Ötən həftədən başlayaraq vakansiya bölməmizdə dərc edilən elanları aşağıda qeyd edilən meyarlar əsasında qiymətləndirməyə başlamışıq. Qiymətləndirmə həm bal (10 üzərindən), həm də elanın məzmununa dair qeydlərdən ibarətdir.
Qeyd edək ki, bu bölmədə təchizat zəncirinin idarə olunması sahəsində müxtəlif vəzifələr, o cümlədən satınalmaların təşkili və müqavilələrin idarə olunması, logistika, anbar, planlama sahələri üzrə iş axtaranlar üçün bu günə qədər yüzlərlə vakansiyalar yerləşdirilib. Bu bölmədə yalnız aktiv vakansiyalar saxlanılır, vakansiyanın istinad edildiyi mənbədə yerləşdirilmə tarixindən 3 həftə sonra vakansiyalar silinir.
Satınalma vakansiyalarına dair tövsiyələrimizi daha əvvəl də paylaşmışdıq, bu məqalədə isə daha çox elanlarda olan çatışmazlıqlar və qiymətləndirmə ballarının verilmə mexanizmindən bəhs edilir.
Çatışmazlıqlar
Elanlarda ən çox yol verilən səhvlər və çatışmazlıqları aşağıdakı formada qruplaşdırmaq olar:
Vəzifə öhdəlikləri: Vəzifə öhdəliklərinin ətraflı yazılmaması (satınalma mütəxəssisinin vəzifə öhdəlikləri barədə Satınalmaçı kimdi və nə iş görür məqaləmizdə ətraflı yazmışıq), vəzifəyə uyğun yazılmaması, o cümlədən bir neçə vəzifə öhdəliyinin bir elanda birləşdirilməsi (satış və satınalma, satınalma və texniki dəstək və s. kimi), vəzifə adı ilə öhdəliklərin üst-üstə düşməməsi və s.;
Tələblər: Tələblərin vəzifə öhdəliyinə uyğun yazılmaması, zəruri olmayan tələblərin qoyulması (müxtəlif dil bilikləri, çoxillik və ya dar/spesifik təcrübə);
İş saatı: Azərbaycan Respublikasının əmək qanunvericiliyi, o cümlədən Əmək Məcəlləsinin tələblərinin pozulması, xüsusilə həftəlik normal iş vaxtının müddətinin 40 saatdan artıq müəyyən edilməsi (Maddə 89);
İş şərtləri: İş rejimi (saatları), yeri, təminatlar və s. kimi işçiyə bu iş yerindəki iş şərtləri və şəraiti barədə məlumatın verilməməsi;
Ayrı-seçkilik: Cins, yaş kimi əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə ayrı-seçkiliyə (Maddə 16) yol verilməsi;
Maaş: Maaş barədə məlumatın qeyd olunmaması ("işçinin bacarıqlarına görə təyin olunacaq", "görüş zamanı müzakirə ediləcək" və s.) və ya vəzifə və öhdəliyə uyğun təyin olunmaması;
Elanın dili: Zərurət olmadığı halda elan mətnlərinin ingilis və rus dillərində olması;
Terminologiya: Təchizat zənciri ilə bağlı yanlış terminologiyadan istifadə edilməsi ("satınalma üzrə mütəxəssis" əvəzinə "təchizatçı", "təchizat üzrə mütəxəssis" sözlərindən, "təchizatçı" əvəzinə və ya alternativiymiş kimi "tədarükçü" sözündən istifadə və s. - qeyd olunan terminlərin fərqinin izahını Əsas satınalma terminləri məqaləmizdə yazmışıq).
Qiymətləndirmə meyarları
Qiymətləndirmə meyarları da təbii olaraq yuxarıdakı çatışmazlıqlar və onların vacibliyinə görə şərti çəkisi əsasında aşağıdakı kimi formalaşdırılıb:
№ | Meyar | Nisbi çəki |
---|---|---|
1 | Vəzifə öhdəlikləri | 20% |
2 | Tələblər | 20% |
3 | İş saatı | 15% |
4 | İş şərtləri | 10% |
5 | Ayrı-seçkilik | 10% |
6 | Maaş | 10% |
7 | Elanın dili | 10% |
8 | Terminologiya | 5% |
Elanlar qeyd olunan meyarlar üzrə ümumi qəbul edilmiş biznes praktikasının tələblərinə uyğunluğuna görə qiymətləndirilir. Bundan başqa bu qiymətləndirməyə mənfi təsir edən səbəblər göstərilməklə, müəyyən ümumi qeydlər əlavə olunur.
Qeyd olunan meyarlar əsasında verilən ballara görə elanları aşağıdakı kimi kateqoriyalaşdırmaq olar:
<4 baldan az - qeyri-kafi
5 - orta/qənaətbəxş
6-7 bal - yaxşı
8≤ və ondan yuxarı - əla
Comments