Dünyada gedən hər bir proses müəyyən prinsiplər üstündə qurulub, bu prinsiplərin elələri var ki, demək olar hər bir prosesdə eynidir. Ola bilər bunu hardasa elmi araşdırması olub xüsusi adı var amma bu mənim gəldiyim qənaət olduğum üçün şərti olaraq adına "orqanizm prinsipi" deyirəm. Bu prinsipə görə insan bədənindəki orqanların (a) hərəsinin öz funksiyası var, (b) onların heç biri digərini işinə maneə olmadan, (c) bir-birini işini təkrarlamadan (d) vəhdət şəklində işləyib insanın yaşamasına, fəaliyyət göstərməsinə imkan verir. Şəxsi həyatda, eləcə də biznes mühitində bu vəhdət olmadığı zaman uzun müddətli fəaliyyət mümkün olmur. Bu prinsip fərqli sferalarda fərqli formada öz təzahürün tapıb və fərqli formada adlandırılsa da, hər bir halda dəyişməz qalır. Sadəcə fərqli olan odur ki, biznes mühitində prosesdə birdən artıq fərd iştirak etdiyinə və hər bir fərdin fərqli maraqları olduğu üçün maraqların toqquşması ("conflict of interest") baş verir və bunun qarşısını almaq üçün fərqli tədbirlər görülür hansı ki, insan orqanizmində buna heç bir halda ehtiyac olmur.
Bu baxımdan insanın ehtiyacların (və ya problemlərin) müəyyənləşdirilib ("need identification") onu təmin etməsi biznes funksiyası olaraq satınalmaya çox bənzəyir. İnsanın fiziki ehtiyacları elmi ədəbiyyatda ilk dəfə Maslounun ehtiyaclar piramidasında ("Maslow's hierarchy of needs") fizioloji, təhlükəsizlik, aid olma (sevgi), hörmət və özünü reallaşdırma ehtiyacı olaraq sıralanıb. Fərqli mərhələrdə insanın, eləcə də biznesin fərqli ehtiyacları olur.
Ehtiyaclar düzgün (mərhələnin tələbinə uyğun olaraq) müəyyənləşdirildikdən sonra hər bir niyyət, istək, arzu və ya tələbin gerçəkləşməsi üçün yenə satınalmada olduğu kimi insan iki qərardan birini verməlidir: bu işi birbaşa özü görmək və ya başqasından bu işi görməyi istəmək / qısacası özün et və ya al (elətdir) ("make or buy"). Əgər bu fəaliyyəti özün həyata keçirməyə qərar versən belə olan halda bunu heç kimə izah etməyə, yazmağa və s. ehtiyac olmur. Məsələn, ürəyin şirin bir şey istəyir neçə kalori, nə qədər şirin, şokoladlı, meyvəli və s. kimi detalları bilməsən belə bir mağazaya və ya şirniyyat evinə girib sözün ədəbi səsləndiyi kimi ürəyinin istədiyini (baxmayaraq ki bu funskiyanı beyin görür) alıb çıxırsan.
Ancaq əgər bu ehtiyacı ödəməyi özün həyata keçirə bilməyəcəksənsə bunu mütləq kiməsə izah etməlisən. Ən çətin hissə burdan başlayır. Satınalma termini ilə ifadə etsək hər ehtiyacın komponentini izah etmək üçün mütləq iki metoddan yalnız biri seçilməlidir: I - ehtiyacın qarşılanması üçün minimal meyarlarının müəyyənləşdirilməsi ("conformance") və ya II - son nəticədə nələrin əldə edilmək istənildiyini bildirmək ("performance"). Əgər ehiyacının meyarlarını konkret izah edə biləcək qədər vəziyyəti və həlli yaxşı bilirsənsə birinci metod, yox əgər həllin konkret necə və hansı mərhələlərdən ibarət olduğunu bilmirsənsə ikinci metod seçilməlidir. Bunların heç birini edə bilmədikdə və ya hər iki metoddan birgə istifadə edildikdə isə Cem Yılmazın məhşur çıxışındakı "cazibə qüvvəsi olmayan şəraitdə çiyələk yeyim amma banan kimi dadsın..." kimi paradoksal vəziyyət yaranır.
Məsələn əgər maşının radiatoru xarab olubsa və sən özün maşın ustasısansa, ya radiatoru yamayacaqsan (əgər az zədə alıbsa), ya da mağazaya gedib satıcıya deyirsən ki Toyota Corolla (məhşur məsəlim 😀) 2014 prestige modeli üçün 8 barmaqlı, plastik rezbalı radiator ver. Yox əgər maşın ustası deyilsənsə gedib ustaya deyirsən ki, "usta radiator su buraxır onu düzəlt və 1 il təminat ver" ondan sonra artıq usta qərar verir getsin təzə radiator alsın ya gedib deşilən yeri tapıb yamasın. Əgər usta deyilsənsə və radiator həddindən çox zədə alıbsa gedib ustaya israrla desən ki, təzə radiator istəmirəm mütləq yamamaqla düzəlt amma 1 il təminat ver, söyüşsüz cavab eşitmək ehtimalınız çox az olacaqdır :)
Ona görə çalışın (a) işi çox yaxşı bilirsinizsə özünüz görün (I metod), (b) şübhəniz varsa mütəxəssislə məsləhətləşib necə ediləcəyini dəqiqləşdirin və işi yenə özünüz edin (I metod), (c) yox əgər probleminizin həllini bilmirsinizsə (təbii olaraq hər şeyi bilə bilməzsiniz) bunu qəbul edin ilk növbədə və II metod ilə işi biləninə izah edib ona həvalə edin sonra ondan nəticə tələb edin, ta (d) variantını seçib mümkünsüz tələblər qoyaraq dirəşib söyüş yiyəsi olmayın 😉
Comments