top of page

Kateqoriya menecmenti nədir?

Kateqoriya menecmenti, kateqoriyanın idarə edilməsi və ya kateqoriya idarəetməsi (Category management) həm satış, həm satınalmada istifadə olunan ancaq bu sektorlara görə fərqli mənaları olan anlayışlardır.


SATIŞA GÖRƏ

"Kateqoriyanın idarə edilməsi pərakəndə satış və satınalma konsepsiyasıdır ki, burada biznes təşkilatı tərəfindən alınan və ya pərakəndə satıcı tərəfindən satılan məhsulların çeşidi oxşar və ya əlaqəli məhsulların diskret qruplarına bölünür; bu qruplar məhsul kateqoriyaları kimi tanınır" (wikipedia).


Bu anlayışda satınalma funksiyası nəzərdə tutulsa da hibrid funksiya hesab olunur və daha çox satış sahəsini əhatə edir. Daha çox pərakəndə satış sektoruna xas olan bu yanaşma əsasən qida və qeyri-qida məhsulları satan marketlər və ya geyim satan mağazalarda uzun müddətdir istifadə olunur. Kateqoriya üzrə menecer (category manager) vakansiyalarında adətən bu qrupa aid edilir. Təbii olaraq bu işi görən mütəxəssislər satınalma edirlər lakin onların tətbiq etdiyi satınalma yanaşmalarında müəyyən ümumi prinsiplər ortaq olsa da, alıb-satmaq məqsədi daşıdığı üçün ənənəvi satınalmadan daha fərqli yanaşma müşahidə edilir.


SATINALMAYA GÖRƏ

"Kateqoriyanın idarə edilməsi, təşkilatların öz xərclərini konsolidasiya və səmərəlilik üçün fokuslanma imkanlarına imkan verən oxşar və ya əlaqəli məhsulların olduğu sahələrə böldüyü satınalmalara strateji yanaşmadır" (CIPS).

Satınalmayan aid edilən bu yanaşma isə müəssisənin əsas satınalma kateqoriyalarının qruplaşdırılaraq ayrı-ayrı satınalma mütəxəssislərinin, menecerlərinin kurasiyasına verməkdən ibarətdir. Adətən bazarda İT, tikinti, neft-qaz, tibbi məhsullar kimi sahələr üzrə satınalma üzrə kateqoriya meneceri vakansiyaları ilə tez-tez qarşılaşmaq olur. Bunu bir növ satınalmanın mərkəzsizləşdirilməsi kimi də başa düşmək olar. Satınalma funksiyasının bu kimi kateqoriyalara bölünməsi ilə bağlı Satınalmada sektor üzrə iş təcrübəsi vacibdirmi məqaləsində daha əvvəl bəhs etmişdim və bunun bir o qədər də yaxşı yanaşma olmadığını qeyd etmişdim.


Mənim satınalma mütəxəssisi ilə bağlı hər zaman vurğuladığım bir məsələ var:

Yaxşı satınalmaçı qələmdən tutmuş bütöv bir hotelin tikilib istifadəyə verilməsi üçün tələb olunan hər şeyi ala bilməlidir. Çünki satınalma nə almaqdan daha çox, necə almaq barəsindədir.

Satınalmanın kateqoriya üzrə bölgüsünün də öz üstünlükləri ola bilər, məsələn daha dar sahə olduğu üçün bazarda bu sahənin təchizatçılarını daha yaxından tanımaq, onlarla daha sıx və yaxın əməkdaşlıq səviyyəsində münasibətlər formalaşdırmaq, aldığın məhsulu daha yaxşı öyrənmək olur. Ancaq bu yanaşma hər şirkət üçün əlverişli olmaya bilər. Bu yanaşmanın əsas çatışmazlığı budur ki, şirkət daxilində bir neçə kateqoriya üzrə bölgü olduqda və müxtəlif kateqoriyalar üzrə tələblər bərabər olmadığı zaman bir iş bölgüsü qeyri-bərabər paylanılır (biri gecə-gündüz işləyəndə o birisi dincəlir). Digər tərəfdən daha dar ixtisaslaşma olduğu üçün bu sahədə çalışan əməkdaşın da karyerası müəyyən qədər riskə düşür, sahəni dəyişmək get-gedə daha da çətinləşir vaxt ötdükcə. Onu da qeyd edim ki, kateqoriya üzrə satınalma menecmenti əsas müştərilərin menecmenti (key account management) funksiyasının əksidir, satış-satınalma kimi. Bir çox halda məsələn İT üzrə satınalma mütəxəssisindən İT mütəxəssisi qədər biliklərə sahib olması da gözlənilir, bu isə bir çox halda məqalədə də qeyd etdiyim səbəblərdən mümkün olmur.

bottom of page