Təklifin akseptinə dair bildiriş

Dövlət satınalmaları qanunvericiliyinə əsasən müsabiqə əsasında müqavilələrin bağlanması məqsədilə satınalan təşkilat təkliflərin qüvvədə olma müddətinin bitməsinə 3 iş günü qalanadək qalib seçdiyi təchizatçıya aksept bildirişi və müqavilə layihəsini təqdim etməlidir. Qeyd edək ki, yekun protokol nəzarət orqanı tərəfindən təsdiqlənən kimi dövlət satınalmaların vahid internet portalında təchizatçıya dərhal avtomatik bildiriş gedir lakin bu kifayət deyil. Satınalan təşkilat aşağıdakı nümunədə bildirişi hazırlayaraq imzalayıb möhürləməli və bildirişin orijinalını 2 müqavilə layihəsi nüsxəsi ilə birlikdə təchizatçıya poçt və ya birbaşa təqdim etməlidir.

Təklifin akseptinə dair bildiriş
Təklifin akseptinə dair bildiriş
Təchizatçının müqaviləni imzalaması

Təchizatçı isə yuxarıdakı bildirişin orijinalını faktiki aldığı gündən sonra 5 iş günü ərzində müqaviləni imzalayıb möhürləyərək satınalan təşkilata poçt vasitəsilə və ya birbaşa təqdim etməlidir (yəni 5-ci iş günü bitənə qədər imzalanmış müqavilə faktiki satınalan təşkilata çatdırılmalıdır).


İcra və avans təminatı

Əgər tələb olunduğu halda təchizatçı müqavilə ilə birlikdə icra və (və ya) avans təminatını da həmin müddətdə satınalana təqdim edir. Bu proses ilə bağlı hal-hazırda müəyyən çətinliklər var, belə ki müqavilə layihəsində konkret müqavilə tarixi, nömrəsi və başlama tarixi müəyyən edilmədiyi üçün banklar müvafiq təminatı verməkdə haqlı olaraq tərəddüd edirlər. Satınalan təşkilatlar belə problem olduğu zaman mümkün olarsa müqavilə nömrə və tarixini daxili qeydiyyat sistemində rezerv edib təqdim edə və ya həmin təminatların təqdim edilməsini özü tərəfindən imzalandıqdan sonra tələb edə bilər.


Satınalan təşkilatın müqaviləni imzalaması və işə başlama

Satınalan təşkilat təchizatçı tərəfindən imzalanmış müqaviləni əldə etdikdən sonra 10 iş günü ərzində müqaviləni imzalayıb təchizatçıya 1 nüsxəsini yenə poçt vasitəsilə və ya birbaşa təqdim etməlidir (10-cu iş günü bitənədək müqavilə təchizatçıda olmalıdır, ən azından bu tarixə qədər skan da olsa təchizatçıya elektron vasitələrlə, orijinal nüsxə isə qısa müddətdə çatdırılmalıdır).


Qeyd edək ki, Dünya Bankı, Asiya İnkişaf Bankı kimi beynəlxalq maliyyə institutlarının da istifadə etdiyi FIDIC müqavilələrin imzalanması zamanı belə bir praktika var ki, şərtlər toplusunda müqavilə nümunəsi və təchizatçının təklifində imza möhür olduğu üçün satınalan təşkilat aksept bildirişini imzalayıb möhürləyib göndərməklə müqaviləni imzalamış olurlar, təkrar ikitərəfli müqavilə imzalanmır. Əslində Mülki Məcəllənin 407.1-ci maddəsi (Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır) bizdə də bu praktikanı tətbiq etməyə hüquqi zəmin yaratsa da, təəssüf ki tərəflər arasında etibarsızlığa görə bizdə hələ də az qala hər iki tərəfin bir müqavilənin bir neçə yerini imzalayıb möhürlətmək tələb olunur, bəzən də bu səbəbə görə hansısa səhifədə imza və ya möhür yaddan çıxır. Halbuki, müqavilənin dəyişdirilməsinin qarşısını almaq üçün müqaviləni tikib və ya hər səhifəsini paraflatmaqla (imzalayan şəxslər inisialları) 1 yerdə imza-möhür atmaq kifayət edir.

Qeyd edək ki, bu ardıcıllıq əvvəlki qanunvericilikdə fərqli (və daha doğru) idi, ilk olaraq satınalan təşkilat müqaviləni imzalayıb imzalanmış nüsxələri təchizatçıya təqdim edirdi, təchizatçı da müqaviləni imzaladıqdan sonra ikitərəfli imzalanmış müqavilə ilə banka müraciət edib təminatı rahat ala bilirdi. Sadəcə praktikada satınalan təşkilatlar müqaviləni ilk olaraq təchizatçıya imzalatdıqları üçün qanun praktikaya uyğunlaşdırıldı.


Müqavilənin icrasına başlama bildirişi

Satınalan təşkilat satınalma müqaviləsində başqa hal nəzərdə tutulmadıqda, müqavilə imzalandıqdan sonra 5 iş günü ərzində təchizatçıya müqavilənin icrasına başlama tarixi, habelə tələb olunduğu halda əldə edilmiş razılıqlar barədə bildiriş göndərir. Təchizatçının satınalma predmetinin icrası üçün təklifində qeyd etdiyi müddət bu bildirişdə qeyd olunan tarixdən sonra hesablanmağa başlanılır. Yəni əgər təchizatçı malları 60 təqvim gününə təhvil verəcəyini bildiribsə, müqavilə yanvarın 15-i imzalanırsa lakin icraya başlama bildirişində bu tarix 1 fevral qeyd edilibsə deməli təchizatçı malları 2 aprelə qədər çatdırmalıdır, 15 yanvardan hesablanıb 16 marta qədər yox.


Bəzi satınalan təşkilatlar çox yanlış olaraq şərtlər toplusunda müqavilənin icra müddəti ilə bağlı konkret tarixlər (məsələn, dekabrın 31-ə qədər) qeyd edirlər ancaq qiymətləndirmənin nə zaman yekunlaşıb müqavilənin imzalanacağını təchizatçının bilməsi mümkün olmadığından belə bir tələbin yerinə yetirilməsi mümkün olmur.


Müqavilənin icrası zamanı mübahisələr

Satınalma müqaviləsini imzalamış tərəflər arasında münasibətlər satınalma qanunvericiliyi, habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ hüquqi aktları ilə tənzimlənir.


Bir çox halda müqavilənin imzalanması zamanı yuxarıda sadalanan prosedurlar satınalan təşkilat və təchizatçılar tərəfindən düzgün yerinə yetirilmədiyi üçün mübahisələr ortaya çıxır və xüsusilə satınalan təşkilatlar haqsız olaraq təchizatçıları satınalma müqaviləsinin icra edilməsindən boyun qaçırılması və ya 1 təqvim ili ərzində 3 və ya daha çox satınalmada satınalma müqaviləsinin bağlanmasından imtina edilməsi səbəblərinə görə etibarsız təchizatçılar reyestrinə daxil edilməsi ilə hədələyirlər və ya bunun üçün nəzarət orqanına müraciət göndərirlər. Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 492 nömrəli Qərarı ilə təsdiq edilmiş "Satınalan təşkilatların, satınalma müqavilələrinin və etibarsız təchizatçıların reyestrlərinin aparılması Qaydaları"na əsasən həmin pozuntular öz təsdiqini tapdığı halda təchizatçı etibarsız təchizatçıların reyestrinə daxil edilərək 18 ay müddətində satınalmalarda iştirakı məhdudlaşdırılır!


Satınalma müqaviləsinin icra edilməsindən boyun qaçırma

Təsdiq olunmuş müqavilə nümunələrinə əsasən satınalan təşkilat, müqavilə şərtlərinin pozulmasına görə (müqavilədə göstərilən müddətdə malların, işlərin və ya xidmətlərin hər hansı hissəsini və ya hamısını təhvil vermədikdə və ya müqavilə üzrə hər hansı digər öhdəliyi yerinə yetirmədikdə) hər hansı digər vasitəyə xələl gətirmədən, təchizatçıya öhdəliklərin yerinə yetirilməməsi barədə yazılı bildiriş göndərməklə aşağıdakı hallarda müqaviləni tam və ya qismən ləğv edə bilər. Satınalan təşkilat müqaviləni tam və ya qismən ləğv edərsə, Satınalan təşkilat təhvil verilməmiş malları və ya göstərilməmiş əlaqədar xidmətləri müvafiq hesab etdiyi şərtlərlə və qaydada satın ala bilər və Təchizatçı belə oxşar mallar və ya əlaqədar xidmətlər üçün çəkilmiş hər hansı əlavə xərcə görə Satınalan təşkilat qarşısında məsuliyyət daşıyır. Bununla belə, xitam verilənədək Təchizatçı müqavilənin icrasını davam etdirməlidir.


Burada "müqavilə şərtini yerinə yetirməmək" iddiasını etmək üçün satınalan təşkilatın kifayət qədər ciddi sübutları və əsasları olmalıdır. Sadəcə "Gətirdiyin malı bəyənmədim get başqasını gətir" kimi qeyri-obyektiv iddialar əsasında müqaviləyə xitam verilə bilməz. İstənilən iddia müqavilədə müəyyən olunmuş şərtlər və tələblər çərçivəsində olmalıdır və ən əsası təchizatçı əsaslı olan pozuntu barədə mütləq ən azı 1 dəfə rəsmi və yazılı xəbərdarlıq verilməlidir. Digər tərəfdən təchizatçını müqavilənin icrasını gecikdirdiyinə görə ittiham etmək üçün mütləq şəkildə icraya başlama tarixinə qədər təchizatçıya işlərə başlaya bilməsi üçün bütün zəruri şərait yaradılmalıdır. Belə xəbərdarlıq verilmədən və ya zəruri şərait yaradılmadan nəzarət orqanına birbaşa şikayət etmək əsassız hesab edilir.


Təchizatçı malların, işlərin və ya xidmətlərin hər hansı hissəsini və ya hamısını tamamlanma tarixinə (tarixlərinə) qədər çatdırmazsa və ya əlaqədar xidmətləri müqavilə ilə müəyyən edilmiş müddətdə göstərməzsə, Satınalan təşkilat Müqavilə üzrə özünün bütün digər müdafiə vasitələrinə xələl gətirmədən maddi zərər kimi müqavilə məbləğindən gecikdirilmiş malların və ya göstərilməmiş xidmətlərin qiymətinin Müqavilənin xüsusi şərtlərində göstərilən faizi qədər faktiki tamamlanma tarixinə qədər hər gün Müqavilənin xüsusi şərtlərinin göstərilən maksimum faiz həddinə (10 faizi keçməmək şərtilə) qədər çıxa bilər. Maksimum həddə çatdıqdan sonra satınalan təşkilat müqaviləni ləğv edə bilər.


Gündəlik gecikmə faizi 0,5%, maksimum faiz həddi 5% qeyd edildiyi halda deməli təchizatçıya müqavilənin icrasını 10 günə qədər gecikdirmək hüquqi verilir. Yəni təchizatçı müqaviləni icrasını 1 gün gecikdirdiyinə görə müqavilə dərhal ləğv edilə bilməz, maksimum hədd ilə müəyyən edilmiş ən sonuncu günə qədər mallar, işlər və ya xidmətlər təhvil verilirsə onlar qəbul edilib gecikməyə görə cərimə hesablanıb son məbləğdən çıxılmaqla təchizatçıya ödənilməlidir. Gecikməyə görə məbləğ təchizatçıdan tələb edilə bilməz. Əgər təchizatçı ən son gecikdirə biləcəyi gündən sonra da ümumiyyətlə işləri yekunlaşdırmırsa və xəbərdarlıqlara məhəl qoymursa bu zaman icra zəmanəti mexanizmi tətbi edilə və etibarsız təchizatçı məsələsi aktuallaşdırıla bilər.


Satınalan əgər müqavilənin icrası zamanı şərtləri dəyişdirirsə təchizatçı əslində dəyişmiş şərtin müqavilənin icra müddətinə, eləcə də qiymətinə təsir edəcəyini düşünürsə satınalana bunu rəsmi bildirməlidir. Satınalanın şifahi tapşırığını qəbul edib müqavilənin icra müddətinin uzanacağını, əlavə xərc yaranacağını bilə-bilə heç bir bildiriş vermədən işi gecikdirməməlidir və ya icra edib bitirdikdən sonra əlavə xərc yarandığını bildirməməlidir. Məsələn əgər təchizatçı təklifində 10 günə bütün malları çatdıracağını bildirirsə, satınalan "hamısını indi gətirmə, mən deyəndə gətirərsən" deyib sonra təchizatçı malları gec gətirdiyinə görə mübahisə yarada bilər. Satınalan təchizatçıya bu barədə rəsmi bildiriş vermədiyi halda təchizatçı 10 gün ərzində tələb olunan malların hamısını gətirib satınalana təhvil verməlidir.


Nəticə

Müqavilə və onun idarə edilməsi satınalmadan ayrılmaz bir prosesdir və kifayət qədər mürəkkəb olduğundan bu prosesdə iştirak edən şəxslərdən yüksək peşəkarlıq tələb olunur. Bu iki mərhələni icra edən şəxslərin bir-birindən tamamilə əlaqəsiz və xəbərsiz olması, eyni idarəetmə altında olmaması öhdəliklər bölgüsünün düzgün aparılmamasına ("mənlik deyil"), proses iştirakçıların məsuliyyətdən yayınmasına və nəticədə bir çox halda prosesin uğursuzluqla nəticələnməsinə gətirib çıxarır.

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page