top of page

Gətir görüm xoşum gəlsə baxarıq

Updated: Aug 8, 2022

Satınalan təşkilatların almaq istədiyi mallara görə təklif verən təchizatçılardan nümunə istəməsi həm özəl, həm də dövlət satınalmalarında təchizatçılar üçün problem yaradır.


Bəs bu hal niyə baş verir, belə tələblərin olması normaldırmı, dövlət satınalmalarında qanunidirmi, buna alternativ həllər nələrdir?

Bu halın baş verməsinə həm satınalma mütəxəssislər, həm də təchizatçılar səbəb olub. Belə ki, satınalma mütəxəssisləri alacağı malları araşdırıb detallı spesifikasiya yazdırmağı, yazmağı bacarmayanda son çarə olaraq vizual yoxlamada görür. Onu da qeyd edək ki, bu hal ən çox printer katricləri və dəftərxana malları alanda baş verir. Spesifikasiya problemi xüsusilə dəftərxana malları alanda özünü göstərir.


Əgər alınacaq malların çeşidi az həcmi, eləcə də dəyəri çoxdursa bu halda bir neçə nümunə istəmək problem olmamalıdır. Məsələn bu hal var verir təhlükəsizlik geyimlərində adətən. Ancaq məsələ orasındadır ki, məsələn satınalma mütəxəssisləri ifrata gedib hətta birəbir istədiyi öz loqosunun və s. olduğu malı tələb edir. Bu isə nümunə yanaşmasına ziddir. Daha fəlakət vəziyyət onda olur ki, malların çeşidi çox olanda (10+), hər çeşiddən bir nümunə istəyir. Bu artıq ciddi problemdir, təchizatçılar hələ alınıb-alınmayacağını bilmədiyi ("gətir baxaq hələ") bir məhsulu bir çox halda belə havayı vermək istəmir.


Dövlət satınalmalarında bu hala gəlincə, qanunda bu hal açıq şəkildə tənzimlənmir. Qanunun 14-cü Malların (işlərin və xidmətlərin) təsvirinə aid tələblər mallara dair tələblər maddəsində "Mallara (işlərə və xidmətlərə) dair hər hansı özünəməxsus xüsusiyyətlər, planlar, cizgilər, eskizlər, tələblər və ya təsvirlər satın alınan malların (işlərin və xidmətlərin) obyektiv texniki və keyfiyyət göstəricilərinə əsaslanmalıdır" qeyd olunub və burada nümunə barədə hər hansı tələb öz əksini tapmayıb. Digər tərəfdən də yuxarıda da qeyd olunduğu kimi belə nümunələrin hazırlanması və gətirilməsi təchizatçını əlavə xərcə salır və bu xərc heç bir halda qarşılanmır. Belə olan halda bu tələbin qoyulmasını bir o qədər də qanuni hesab etmək olmaz. Bu barədə başqa bir saytda da məqalə paylaşılmışdı və eyni nəticəyə gəlmişdilər.


Təchizatçılar bu problemin yaranmasında nə kimi rol oynayıblar bəs? Çox sadə, tələbləri düzgün və dəqiq formalaşdırıla bilinməyən müsabiqələrdə iştirak etdikləri zamanı bu problemi satınalana təşkilata bildirmədən əlində olan ən ucuz və keyfiyyətsiz (çünki keyfiyyət minimallarını müəyyən etməyib) malları təqdim etməklə! Satınalan da hər hansı arqument gətirməyə əsası olmadığından məcbur qalıb həmin məhsulu alıb növbətilər üçün belə müdafiə mexanizmi qurmağa çalışır.


Problemin digər tərəfi də ondan ibarətdir ki, lap təchizatçılar istənilən sayda nümunə təqdim etsələr belə satınalan təşkilat detallı spesifikasiya müəyyən edə bilmədiyi malı vizual necə yoxlayıb, hansının uyğun, hansının nə səbəbə uyğun olmadığını deyə bilər ki? Şərtlər toplusunda yazmadığı istənilən tələb mübahisəyə gətirib çıxarır adətən və bir çox halda da haqsız vəziyyətə düşür.


Bəs bunu etməyin ən doğru yolu nədir?

Gələk yazının ən maraqlı yerinə. Ən yaxşı həll ondan ibarətdir ki, əgər satınalma mütəxəssisi almaq istədiyi malın düzgün spesifikasiyasını müəyyən edə bilmirsə bunu edə biləcək məsləhətçiləri cəlb etməlidir. Yox əgər buna xərc çəkmək istəmirsə ən azından bu sahədə fəaliyyət göstərən bir neçə təchizatçı ilə əlaqə saxlayıb satdıqları malın keyfiyyət xüsusiyyətləri, qiymətə təsir edən faktorlar barədə dostla məlumat alıb bir-biri ilə müqayisə edib ortaq bir yanaşma müəyyən etsin. Bundan başqa alınacaq malların keyfiyyət göstəricilərini sübut edən beynəlxalq sertifikatlar araşdırılıb spesifikasiya yazılanda istifadə edilə bilər. Məsələn sürtkü yağları üçün API sertifikatı tələbindən istifadə edilir tez-tez. Bunları etdikdən sonra yenə malın keyfiyyətinə şübhə qalarsa və ya daha da əmin olmaq istəyirsə malları sınaqdan keçirə biləcəyi yerləri müəyyən edib ən az hər partiyadan bir malı yoxlamaya göndərə bilər. Məsələn mənim əvvəlki iş yerimdə armatur ilə bağlı belə bir yanaşma olmuşdu, zəruri göstəricilərə cavab verdiyi yoxlamaq üçün S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutuna göndərilmişdi armaturlar müxtəlif sınaqlar üçün. Burada xüsusi vurğulayaq sınaq mütləq neytral bir tərəf vasitəsilə aparılmalı, nə satınalan təşkilat, nə də təchizatçı ilə asılılıq əlaqəsi olmamalıdır.


Digər vacib nüans ondan ibarətdir ki, satınalan təşkilat belə sınaq aparması ilə bağlı müqavilədə şərt nəzərdə tutmalıdır. Qeyd edək ki, dövlət satınalmalarında müqavilə nümunəsində bununla bağlı belə bir maddə var, "17.1. Sifarişçi (və ya onun nümayəndələri) tenderin əsas şərtlər toplusunda nəzərdə tutulmuş qaydada, heç bir əlavə xərc çəkməkdən, müqavilənin texniki və digər şərtlərinin icrasına nəzarət etmək və sınaq keçirmək hüququna malikdir. " Burada sınağın satınalan tərəfindən keçirilməsi nəzərdə tutulduğundan xərc olmadığı qeyd edilir. Nəzərdə saxlamaq lazımdır ki, müqavilədə hər hansı xərc tələb edən bir şərt varsa ağıllı təchizatçı onu əvvəldən öz qiymətindən nəzərə alır, almalıdır. Satınalan belə sınağın keçirilməli olma öhdəliyini təchizatçının da üstünə qoya bilər, təbii ki xərcləri nəzərə almaqla. Təchizatçının malı qüsurlu çıxdığı halda (hansı ki baş vermə ehtimalı az deyil), o malı dəyişdirmək borcudur müqavilədə yazıldığı təqdirdə əlbəttə. Belə olan halda heç ehtiyac da yoxdur ki, nümunə gətirilməsi üçün əlavə nəsə nəzərdə tutulsun və s. Tələblər düzgün olandan sonra o gətirilən malların o tələblərə uyğunluğu yoxlanılacaq, olmasa yenisi istəniləcək, yenisində də eyni problem olsa müqaviləyə xitam verilə bilər.


Uzun sözün qısası satınalma və ondan sonra müqavilənin icra dövründə satınalan və təchizatçı arasındakı risklər bərabər paylanmalı, hər hansı xərclər, öhdəlikləri xüsusilə əvvəldə nəzərdə tutulmadığı halda tərəflər qarşılıqsız olaraq bir-birinin üstünə qoymamalıdır, necə deyərlər "heç kimin heç kimə borcu yoxdur".

bottom of page