top of page

Satınalmada sektor üzrə iş təcrübəsi vacibdirmi?

Updated: Apr 23, 2021

İş təcrübəsi demək olar hər bir funksiyada xüsusilə orta və yüksək məsuliyyətli vəzifələrdə işləmək üçün tələb olunur (bir çox hallarda bu tələbdən də lazımından artıq istifadə olunur bu isə tamam ayrı bloq mövzusudur). Hal-hazırda isə bir çox funksiyalar üzrə tək ümumi iş təcrübəsi yox tələb olunan sektor/sahə üzrə də spesifik iş təcrübəsi tələb olunur. Bu tələbdən xüsusilə neft-qaz sektorunda tez-tez istifadə olunur.


Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 2020-ci il üzrə hesabatına görə ümumi daxili məhsulun strukturu aşağıdakı kimidir:

Hesabatda 2020-ci ildə sənayedə 24 400,5 milyon manatlıq əlavə dəyər istehsal edildiyi, bunun ümumi daxili məhsulun 33,7%-ni (15,7%-i qeyri neft-qaz, 84,3% isə neft-qaz) təşkil etdiyi qeyd edilmişdir. Hesabatdan göründüyü kimi ilk üçlükdə ümumiləşdirsək neft-qaz, ticarət və tikinti sektoru yer alır.


Təbii olaraq ölkədə bir çox iş imkanları əsasən bu 3 sahədə cəmlənib. Neft-qaz sektorunun payı daha böyük olduğu üçün bu sahədə imkanlar da müvafiq olaraq daha çoxdur. Bəs bütün bunlar əsas verirmi iş elanlarında namizədin hansısa sektorda iş təcrübəsi olması barədə zəruri tələb qoyulsun? Məsələ burasındadır ki, bu tələbin zəruri (yəni olmazsa-olmaz) kimi qoyulması əvəzinə oxşar sahədə təcrübəsi olanlara üstünlük verilməsi daha doğru yanaşma olar. Satınalmada sektor təcrübəsi olmasının ən əsas üstünlüyü namizəddə (a) həmin sektorda fəaliyyət göstərən təchizatçılar və (b) həmin sektorun iş prosesi barədə məlumatın olmasıdır.


Bəs bu xüsusiyyətlər nə dərəcədə vacibdir, nə qədər çətin öyrənilən bacarıqlardır ki, sektor dəyişdirən namizədin bunu öyrənməsi mürəkkəb və ya vaxt aparan (bax: "learning curve") olsun? Belə çıxır satınalma mütəxəssisinin əsas qatdığı dəyər və ya işi elə bu iki faktordan asılıdır, yəni satınalmaçının yaxşı analitik təhlil qabiliyyəti və araşdırma bacarığının olması bir o qədər də vacib deyil??? Əlbəttə ki bu kökündən yanlış yanaşmadır!!! Hətta bəzən fərqli sektorda olan təşkilatlar həmin sektor üzrə daha alt sahələr, subsektorlar üzrə də təcrübə tələb edirlər. Məsələn tikinti sahəsində çalışan firma İT təcrübəsi olan satınalmaçı axtarır. Bu da həddindən artıq dar ixtisaslaşma yaradır hansı ki, bir çox hallarda bu elanı verən təşkilatdan başqa heç kimə lazım olmur. Hətta uzun müddət belə dar ixtisas üzrə çalışan əməkdaş iş dəyişdirmək istədikdə çox çətinlik çəkir.


Bu kimi tələblərin qoyulmasının əslində ən əsas səbəbi bir çox hallarda təşkilatlarda korporativ iş prinsiplərinin yazılı olmaması, əməkdaşlıq edilən təchizatçı firmaların sistemləşdirilmiş bazasının formalaşdırılmaması və yeni gələn əməkdaşa bütün bunların izah edilməsinə vaxt itkisi kimi baxılmasıdır. Neft-qaz sektorunda işləyən mühasiblə tikinti sektorunda işləyən mühasib arasında fərq olmadığı kimi bu kimi fərqlər satınalma funksiyasına da aid edilməməlidir. Ümumiyyətlə yerli bazarda "hazıra nazir" kimi çox təhlükəli tendensiya var. Mövcud işçidən elədiyi işi yüksək səviyyədə elənilməsi gözlənilir ancaq ona əlavə investisiya qoymaq, biliklərini təkmilləşdirmək üçün təlim keçmək artıq xərc kimi görülür, bu da öz növbəsində xüsusilə özünə investisiya qoymayan, öz üzərində işləməyən işçinin "cırlaşmasına" gətirib çıxarır. Üstəlik rəqabətcil əmək haqqı imkanları da çox aşağıdır. Belə işçi işdən ayrıldıqda isə onun yerinə gələn adamdan iş harda qalıbsa olduğu kimi işi eyni qaydada aparmaq gözlənilir.


Nəticə etibarilə belə tələblərin qoyulması satınalma mütəxəssisində olmalı olan vacib xüsusiyyətləri daha da ikinci plana salır, bu da öz növbəsində satınalmanın əhəmiyyətini azaldır, təşkilatın bu funksiyasını axsamasına gətirib çıxarır.

bottom of page