top of page

Təchizatçı uyğun olmayan (ixtisas) sənədlərini yenidən təqdim edə bilər?

"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanunun 29.1 və 29.2-ci maddələrinə əsasən təchizatçı təklifini, uyğunluq sənədlərini, təklifin təminatını (kotirovka sorğusu xaric), habelə şərtlər toplusunda nəzərdə tutulduğu halda, subpodratçının müəyyən olunmuş tələblərə uyğun olması barədə sənədləri dövlət satınalmalarının portalı vasitəsilə onların təqdim edilməsi üçün müəyyən edilən müddət başa çatanadək satınalan təşkilata təqdim etməlidir. Həmin Qanunun 23.11-ci maddəsinə əsasən təchizatçının uyğunluq göstəriciləri barədə verdiyi qeyri-dəqiq və natamam məlumat satınalma komissiyasının tələbi ilə 3 (üç) iş günü ərzində aradan qaldırılmalıdır. Yenə həmin Qanunun 10.4-cü maddəsinə əsasən uyğunluq göstəricilərinə cavab verməyən və (və ya) təklifləri uyğun olmayan təchizatçının belə tələblərə uyğunlaşdırılması məqsədilə uyğunluğa dair sənədlər toplusunda və ya şərtlər toplusunda hər hansı dəyişiklik edilməsinə, habelə bununla bağlı hər hansı sorğuya, təklifə və icazəyə yol verilmir.


Dövlət satınalmaları haqqında KÖHNƏ Qanunun 28.4-cü maddəsinə əsasən malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər satınalan təşkilata tender prosedurunun başlanmasına azı 7 bank günü qalmış təqdim olunmalıdır. Satınalan təşkilat bu sənədlərin hər hansı birinə və ya bir neçəsinin çatışmadığı, yaxud bu sənədlərin hər hansı birində və ya bir neçəsində dəyişikliyə ehtiyac olduğu qənaətinə gələrsə, sənədlər təqdim olunduqdan ən çoxu 2 bank günü sonra çatışmayan sənədi hazırlamağı yaxud bu sənədlərdə müvafiq dəyişiklik aparmağı malgöndərənə (podratçıya) təklif etməlidir. Bu halda sənədlər malgöndərən (podratçı) tərəfindən tam şəkildə və müvafiq düzəlişlərlə tender prosedurunun başlanmasına azı üç bank günü qalmış satınalan təşkilata təqdim olunur.


Mətndən də göründüyü kimi ixtisas sənədləri (köhnə qanun)-ümumi tələblər adlanan təchizatçının uyğunluğuna dair sənədlər köhnə qanunda təklifdən əvvəl təqdim olunurdu və çatışmazlıq olanda bildirilirdi təzədən 3 bank günü qalmış təqdim edilirdi (hansı ki yanlış praktika idi). Yeni qanunvericilikdə isə bütün sənədlər təklif ilə birlikdə təqdim olunur. Yeni qanunvericilikdə bir çoxunu çaşdıran 23.10-cu maddədə (Uyğunluğa dair sənədlər toplusunda və ya şərtlər toplusunda göstərilən hallarda, satınalma komissiyası tərəfindən əsaslandırılmaqla uyğunluq sənədlərini təqdim etmiş təchizatçıdan satınalmanın istənilən mərhələsində həmin sənədlərin yenidən (bir dəfədən çox olmayaraq) təqdim edilməsi tələb oluna bilər) nəzərdə tutulan DÜZGÜN təqdim edilmiş və HEÇ BİR PROBLEM OLMAYAN uyğunluq sənədinin yenidən təqdim edilməsidir. Bunun da məqsədi, əsasən uzun çəkən qiymətləndirmə proseduru zamanı təchizatçının təqdim etdiyi və dəyişiklik riski olan arayışların (vergi, məhkumluq kimi) təkrar yoxlanılmasıdır. Yəni proses müddətində təchizatçının rəhbəri həbs oluna bilər, külli miqdarda borcu yarana bilər və s. BU O DEMƏK DEYİL Kİ, təchizatçı vergi arayışında borcu olduğu halda və ya hansısa əlaqəsiz/nəzərdə tutulmayan bir sənədi (məsələn maliyyə hesabatı əvəzinə mənfəət bəyannaməsi) təqdim etdiyi halda satınalan bu sənədi qəbul edib, sonra "get borcu olmayan arayış gətir" və ya "bu səhv sənəddir doğru sənədi gətir" deməlidir. Uyğun olmayan təklifin uyğunlaşdırılması (10.4) ən böyük qanun pozuntusudur və ümumiyyət bütün satınalmalarda ən yayğın olan saxtakarlıqlarından biridir.


Əsasən arayışlarla bağlı inteqrasiyaların olmaması, dövlət orqanlarının bu prosesə tam adaptasiya olmaması kimi hallara görə verilmiş arayışda çatışmayan hissələrin (məsələn vergi arayışında maliyyə sanksiyasına dair məlumat yoxdur) və ya oxşar işlərə görə təqdim edilmiş müqavilə üçün təhvil-təslim aktı verilmədikdə Qanunun 23.11-ci maddəsi (Təchizatçının uyğunluq göstəriciləri barədə verdiyi qeyri-dəqiq və natamam məlumat satınalma komissiyasının tələbi ilə 3 (üç) iş günü ərzində aradan qaldırılmalıdır) həmin sənədlərin təkrar tələb olunmasına icazə verir

bottom of page