top of page

Ucuz təklif gördün, kənarlaşdır?!

Nədənsə satınalan təşkilatlar bir çox hallarda zərflərin açılışı zamanı ehtimal olunan qiymətlə müqayisədə 20 faiz və daha artıq aşağı tender təklifi gördükdə dərhal kənarlaşdırmaq barədə qərar qəbul edirlər. Əksər vaxtlarda malgöndərənlər (podratçılar) tərəfindən edilən şikayətlər də məhz bu səbəbdən olur. Demək olar ki, həmin “keyzlər”də haqlı tərəfin satınalan təşkilat və ya malgöndərən (podratçı) olması nisbəti əllinin-əlliyədi. Ümumiyyətlə “Dövlət satınalmaları haqqında” Qanunun 27.4-cü maddəsinin tələbləri düzgün tətbiq edilmir. Satınalan təşkilata “təklif aşağı olduğu halda niyə kənarlaşdırmısan” sualını verdikdə eşidilən cavab “Qanunun 27-ci maddəsi mənə icazə verir ki, 20 faizdən aşağı təklifi kənarlaşdırım” olur.


Qanun demir ki, hər hansı tender təklifi ehtimal olunan qiymətlə müqayisədə 20 faiz və daha artıq aşağı olduğu halda həmin təklif dərhal kənarlaşdırılmalıdır. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, Qanunun sözügedən maddəsi dispozitiv normadır. (satınalan təşkilata seçim imkanı verən) Yəni satınalan təşkilat həmin tender təklifi barədə hər hansı bir şübhə etdiyi təqdirdə, loru dildə desək satınalan təşkilata “anormal təklif” kimi görsəndikdə Qanunun tələblərinə əməl etmək şərtilə kənarlaşdıra bilər. Maddəyə bir daha diqqət etsək asanlıqla görə bilərik:

  • “27.4 Satınalan təşkilat satınalma müqaviləsini yerinə yetirmək üçün hər hansı malgöndərənin (podratçının) təqdim etdiyi təklifin qiymətinin ehtimal olunan qiymət ilə müqayisədə 20 faiz və daha artıq aşağı olmasını müəyyən etdiyi hallarda, aşağıda göstərilən şərtlərə əməl etdikdən sonra belə təklifləri rədd edə bilər:

  • 27.4.1. satınalma müqaviləsini yerinə yetirmək qabiliyyəti şübhəli görünən malgöndərəndən (podratçıdan) onun təklifi barədə yazılı sorğu əsasında ətraflı məlumat aldıqda;

  • 27.4.2. malgöndərənin (podratçının) yazılı sorğu əsasında təqdim etdiyi bütün izahat və məlumatları aldığı halda, satınalma müqaviləsinin yerinə yetirilməyəcəyinə şübhələr qaldıqda.”


Əvvəla, satınalan təşkilatın etməli olduğu birinci addım təchizatçıya təqdim etdiyi təklif barədə, daha dəqiqliklə desək qiymətində şübhə etdiyi konkret mal (iş və xidmət) barədə sorğu ünvanlamaqdır. Məsələn: “Necə oldu ki, bazarda qiyməti 1 manat olan mal, sizin qiymət təklifinizdə 30 qəpikdir”. Və ya görüləcək işlə bağlı kalkulyasiya tələb etmək olar. (iş həcminə daxil olan malın qiymətinin, işçinin əmək haqqının və s. xərclərin daxil edilib-edilməməsini dəqiqləşdirmək üçün). Sorğuya verilən cavabdan asılı olaraq satınalan təşkilat qərar qəbul etməlidir. Bəlkə həqiqətən də aşağı təkliflə təqdim edilən mal satınalan təşkilatın “tələbini ödəyəcək səmərəli təklif”dir. Və ya tam əksinə...


Heç bir sorğu ünvanlamadan, təklifin qiymətinin aşağı olması barədə təchizatçıdan əsaslandırma tələb etmədən birbaşa kənarlaşdırılması isə Qanun pozuntusudur. Böyük ehtimalla satınalan təşkilatların “aşağı təklifləri” kənarlaşdırma səbəbləri satınalma mütəxəssislərinin ixtisaslaşmaması, digər sahələrdən olan qeyri-peşəkar şəxslərin (bir sıra hallarda mühasiblərin) satınalma prosedurlarının təşkilinə cəlb edilməsi və ya satınalma mütəxəssislərinin satınalma prosedurlarına müdaxilə edərək qəsdən Qanun pozuntularına yol verməsidir.


Onu da qeyd etmək lazımdır ki, nadir hallarda bəzi təchizatçılar da müraciət edərək “mənim təklifim dura-dura, ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən daha artıq aşağı olan tender təklifini qalib elan ediblər, hansı ki Qanunun tələbinə görə onu kənarlaşdırmalı idilər” şikayətlərini bildirirlər.


Aşağıdakı karikaturaya baxaraq satınalma prosedurlarında satınalan təşkilat və təchizatçı arasında yaranan mübahisələrin qısa təsvirini müşahidə edə bilərsiniz.


bottom of page