top of page

Yaxşı satınalmaçı yaxşı satıcı ola bilərmi?

Updated: Sep 22, 2021

Bu sual ilə bağlı satınalma vakansiyalarında satış və satınalmanın eyni funksiyada birləşdirilməsinə dair daha əvvəl yazdığım bir məqalədə bəhs etmişdim. Həmin məqalədən çıxarış:

....Pulun gəldiyi yerin "satış", getdiyi yerin "satınalma" olduğunu nəzərə alsaq alan və satanın 1 əldə toplanması saxtakarlıq (fraud) ehtimallarını artırdığı üçün bu dövr iki hissəyə ayrılır. Digər tərəfdən alış yanaşması (psixologiyası) ilə satış yanaşması tamamilə zidd olduğu üçün hər iki işi bir adam icra etdikdə ikili şəxsiyyət (bax: bipolyar pozuntu / bipolar disorder) sindromuna səbəb olur.

Satınalma və satışda yaranan yanaşma ziddiyyətini belə açıqlamaq olar ki, satınalmada işləyənlər pullu tərəf olduğu seçim imkanı çox olduğu üçün loru dildə desək "naz etməyə", satışda işləyənlər isə bunların "nazını çəkməyə" öyrəşiblər deyə qəfildən rollar dəyişiləndə satıcı üçün bu təbii ki, daha rahat keçid olsa da satınalmaçı naz çəkməyə öyrəşə bilmir və ya vaxt alır bu proses. Digər tərəfdən satınalmaçının alış zamanı danışıqlarda satıcının hiylələrini hər nə qədər başa düşüb əks taktikalar istifadə etsə də özünün birbaşa o hiylələrdən istifadə etməyi vərdiş halına gətirməsi bir o qədər asan olmur.


Uzun müddət satınalma sahəsində işləyən biri kimi şəxsi təcrübədən deyə bilərəm ki, satınalmaçı kimi "satıcılar məni aldadacaq" gözləntisi ilə olduqdan sonra onların yerinə keçəndə bir növ yumşalırsan. Amma yaxşı satınalmaçı olmağın digər satınalmaçılarla danışıqlarda onların taktikalarını daha yaxşı bilməyinə baxmayaraq əks hiylələri bilmədiyin üçün danışıqlarda əlini zəiflədir.


Qeyd olunanları nəzərə alsaq bir adamın eyni zamanda həm yaxşı satınalmaçı, həm də yaxşı satıcı olması ördəyin həm suda üzməsi, həm quruda gəzməsi, həm də havada uçmasına bənzəyir. Quruda ceyran kimi qaça bilmir, havada qartal kimi uça bilmir və suda balıq kimi üzə bilmir. Qısacası hər sahədən az-az eləməklə bilməklə peşəkar olmaq olmur, ördək olmaq olur :)


P.S. Bununla bağlı LinkedIn səhifəmizdə də sorğu elan etmişik, seçiminizi yazaraq fikirlərinizi orda da ifadə edə bilərsiniz.


P.P.S. Məsələnin digər tərəfini, yəni "Yaxşı satıcı yaxşı satınalmaçı ola bilərmi" öyrənmək üçün yeni sorğu elan etdik. Yuxarıda qeyd olunan sorğuya verilən cavablara görə müəyyən anlaşmazlıq olduğunu nəzərə bu dəfəki sorğuda sualı daha konkretləşdirdik (Yaxşı satıcı eyni zamanda yaxşı satınalma mütəxəssisinin gördüyü işləri görə bilərmi?), əslində keçən dəfə də bu nəzərdə tutulmuşdu, yəni satınalmanı bilən adam rahatlıqla bu işi buraxıb və ya eyni zamanda gedib satıcılıq edə bilərmi. Onu da əlavə edək ki, "yaxşı" anlayışı hər kəsə görə dəyişir, adətən özünə qarşı tələbkar olan, çox öyrəndikcə bilmədiyi çox şey olduğunu başa düşən adamların özünü 5 üzərindən 2 ilə qiymətləndirdiyi hallarda, digər kateqoriyadakı "hərşeyşünas", özündən razı adamlar bənzər hallarda özünü 5 üzərindən hətta 6 ilə də qiymətləndirə bilir (bax: Danninq-Krüger effekti).

bottom of page