• Elşən Həsənov

Bir mənbədən satınalma=saxtakarlıq???

Updated: Feb 13

Bu yaxınlarda hüquqşünas Fərhad Mehdiyev səhifəsində bir mənbədən haqqında aşağıdakı təklifi vermişdi: "Birbaşa mənbədən satınalma metodu (qapalı və müdafiə məqsədli tenderlər istisna olmaqla) aradan götürülməlidir." Bu təklifin əsaslı olub-olmamasına keçməzdən əvvəl qanunda bu satınalma metodunun hansı hallarda istifadə olunmasına icazə verildiyinə nəzər salaq. 21.1.1. satın alınan mallar yalnız hər hansı konkret malgöndərəndə (podratçıda) və ya hər hansı konkret malgöndərən (podratçı) həmin mallar (işlər və xidmətlər) üzərində xüsusi hüquqlara malik olduqda, onların əvəzedicisi və alternativi olmadıqda; 21.1.2. mallara (işlərə və xidmətlərə) təcili tələbat yarandıqda və tender prosedurlarının keçirilməsi və ya satınalmanın hər hansı digər metodundan istifadə edilməsi məqsədəuyğun olmadıqda; tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olduqda və ya bu hallar satınalan təşkilatın ləngiməsinin nəticəsi olmadıqda; 21.1.3. fövqəladə hallarla əlaqədar həmin mallara (işlərə və xidmətlərə) təcili tələbat yarandıqda, satınalmanın digər metodlarından istifadə onlara sərf ediləcək vaxt baxımından məqsədəuyğun olmadıqda; 21.1.4. satınalan təşkilat hər hansı malgöndərəndən (podratçıdan) malları, avadanlıqları, texnologiyanı və ya xidmətləri satın aldıqdan sonra standartlaşdırma mülahizələrinə və ya mövcud mallara, avadanlıqlara, texnologiyaya və ya xidmətlərə uyğunluğunu təmin etmək zərurəti baxımından onları həmin malgöndərəndən (podratçıdan) satın alınması qənaətinə gəldikdə. Qanundan da görüləcəyi kimi, əslində bir mənbədən satınalma üçün müəyyənləşdirilmiş 4 haldan 3-ü kifayət qədər əsaslı səbəblərdir. Ən çox sui-istifadə edilən 2-ci hal isə əslində özlüyündə çox zəruridir düzgün əsaslandırma olduğu təqdirdə heç bir problem yaratmır. Burada əsas məsuliyyət bu icazənin alındığı (bu metoddan icazə olmadan istifadə etmək qadağandır) mərkəzi icra hakimiyyəti orqanın üzərinə düşür ki, sui-istifadə halı olduğu zaman bunun qarşısını alsın. Qısacası problem əslində bu metodda deyil o metodun tətbiqinə zəif nəzarətdir. Problemi aradan qaldırmaq üçün metodu ləğv etməyə ehtiyac yoxdur. Təklifdə istinad edilən qapalı və müdafiə məqsədli tenderlər bir mənbədən satınalma deyil, müdafiə sektorunda da qapalı tenderlər keçirilir, yalnız alternativ olmadığı və ya yuxarıda sadalanan digər hallar olduqda bir mənbədən üçün icazə alınır. Satınalma agentliyi ləğv edildiyi 15 yanvar 2016-cı ildən (4 il 4 ay+) bəri nüfuzu daha da azalaraq Antiinhisar xidmətinin tərkibində ara qurum kimi fəaliyyət göstərən bu təşkilatın bu yaxınlarda əsasnaməsi təsdiq edilərək bu sahədə əlavə səlahiyyətlər də verildiyini nəzərə alsaq ümid edirik bu problemin böyük bir qisminin aradan qaldırmağa nail olacaq.