top of page
Writer's pictureİndira Bayramova

Rusiyadan satınalma=Minalanmış sahədə hərəkət etmək

Rusiya bazarından, xüsusilə mərkəzdən kənarda yerləşən məşhur olmayan ancaq keyfiyyət və qiymət faktoruna görə kifayət qədər sərfəli hesab edilən təchizatçılardan sadəcə telefon danışığı və elektron poçt yazışması ilə satınalma etmək bir çox səbəbdən minalanmış sahədə hərəkət etməyə bənzəyir. Buradan satınalmalar zamanı hər an hər hansı saxtakarlıq halları və sizi aldatmaq istəyən təchizatçılarla rastlaşa bilərsiniz. Ancaq bütün bunlara baxmayaraq bu bazar aşağıda səbəblərdən bir çox yerli sahibkarlar üçün idxal-satınalma baxımından həmişə cəlbedici olub:

  • mənşəli malların idxal vergisindən azad olması;

  • bu ölkədən malların gətirilməsi üçün əksər hallarda yolüstü yük maşınlarının tapılması hesabına logistika xərclərinə qənaət edilə bilinməsi (xüsusilə bəzi meyvə-tərəvəz mövsümlərində Rusiyaya mal aparan şirkətlər/şəxslər geriyə boş dönməmək üçün daha uyğun qiymətə logistika xidmətləri təklif edir);

  • sənədləşmə baxımından demək olar ki, heç bir problem yaşanmaması və zamanında çatdırılması;

  • bir çox satınalan təşkilatların texniki işçilərinin Rusiya mənşəli avadanlıqlarla daha rahat işləməsi səbəbindən başqa ölkənin avadanlığının sıfırdan öyrənməyin vaxt itkisi və müvafiq olaraq effektivliyi azaldan faktor hesab etməsi;

  • bir çox əsas malların əvvəldən Rusiyadan alınması səbəbindən ehtiyat hissələrinin (xüsusən ehtiyat hissələri əsaslı tenderlər üçün) Rusiya standartlarına uyğun olması.

Rusiya bazarından satınalmalar zamanı bizi hansı risklər gözləyir?

Öncəliklə onu qeyd edim ki, Rusiyada birbaşa istehsalçıdan, yəni zavoddan almaq hər zaman daha əlverişli, sərfəli və etibarlıdır. Birbaşa zavoddan alınacaq malın qiymətinin təbii olaraq aşağı olması üstünlüyündən əlavə, sizin qarantiya və satış sonrası servislə bağlı problemləriniz də böyük ölçüdə həll olmuş olacaqdır. Belə ki, vasitəçi şirkətlərin bir çox hallarda özlərini sığortalamaq üçün qarantiya müddətini zavodun təklif etdiyi müddətdən daha az göstərməsi, hər hansı problemdə tərəflərin sayı çox olduqca problemin həll olma sürətinin azalması və bunun nəticəsində vaxt itkisinin yaşanması, hər satış sonrası servis xidmətində vasitəçi şirkətin özünə komissiya ayırması səbəbindən ödənişli servis xidmətlərinin daha baha başa gəlməsi və s. kimi hallar yaşana bilir.

Həmçinin, bəzən vasitəçi şirkətlər servis mərkəzi kimi birbaşa zavodun adını qeyd edirlər. Amma bu zaman da istehsalçının daha öncə birbaşa özləri ilə əlaqə saxlamadığınızdan və sizi tanımadıqları üçün hər hansı problemdə gec reaksiya verməsi, bəzən isə ümumiyyətlə reaksiya verməməsi kimi halların yaşanması mümkündür. Ancaq satınalmaları birbaşa istehsalçıdan edəcəyiniz təqdirdə həm hər hansı problemdə operativ olaraq texniki əməkdaşlarını göndərəcək, həm də ehtiyat hissələri, təmir xərcləri (əgər sizin əməkdaşlarınızın səhvi nəticəsində hər hansı nasazlıq baş veribsə) daha aşağı məbləğlərə başa gələcəkdir.

Lakin bir çox saxta və ya makler tipli vasitəçi şirkətlər digər şəxslərin əsas zavoda çıxışını əngəlləmək üçün müxtəlif hiylələrə əl atır. Zavodların adına bənzər, adətən 1-2 hərf fərqi ilə saytların yaradılması və ya zavodların məhsullarını öz istehsalı kimi saytlarında, kataloqlarında yerləşdirmələri, zavodları öz şirkətinin törəmə müəssisəsi kimi göstərmələri bu hiylələrin kiçik bir hissəsidir. Adətən güclü marketinq və reklamlar hesabına axtarış sistemlərində məhz bu kimi şirkətlərin adları ön planda olur. Zavodların, istehsal etdikləri məhsulların adları isə ya olmur, ya da növbəti səhifələrdə ancaq tapmaq olur. Bir çox zavod belə bu və bu kimi digər saxtakarlıq edən şirkətlərlə bacarmadıqlarını etiraf edir. Buna əsas səbəblərdən biri isə zavodların günün tələbləri ilə ayaqlaşmaması və işlərini yalnız yaxşı istehsalçı olmaqla yekunlaşdırdıqlarını düşünmələridir. Bu kimi şirkətlər zavodları birə-bir kopyalayır, zavodun yerləşdiyi ərazini arendaya götürdüklərini söyləyir, hətta bir çox hallarda sənəd saxtakarlığına belə gedirlər. Belə makler tipli şirkətlərin hər an bağlanıb aradan çıxması halları da yetərincədir. Rusiya zavodlarının satış zamanı bürokratik tələblər irəli sürməsinin əsas səbəblərindən biri də məhz ölkələrində olan peşəkarcasına sənəd saxtakarlaşdırma hallarıdır.

Ucsuz-bucaqsız Rusiya bazarında doğru təchizatçını necə tapmalı?

Aşağıdakı bir neçə addımla təchizatçı barəsində ilkin fikir formalaşdıra bilərsiniz.

Referans: Demək olar ki, bütün Rusiya zavodlarında referans siyahısı var. Həmin referans siyahısını istəyəcəyiniz təqdirdə əksər zavodlar sorğusuz-sualsız sizə göndərəcəkdir. Siyahıdan tanıdığınız (tanıdığınız yoxdursa siyahıdakı şirkətləri kiçik araşdırma edə bilərsiniz) şirkətlərlə əlaqə qurub zavodu araşdıra bilərsiniz. Xüsusən aralarında daha öncədən əməkdaşlıq etdiyiniz şirkətlər varsa həmin şirkətlər sizə maksimum doğruları söyləyib mümkün müsbət və mənfi hallar barəsində sizi öncədən məlumatlandıracaqdır. Eyni zamanda əməkdaşlıq etmədiyiniz şirkətlər belə gələcəkdə sizin onların müştərisi ola biləcəyinizi nəzərə alıb etibar qazanmaq üçün belə məlumatları sizə verəcəklər. Təchizatçı siyahı verməkdən imtina edirsə və ya azı 3 referans qeyd etməkdən çəkinirsə (adətən konfidensiallığın qorunması bəhanəsinə sığınırlar) uzaqlaşmağınızda fayda var. Çox az halda olsa belə bəzi zavodlar referans kimi özlərinə məxsus əlaqə vasitələri qeyd edirlər. Referanslara yazmadan, zəng etmədən öncə kiçik bir araşdırma ilə bunu müəyyənləşdirə bilərsiniz.

Nümunə istəmək: Bunu təbii ki, hər mal üçün etmək olmur. Əgər malların nümunəsi (образец) poçtla göndərilməyə uyğundursa (məsələn kabel, geomembran və s.) bunu təchizatçıdan istəməyə çəkinməyin. Bu halda normal zavodlar hər növ nümunəni əhatəli məlumatla maksimum 1 həftəyə sizə göndərəcəkdir. Digər tip şirkətlər isə haradan olduğu bəlli olmayan kiçik bir nümunənin yanında sizi müxtəlif hədiyyələrlə ələ almağa çalışacaqdır. Bu hədiyyə adətən alkoqollu içkilərlə birlikdə uzun-uzadı yazılmış tərif açıqcaları və s. olur.

Rəqiblərdən soruşmaq: Bəzi hallarda bu üsuldan da istifadə edə bilərsiniz. Yanlışlıqla ağzınızdan qaçırmış kimi davranaraq şirkətin rəqiblərinə “X” şirkətinin məhsulları daha sərfəlidir kimi ifadələr işlətsəniz rəqib şirkətdən “X” şirkətinin “necə” işləməsindən, xammalı haradan tədarük etməsinə qədər bütün məlumatları əldə edəcəksiniz. Öz istehsalına və şəffaflığına güvənən təchizatçı hətta sizin bilmədiyiniz rəqibləri barəsində sizə məlumat verib öz məhsulunun nəyə görə daha üstün olduğunu detallı şəkildə qeyd edəcəkdir.

Rəsmi məlumatları yoxlamaq: Bütün bunları etmədən öncə isə şirkətin sizə verdiyi məlumatların düzgünlüyünü yoxlamaq və ya şirkət haqqında əlavə və ən dəqiq məlumatlar almaq üçün Rusiya dövlət orqanlarının rəsmi saytlarından istifadə edə bilərsiniz. Öz təcrübəmdə ən çox köməyimə gələn iki qurum:

  • Rusiya Federal Vergi Xidməti (Федеральная налоговая служба - ФНС России): Bu qurumun rəsmi saytından şirkətin sadəcə VÖEN-ini bilməklə çox saylı məlumat əldə edə bilərsiniz.

  • Hüquqi şəxslərin vahid dövlət reyestri (Единый государственный реестр юридических лиц - ЕГРЮЛ): Buradan yükləyəcəyiniz çıxarış (ВЫПИСКА) sənədi ilə şirkətin qeydiyyat tarixi, nizamnamə kapitalı, rəsmi lisenziyalar və digər bir çox işinizə yarayacaq məlumatları əldə edə və yoxlaya bilərsiniz. Məsələn, buradakı icazə verilən əsas fəaliyyət növləri bölməsindən təchizatçının almaq istədiyiniz malın istehsalçısı olub-olmadığını yoxlaya bilərsiniz ki, bunun sayəsində sizə özünü istehsalçı kimi təqdim edib lakin əslində vasitəçi şirkət kimi sadəcə satışla məşğul olan şirkətləri müəyyənləşdirə bilərsiniz. Hətta bəzən bir çox zavod belə vasitəçi şirkət kimi fəaliyyət göstərməyə çalışır. Zavodların sahəsinə yaxın olan lakin faktiki olaraq istehsalı ilə məşğul olmadığı, digər zavodlardan tədarük etdiyi malları öz istehsalı kimi təklif etməsi halları yetərincədir.

  • Şirkətin vergi borcunu yoxlamaq: Bunun üçün bu keçiddən müvafiq bölməyə daxil olaraq şirkətin VÖEN hesabını yazmaqla onun vergi borcu olub-olmamasını yoxlaya bilərsiniz. Bu bölmədəki məlumatlar hər ay yenilənir.

  • Eyni zamanda şirkətin sadəcə VÖEN-ini bilməklə bir çox biznes, audit və dövlət orqanlarının saytlarından işçi sayı, dövriyyə, və s. kimi məlumatları əldə edə və bunun əsasında şirkət haqqında fikir formalaşdıra bilərsiniz. Məsələn bəzən istehsal üçün azı 40-50 işçisinin olması vacib olan sahədə fəaliyyət göstərdiyini iddia edən şirkətin bir neçə şəxsdən, bəzən isə tək adamdan ibarət olması və ya gəlirlərinin sahə ilə yaxından uzaqdan əlaqəsi olmaması halları ilə rastlaşa bilərsiniz. Bu kimi şirkətlərin bəziləri sadəcə alqı-satqı ilə məşğul olsa da, əksəriyyəti dələduzluqla (xüsusən tək adamlıq şirkətlər) məşğul olur və adətən bunu sifarişin təsdiqi üçün alıcıdan avans (предоплата) istəməklə və avans göndəriləndən sonra yuxarıda qeyd etdiyim kimi hər an bağlanıb aradan çıxmaqla edirlər.

  • Şirkətin məhkəmə keçmişini öyrənmək: Bunun üçün şirkətin VÖEN-ini “Arbitraj işlərinin kartotekası”na (Картотеку арбитражных дел) yazmağınız yetərlidir. Bu zaman şirkətin adının təqsirləndirilən tərəf (ответчик) bölməsində qeyd olunduğu məhkəmələrlə tanış olmaqla digər şirkətlərin hansı tezlikdə və hansı səbəblərdən təchizatçını məhkəməyə verdiyini, məhkəmənin qərarlarını və bunun sayəsində sizin də əməkdaşlıq edəcəyiniz təqdirdə nə kimi problemlərlə rastlaşa biləcəyinizə dair fikir sahibi ola bilərsiniz.

BƏS ZAVODLAR SİZƏ NƏ KİMİ PROBLEMLƏR YAŞADA BİLƏR?

Bütün bu maneələri keçdikdən sonra hər hansı bir zavodla əməkdaşlıq etmək qərarına gəldinizsə birbaşa zavodlardan satınalmalar etmək çox sərfəli olsa belə bu zaman da tədbiri əldən buraxmamaqda fayda var. Əgər hər hansı malı ilk dəfədən sizə orta bazar qiymətindən aşağı və ya danışıqlara başlayar-başlamaz böyük endirimlər təklif ediblərsə bunu dərhal özünüzün üstün satınalma bacarıqları hesabına olduğunu düşünüb alacağınız bonusu hesablamayın:).

Təkrar istifadə: Rusiyada bir çox zavodlar (xüsusən xarici şirkətlərə) işlənmiş malları modifikasiya, rekonstruksiya edib yeni adı ilə satır və üzərilərinə getməyəcəyiniz təqdirdə bunu heç zaman sizə etiraf etmirlər. Özüm son zamanlar satın almaq istədiyim malı tender üçün axtardığımı və təklif olunacaq malın tam yeni olması gərəkdiyini, əks təqdirdə isə böyük cərimə sanksiyaları ola biləcək kimi variantlar işlədirəm. Bir çox təşkilatların tender paketindən buna bənzər cümlələri kopyalayıb, özünüzə uyğunlaşdırıb zavoda göndərsəniz 1-2 gün ərzində modifikasiya etdiklərini etiraf edib, tam yeni malın istehsalı üçün vaxt istəyəcəklər. Danışıqların gedişinə əsasən özünüzə uyğun bu kimi variantlar işlədə və ya müqavilənizə buna uyğun bəndlər daxil edə bilərsiniz. Digər tərəfdən əgər bu kimi məhsullar sizin satınalmalarınıza uyğundursa çox aşağı qiymətlərlə ikinci əl məhsul kimi Rusiya bazarından təmin edə bilərsiniz.

ƏDV fırıldağı: Zavodların qiymət danışıqları zamanı ən çox etdikləri fırıldaq isə ƏDV-li qiyməti, ƏDV-siz kimi təqdim etmələridir. Bunun qarşısını almaq üçün öncə Rusiya daxili şirkət kimi qiymət təklifi alın (fərqli e-mail, telefon və s. ilə), sonradan isə Azərbaycan üçün qiymət təklifi əldə edin. Bu zaman 80-90% hallarda Azərbaycan üçün olan qiymət təklifində ƏDV-ni çıxmadıqlarını, Rusiya şirkəti üçün verdikləri qiymət təklifinin eynisini və ya daha yuxarı qiymət təklifi verdiklərini görəcəksiniz. ƏDV-nin Rusiya vergi orqanları tərəfindən zavodların hesabına gec qayıtması (bəzən 6 aya qədər çəkdiyini söyləyən zavodlar var) səbəbindən ƏDV-siz qiymətin onlara sərf etmədiyini bildirsələr də sonradan müştərinin əldən çıxmaması üçün geri addım atırlar. Lakin, sırf eksport tipli şirkətlər/zavodlar var ki, onların xarici ölkələrə davamlı satışları olduğundan elə ilk dəfədən normal, ƏDV-siz qiymət təklifini sizə göndərəcəklər. Daimi olaraq xaricə satışlar həyata keçirdiklərindən hər ay bir öncəki ayların hər hansı satışının ƏDV-si hesablarına geri qayıtdığından sizə satışını etdikləri malın ƏDV-sinin gec qaytarılması onların işinə elə də təsir etmir. Lakin eksport yönümlü zavodlarla, ənənəvi zavodlar arasında bir çox hallarda qiymət fərqinin olduğunu da nəzərə almaq lazımdır. Ümumən isə əksər Rusiya şirkətləri ilə danışıqlara başlamadan öncə almaq istədiyiniz malın Rusiya daxili şirkətlərə hansı qiymət aralığında təklif etdiklərini öyrənməyinizdə fayda var. Çünki, əksər zavodlar özlərindən alınan mala ölkəmizdə bir çox hallarda istər tenderə təqdim olunarkən, istərsə də 3-cü tərəfə satarkən üzərinə çox böyük məbləğlər qoyulmasını, bəzən vasitəçi şirkətin həmin maldan hətta zavod qədər gəlir əldə etdiyini bildikləri üçün bu hal bir növ onları qıcıqlandırır və Azərbaycandan sorğular daxil olarkən danışıqlara çox yuxarı qiymətlərlə başlayıb bir növ sizin üzərinizdən normaldan daha çox gəlir əldə etməyə çalışırlar. Sadəcə digər təchizatçılarla da əlaqədə olduğunuzu hiss etdirməyinizlə və ya danışıqlara kiçik ara verməklə qiymətin yavaş-yavaş necə əridiyini hiss edəcəksiniz.

“Otkat” riski: Bəzən az da olsa zavodun satış təmsilçilərinin sizə mal satmaqda istəkli olmadığını görəcəksiniz. Adətən israrla sizi başqa şirkətə (distributor və ya dillerləri olmayan) yönəldib bütün satışlarını həmin şirkətin səlahiyyətləri daxilində olduğunu vurğulayacaqlar. Buna əsas səbəb isə satış başqa şirkətin vasitəsi ilə olarsa həm satış, həm də həmin şirkətdən “otkat” ala bilmələridir. Bu halda birbaşa zavodun rəhbər şəxsləri ilə əlaqə yaratmağınız və əməkdaşlıq etmək istədiyinizi bildirməyiniz yetərlidir. Sizin zavodun rəhbər şəxslərini tanıdığınızı, ünsiyyətinizin olduğunu hiss edən, bilən satış təmsilçiləri məsələnin öz rəhbərliklərinə çatmaması üçün hər şeyi “dörd-dördlük” edib, hətta fikrinizdə tutduğunuzdan daha böyük endirimlər edəcəkdir. Üzbəüz danışıqlarda həmişə onlinedan daha böyük endirimlər almaq olur. Xüsusilə çox böyük məbləğli alışlarda mütləq bir nümayəndəni zavoda göndərib yerindəcə istehsalat prosesi ilə tanış olmaq və ən azından alınacaq malların şəkil və videosunu (zavodlar buna etiraz etmirlər) çəkmək tövsiyə olunur.

Yalançı distribütorluq: Özünü hər hansı zavodun, markanın distribütoru olduğunu bildirən şirkətdən mütləq şəkildə bunu təsdiq edən sənədləri (müqavilə, sertifikat və s.) tələb edin. Belə ki, az da olsa bəzi makler tipli şirkətlər özlərini bir çox istehsalçının distribütoru və ya dileri kimi təqdim edir. Hətta istehsalçı ilə distribütorluq barəsindəki müqavilə illər öncə sonlansa da bunu gizlədən və distribütor kimi davranan şirkətlər yetərincədir.

İkili təyinat: Almaq istədiyiniz malın iki təyinatlı (двойного назначения ) olduğundan şübhələnirsinizsə bunu öncədən yoxlayın (Bu malların siyahısına ən son dəyişiklik Rusiya Federasiyası prezidentinin 19 fevral 2021-ci il tarixli, 109 nömrəli fərmanı ilə edilmişdir: https://www.alta.ru/tamdoc/21uk0109/ ; https://fstec.ru/normotvorcheskaya/eksportnyj-kontrol/282-spiski-kontroliruemykh-tovarov/1467-spisok-2 ) Bu zaman həmin malı ala bilməyiniz üçün əlavə qarantiya məktubu təqdim etməli olacaqsınız. Bəzən qarantiya məktublarında 3-cü tərəflərə zavodun icazəsi olmadan satıla bilməz kimi öhdəlik götürdüyünüzü bildirən, avadanlığı hansı sahələrdə işlədəcəyiniz kimi məlumatlar əhatələyən cümlələr qeyd etmək məcburiyyətində qala bilərsiniz. İstər bu səbəblərdən, istərsə də bu tip malların Rusiya gömrüyündə saxlanıldığı üçün əlavə vaxt itkisi yaşayacağınızdan malın iki təyinatlı olub olmamasını yoxlamaqda fayda var. Nəzərə alın ki, malı tenderə təqdim edirsinizsə qarantiya məktubunu zavod son istifadəçidən almağınızı tələb edə bilər. Malınız iki təyinatlıdırsa bu məktubu tenderdə qalib gələcəyiniz halda satınalan təşkilatın sizə verə biləcəyini öncədən dəqiqləşdirin və tender təklifinizi hazırlayarkən itiriləcək günlərin müqavilənin icra müddəti tələblərini aşmayacağından əmin olun.

Məhsul saxtakarlıqları: Rusiya zavodlarının bir çoxu məşhur məhsulları görünüş olaraq birə-bir kopyalayaraq və onları çox cüzi fərqlərlə adlandıraraq satmaqda peşəkardırlar. Məsələn axtardığınız mal ABCDEF-dir, zavodun sizə təqdim edəcəyi model axtardığınız modelin görünüş olaraq birə-bir eynisi, lakin texniki spesifikasiya fərqli (daha aşağı) məsələn ABC1DEF və ya ABCDdEF malı olacaqdır. Bu səbəbdən həm adlandırmalara dəqiqliklə baxmağı və xüsusən satınalma öncəsi texniki spesifikasiyaya olduqca diqqətlə nəzər salmağı , lazım gələrsə şirkətinizin texniki işçiləri/mühəndisləri ilə hər ölçünü, hər parametri dəqiqləşdirməyi unutmayın.

Xarici dil problemi: Bundan başqa, bir çox kənar zavodların ingilis dilini bilən mütəxəssisi demək olar ki, olmur. Eyni qaydada hər hansı malı ingilis dilli tenderə təqdim edirsinizsə mütləq şəkildə ingilis dilində təqdim etdikləri texniki spesifikasiyanı texniki mütəxəssislə düzgün tərcümə olunub-olunmamasını dəqiqləşdirin. Belə ki, bir çox texniki terminin müxtəlif tərcümə proqramları ilə yanlış tərcümə olunma halları ilə rastlaşa bilərsiniz. Bəzən tərcümələrdə elə yanlışlıqlar ola bilər ki, bu birbaşa sizin tenderinizin nəticəsinə təsir edə bilər. Həmçinin ingilis dilli mütəxəssislərinin olmaması səbəbindən tenderə istehsalçı tərəfindən təqdim olunmalı bəzi sənədləri (Məsələn: manufacturer authorization letter / form və s.) onların əvəzinə hazırlamalı, eyni zamanda həmin sənədlərin rus dilində tərcüməsini zavoda təqdim etməli olacaqsınız.

Filiallar və nümayəndəliklər: İstehsalçının filiallarının və nümayəndəliklərinin yerini bilmək bəzən işinizə yaraya bilər. Belə ki, Azərbaycan sərhədinə yaxın bölgələrdən birində istehsalçının nümayəndəliyi varsa onlara həmin nümayəndəlikdən almaq istədiyinizi bildirin. Həmin nümayəndəlikdə istədiyiniz mal olmasa belə, zavod öz nəqliyyat vasitələri ilə və ya daimi işlədiyi Rusiyadaxili logistika şirkətləri ilə malı Azərbaycana yaxın ərazidəki nümayəndəliyinə çatdıracağı üçün logistika xərcləriniz böyük məbləğdə azalacaqdır.

Bank qarantiyası və ya akkreditiv: Bildiyimiz kimi Rusiya şirkətləri adətən avans ilə müqavilə imzalayır və zavodların əksəriyyəti önödəməsiz istehsala başlamır. Hətta avans faiz miqdarına əsasən bəlli məbləğdə endirimlər də əldə edə bilərsiniz. Lakin bütün araşdırmaları etdikdən sonra belə bir şübhəniz varsa özünüzü sığortalamaq üçün hər ödənişinizə görə istehsalçıdan bank qarantiyası tələb edin. Amma bəzən zavodların banklara böyük məbləğdə kreditləri olanda sizə bank qarantiyasını verə bilməyəcəklər ki, bu zaman da prosedur uzun olsa da ödənişinizi akkreditiv üsulla etməyiniz məsləhətdir. Bu zaman isə Təchizatçının sizdən bankınızın birinci sinif - premium (Первоклассный банк) olması kimi tələbləri ola bilər.

Əgər alacağınız mallar tender çərçivəsində satınalan təşkilata təhvil veriləcəksə mütləq şəkildə gecikmənin olmaması və bunun müqabilində Sizə cərimə sanksiyalarının tətbiq olunmaması üçün yuxarıda qeyd olunan üsullardan biri ilə özünüzü sığortalayın.

 

Son olaraq isə qeyd edim ki, Rusiyadan satınalmalar edərkən hər zaman ehtiyatla davranmalı, tədbirli olmalı, əlinizi yavaş-yavaş açaraq, məlumatları hissə-hissə verərək, hər detalı araşdıraraq, hər şeyə çox diqqətlə yanaşaraq satınalmalar həyata keçirməlisiniz ki, minaya düşməyəsiniz.

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page