top of page

Satınalmalarda coğrafi determinizm

Updated: Oct 1, 2021

E-mailimdə bir sənəd axtararkən təsadüfən universitet illərində yazdığım “Coğrafiya, zəka, xarakter üçbucağı” adlı məqaləmi tapdım. Bir fənn üçün yazdığım bu məqalənin əsas məğzi coğrafi amillərin (ərazi, iqlim) insanların fiziki özəlliklərinə, xarakterinə, mədəniyyətinə, hətta hansı zəka tipinin daha çox inkişaf etməyinə birbaşa təsiri olması haqqında idi.


Coğrafi determinizmin əsas simaları olan İbni Haldun, Monteskyö (Montesquieu), Samuel Hantinqton (Samue Huntington) kimi alimlər qeyd etmişlər ki, insanların bütün növ fəaliyyətləri və özəllikləri birbaşa iqlimlə əlaqədardır. Bir sözlə coğrafiya insanı özünə bənzədir. Təbii ki, texnologiya və məlumat əlçatanlığı dövründə coğrafiyanın insana təsiri azalır. Amma kəskin iqlim fərqləri olmayan ölkəmizdə belə bölgələr üzrə fərqlilikləri asanlıqla müşahidə edə bilərik.


Bu mövzunu hazırda işlədiyim satınalma sahəsi ilə əlaqələndirmək maraqlı olar deyə düşündüm və başlanğıc olaraq Türkiyə və Rusiyadan satınalmalar edərkən nələrlə qarşılaşdığımı müqayisə etməyə çalışdım.

  1. Axtarılan məhsul müraciət olunan Türkiyə şirkətində yoxdursa çox rahatlıqla rəqib şirkətləri tövsiyyə edirlər. Bu hala Rusiya şirkətlərində rastlaşmaq mümkünsüzdür.

  2. Bütün prosedurlarda Rusiya şirkətləri daha bürokratikdir. Bunun əksinə Türkiyə şirkətləri lori dildə desək daha relax davranır.

  3. Rusiya şirkətləri önödəmə (предоплата) ilə işləməyi çox sevir, Türkiyə şirkətlərində isə bu tələblə çox az rastlaşmışam. Rusiyadan satınalmalar zamanı ən böyük endirimləri də məhz önödəmə hesabına almaq olur. Belə halda düzgün Rusiya şirkəti ilə əməkdaşlıq etmək, şirkətin güvənirliyini yoxlamaq üçün bir neçə üsul var ki, bu barədə də bir gün ətraflı yazacam)))

  4. Servis xidmətləri: Türkiyə şirkətləri satışdan sonra servis xidmətlərini də əldə etməyə çalışır. Bunun əksinə Rusiya şirkətləri servis xidməti göstərməyə maraqlı olmur. Mallar tenderə təqdim olunursa istehsalçılar tərəfindən verilən avtorizasiya məktublarındakı fərqlərdə də bunu aydın şəkildə görmək olur.

  5. Qərarvermə sürətləri: Təqdim etdikləri malın texniki göstəriciləri tenderin minimal tələblərindən bir qədər fərqlənirsə zavoda tələblərə uyğun, öz standartlarından kənar yeni mal istehsal edə bilərlərmi deyə müraciət etdikdə Türkiyə şirkətləri bir neçə gün ərzində qərar verib əksər hallarda müsbət geridönüş etdikləri halda Rusiyada bu prosedur aylarla çəkir. Amma Rusiya şirkətlərində sənədləşməyə olduqca önəm verdiklərinə görə (Bu bəzən insanı yorur. Məsələn, əksər Rusiya şirkəti əməkdaşlıqdan sonra qarşılıqla şəkildə original müqavilələrin poçtla göndərilməsini tələb edir.) tenderə təqdim edilən sənədlərdə heç bir halda səhvlərə və ya əksik sənədə rastlaşmamışam. Texniki cəhətdən Türkiyə şirkətləri ilə əməkdaşlıq etmək rahatdırsa, tender üçün sənədləşmə baxımından Rusiya şirkətləri ilə işləmək daha asandı.

P.S. Sonda qeyd edim ki, bu sadəcə özümün hər 10 əməkdaşlıqdan 9-da rastlaşdığım məqamlardır. Mütləq şəkildə sizdə də belə olacaq deyə bir şey yoxdur.

bottom of page